Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1015/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı QƏTNAMƏSİ (Açar sözlər: maneələrin aradan qaldırılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X10 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7715/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 3, ev 3, 2 saylı mənzil Cavabdeh1 mülkiyyətindədir. Həmin evin yerləşdiyi torpaq sahəsində X5 və onun qızı X2 faktiki istifadəsində olmuş tikili yerləşir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 iddiası qismən təmin edilərək, cavabdehlər X5 və X2 iddiaçının həyətyanı sahə kimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 ünvanında olan torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılmaları, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2013-cü il tarixli qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddiaçı X3 cavabdehlər X6 və X1rşı Bakı şəhəri, ünvan 1 ünvanında olan torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi rədd edilmişdir. AR Ali Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2013-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X9 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə daxil olmaq üçün qapı qoyulmasına yaradılan maneələrin aradan qaldırılması, həmin ünvanda yerləşən bir otaqlı fərdi yaşayış evinə iddiaçının razılığı ilə gələn şəxslərə qarşı hər cür özbaşınalığın qadağan edilməsi, evə buraxılmadığı müddət ərzində üç aylıq kirayə haqqı olaraq ödədiyi 600 manatın, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumunun, Xırdalan şəhər Vəkil Bürosu ilə bağladığı müqavilə üzrə hüquqi yardıma görə ödədiyi 100 manat məbləğində xidmət haqqının, ümumilikdə 720 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X11 2003-cü ildə qohumları X7 ilə ünvan 3 ünvanında 350 kv.m ərazidə olan torpaq sahəsində 150 kv.m ayrılaraq ev tikməyi barədə şifahi razılığa gəlmiş və həmin sahədə fərdi yaşayış evi tikmişdir. 2013-cü ildə X7 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X8 və X2 həmin evdən və torpaq sahəsindən çıxarılması ilə bağlı iddia qaldırmış, son nəticədə məhkəmə iddianı rədd edərək, həmin işdə iddiaçının torpaq və ev üzərində mülkiyyət hüquqlarının olmamasını göstərmişdir. 2013-cü ilin dekabr ayında iddiaçının anası dünyasını dəyişdikdən sonra həmin fərdi yaşayış evində iddiaçı tək yaşamağa başlamışdır. Lakin cavabdeh və onun ailəsi həyətin ümumi olmasından və eyni darvazadan həyətə daxil olmalarından, iddiaçının həmin mənzildə tək yaşamağından istifadə edərək, onun normal yaşamasına hər cür maneçiliklər yaratmağa, ona fiziki və psixoloji təsirlər etməyə başlamışlar. Ümumi həyətə daxil olmaq üçün o, qonşulardan divardan aşaraq qapını açmağı xahiş etmiş, bir dəfə isə divarın üzərindən çıxıb qapını açmaq istərkən düşüb ayaqlarını əzmişdir. Bundan başqa, cavabdehlər evinə gələn qonaqları qovub, iddiaçını təhqiramiz formada alçaltmış, qış aylarında qazını, yay aylarında isə suyunu kəsərək evini tərk etməyə məcbur etmişlər. Nəhayət cavabdehlər həyət qapısının qıfılını dəyişib, onu evinə buraxmamağa başlamışlar. Dəfələrlə polisə şikayət etsə də, ona məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. İddiaçı məcbur olub rəfiqələrinin evində, sonra isə kirayə tutub orada qalmalı olmuşdur.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(001)- 7715/2021 qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia təmin edilməmişdir.
5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə və tikiliyə dair iddiaçının hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, rəsmi reyestrdə qeydə alınmamış daşınmaz əmlaka dair hər hansı hüquq müəyyən edilə bilməz. İddiaçının iddia tələbinin digər hissələri isə törəmə tələblər olduğundan əsaslı hesab edilə bilməz. Belə ki, işin halları ilə cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması müəyyən edilmir. Odur ki, iddia tələbi subyektiv hüququn olmaması əsası ilə təmin edilməməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 146.3, 152.2, 152.3, 152.5, 157.4, 157.8-ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. İddiaçı X9 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(001)-7715/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının sözügedən fərdi yaşayış evi üzərində sahiblik və istifadə hüququnu təsdiq edən kifayət qədər mötəbər sübutları vardır. Belə ki, kommunal xidmətlərlə bağlı bütün müqavilələr iddiaçı ilə bağlanmış, həmin müqavilələr üzrə ödəniş qəbzləri işə əlavə edilmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
9. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4297/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)- 2501/2022 nömrəli qətnaməsi qismən, iddianın mübahisəli evə iddiaçının razılığı ilə gələn şəxslərə qarşı özbaşınalığın qadağan edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında cavabdehlər apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)-2501/2022 nömrəli qətnaməsi iddianın mübahisəli evə iddiaçının razılığı ilə gələn şəxslərə qarşı özbaşınalığın qadağan edilməsinin rədd edilməsi hissəsində ləğv edildiyindən apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
17. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
18. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
19. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir.
23. Kollegiya bu nəticəyə gələrkən aşağıdakılara əsaslanır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki tələbə Mülki Məcəllənin 157.8 və 165.1ci maddələrinin tələblərini baxımından hüquqi qiymət verilməli idi ki, apellyasiya məhkəməsi tərəfindən həmin maddələrin tətbiqini nəzərdən keçirilməmişdir.
25. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.
26. İşin müəyyən olunan halı ondan ibarətdir ki, mübahisəli ev iddiaçı X2 faktiki sahibliyində və istifadəsində olmuşdur. Cavabdehlərin ailə başçısı olmuş X7 məhz onların hər ikisini cavabdeh kimi göstərməklə, tikilidən çıxarılmasını məhkəmə qaydasında tələb etmiş, həmin tələb Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2103/2013 saylı, 15 aprel 2013-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Həmin məhkəmə aktı ilə iddia rədd olunarkən iddiaçının tikilinin ona məxsus olmasını sübuta yetirməməsinə və belə tələb irəli sürməyə subyektiv hüquqa malik olmamasına istinad olunmuşdur. Sözügedən qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, mübahisəli ev özbaşına tikili olsa da, faktiki olaraq X2 və onun anasının sahibliyində və istifadəsində olmuşdur.
27. MPM-ə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3).
28. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (maddə 233.3).
29. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.
30. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
31. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə mübahisəli tikiliyə iddiaçının sahiblik hüququnun tanınması ilə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktı ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.
32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
33. İddiaçı iddia edir ki, sahibliyində olan tikiliyə daxil olan şəxslərə, o cümlədən ona yardım göstərməyə gələn tibb bacısına cavabdehlər tərəfindən maneələr yaradılır və onlar həyətə buraxılmır, cavabdehlər həmin şəxsləri təhqir edərək qovurlar.
34. Cavabdehlər isə 2021-ci ilədək iddiaçıya qonaq gələn istənilən şəxsin sərbəst daxil olmasına mane omadıqlarını, sadəcə bir həyətdə yaşadıqlarından iddiaçının yanına gələn tanımadıqları kişilərin həyətə daxil olmağına icazə vermədiklərini, tibb bacısının və iddiaçının rəfiqələrinin gəlişinə isə mane olmadıqlarını bildirmişlər.
35. Göründüyü kimi, cavabdehlər iddiaçıya məxsus evə gəlib-gedən şəxslərin ora maneəsiz daxil olmasına mane olduqlarını etiraf edirlər.
36. Kollegiya bununla bağlı qeyd edir ki, mübahisəli tikili iddiaçının faktiki sahibliyində və istifadəsində olduğu halda, cavabdehlər mübahisəli evə iddiaçının razılığı ilə gələn şəxslərə qarşı maneə yarada bilməz, həmin hüquqları həyata keçirməyə mane ola bilməzlər.
37. Belə ki, Mülki Məcəllənin müvafiq müddəalarına əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir (maddə 165.1).
38. Mülki Məcəllə ilə həmçinin müəyyən edilir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (maddə 5.3). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (maddə 152.6). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1).
39. Yuxarıda qeyd olunanlara əsasən Mülki Məcəllənin 157.8 və 165.1-ci maddələri mülkiyyətçi olmayan, lakin əmlaka sahiblik edən şəxsin hüquqlarını qoruyur və həmin hüquqların məhkəmə qaydasında müdafiəsini təmin edir. Bundan əlavə Mülki Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.
40. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.
41. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəli evə iddiaçının razılığı ilə gələn şəxslərə qarşı özbaşınalığın qadağan edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
43. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.4-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7715/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə iddiaçı X2 razılığı ilə gələn şəxslərə qarşı hər cür özbaşınalığın edilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.