Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10091/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-250/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı Cavabdeh vurduğu zərərin əvəzi olaraq 10.610 manat, hüquqi xidmətin əvəzi kimi 500 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 16.142 (on altı min yüz qırx iki) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.02.2020-ci il tarixdə saat 19:00 radələrində Cavabdeh etibarnamə ilə idarə etdiyi “Mitsubishi Pajero” minik markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti ilə hərəkət edərkən əks istiqaməti hərəkət zolağına çıxmadan manevr qaydasını pozub etibarnamə əsasında idarə etdiyi “BMW” markalı 99- HM-076 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq mülkiyyətçiyə və avtomobilə sahiblik hüququnu həyata keçirdən şəxsə maddi zərər vurmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin yol nəqliyyat hadisələri üzrə inspektoru polis baş leytenantı X1 tərəfindən inzibati araşdırma aparılmış və Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinn 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci bəndinin tələbini pozduğuna görə 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh qanunazidd olaraq idarə etdiyi avtomobili icbarı sığorta etmədən idarə edirmiş. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində törətdiyi yol nəqliyyat hadisəsi zamanı iddiaçılara maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin hüquqazidd hərəkətləri ilə iddiaçıların fiziki və mənəvi iztirablar keçirməklərinə səbəb olmuşdur. İddiaçılar mənəvi ziyanı 5000 manat məbləğində qiymətləndirirlər. Həmçinin, baş vermiş yol nəqliyyatı hadisəsi zamanı ziyana uğramış avtomobili təmir etdirmək məqsədi ilə 10.03.2020-ci il tarixdə "xxxx" MMC ilə 02 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən avtomobilin təmir olunması üçün 10,610 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Odur ki, iddiaçılara vurulmuş maddi və mənəvi ziyanın əvəzi müştərək qaydada cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir.
3. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-250/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, dəymiş maddi ziyana görə 4151,0 (dörd min bir yüz əlli bir manat) manat və ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manatın dövlət nəfinə tutulması qət edilmişdir (sədrlik edən: Əminə Abbasova).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-250/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilərək, iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisədə zərər çəkmiş BMV E60 99HM076 Dövlət nömrə nişanlı avtomobil təmirdən az sonra cavabdehin işlədiyi Texniki Servis məntəqəsində texniki xidmətdən keçmişdir. Bu barədə avtomobilin məntəqədə texniki xidmət keçərkən çəkildiyi fotoşəkili və təmirdən qısa müddət sonra mümkün olduğuna görə həqiqətən görülən işlər barədə olan akt təqdim edilmişdir. Aktı analiz etsək, görərik ki, iddiaçı qəzaya aid olmayən çoxlu sayda ehtiyyat hissələri də siyahıya daxil edərək, fürsətçilik edib sırf pul qazanmaq məqsədi güdür. Bundan başqa iddiaçı sənəddə avtomobilin sağ tərəfdən də vurulduğunu göstərib. Amma nədənsə elə özlərinin sifariş etdiyi qüsur aktına baxsaq, sağ tərəfdən vurulmuş olan avtomobilin sağ tərəfə aid ümumiyyətlə heç bir kuzov detalım adına rast gəlinmir. Nəqliyyat vasitəsi sağ tərəfdən vurulubsa kuzov detallarının xəsarət almaması mümkün deyil. Əvəzində zərərçəkmiş bol şəkildə sağ tərəfdə və arxa hissədə yerləşən işlək ehtiyyat hissələrinin dəyişdiyini iddia edir. Ziyan məbləği sifariş əsasında tərtib edilmiş Avtoklinika 2019 MMC-nin peçatı ilə təsdiq edilmişdir. Həmin Servisə real müraciət barədə sübut, göstərilən xidmət heç olmasa çekinin təqdim edilməsi tələb edilsə də təmin edilməmişdir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Avtoklinika 2019 MMC vurılan avtomobil üçün 4 ədəd çarx - təkər hesablamışdır. Halbuki vurulan nəqliyyat vasitəsinin çarxının dördü sıradan çıxmamışdır. Belə olsa idi ən azından evakutora qaldırmaq texniki cəhətdən mümkün olmazdı. Hadisə vaxtı zədə almayan tərəfin detalları akta qeyd edilmişdior, lakin məhkəmə yenə də bunu nəzərə almamışdır. İddiaçını məhkəmədən gizlətdiyi sığorta şirkətinin qüsur aktı ilə iddiaçının sifarişi ilə tərtib edilər, saxta qüsur aktı müqayisə edilərsə deyilənlərə öz təsdiqin tapır, bunun üçün mütəxəssis olmağa və nəqlıiyyat vasitəsi sürməyə ehtiyac yoxdur, piyada olarkən belə istənilən hakim bunu müqayisəli təhlil etmiş olardısa eyni nəticəyə gəlmiş olardı. Ekspert sifarişlə tərtib edilmiş saxta mütəxəssis rəyini öz rəyinə köçürməklə işini bitmiş hesab etmişdir. İddiaçının gizlətdiyi sığorta sənədləri məhkəməyə təqdim edilərək təkrar ekspertiza tələb edilsə də məhkəmə bunu da təmin etməmişdir. Məhkəmə nədənsə sığota tərəfindən hadisə vaxtı tərtib edilən qüsur aktına deyil, saxta mütəxəssis rəyini təkrarlayan ekspert rəyindəki məbləği əsas götürməklə ziyan hesablamışdır. Halbuki iddiaçı bu günədək sığortanın qüsur aktına əsasən hesbladığı ziyanı mübahisə etməmiş, əksinə razılaşaraq sığortadan aldığı 3959 manat pulu alaraq xərcləmiş, sonradan bunu məhkəmədən də gizlədərək asan yolla cavabdehin zəhməti hesabına saxta rəylərlə əlavə pul qazanmaq niyyəti güdmüşdür. İddiaçı saxta müəxəssis rəyində qeyd edilən detal, təmir və dəyişmə işlərinin real oaraq görülməsinə dair heç bir sənəd təqdim etməmişdir, hadisədən aylar sonra belə bir addım atması, sığorta pulunun almasını gizlətməsi, sığortanın qüsur aktı olduğu halda sifarişlə saxta rəy alması, xəsarət və zədə olmayan detallara görə pul istəməsi məhkəmənin işi buna qeyri obyektiv qiymət verməsi, sığorta pulu olaraq ən azından sığortanın hesabladığı ziyanın daha real olduğu halda bunu qəbul etməməsi, saxta rəy əsasında verilən ekspert rəyinə üstünlük verməsi cavabdehə qarşı qərəzli mövqedir. Cavabdeh saxta rəydəki zədələnməyən detalların dəyişmə səbəblərini, qiymət fərqini, məhz saxta rəydə qeyd edilən hissələrin təmir və dəyişdsirməsınə dair sübut təqdim edə bilmədiyi halda, sığorta hadisəsindən sonra ziyan hesblandığı, qismən sığorta pulu verildiyi halda, iddiaçının hadisədən xeyli müddət sonra yenidən ziyan məbləğini sifariş edərək iddia verməsi və bunu əsaslandıara bilməməsi hazırkı iddianın tam ləğv edilməsi üçün əsasdır. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçılara lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar kollegiya iclasında iştirak etməmişlər. İddiaçı2 nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçıların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
10. Belə ki, mülki iş materiallarında olan 13.02.2020-ci il tarixli AP № ******* nömrəli “İnzibati Xəta haqqında Protokol”un surətindən görünür ki, 12.02.2020-ci il tarixində saat 19:40-da “Mitsubishi” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Nobel prospektində hərəkət başlayarkən sağdan gələn “BMW” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Həmin avtomobil yolun kənarında dayanmış “Volksvagen” markalı 90-FF642 dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Hadisə nəticəsində İddiaçı2 və X2 maddi zərər dəymişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi” markalı 90- TU-052 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi, “Volksvagen Polo” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sağ hissəsi, “BMW” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol və sağ tərəfi zədələnmişdir.
11. Mülki iş materiallarında olan “İnzibati tənbeh vermə haqqında” TP3500290 nömrəli 13.02.2020-ci il tarixli Qərarın surətindən görünür ki, Cavabdeh 12.02.2020-ci il tarixdə saat 19:40da Xətai rayon ərazisində “Mitsubishi Pajero” markalı, 90-tu-052 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
12. İş materiallarına olan "xxxx" MMC ilə İddiaçı1 Alsan oğlu arasında bağlanılmış 10.03.2020-ci il tarixli, 02 nömrəli müqavilədən görünür ki, tərəflər aşağıda göstərilənlər ilə bağlı razılaşmışdırlar: - Sifarişçi İddiaçı1 xidmətlərin göstərilməsini sifariş verib icraçı "xxxx" MMC-yə razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçiyə müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür; - Göstərilən xidmətlərin həcmi hər bir sifariş üzrə bu Müqaviləyə əlavə edilən qiymətlərin razılaşdırılmalı protokolu ilə müəyyənləşdirilir, müqavilə üzrə görülən işlərə görə elektron qaimə faktura təqdim edilir; İcraçı sifariçminin sifariş verdiyi xidmətləri – 1500 manat dəyərində dəmirçi, 500 manat dəyərində armaturçu, 1300 manat dəyərində rəngsaz, 450 manat dəyərində çilingər, 300 manat dəyərində plastmas təmiri xidmətləri həyata keçirir.
13. İş materiallarında olan "xxxx" MMC-nin qüsur aktına əsasən “BMW 5351” markalı **-HM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 10.610 manat məbləğində müəyyən edilir.”
14. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4715 nömrəli, 22.01.2021-ci il tarixli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin təqdim etdiyi qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “BMW 5351” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8.110 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
15. İş materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC-nin tərtib etdiyi 082300 nömrəli Sığorta aktının, 03.03.2020-ci il tarixli, 2395 nömrəli ödəniş tapşırığının və ödəniş tapşırığına əlavənin sürətlərindən görünür ki, 12.02.2020-ci il tarixində Xətai rayonunda sığortalanmış “Mitsubishi Pajero” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMW 5351” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 7340,00 manat məbləğində ziyan müəyyən edilmiş və 3959 manat məbləğində pul faydalanan şəxs İddiaçı1 ödənilmişdir. Hüquqi dəyərləndirmə:
16. İş materiallrından görünür ki, Cavabdeh 12.02.2020-ci il tarixdə saat 19:40-da Xətai rayon ərazisində “Mitsubishi Pajero” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş, nəticədə İddiaçı1 məxsus “BMW” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 8110,0 manat məbləğində ziyan dəymişdir. Avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq İddiaçı1 3959 manat məbləğində pul ödənilmişdir.
17. Birinci instansiya məhkəməsi iddianı “BMW” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu ziyana görə 10610 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi tələbi hissəsində qismən əsaslı hesab edərək, qismən təmin etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil cavabdeh tərəfindən idarə edildiyindən və mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən İddiaçı2 ona dəymiş ziyanın Cavabdeh alınaraq ona ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
21. Birinci instansiya məhkəməsində icraat zamanı 12.10.2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspertiza təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4715 nömrəli, 22.01.2021-ci il tarixli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin təqdim etdiyi qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “BMW 5351” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8.110 manat müəyyən edilmişdir.
22. Belə ki, kollegiya ekspertiza üzrə ekspert rəyini sübut qismində qiymətləndirərək hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərər 8110 manat məbləğində müəyyən edildiyi və İddiaçı1 avtomobilə dəymiş ziyanın əvəzi olaraq 3959 manat məbləğində pulun ödənildiynə görə, Cavabdeh zədələnmiş avtomobilin mülkiyyətçisi İddiaçı1 dəymiş maddi ziyana görə 4151,0 manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
23. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
24. Cavabdeh apellyasiya şikayətində əlavə ehtiyat hissələrinin əsassız şəkildə qüsur aktına daxil edilməsini qeyd etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, zədələnmiş ehtiyat hissələrinin dəqiq siyahısının müəyyən edilməsi işin həlli üçün əhəmiyyət daşıdığından birinci instansiya məhkəməsi qüsur aktı və mütəxəssis rəyini deyil, ekspert rəyini əsas götürməkdə haqlı olmuşdur. Ekspert rəyində isə avtomobilə dəyən zərər müstəqil şəkildə qiymətləndirilmişdir. Aparılmış ekspertiza tədqiqatının mötəbərliyini şübhə altına alan hər hansı hal aşkar edilmədiyindən, kollegiya hesab edir ki, həmin ekspert rəyinin sübut kimi qəbul edilməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bundan başqa, cavabdeh ehtiyat hissələrinin əsassız şəkildə siyahıya daxil edilməsi ilə bağlı məhkəməyə hər hansı sübutu təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir.
25. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
28. Cavabdeh apellyasiya şikayətində məhkəmənin sığota tərəfindən hadisə vaxtı tərtib edilən qüsur aktına deyil, saxta mütəxəssis rəyini təkrarlayan ekspert rəyindəki məbləği əsas götürməklə ziyanı hesablaması halına istinad etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, məhkəmənin əsas götürdüyü ekspert rəyi ilə təmir-bərpa xərclərinin hadisə baş verən tarixə 8110 manat olması müəyyən edilmişdir ki, bu da nə qüsur aktı, nə də mütəxəssis rəyi ilə eyniyyət təşkil etmir. Belə ki, mütəxəssis rəyinə əsasən dəymiş zərər 10610 manat, qüsur aktına əsasən isə 7340 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, ekspert müstəqil şəkildə qiymətləndirmə aparmış, yalnız avtohissəslərin qiymətləri ilə bağlı "xxxx" MMC-nin təqdim etdiyi 10.03.2020-ci il tarixli qüsur aktındakı məlumatları nəzərə almışdır.
29. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin edilmiş hissəsində ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır.
33. Bu səbəbdən də, kollegiya iddia tələbinin mənəvi zərər, hüquqi xitmətə görə ödənilmiş məbləğin əvəzi və zərərin əvəzinin İddiaçı2 tutulmamasına dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanması hazırki apellyasiya baxışının predmetini təşkil etmir.
34. Sadalanan xüsusatlara əsasən, kollegiya vurğulayır ki, birinci instansiya məhkəməsinin iddia tələbinin 4151.0 manat hissəsində təmin edilməsinə dair qətnaməsi qanuni və əsaslı olmuşdur və apellyasiya şikayətinin dəlilləri həmin qətnamənin ləğvi üçün əsas deyildir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
37. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-250/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev