Məhkəmə qərarları › İş №2(103)-10039/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10039/2021

07.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10039/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(004)-3929/2021 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “qanunsuz və əsassız hesablanmış borcun silinməsi, mənzillərdə təmir işlərinin aparılması üçün qoyulmuş qadağaların aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə 27.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən əsassız və qanunsuz hesablanmış 2891,99 manat borcun silinməsi, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda yerləşən 583 və 584 nömrəli mənzillərində təmir işlərinin aparılması üçün “AZMAN" MTK tərəfindən qoyulmuş qadağaların aradan qaldırılması, vəkilin göstərdiyi hüquqi yardıma görə 110 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTKdan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən "Renessans Palace" yaşayış kompleksində 2 saylı binanın E bloku 12-ci mərtəbədə olan 583 və 584 nömrəli mənzillər İddiaçı məxsusdur. 14.04.2021-ci il tarixdə iddiaçıya şifahi olaraq bildirilmişdir ki, ona məxsus olan mənzillərin 18 aylıq kommunal xidmətlə əlaqədar borcu yaranmışdır, həmin borcu ödəmədiyinə görə mənzillərdə təmir işləri apara bilməz. "xxxx" Mənzil-Tikinti Koorerativi 06.05.2021-ci il tarixli 27 nömrəli məktubla əsassız olaraq Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən "Renessans Palace" yaşayış kompleksində iddiaçıya məxsus sahəsi 64,27 kv.m olan 583 nömrəli mənzil üçün 1221,13 manat kommunal xidmət üzrə borc və sahəsi 87,94 kv.m olan 584 nömrəli mənzil üçün 1670,86 manat kommunal xidmət üzrə borc müəyyən edilmişdir. Eyni zamanda məktubda iddiaçıya məxsus mənzillərdə təmir işlərinin aparılması üçün "xxxx" MTK ilə onun arasında "xxxx" müqaviləsi bağlanmalı olduğu qeyd edilmişdir. Lakin, "xxxx" müqaviləsi bağlansa da, kommunal xidmət üzrə borclar ödənilənədək, təmir işlərinin aparılmasına icazə verilməyəcəyi iddiaçıya şifahi olaraq bildirmişdir. "xxxx" MTK ilə iddiaçının arasında kommunal xidmətlərin göstərilməsinə dair hər hansı bir müqavilə bağlanmamışdır. Müqavilə olmadığı halda iddiaçıdan borcun ödənilməsi tələb edilə bilməz və iddiaçıya təmir işlərinin aparılmasına qadağa qoyulması qanunsuzdur. Həmçinin, qarşılıqlı iddia ərizəsində çoxmərtəbəli yaşayış binasının 01.10.2019-cu il tarixindən təhvil verildiyi göstərilsə də, "Mənzilin Alqı- Satqı" müqavilələri üzrə iddiaçıya aid olan mənzillərin açarları iddiaçıya təhvil verilsə də, bu barədə müvafiq akt tərtib edilməmişdir. İddiaçı mübahisəni sülh yolu ilə həll etmək üçün kommunal xidmət haqqı kimi 500 manat ödəməyi təklif etmişdir, lakin cavabdeh buna razı olmadığına görə barışıq alınmamışdır. Eyni zamanda, Cavabdeh MTK İddiaçı qarşı “kommunal xidmətlər üzrə iki mənzilə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda yerləşən 583 və 584 nömrəli mənzillər üzrə kommunal xidmətlərin göstərilməsinə görə yaranmış ümumilikdə 3.348,62 manat əsas borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 210 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.588,62 manat pulun İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh MTK arasında bağlanmış 17.02.2016-cı il tarixli “mənzilin alqı-satqı” müqavilələrinə əsasən Cavabdeh MTK (icraçı) Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-cı məhəllədə inşa etdiyi “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın E blokunda 12-ci mərtəbədə yerləşən 583 və 584 nömrəli mənzilləri İddiaçı təhvil verməyi, İddiaçı (sifarişçi) isə mənzillərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzillər 01.10.2019-cu il tarixdə iddiaçıya təhvil verilməsinə baxmayaraq, iddiaçı müqavilənin 3.4.1-ci və 3.4.3-cu bəndlərinin tələblərini yerinə yetirməkdən boyur qaçırır. Bina yaşamaq üçün 01.10.2019-cu il tarixdən təhvil verilib və həmin vaxtdan kommunal xidmətlər üzrə iddiaçının 2 mənzil üzrə 3.348,62 manat borcu yaranıb. Bundan əlavə Cavabdeh MTK məhkəmədə işin aparılması üçün 24 saylı Vəkil Bürosu ilə Xidmət Müqaviləsi bağlayaraq, 210 manat xidmət haqqı və 30 manat dövlət rüsumu ödəyib. Hesab edir ki, İddiaçı ümumilikdə 3.588,62 manat pul Cavabdeh MTK-nin xeyrinə tutulmalıdır. İddiaçı kommunal xidmət haqqını ödəmədiyinə görə, təmir işlərinin aparılması üçün inşaat materiallarını binaya gətirməyə icazə verilməmişdir. Həmçinin bina qorunan olduğuna görə İddiaçı təmir üçün dəvət edəcəyi ustaların siyahısını MTK-ya təqdim etməlidir. Belə ki, əmək müfəttişliyi teztez reydlər keçirir, əmək müqaviləsi olmadan binada işləyən şəxslərin MTK tərəfindən dəvət edilərək işlədilməsi qənaətinə gəlir və MTK-ya cərimə yazmaq istəyir. Bunun qarşısını almaq üçün həmin şəxslərin kimin mənzilində işlədiyini və mənzil sahibi tərəfindən dəvət edildiyini təsdiq etmək üçün işləyən şəxslərin şəxsiyyətlərini müəyyən edir və binaya buraxırlar. Cavabdeh mənzilləri 01.10.2019-cu ildə iddiaçıya təhvil verməsinə baxmayaraq, iddiaçı keçən müddət ərzində mənzillərinin təmir edilməsi üçün MTK-ya müraciət etməmiş və kommunal xidmət haqlarını ödəməmişdir. İddiaçı 22.04.2021-ci il tarixdə ərizə ilə MTK-ya müraciət etmiş və onun müraciətinə 06.05.2021-ci il tarixli məktubla cavab verilmiş, təmir müqaviləsi bağlanması təklif edlilmiş və müqavilə bağlanandan sonra öz mənzillərində təmir işlərini aparmasına, yəni tikinti materiallarının binanın lifti və ya pilləkənləri vasitəsilə mənzillərə daşınmasına, ustaların binaya buraxılmasına icazə veriləcəyi bildirilmişdir. Müqavilənin bağlanmasında məqsəd binanın digar mülkiyyətçilərinə zərər vurulmasının və rahatlıqlarının pozulmasının qarşısının alınmasından ibarətdir. İddiaçı müqavilə bağlamaqdan imtina etdiyinə və kommunal xidmət haqlarını ödəmədiyinə görə 06.05.2021-ci il tarixdən sonra onun binaya inşaat materialları gətirməsinə və ustaların binaya buraxılmasına icazə verilməmişdir. Hazırda İddiaçı 01.10.2019-12.07.2021-ci il tarixə kimi kommunal xidmətlərin göstərilməsinə görə 583 nömrəli mənzil üzrə 1.413,94 manat; 584 nömrəli mənzil üzrə 1.934,68 manat borcu vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(004)- 3929/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda 12-ci mərtəbədə yerləşən 583 və 584 nömrəli mənzillərində təmir işlərinin aparılmasına Cavabdeh MTK tərəfindən qoyulmuş qadağaların aradan qaldırılması, Cavabdeh MTK-dan vəkilin hüquqi yardım göstərilməsi üçün ödənilmiş 110 manat xərc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 140 (yüz qırx) manat pulun tutularaq İddiaçı ödənilməsi, ilk iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda 12-ci mərtəbədə yerləşən 583 nömrəli mənzil üzrə 01.10.2019-12.07.2021-ci il tarixə kimi kommunal xidmətlərin göstərilməsinə görə yaranmış 1.413,94 manat, 584 nömrəli mənzil üzrə 01.10.2019-12.07.2021-ci il tarixə kimi kommunal xidmətlərin göstərilməsinə görə 1.934,68 manat olmaqla, cəmi 3.348,62 manat borc, vəkilə ödənilən 210 manat xərc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.588,62 (üç min beş yüz səksən səkkiz manat altmış iki qəpik) manat pul İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə İddiaçı apelyasiya şikayəti vermiş və şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-ci məhəllədə yerləşən yaşayış kompleksində 2 saylı binanın E blokunda 12-ci mərtəbəsində olan 583 və 584- saylı mənzillər ona məxsusdur. Həmin mənzillər “Mənzilin alqı-satqı” müqavilələrin şərtlərinə uyğun ona təhvil verilməmiş və təhvil verilməməsi ilə bağlı hər hansı müraciət olunmamışdır. Cavabdeh mənzilləri ona təhvil vermədiyi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq kommunal xidmətlərin göstərilməsinə dair hər hansı bir müqavilə bağlanmadığı halda, ondan iki mənzilə görə kommunal xidmət haqqı kimi 3348,62 manat borc tələb etmək əsassız və qanunsuz olmuş, lakin birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməyərək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 29.12.2015-ci il tarixli qərarındakı hüquqi mövqeyində göstərilənləri nəzərə almamış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən də qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi kollegiyasının iclasında iİlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmayan hissəsində təmin edilib, qətnamənin qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilib, həmin hissədə qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin mübahisələndirilən hissədə, yəni ilkin iddianın təmin olunmayan və qarşılıqlı iddianın təmin olunan hissədə yoxlanılması təşkil edir. Belə ki, ilkin iddia üzrə iddiaçı apelyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apelyasiya şikayətinin məzmunundan, həmçinin iddiaçının apelyasiya icraatında verdiyi izahatından aydın olur ki, apelyator qətnaməni iddianın təmin olunmayan hissəsi, yəni cavabdeh tərəfindən kommunal xidmət haqqı kimi hesablanmış 2891,99 manat məbləğində borcun qanunsuz hesab edilərək silinməsi hissəsində təmin edilməsini və qarşılıqlı iddianı təmin olunan hissədə mübahisələndirmişdir. İlkin iddianın təmin olunan hissəsi iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, qətnamə həmin hissədə yoxlanılmır. Kollegiya apelyasiya şikayətinin dəlillərini işin materialları və tərəflərin izahatları ilə əlaqəli yoxlayıb hesab edir ki, apelyasiya şikayəti əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin ilkin iddia tələbini cavabdeh tərəfindən kommunal xidmətlərə görə borcun hesablanmasının qanunsuz olması və silinməsi barədə hissəsində rədd etməsi və qarşılıqlı iddianın kommunal xidmətlərə görə hesablanmış borcun tutulmasının təmin edilməsinə dair hissədə təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında cavabdehdən aldığı mənzillər 01.10.2019-cu il tarixdə ona təhvil verilməsinə baxmayaraq, iddiaçı kommunal xidmətlərə görə müəyyən edilmiş haqqı cavabdehə ödəməkdən və kommunal xidmət haqqının ödənilməsi üçün müqavilə bağlamaqdan imtina etməklə 17.02.2016-cı il tarixli MN-583/16 və MN-584/16 saylı “mənzilin alqı-satqı” müqavilələrinin 3, 4, 6-cı bəndləri ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı kommunal xidmətlərə görə ödənişi tələb etməkdə haqlı olmuşdur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslarını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 135.2.4, 136.2.1, 136.2.2, 137.4, 138.1, 165.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd edilən nəticəsi işin hallarına uyğun deyil və həmin nəticəyə maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməmişdir. Belə ki, işin faktiki hallarından və təqdim edilmiş rəsmi sənədlərdən görünür ki, İddiaçı və Cavabdeh MTK arasında 17.02.2016-cı il tarixli MN-583/16 və MN-583/16 nömrəli “Mənzilin alqı-satqı” müqavilələri bağlanmışdır. İcraçı Cavabdeh MTK inşa etdiyi 17.02.2016-cı il tarixli MN-583/16 nömrəli müaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 64,27 kv.metr olan 583 nömrəli mənzili; 17.02.2016-cı il tarixli MN-584/16 nömrəli müaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 87,94 kv.metr olan 584 nömrəli mənzili sifarişçi İddiaçı təhvil verməyi, sifarişçi isə İddiaçı isə müqavilələrlə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzillərin dəyərini İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzillərin dəyəri İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir. 17.02.2016-cı il tarixli MN-583/16 və MN-584/16 saylı “mənzilin alqı-satqısı” müqavilələrinin 3.2-ci bəndinə əsasən icraçı bu müqavilələrin müddəaları ilə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində mənzilləri sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 3, 4, 6-cı bəndlərinə əsasən yaşayış kompleksi təhvil verildikdən sonra bir aydan gec olmamaq şərtilə Sifarişçi İcraçı və ya İcraçı tərəfindən müəyyən edilmiş şirkət ilə xidmət müqaviləsi bağlamalı və hər ay İcraçıya müəyyən olunmuş kommunal haqqı ödəməlidir. Cavabdeh MTK-nın 06.05.2021-ci il tarixli 27 nömrəli məktubundan müəyyən edilir ki, 01.10.2019-06.05.2021-ci il tarixə kimi İddiaçı ona məxsus olan Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda 12-ci mərtəbədə yerləşən 583 və 584 nömrəli mənzilllər üzrə kommunal xidmətlərin göstərilməsinə görə müvafiq olaraq, 583 nömrəli mənzil üzrə 1.221,13 manat və 584 nömrəli mənzil üzrə 1.670,86 manat borcu yaranmışdır. İddiaçı məxsus olan mənzillərdə təmir işlərinin aparılması onunla Cavabdeh MTK arasında "xxxx" müqaviləsi bağlanılmamışdır. Təmir müqaviləs təmir zamanı MTKnın digər mənzil mülkiyyətçilərinə zərər vurulmaması, rahatlıqlarının pozulmamasının təmin olunması məqsədi ilə bağlaır. Cavabdeh MTK-nın verdiyi 12.07.2021-ci il tarixli 46 nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı Cavabdeh MTK-ya 17.02.2016-cı il tarixli K_MN-583/16 nömrəli müqavilə üzrə 01.10.2019-12.07.2021-ci il tarixə kimi kommunal xidmətlərin göstərilməsinə görə 1.413,94 manat; 17.02.2016-cı il tarixli K_MN-584/16 nömrəli müqavilə üzrə 01.10.2019- 12.07.2021-ci il tarixə kimi kommunal xidmətlərin göstərilməsinə görə 1.934,68 manat borcu vardır. 27.05.2021-ci il tarixli qəbzdən müəyyən edilir ki, İddiaçı hüquqi xidmət göstərilməsi üçün "xxxx" ASC vasitəsilə vəkilə 110 manat pul ödəmişdir. Apelyasiya icraatı zamanı ilkin iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş Cavabdeh MTK-nın 08 oktyabr2018-ci il tarixli ********** qeydiyyat nömrəli Nizamnamənin (altıncı redaksiyada) surətindən görünür ki, Nizamnamənin 7.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin Ümumi yığıncağıdır və kooperativin fəaliyyətinə aid bütün qanunla müəyyən edilmiş məsələləri həll etmək səlahiyyətinə malik Ymumi yığıncaq kooperativin sədri tərəfindən ildə bir dəfə, lakin maliyyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağrılır. Nizamnamənin 7.3-cü bəndinin 9-cu hissəsinə görə pay haqqını, evin saxlanması, istismarı və əsaslı təmiri üçün haqqın miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. Apelyasiya icraatı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil tərəfindən təqdim edilmiş Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının 01 iyul 2019-cu il tarixli Qərarından görünür ki, “.....Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” yaşayış kompleksində 2019-cu il sentyabr ayında mənzillər istifadəyə verildiyi səbəbindən kommunal xidmətlər üçün xidmət haqlarının yığılması və kommunal xidmətlərin dəyəri mənzilin bir kv.m üçün bir manat müəyyən edilmişdir”. Həmin Qərarın məzmunundan görünür ki, qərarın qəbul edilməsində kooperativin 5 üzvü iştirak etmiş və qərar da həmin 5 nəfər tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Kollegiya qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında mənzil alqı-satqısı barədə müqavilə bağlanmış və tərəflər müqavilə şərtlərinə uyğun hüquq və vəzifələr daşımışlar. İddiaçı müqavilə şərtlərinə uyğun mənzilin dəyərini cavabdehə tam şəkildə ödəyib, müqavilə öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə şərtlərinə uyğun öhdəliyini icra edib mənzilləri iddiaçıya təhvil verməmişdir. Məhz iddiaçı müqavilə şərtlərinə uyğun mənzillərin cavabdeh tərəfindən ona təhvil verilmədiyinə istinad edərək, həmin mənzillərə görə cavabdeh tərəfindən kommunal xidmətlərə görə müqavilə bağlamadan ondan ödənişlər tələb edilməsini qanunsuz hesab etmişdir. Cavabdeh mənzilləri iddiaçıya 2019-cu ilin oktyabr ayında təhvil verildiyini bildirsə də, bunu təsdiq edən sübutları (binanın istismara qəbul edilməsi, mənzillərin təhvil verilməsi barədə aktlar və s.) məhkəməyə təqdim etməmişdir. Cavabdehin apelyasiya icraatında təqdim etdiyi internet səhifələrindən çıxarışda olan məlumatlar isə hazırki mübahisənin həlli üçün hər hansı bir əhəmiyyət kəsb etmədiyindən, sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən də kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi yalnız iddiaçının izahatına əsaslanaraq mənzillərin iddiaçıya təhvil verilməsi barədə nəticəsi əsaslı olmamışdır. İddiaçının kommunal xidmətlərə görə hesablanan borcunun qanunsuz olması, qarşılıqlı iddiaçının kommunal borcun tutulması barədə tələblərinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir: Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). Mənzil Məcəlləsinin 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 17.2-ci maddəsinə görə, Azərbaycan Respublikasında mənzil fondunu mülkiyyət formasına görə özəl, dövlət və bələdiyyə mənzil fondu təşkil edir. Yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Mənzil Məcəlləsinin 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. Mənzil Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: 1) binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; 2) mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; 3) idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. İşin materialları ilə müəyyən edilir ki, Cavabdeh MTK-nın Nizamnaməsinə görə kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin Ymumi Yığıncağıdır və evin saxlanılması, istismarı və əsaslı təmiri üçün haqqın miqdarını müəyyən etmək Ymumi Yığıncağın səlahiyyətindədir. Cavabdeh tərəfindən apelyasiya məhkəməsinə təqdim edilmiş 01 iyul 2019-cu il tarixli Qərar “Kooperativ üzvlərinin ümumi yığıncağı” Qərarı adlandırılsa da, həmin Qərarın məzmunundan görünür ki, Qərarın qəbul edilməsində kooperativ üzvləri deyil, yalnız 5 nəfər təsisçi iştirak etmiş və kommunal xidmət haqlarının yığılması qərara alınmışdır. Lakin həmin qərarda göstərilənlərdə kommunal xidmətlərin hansı xidmətlərdən ibarət olması və müəyyən edilmiş kommunal haqqın məbləğinin hansı meyarlarla müəyyən edilməsi görünmür. Kollegiya hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” yaşayış kompleksində yerləşən binaya kommunal xidmətlərə görə haqların miqdarı kooperativ üzvlərinin ümumi yığıncağında müəyyən edilməli məsələ olduğundan, 5 nəfərdən ibarət (təsisçilər) şəxslərin qəbul etdiyi Qərar mənzil qanunvericiliyinin və kooperativin Nizamnaməsinin müddəalarına zidd olduğundan, həmin kommunal xidmətlərə görə iddiaçı ilə müqavilə bağlanılmadığından, həmin Qərar əsasında İddiaçı kommunal xidmətlər haqqı ödənilməsi barədə iddia təl\bi əsassızdır və təmin edilə bilməz. Hesablanmış kommunal xidmətlərə görə məbləğlərin qanunsuz hesab edilməklə silinməsi barədə iddia tələbi əsaslı olduğundan, həmin hissədə iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli və 13 yanvar 2020-ci il tarixli Qərarlarındakı hüquqi mövqeyi də nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyindən, apelyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, ilkin iddia tələbi cavabdeh tərəfindən kommunal xidmətlərə görə hesablanmış 2891,99 manat borcun qanunsuz hesab edilməklə silinməsi hissəsində təmin edilməli, cavabdehin qarşılıqlı iddiası üzrə təmin edilən hissədə qətnamə ləğv edilməklə, həmin hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(004)-3929/2021 saylı qətnaməsi qismən – ilkin iddia tələbinin təmin edilməyən və qarşılıqlı iddia tələbinin təmin edilən hissələrində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda yerləşən 583 və 584 nömrəli mənzillər üzrə kommunal xidmətlərə görə hesablanmış 2891,99 manat borcun qanunsuz hesab edilməklə, silinməsi barədə iddia tələbi təmin edilsin, Cavabdeh MTK tərəfindən iddiaçıya kommunal xidmətlərə görə hesablanmış borc qanunsuz hesab edilsin və həmin məbləğ İddiaçı Vaqif oğlunun hesabından silinsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda 12-ci mərtəbədə yerləşən 583 nömrəli mənzil üzrə 01.10.2019-12.07.2021-ci il tarxə kimi kommunal xidmətlərin göstərilməsinə görə yaranmış 1413,94 manat, 584 nömrəli mənzil üzrə 01.10.2019-12.07.2021-ci il tarixə kimi kommunal xidmətlərin göstərilməsinə görə yaranmış1934,68 manat olmaqla, cəmi 3348,62 manat borc, vəkilə görə ödənilən 210 manat xərc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3588,62 manat pulun Cavabdeh MTK-nın xeyrinə tutulması barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə ilkin iddianın təmin olunan digər hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar