Məhkəmə qərarları › İş №2(103)-10011/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10011/2021

06.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10011/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6335/2021 saylı 05 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Rolls Royce Ghost” markalı, 2015-ci il tarix buraxılışlı, Rusiya Federasiyasının E 4** KA *** nömrə nişanlı, göy rəngli, mühəriyin modeli N74B66A90501112, kuzov SCA664S03FUX41801 nömrəli olan avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması və cavabdehin qanunsuz istifadəsi və sahibliyi nəticəsində ona dəymiş 95.000 manat məbləğində ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəmənin dəftərxanası vasitəsi ilə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş mahiyyəti üzrə həll edilənədək, Cavabdeh və ya sair şəxslərdə saxlanılmaqda olan İddiaçı məxsus 2015-ci il buraxılışlı, Rusiya Federasiyasının E 4** KA *** nömrə nişanlı “Rolls Royce Ghost” markalı avtomobilin üzərinə həbs qoyulması və avtomobilin Azərbaycan Respublikası cavabdehə avtomobildən istifadə edilməsi qadağa edilməklə avtomobilin AR Daxili İşlər Nazirliyinin müvafiq dayanacağına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6335/2021 saylı 05 avqust 2021ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilməsi, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, E 4** KA *** nömrə nişanlı, “Rolls Royce Ghost” markalı avtomobilin (buraxılış tarixi - 2015, Ban nömrəsi - SCA664S03FUX41801) özgəninkiləşdirilməsi və ondan istifadə edilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi, ərizənin qalan hissədə rədd edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, qərardadının ləğv edilməsi və iddianın təmin tədbirinə dair ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6335/2021 saylı 10 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayətə etiraz edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6335/2021 saylı 05 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir; 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər; 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan edilə bilər; 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edilə bilər; 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır; 159.2-ci maddəsinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır; 160.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında qərardad dərhal icra edilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Ona görə də, pozulmuş hüquqların real bərpasına, başqa sözlə iddianı təmin etmiş qətnamənin icrasına nail olmaq baxımından iddianı təmin tədbirləri mühüm prosessual vasitələr kimi çıxış edirlər. Beləliklə, iddianı təmin etmə tədbiri prosessualhüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək. Məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqənin mövcud olduğunu və barəsində təmin etmə tədbirinin görülməsi tələb edilən avtomobilin iddiaçıda olmamasını nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, E 4** KA *** nömrə nişanlı, “Rolls Royce Ghost” markalı avtomobilin (buraxılış tarixi - 2015, Ban nömrəsi - SCA664S03FUX41801) özgəninkiləşdirilməsi və ondan istifadə edilməsi cavabdehə və digər şəxslərə qadağan edilməlidir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6335/2021 saylı 05 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6335/2021 saylı 05 avqust 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar