Məhkəmə qərarları › İş №2(103)-10086/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10086/2021

23.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10086/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(006)-3043/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı, həmçinin iddianın təmin tədbiri haqqında ərizə verərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, cavabdehə məxsus “Hundai Sonata” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(006)- 3043/2021 saylı qərardadı ilə (hakim Rəşid Səmədov) ərizə təmin edilməmiş, iddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi, 16 iyun 2021-ci il tarixli, 2(006)-3043/2021 saylı qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(103)-7372/2021 saylı qərardadı ilə şikayət qeyri-mümkün hesab edilərək, işlə birlikdə rayon məhkəməsinə qaytarılmış, lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən 17 sentyabr 2021-ci il tarixli məktubla şikayət baxılması üçün işlə birlikdə təkrarən Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalıdır. Belə ki, əvvəlki apellyasiya icraatı zamanı şikayət qeyri-mümkün hesab edilərkən göstərilmişdir ki, rayon məhkəməsinin mübahisələndirilən 16 may 2021-ci il tarixli qərardadı tərəflərə 20 may 2021-ci il tarixdə göndərilsə də, iddiaçının həmin qərardadı nə vaxt almasını göstərən hər hansı bir sənəd iş materiallarında mövcud deyildir. Belə olan halda, qərardaddan şikayət verilməsi üçün MPM-də nəzərdə tutulmuş 10 günlük prosessual müddətin ötürülüb-ötürülmədiyini müəyyən etmək mümkün deyildir. İşdən görünür ki, iddiaçı tərəfindən verilmiş şikayət məhkəməyə 10.06.2021-ci il tarixdə daxil olmuşdur. Qərardadın alınmasını təsdiq edən hər hansı rəsmi sənəd olmadan işə baxılmanın mümkün hesab edilməsi gələcəkdə baş verə bilən prosessual pozuntunun yaranmasına səbəb ola biləcək hal hesab edildiyindən, məhkəmə kollegiyası işə baxılmanı qeyri-mümkün hesab edir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük prosessual müddətə riayət edilib-edilməməsinin yoxlanılması məqsədilə şikayəti işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarmışdır. MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Buna baxmayaraq, Nəsimi Rayon Məhkəməsi qeyd olunan məsələ ilə bağlı ümumiyyətlə heç bir araşdırma aparmamış, etməli olduğu prosessual hərəkətləri etməmiş, iş rayon məhkəməsinə daxil olduqdan dərhal sonra məktubla yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya vurğulayır ki, mülki prosessual qaunvericilik, apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı əsasların yoxlanılması nəticəsində müsbət qənaətə gəlindiyi halda, birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı ayrıca qərardad qəbul edilməsini məcburi qayda kimi müəyyən etməsə də, bununla bağlı hər hansı qadağa da nəzərdə tutmamaqla bu sahədə məhkəməyə dispozitiv imkan tanımışdır. Bu isə o deməkdir ki, məhkəmə hər bir işin konkret hallarından asılı olaraq, zərurət hesab etdiyi halda şikayətin mümkünlük əsaslarının ödənilməsi ilə bağlı qərardad qəbul edə bilər. Qeyd olunanları nəzərə alan Kollegiya, hesab edir ki, hazırkı işin halları baxımından birinci instansiya məhkəməsi yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə almaqla, şikayətin mümkünlüyü ilə bağlı şübhə doğuran prosessual pozuntuların olubolmaması (prosessual müddətin otürülmədiyi) barədə əsaslandırılmış qərardad qəbul etməli və yalnız bundan sonra şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndəriməli idi. Belə olan halda, yəni məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(006)-3043/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar