Məhkəmə qərarları › İş №2(103)-1000/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1000/2025

07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1000/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “uşaqların ananın yanında saxlanılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların ananın yanında saxlanılması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1287/2024 nömrəli xx.xx.2024-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2008-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə X9 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 351 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir.

2. Doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları var.

3. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/6-00922 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı nikahın pozulması tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 14.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir.

4. Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qaldırılan məsələnin araşdırılması zamanı İddiaçı Cavabdeh övladları ilə birlikdə Türkiyə Respublikasında yaşadıqları, tərəflərin uşaqları X2 Gölbaşı Anadolu liseyinin 10-cu sinifində, X3 isə Nəsibə Aydın məktəbinin 5-ci sinifində təhsil aldıqları müəyyən edilmişdir. Tərəflərlə telefon vasitəsi ilə aparılmış yazışma nəticəsində Cavabdeh tərəfindən uşaqların ölkədən çıxarılmasına icazənin verilmədiyi, bu səbəbdən İddiaçı Komissiyanın iclasında iştirak edə bilmədiyi bildirilmişdir.Cavabdeh məhkəmədən rəy verilməsi üçün göndərilmiş işin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 5-ci maddəsinə əsasən vətəndaşın yaşayış yeri onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yeri hesab edilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Qanunamüvafiq olaraq İddiaçı, Cavabdeh övladları ilə birlikdə Türkiyə Respublikası ərazisində faktiki olaraq yaşadığı səbəbindən qaldırılan məsələnin Səbail rayonuna aidiyyətinin olmadığının müəyyən edildiyini nəzərə alaraq Səbail rayon İcra Hakimiyyətinə daxil olmuş mülki iş üzrə iddia ərizəsinə əsasən rəyin verilməsi Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyəti xaricindədir.

Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Səadət Sarayı Bakı nikah evində 351 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2008-ci ildə ailə qurmuş və bu nikah faktı nikah şəhadətnaməsi ilə təsdiq olunur. Nikahın bağlanması barədə Bakı şəhəri Səadət Sarayı Bakı nikah evi tərəfindən 351 saylı qeydlə xx.xx.2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat apararaq AZ-İ No 382744 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Nikah bağlayandan sonra cavabdehlə birgə yaşayış zamanı məlum olmuşdur ki, onunla xasiyyətləri tamamilə bir-birinə ziddir. O, fikirləşmişdir ki, zaman keçdikcə hər şey düzələr, xasiyyətlərində uyğunluq yaranar. Ümid etmişdir ki, ailəsində qarşılıqlı anlaşma, hörmət və inam hissi formalaşacaq. Lakin bu olmamışdır. Belə qərara gəlmişdir ki, bundan sonra ailə həyatını cavabdehlə davam etdirmək mümkün olmayacaq. Artıq bir neçə müddətdir ki, ailə faktiki olaraq mövcud deyildir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Səadət Sarayı Bakı nikah evində 351 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1287/2024 nömrəli xx.xx.2024ci il tarixli qətnaməsi iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Bakı nikah evi tərəfindən qeydə alınmış 15 mart 2008-ci il tarixli, 351 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması və xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları – İddiaçı yanında qalmaları qət edilmişdir. (hakim X1)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, tərəflərə barışmaq üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salsa da bu müddət bitdikdən sonra iddiaçının nikahın pozulmasına təkid etdiyini, ailənin saxlanılmasının qeyrimümkünlüyünü nəzərə alaraq hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır. Tərəflərin Vəsilə və Məryəm adlı övladları 10 yaşından yuxarı olduğundan, onların hansı valideynin yanında qalması ilə bağlı fikirlərinin öyrənilmə zəruriliyi yarandığından, lakin valideynlərin hər ikisi Türkiyə Respublikasında yaşadıqlarından, uşaqlar həmin ölkədə anaları ilə qaldığından, mülki iş rəy verilməsi üçün Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərildiyi və Komissiya tərəfindən müvafiq araşdırılma aparılma zamanı uşaqların Azərbaycan Respublikasına gətirilməsi və Komissiyada dindirilməsi mümkünsüz olduğundan, eyni zamanda uşaqların məhkəmə iclasında da fikirlərin öyrənilməsi ilə bağlı iştiraklarının təmin olunması mümkünsüzlüyünə də nəzərə alaraq məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan tərəflərin xx.xx.2009cu il təvəllüdlü Vəsilə və xx.xx.2014-cü il təvəllüdlü Məryəm adlı övladlarının analarının yanında qalması müəyyən edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-cı, 20ci, 22-ci, 52-ci, 100.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi məlumatlar tamamilə yalandır. Belə ki, o ailə dəyərlərini üstün tutan bir şəxs kimi hər zaman həyat yoldaşına-iddiaçıya və övladlarına yüksək qayğı göstərmişdir. İddiaçının və övladlarının tələbatlarını ödəmiş və ödəyir, daima onlarla vaxt keçirir, övladlarının və iddiaçının asudə və istirahət vaxtlarının səmərəli keçirilməsini təmin edir, onları xarici ölkələrə, Azərbaycanın müxtəlif guşələrinə istirahətə aparır. Övladları da ona çox bağlıdırlar və onu çox sevirlər. Bundan başqa, o, işdə kollektiv, həmçinin, qonşular və qohumları (eyni zamanda, iddiaçının qohumları) arasında hörmətə və nüfuza malik şəxsdir. Qohumları, tanışları arasında qayğıkeş ailə başçısı kimi tanınır. Bunları qeyd etməkdə məqsədi ondan ibarətdir ki, iddiaçının hazırkı iddia tələbinin heç bir əsası yoxdur. İddiaçının iddia ərizəsində barəsində qeyd etdiyi fikirlər qərəzli olmaqla yanaşı, heç bir fakta, sübuta söykənmir. Bundan əlavə müvafiq rəy alınmadan birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında saxlanılmaları qət edilmişdir. Məhkəmə, nikahın pozulmasına səbəb olacaq halları və uşaqların hansı valideyninə daha çox bağlı olmalarını müəyyən etmədən, iddianı təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

14. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə vəsatət ünvanlayaraq, bugünə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, iclasın 2 həftəlik müddətə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. “Uşaq hüquqları haqqında” Konvensiyanın 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Bu maddənin 1-ci bəndinə uyğun hər cür araşdırma zamanı bütün əlaqədar tərəflərə araşdırmada iştirak etməyə və öz nöqteyi-nəzərini şərh etmək imkanı verilir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir; 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər,habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər; 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar; 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir.

18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 7.1-ci bəndinə əsasən Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar; 7.2-ci bəndinə əsasən valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz; 7.3-cü bəndinə əsasən nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir; 7.4-cü bəndinə əsasən uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər; 7.5-ci bəndinə əsasən valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir; 7.8-ci bəndinə əsasən nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunmaması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından Kollegiya hesab edir ki, bu cür mübahisələr ilk növbədə uşağın hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaq valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşaqlara münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır.

25. Apellyasiya icraatı zamanı əldə edilmiş Səbail Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilİk Komissiyasının 04 aprel 2025-ci il tarixli 5-19/2- 447/2025 nömrəli rəyinə əsasən, Komissiyanın iclasında dinlənilən İddiaçı Cəlal qızına hüququ yardım göstərən vəkil Nümayəndə maraqlarını müdafiə etdiyi tərəflə video görüntü yaratmış və İddiaçı, eləcə də yetkinlik yaşına çatmayan Vəsilə və Məryəm Hüseynli ilə fikir mübadiləsi aparılmışdır. S.C.X4 şəhərində yaşadıqlarını, ayrıldıqdan sonra ayrı yaşayacaqlarını, uşaqlarının onun yanında saxlanılmalarını istədiyini, həyat yoldaşı ilə aralarında problem yaşandığını bildirmişdir. İclas zamanı dinlənilən Vəsilə Hüseynli 22 mart tarixində 16 yaşının tamam olacağını, 10-cu sinif şagirdi olduğunu bildirmişdir. O, iki hissəli evdə atası ilə birlikdə yaşadıqlarını, valideynləri ayrıldıqdan sonra anasının yanında qalmaq istədiyini, onunla özünü daha rahat hiss etdiyini əlavə etmişdir. Vəsilə valideynlərinin arasında mübahisələr yaşandığını, atası ilə görüşmək istədiyini qeyd etmişdir. İclas zamanı dinlənilən Məryəm Hüseynli 10 yaşının tamam otduğunu, 5-ci sinifdə təhsil aldığını bildirmişdir. O, anasının yanında qalmaq istədiyini onunla özünü daha rahat hiss etdiyini əlavə etmişdir. Məryəm valideynləri ayrıldıqdan sonra atası üçün darıxacağını qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cs il tarixli 8-2/2016 nömrəli Qərarının 7.6-cı bəndinə əsasən nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxmından müstəsna hallar istisna olunmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Səbaıi Rayon icra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfləri dinləyib iş materiallarını araşdıraraq Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarını rəhbər tutaraq xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasının qərarını, uşaqların mənafeyini nəzərə alaraq Cavabdeh yetkinlik yaşına çalmayan övladları: xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 atası ilə ünsiyyətdə olmaq hüququnun saxlanılması şərtilə anası İddiaçı Cəlal qızının yanında saxlanılmasını məqsədəmüvafiq hesab edir.

26. İş materiallarında olan sübutlar, yəni qəyyumluq və himayəçilik komissiyasının rəyi, tərəflərin birgə nikahından doğulmuş uşaqların fikri və digər sübutlar belə nəticəyə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi uşaqların analarının yanında saxlanılması qənaətinə gəlməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən uşaqların analarının yanında qalmasının onların gələcək inkişafına, tərbiyəsinə müsbət təsir göstərəcəyini, İddiaçı Cəlal qızının uşaqlara münasibətini, uşaqların analarının yanında qalmaq arzusunu və analarına daha çox bağlılığını nəzərə almışdır.

28. Belə ki, bağlılıq insanlar arasında emosional əlaqənin yaranması ilə bağlı qarşılıqlı prosesdir. Bağlılıq hissini müddətlə məhdudlaşdırmaq olmaz, bu hiss insanlarda ayrıldıqdan sonra da saxlanılır. Belə hisslərin keçirilməsi uşaqlar üçün çox vacib və zəruridir. Bağlılıq hissi olmadan uşaq hərtərəfli inkişaf edə bilmir. Bağlılığın pozulması nəinki uşağın sosial əlaqələrinə, yəni vicdanının və ləyaqətinin inkişafına, həmçinin onun emosional, sosial, fiziki və əqli inkişafına mənfi təsir göstərə bilər. Bu baxımdan, xüsusilə də valideynlər arasında mübahisə olduqda, uşağın valideynlərdən hansının yanında qalması məsələsi həll edilərkən, uşağın valideynlərinə emosional, psixoloji, mənəvi və sair bağlılığının səviyyəsinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.

29. BMT Baş Məclisinin 1386 (XİV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Bu prinsipin mənəvi-psixoloji əsaslandırması mövcuddur, əks təqdirdə BMT tərəfindən bütün dünyaya ünvanlanan belə bəyanat verilməzdi. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından tam məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s.

30. Eyni zamanda qeyd edilməlidir ki, birincisi, uşaqlar təbiətinə görə ata ilə müqayisədə anaya daha çox bağlıdır və anaya daha çox ehtiyacı var; ikincisi, ana, təbiətinə görə ata ilə müqayisədə uşağa daha çox bağlıdır və uşağa daha çox ehtiyacı var. Hazırkı işdə ana və uşaqları bir-birindən ayırmaq üçün müstəsna şərait mövcud deyildir. Ümumilikdə isə atanın malik olduğu maddi imkanlar (mənzil şəraiti, daimi qazanc və s.) üstün olmuş olsa belə, bu hal yenə də ana nəvazişini və qayğısını əvəz edə bilməz. Belə olan halda həmin imkanlarından istifadə etməklə ananın yanında yaşayan uşaqlarının maddi və digər ehtiyaclarının qarşılanmasında iştirak etmək imkanından ata məhrum edilmir.

31. Məhkəmə kollegiyası, birgə nikahda olan uşaqların fikirlərini, həmçinin onların yaşını, daha çox analarına və bir-birilərinə olan bağlılıqlarını, o cümlədən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və iki bacı olaraq birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna halların istisna olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahdan olan uşaqlarının eyni valideynə, yəni anaya verilmələrinin onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Qeyd dilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə və təmin edilə bilməz.

32. Əlavə olaraq məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarının tələblərinə istinadən iddia tələbinin “nikahın pozulması” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəflərə barışmaq üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salsa da bu müddət bitdikdən sonra iddiaçının nikahın pozulmasına təkid etdiyini, ailənin saxlanılmasının qeyri-mümkünlüyünü nəzərə alaraq tərəflər arasında olan nikahın pozulması qənaətinə gəlməkdə haqlı olmuşdur.

33. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-393-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1287/2024 nömrəli xx.xx.2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar