Məhkəmə qərarları › İş №2(103)-10165/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10165/2021

24.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10165/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilinin satılması ilə bağlı hərracın yekunları barədə 21.01.2020-ci il tarixli, 03/1 saylı protokolun etibarsız hesab edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş № 2(009)-869/2020) iddia təmin edilmişdir. Cavabdeh "xxxx" ASC qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi MK-nın 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov-sədrlik edən və məruzəçi, T.Səmədov və A.Tanrıverdiyev) Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 oktyabr 2021-ci il tarixli qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, M.Əhmədova və Ə.Əliyev) Cavabdeh2 ASCnin kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə onunla "xxxx" İKB ASC arasında bağlanmış 16.01.2015-ci il tarixli kredit muqaviləsinin ləğv edilməsi, İddiaçı 16.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 16.01.2018-ci tarixə banka yaranan 42.585,82 ABŞ dolları əsas, 23.949,86 ABŞ dolları faiz, 597,56 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 67.133,24 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) borcun tutulub “Nikoyl “ İKB ASC-nə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən 179,2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borc məbləğinin "xxxx" İKB ASC-nə ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiymətinin 85.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən,179,2 kv/m ümumi,154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiymətinin 55.000 manat müəyyən olunması qət edilmişdir. Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən 13 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən icra üzrə icraat başlanılmışdır. Səbail rayon İcra və Probasiya Şöbəsi heç bir qiymətləndirmə aparmadan 15 oktyabr 2019-cu il tarixli, 81228/19-16- 157364 nömrəli məktubla "xxxx" MMC-yə müracət edərək Bakı şəhəri,Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı 31,5 k/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin hərraca çıxarılması sifariş olunmuşdur. Bundan sonra həmin əmlak kompleksi açıq hərraca çıxarılmış və 21 yanvar 2020-ci il tarixli,Y-03/1 saylı “hərracın nəticələri haqqında yekun Protokol”a əsasən "xxxx" ASC-yə satılmışdır. İddiaçı hesab edir ki, keçirilmiş hərraclar qanunsuz olmuş, hərracın keçirilməsi barədə ona heç bir məlumat verilməmiş və bildirişlər ünvana göndərilməmişdir. Həmçinin, əmlak satılmadığı halda onun dəyərinin ödənilməsi barədə məlumat verilməmişdir. İddiaçı göstərilənlərə əsasən hesab edir ki, ”Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən mülkiyyətində olan Bakı şəhəri,Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı 31,5 k/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzili barəsində hərracın yekunları üzrə 21.01.2020-ci il tarixli, 03/1 nömrəli protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh "xxxx" ASC apellyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti qətnamənin qanunsuz və əsassız olması ilə əsaslandırılmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış 16.01.2015-ci il tarixli kredit muqaviləsi ləğv edilmiş, İddiaçı 16.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 16.01.2018-ci tarixə banka yaranan 42.585,82 ABŞ dolları əsas, 23.949,86 ABŞ dolları faiz, 597,56 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 67.133,24 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) borcun tutulub “Nikoyl “ İKB ASC-nə ödənilməsi, tutmanın digər ipoteka predmeti ilə yanaşı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə də yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 85.000 manat müəyyən olunması və s. qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, icra məmurunun sifarişi əsasında iki dəfə hərrac keçirilmiş, lakin hər iki hərrac baş tutmamış və 21.01.2021ci il tarixli Y-03/1 saylı “hərracın nəticələri haqqında” Protokola əsasən mənzil hərraca çıxarılmış son satış qiyməti ilə, yəni 54188 manata "xxxx" ASC tərəfindən əldə olunmuşdur. Keçirilmiş hərracların qanunsuz olduğunu, hərracın keçirilməsi barədə ona heç bir məlumat verilmədiyini bildirən iddiaçı 20.02.2020-ci il tarixdə məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi ipoteka predmeti olan Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı 31,5 k/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzil barəsində keçirilmiş hərracın yekunları üzrə 21.01.2020-ci il tarixli, 03/1 nömrəli protokolun etibarsız hesab olunması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və bu zaman göstərmişdir ki, qanunverici təşkil edilmiş hərracda eləcə də ipoteka saxlayan və ipoteka qoyanın alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilmələri üçün onlara hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndərilməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. İş materiallarında olan bildirişlərdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı bildirişlər göndərilmiş, qapı bağlı olduğundan geri qayıtmışdır. Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC artıq birinci bildiriş qapı bağlı olduğu üçün geri qayıtdığından ipoteka qoyanı məlumatlandırmaq üçün bildirişi ipoteka qoyana çatdırılması üçün Mənzil Kommunal Təsərrüfat Birliyinə təqdim edə bilərdi. Bu hal isə ona dəlalət edir ki, ipoteka qoyan İddiaçı hərracın keçirilməsinə dair bildiriş çatdırılmadığından onun hərracda iştirak etmək imkanı təmin olmamışdır. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən ipoteka qoyulmuş əmlaka dair hərracın keçirilməsi ilə bağlı “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 43 və 17.1.7-ci maddələrinin tələbləri kobud şəkildə pozulduğundan, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilinə dair 21.01.2020-ci il tarixli, 03/1 saylı protokol etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416-cı, “İpoteka haqqında” Qanunun 41.1, 42.1, 42.3, 43.7, 43.9, 44-cü və s. maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi bundan əvvəl işə baxarkən və qətnamə qəbul edərkən 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Həmin məhkəmənin də mübahisə ilə bağlı mövqeyi birinci instansiya məhkəməsinin mövqeyi ilə üst-üstə düşmüşdür. Hazırkı iş üzrə kassasiya məhkəməsinin mövqeyi isə ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiqində səhvə yol vermiş və iş üzrə yanlış nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, hərracın keçirilməsi barədə bildirişlər iddiaçıya çatmamışdır və hərrac təşkilatı onların çatdırılması üçün bildirişləri Mənzil Kommunal Təsərrüfatı Birliyinə təqdim edə bilərdirlər. Məhkəmə bununla bağlı Mülki Məcəllənin 415.2-ci və “İpoteka haqqında” Qanunun 42.1-ci maddələrinə istinad etmişdir. Əvvəla, işin sübuta yetirilmiş halı ondan ibarətdir ki, hərracın keçirilməsinə dair bildirişlər hər dəfə sifarişli məktubla (qanunda yazılan kimi) iddiaçının rəsmi qeydiyyatda olduğu ünvanına çatdırılmışdır. Hər dəfə iddiaçının həmin ünvanda yaşamadığı aşkar edilmişdir. Belə vəziyətdə qanunverici hərrac təşkilatının üzərinə həmin məktubu mənzilə xidmət göstərən Mənzil Kommunal Təsərrüfatı Birliyinə təqdim edilməsini nəzərdə tutmamışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulan bildirişlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında belə şərh verilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC Səbail rayon İcra Şöbəsinə, "xxxx" İKB ASC -yə, İddiaçı 15 noyabr 2019- cu il tarixli, 1061 saylı bildiriş göndərərək Səbail rayon İcra şöbəsinin 15.10.2019-cu il tarixli sifarişli məktubuna əsasən, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiyməti 85.000 manata satılması üçün açıq hərracın 11 dekabr 2019-cu il tarixə, saat 11:00-a təyin edilməsi barədə məlumat vermişdir. Əmlak haqqında məlumat “Birja yenilikləri” və “Market” qəzetlərinin 15.11.2019-cu il tarixli nəşrlərində Lot 573/19 nömrə ilə Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzillə bağlı açıq hərracın 11 dekabr 2019-cu il tarixdə keçiriləcəyi qeyd edilmişdir. "xxxx" MMC-nin Səbail rayon İcra Şöbəsinə, "xxxx" İKB ASC-yə, İddiaçı ünvanlanmış 13 dekabr 2019- cu il tarixli, 1203 saylı bildirişindən aydın olur ki, Səbail rayon İcra şöbəsinin 15.10.2019- cu il tarixli sifarişli məktubuna əsasən, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzil təkrar hərraca 72250 manata satılması üçün açıq hərrac 25 dekabr 2019- cu il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlak haqqında məlumat “Birja yenilikləri” və “Market” qəzetlərinin 13.12.19-cu il tarixli nəşrlərində Lot 573/19/1/2 nömrəsi ilə dərc olunmuşdur. İddiaçı bilirdi ki, onun mənzilinə tutma yönəldilmişdir və hərracda satılmaq üçün çıxarılacaq. Əvvəla, hərracın keçirilməsində onun özü maraqlı idi və yaşayış yerini dəyişdiyi təqdirdə bu barədə icranı həyata keçirən orqana, hərrac təşkilatına məlumat verməli idi. Hansıki, hazırkı işə baxılarkən də iddiaçıya bildirişin təqdim etməyin mümkün olmaması əsası ilə iddia tələbi bir dəfə baxılmamış saxlanmış və sonradan iddiaçı rayonda qardaşının yanında yaşamasını, məhkəmənin vaxtı və yeri barədə məlumatsız olmasını bildirərək icraatın təzələnməsinə nail olmuşdur. Bundan başqa, borcluya bildirişin şəxsən çatdırılmaması əsası ilə hərracın etibarsız hesab olunması təcrübəsi ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satılması imkanlarını heçə endirir, mülki dövriyyənin sabitliyini pozmuş olur. Belə ki, hərrac təşkilatının göndərdiyi bildirişi almaqdan yayınma, əmlakı hərraca çıxarılan borclu üçün əqdin sonradan etibarsız hesab olunması əsasını əldə etmək üçün ən asan çıxış yoludur. Belə təcrübə ipotekanın fəlsəfəsinə, mahiyyətinə uyğun gəlmir. İnkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi o istiqamətdə inkişaf edir ki, öhdəliklər vaxtında icra edilmədikdə onun təminatı kimi çıxış edən ipoteka ilə yüklü edilmiş əmlakların kreditorun mənafeyinə uyğun realizə olunması prosedurları sadələşdirilsin, məhkəmə qərarları olmadan həmin əmlaklara tutma yönəldilsin. Belə təcrübə maliyyəkredit sahəsində münasibətlərin inkişafına, kreditorların mənafelərinin qorunmasına xidmət edir ki, bu sahədə müsbət nəticələr əldə etmək mümkün olsun. Kreditorun təminatı nə qədər zəmanətli olarsa, kredit alana edilən güzəştlər (məs: müqavilələrin daha sərfəli şərtlərl bağlanması) də bir o qədər əlçatan olar. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyinə görə qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar