Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10159/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)- 770/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2939 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdehlər "xxxx" ASC-yə və X1 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair 26.01.2015ci il tarixli İ-01/000082 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə verərək, Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya Şöbəsi tərəfindən hazırki iş üzrə məhkəmə icraatı bitənədək Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətlərin dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2(001)- 5590/2019 saylı, 20,06.2019-cu il tarixli Binəqədi Rayon Məhkəməsinin qərardadına əsasən, Bakı şəhəri, Yasamal rayonu İcra və Probasiya Şöbəsi tərəfindən hazırki iş üzrə məhkəmə icraatı bitənədək Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətləri müvəqqəti olaraq dayandırılmışdır. 2(001)- 292/2020 saylı, 23.01.2020-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən, iddiaçı Cavabdehlər "xxxx" ASC-yə və X1 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. Bundan sonra, "xxxx" ASC tərəfindən iddianın təmin etmə tədbirinin ləğv edilməsi barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. 2(001)-292/2020 saylı, 31.08.2020-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin qərardadına əsasən, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətlərin davam etdirilməsi müəyyən edilmişdir. İpoteka predmeti olan cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinin bazar qiyməti 280000 manat müəyyən edilmişdir. 2(106)-24/2018 saylı, 13.04.2018-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzili açıq hərracdan satılması məqsədi ilə Hərrac Mərkəzi "xxxx" MMC-yə göndərilmişdir. 2(001)- 5590/2019 saylı, 20.06.2019-cu il tarixli Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətləri Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya Şöbəsi tərəfindən dayandırılmış və nəticədə "xxxx" ASC-yə madadi ziyan dəymişdir. Cavabdeh tərəfindən verilmiş əsassız ərizə və şikayətlərə görə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 24/2018 saylı, 13.04.2018-ci il tarixli icra vərəqəsi bugünədək icra olunmamışdır. 58.785.82 ABŞ dolları məbləğində olan borcun icra tədbirlərinin dayandırılması nəticəsində "xxxx" ASCyə bu günədək ödənilməmişdir. 58785.82 ABŞ dolları məbləğində vəsaitin illik beş faizi 2939 ABŞ dolları təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)- 770/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Bakı Apelyasiya Məhkəməsi MK-nın 03 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Kazımov (sərlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004) 770/2021 nömrəli qətnaməsi İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və yenə də ümumi olaraq iddiaçının sübutemtə yükünün öhdəsində gələ bilməməsi əsası ilə qətnaməni dəyişdirmçədən saxlamışdır.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı ASC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4491/2021 saylı, 31.08.2021-ci il tarixli Qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3706/2021 nömrəli, 03 may 2021-ci il tarixli qətnaməsinin ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4491/2021 saylı, 31.08.2021-ci il tarixli Qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)-770/2021 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)-770/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir və Məhkəmə iddia tələbini rədd edərkən “Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına istinad etmişdir. Məhkəmənin mübahisə ilə bağlı mövqeyi belə olmuşdur ki, iddiaçı ona zərər vurulması halını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin mübahisə ilə bağlı çıxardığı qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. İddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh başqa bir mülki mübahisə başlatmaqla ona zərər vurmuşdur. Bunu onunla əsaslandırır ki, həmin mülki işə baxılarkən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını ləngidən hərəkətlərə yol verilmiş və cavabdehin ərizəsi əsasında icra icraatı dayandırılmış, icra sənədi uzun müddət icra edilməmiş qalmış və banka ziyan dəymişdir. Kollegiya hesab edir ki, Məhkəmələr tələbin qanuni əsasını tapmaqda iddiaçının deməsindən asılı deyillər.Hazırkı işdə, yuxarıda qeyd olunduğu kimi iddiaçı tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 164-cü maddəsinə, MM-nin 445.7. maddəsinə istinad etmişdir. Məhz Mülki Məcəllənin 445.7. maddəsinə istinad etməklə iddiaçı borc məbləğinə görə illik beş faiz pul tələb edir. İddiaçının istinad etdiyi həmin normada deyilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 445.7. maddəsinə istinad etməklə tələb olunan beş faizlik məbləği iddiaçının sübut etməsinə zərurət yoxdur. Beləki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında bu barədə geniş şərh verilmişdir.Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)- 770/2021 saylı qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Cavabdeh 2939,0 (iki min doqquz yüz otuz doqquz)ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10159/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10159/2021
10.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver