Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1002/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «İddiaçı Rafı̇ q oğlunun cavabdeh Əfəndı̇ yev Müslı̇ m Ənvərovı̇ ç və "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı Rafı̇ q oğlunun vəkili və nümayəndəsi Nümayəndə3 Nazim qızının iştirakı ilə, İddiaçı Rafı̇ q oğlunun cavabdeh Əfəndı̇ yev Müslı̇ m Ənvərovı̇ ç və "xxxx" MMC-yə qarşı "əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2022 saylı, 28 sentyabr 2022ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 və Dövlət Vergi Xidməti yanında Milli Gəlirlər Departamentinin X5 Qeydiyyat İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh1 MMC (təsisçi X3) arasında bağlanmış Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının təsdiqlənməsi, Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının icra edilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin təsisçisi (işəgötürən) X2 üzərinə qoyulması və İddiaçı Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının yaratdığı hüquqi nəticələrin Azərbaycan Respublikası Dövlət Vergi Xidməti yanında Milli Gəlirlər Departamentinin X5 Qeydiyyatı İdarəsi tərəfindən nəzərə alınması, Cavabdeh1 MMC-dən xx.xx.2017-ci il tarixindən (əmək müqaviləsinin bağlandığı tarixdən) başlayaraq ödənilməmiş əmək haqqı olan 162.000 manat pul vəsaitinin və 452 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 MMC arasında 2017-ci ilin əvvəllərindən əmək müqaviləsi imzalanaraq Cavabdeh1 MMC-nin direktoru vəzifəsini icra etmişdir. 2021-ci ilin sentyabr ayından şirkətin təsisçisi tərəfindən səbəbsiz olaraq işdən azad edilmədən, şirkətin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən ofisə buraxılmamış, eyni zamanda təsisçi tərəfindən qanunsuz və böhtan atılaraq hüquq mühafizə orqanına müraciət edilmiş və prokurorluq tərəfindən verilmiş şikayət əsassız sayılaraq xx.xx.2022-ci il tarixində “cinayət işinin başlanmasının rədd edilməsi”nə dair qərar qəbul edilmişdir. Bu məsələlər şirkətin təsisçisi və digər səlahiyyətlərinin qanunsuz hərəkətlərinin direktor vəzifəsindən azad etmək istəmədikləri onun üzərinə günah hesablamaq, öz məsuliyyətlərindən qaçmaqdır. Dəfələrlə şirkətin təsisçisinə bu şəraitdə işləmək istəmədiyini, eyni zamanda direktorluq vəzifəsini 2021-ci ilin sentyabr ayından icrasına təsisçi və digər şəxslər tərəfindən maneə qoyulmasını nəzərə alaraq direktorluqdan azad edilməsi istənilsə də, şirkətin təsisçisi buna razı olmamış və onun işinə mane olaraq, qeyri yerdə gedib işləyə bilməməsinə səbəb olmuşdur. Hal-hazırda o, Cavabdeh1 MMC şirkətindəki direktorluq vəzifəsindən 2021-ci ilin sentyabr ayından ayrılma faktının təsdiqlənməsi və həmin faktın cavabdeh şirkət olan Cavabdeh1 MMC şirkətinin təsisçisi tərəfindən icra edilməsi mütləq və zəruridir. Cavabdeh1 MMC-nin təsisçisinə onun tərəfindən xx.xx.2022-ci ildə xəbərdarlıq məktubu ünvanlanıb. Lakin, təsisçi tərəfindən bu günə qədər qanunvericiliyin tələbinə uyğun müsbət cavab verilməmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh1 MMC (təsisçi Cavabdeh2) arasında bağlanmış Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktı təsdiq edilməsi qət edilmişdir.
4. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 3171/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnaməni hakim kobud qanun pozuntusuna yol verməklə qəbul etmişdir. Belə ki, iş üzrə aşağıda göstərəcəyi halları məhkəmə düzgün qiymətləndirməmişdir: məhkəmə iddiasını qismən təmin edərək onunla Cavabdeh1 MMC (təsisçi Cavabdeh2) arasında bağlanmış Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsini qət etsə də, iddia tələbinin də bir hissəsi olan, əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin təsisçinin üzərinə qoyulmasını müəyyən etməmiş, nəticə etibarı ilə qətnamənin icrasını məhdudlaşdırmışdır. Belə ki, Cavabdeh1 MMC-nin Nizamnaməsindən və AR MM-nin 91.3.2-ci maddəsinin tələbinə uyğun olaraq, cəmiyyətin icra orqanlarını (hazırki iş üzrə direktor) yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək cəmiyyət iştirakçılarının ümumi yığıncağının (hazırki iş üzrə tək təsisçinin) müstəsna səlahiyyətindədir. Eyni zamanda, Əmək Məcəlləsinin 12-ci maddəsinə uyğun olaraq, fərdi əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin (hazırki iş üzrə təsisçinin) vəzifəsidir. Göründüyü kimi, məhkəmə müvafiq cəmiyyətin təsisçisinin üzərinə əmək müqaviləsinə xitam verilməsi faktının icra edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul etməməklə qətnamənin icrasını məhdudlaşdırmışdır. Məhkəmə iddia tələbinin “ödənilməmiş əmək haqlarının ödənilməsi vəəmək müqaviləsinə xitam verilməsif aktının təsdiq edilməsinin yaratdığı hüquqi nəticələrin AR DVX yanında Milli Gəlirlər Departamentinin X5 Qeydiyyatı İdarəsi tərəfindən nəzərə alınması”na dair hissəsini həmin tələblərlə bağlı tərəfindən hər hansı sübut təqdim edilməməsi əsas gətirməklə təmin etməmişdir. Qeyd etmişdir ki, onun əmək haqqı ilə bağlı çıxarışları təkbaşına əldə edə bilməyəcəyini (Cavabdeh1 MMC-nin ona qarşı qərəzli münasibət bəsləməsinə görə) məhkəmə tərəfindən əmək haqqı üzrə çıxarışların alınması ilə bağlı nə Cavabdeh1 MMC-yə, nə də müvafiq banklara (“Azərbaycan Beynəlxalq Bankı”, “KapitalBank” və “MuğanBank”) sorğu ünvanlanmamış, tərəflərə öz iddia və etirazlarını əsaslandırdıqları halları sübut etmək üçün şərait yaratmamış, bununla da iş üzrə halların hərtərəfli və tam araşdırılması prinsipi pozulmuşdur. Eyni zamanda məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, müvafiq iddianın “ödəmək haqqı” ilə bağlı olan hissəsi üzrə ona Cavabdeh1 MMC tərəfindən həmin şirkətin direktoru olduğu müddət üçün əmək haqqlarının ödənilib-ödənilməməsinin sübut edilməsi yalnız iki şəkildə həyata keçirilə bilər: Birincisi, cavabdeh təşkilat olan Cavabdeh1 MMC tərəfindən onun əmək haqqısı üzrə bank çıxarışlarının təqdim edilməsidir. Hansı ki, həmin şirkətlə onun arasında münaqişə olduğuna görə, hətta həmin vaxt bu münaqişə üzrə həmin tərəflərlə bağlı cinayət işi də mövcud olduğuna görə (220066053 saylı cinayət işi) Cavabdeh1 MMC tərəfindən həmin sübutlar ona təqdim edilməmişdir. İkincisi, müvafiq əmək haqqı çıxarışlarının aidiyyəti banklardan tələb edilməsidir. Bununla bağlı, qeyd etmək etmişdir ki, “Banklar haqqında” AR Qanununun 41.2-ci maddəsinin tələbinə görə bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və səlahiyyətli nümayəndəsinə, habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir. Müştərinin yazılı razılığı ayrıca sənəd formasında tərtib edilir və müştəri tərəfindən əl imzası (notariat qaydasında və ya bankın səlahiyyətli şəxsi tərəfindən təsdiqlənməklə), gücləndirilmiş elektron imza və ya məsafədən bank hesablarının açılması üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən digər üsulilə imzalanır. Həmin vaxt isə onun istintaq təcridxanasında olması səbəbindən müvafiq banklardan onunla bağlı bank-hesab çıxarışlarını tələb etmək və ya bu tələbin irəli sürülməsini səlahiyyətli nümayəndəsinin həyata keçirməsinə dair qanunla nəzərdə tutulmuş razılığı vermək imkanı mövcud deyildir. Eyni zamanda, müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən digər şəxslərə yalnız “Banklar haqqında” Qanunun 41.2-ci maddəsində nəzərdə tutulmuş digər hallarla yanaşı, məhkəmənin icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında – məhkəmələrə verilir. Bunlarla yanaşı, məhkəmə həmin sübutların təmin edilməsinin başqa bir üsulu kimi Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətindən ona Cavabdeh1 MMC-nin direktoru vəzifəsini icra etməsi üzrə vergi rüsumlarının ödənilib-ödənilməməsi ilə bağlı məlumatların əldə edilməsi də çıxış edə bilərdi. Lakin məhkəmə, onun bu sübutları təkbaşına əldə edə bilməyəcəyini nəzərə almadan, eyni zamanda AR Dövlət Vergi Xidmətinin işdə müstəqil tələb irəli sürməyən şəxs kimi iştirak etməsinə də baxmayaraq, müvafiq sübutların Dövlət Vergi Xidmətindən tələb etməməklə onun hüquqlarını müdafiə etməsinə mane olmuşdur. Beləliklə, məhkəmə iddianın “ödənilməmiş əmək haqqının ödənilməsi”nə dair hissəsinin təmin edilməsini rədd edərkən onun öz iddiasını əsaslandırmasına mane olan yuxarıda göstərilən halları nəzərə almamış, bununla da iş üzrə halların hərtərəfli və tam araşdırılması prinsipi pozulmuşdur, nəticə etibarilə hüquqlarını kobud surətdə pozmuşdur. Bunlarla yanaşı, qeyd etmək lazımdır ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş Cavabdeh1 MMC-nin xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövrdə apardığı mal-material və pul vəsaitlərinin dövriyyəsinin audit yoxlamasının keçirilməsinə dair xx.xx.2022-ci il tarixli rəyə iş üzrə mötəbər sübut kimi istinad etmişdir. Qeyd etmişdir ki, həmin rəy Azərbaycan Respublikasının Auditorlar Palatası Şurası yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarə edilməsi üzrə Komitənin 10-1/02-203 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan da göründüyü kimi, keyfiyyətsiz hesab edilmişdir. Odur ki, məhkəmə etibarsız olan bir sənədə cavabdehin xeyrinə sübut kimi istinad etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
6. İddiaçı Rafı̇ q oğlunun vəkili və nümayəndəsi Nümayəndə3 qeyd etmişdir ki, onlar iddiada həm direktorluqla bağlı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı, həm də eyni zamanda cəmiyyət tərəfindən direktor vəzifəsini icra etmiş İddiaçı ödənilməmiş əmək haqqının ödənilməsini xahiş ediblər. Eyni zamanda direktorluq fəaliyyətinə xitam verildikdən sonra aidiyyəti orqan tərəfindən bunun qeydiyyatının aparılmasıdır. O düşünür ki, hazrkı mübahisəyə ümumi məhkəmə tərəfindən baxıla bilər, çünki mübahisə işəgötürənlə işçi arasında baş vermiş münasibətlərdir. Eyni zamanda burada hüquqi şəxslə hüquqi şəxs arasında münasibətlər tənzimlənmədiyinə görə mülki məhkəməyə müraciət ediblər. Hazırkı mülki işin davam etdirilməsini xahiş etmişdir.
7. Cavabdehlərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
9. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
10. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
11. 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
12. 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
13. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.
14. 32.3-32.5-ci maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 15.“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, “...məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Plenum Qərarının 26-cı bəndində formalaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır: 1) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələri; 2) bir-biri ilə əlaqədar olan bir neçə iddia tələbləri verilmiş mübahisələr. MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
16. Məhkəmə kollegiyası iddia ərizəsinin məzmununu, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.
17. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və s.) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.
18. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını isə qanunvericilik iki halla məhdudlaşdırır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-nin 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.
19. İş materiallarından müəyyən edilir ki, (həm də fərdi sahibkar statusuna malik olan) iddiaçı cavabdehlər Cavabdeh1 MMC və təsisçisinə qarşı məhkəməyə müraciət edərək əmək münasibətlərinə xitam verilməsi faktının təsdiq edilməsini, bunun müvafiq qaydada icra edilməsini, həmçinin vergi orqanına bu barədə məlumat verilməsini və s. barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, bu mübahisənin həlli üçün cavabdehin hüquqi ünvanı olduğu yerin məhkəməsinə müraciət etmişdir.
20. Halbuki yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki mübahisə kommersiya mübahisələrinin bir hissəsi sayılan korporativ mübahisələrdən biridir. Bu cür mübahisələr kommersiya hüquqi şəxslərin iştirakçıları, səhmdarları və (və ya) onların idarəetmə orqanları arasında yaranmış, kommersiya hüquqi şəxsin idarə olunması məsələləri, təsis sənədlərinə dəyişiklilərin edilməsi, ümumi yığıncaqların qərarlarının və təsərrüfat fəaliyyətinin mübahisələndirilməsi, o cümlədən kommersiya hüquqi şəxs tərəfindən səhmdarların mənafeyinə zidd olaraq bağlanmış əqdlərin mübahisələndirilməsi ilə bağlı ixtilaflardır (konfliktlərdir).
21. Göründüyü kimi, “korporativ mübahisələr” termini faktiki olaraq kommersiya hüquqi şəxslərin təsisçiləri, üzvləri, iştirakçıları, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyəti, o cümlədən hüquqi şəxsin yaradılması, yenidən təşkil olunması, ləğv edilməsi, idarə olunması ilə əlaqəli olan bütün ixtilafları və hüquqi mübahisələri əhatə edir və bunu fiziki şəxslərin fərdi sahibkar statusuna malik olmasından asılı etmir. Eyniliklə bu cür mübahisələrə kommersiya hüquqi şəxsin iştirakçıları arasında yaranan, həmin iştirakçıların tərkibinin dəyişdirilməsi ilə əlaqədar olan, təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən mübahisələr də aiddir.
22. Hazırki iş üzrə müəyyən edilir ki, iddiaçının iddia tələbi, Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid məsələnin (icra orqanını yaratmaq, səlahiyyətlərinə xitam vermək) həlli ilə əlaqədardır. Belə olan halda kollegiya hesab edir ki, hazırki mübahisəyə, kommersiya mübahisələrinin bir hissəsi sayılan korporativ mübahisələrdən biri olduğundan, ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.
23. Halbuki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.
24. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
25. Mülki Prosessual Məcəllənin 387.2.9-cü maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı Rafı̇ q oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Rafı̇ q oğlunun cavabdehlər Əfəndı̇ yev Müslı̇ m Ənvərovı̇ ç və "xxxx" MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 və Dövlət Vergi Xidməti yanında Milli Gəlirlər Departamentinin X5 Qeydiyyat İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi və s.” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova