Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10176/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh2 MMC-yə qarşı “pulun qaytarılması və vurulmuş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2749/2021 saylı 03 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1aya qarşı (Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhər Təhsil idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1adan 4.000 manat məbləğində pulun, 2.000 manat məbləğində mənəvi zərərin, ən azı 1.500 manat həcmində əldən çıxmış fayda kimi zərər üzrə kompensasiyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 7.530 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərlə 28.08.2019-cu il tarixdə oğlu X3 təhsili haqqında müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə əsasən övladı X6 2019-2020-ci il üçün Cavabdeh2 MMC-nin birinci sinifinə qeydiyyatdan keçmişdir. Nəğd ödəmə şərtlərinə əsasən illik təhsil haqqını təşkil edən 5.720 manat məbləğində pul tam olaraq onun tərəfindən ödənilmişdir. Bu ilin 02.03.2020-ci il tarixində oğlunun təhsili dayandırılmışdır. Bundan sonra dərslərə dair heç bir hərəkət aparılmamışdır. Həmçinin, müqavilədə əyani təhsil nəzərdə tutulsa da, Liseyin rəhbərliyi təhsilin distant olacağını çox sonradan bildirmişdir. Halbuki, distantla bağlı hər hansı müddəa müqavilədə nəzərə tutulmamış və bununla bağlı onlara hər hansı bildiriş verilməmişdir. Tədrislə bağlı da narazıçılıq yaranmışdır. Belə ki, həmin tarixə kimi uşağa adi hecalama və zəif oxuma vərdişləri belə verilməmişdir. Onlara qalan təhsilin olmadığı dövr üçün pulun qaytarılmalı olması bildirildikdə isə onlar müxtəlif bəhanələrlə bundan imtina etmişlər. Nəticədə ağır maddi vəziyyətə düşmüşdür. Bundan başqa, professional idman dərsləri vəd olunsa da, adi dərslər keçirilmişdir. İnformatika dərsi isə 2020-ci ilin yanvar ayından etibarən keçirilməmiş və müəllimə analıq məzuniyyətində olmasını səbəb kimi göstərsə də, bu dərslər keçirilmiş kimi qeyd olunmuşdur. Liseyin direktoruna bu barədə dəfələrlə iradlar bildirsə də, bunun nəticəsi olmamış, idman dərsləri keçirilməmilş, uşaq isə heç bir oxu vərdişləri qazanmamışdır. Bununla da onlar əsassız varlanmışlar və ödənilmiş pulu qaytarmayaraq ona ən azı 1.500 manat məbləğində əldən çıxmış fayda kimi zərər vurmuşlar. Həmçinin, rəsm və ingilis dərsləri haqqında onlara heç bir məlumat verilməmişdir. Dəfələrlə bu dərslər haqqında məlumat əldə etmək istəsə də, ona məlumat verilməmişdir. Məlum pandemiya dövründə onunla yalnız 2020-ci ilin may ayının sonunda əlaqə saxlanılmış, lakin o, internet imkanları üçün texniki dəstəyinin olmadığını bildirdikdə, onlar bu halın onlara aid olmadığını qeyd etmişlər. Uşağın 1-ci sinif şagirdi olması nəzərə alınmamış, nəticədə fiziki aktivlik tələb edən dərslər düzgün bölüşdürülmədən rəqs və idman dərsləri ardıcıl şəkildə təyin edilmişdir. Bu da uşağın psixoloji olaraq yorulmasına səbəb olmuşdur. Bununla da ona 2.000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Eyni zamanda, dəfələrlə bu barədə müraciət etməsinə baxmayaraq, uşağın təhsil aldığı sinifdə açıq dərs təşkil edilməmişdir Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi, o cümlədən Cavabdeh1anı cavabdehlər sıyahısından, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhər Təhsil idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər sıyahısından çıxarılması barədə ərizə təqdim edərək, Cavabdeh2 MMC-dən 1.906 manat məbləğində pulun, 500 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2749/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə 1.588,90 (bir min beş yüz səksən səkkiz manat, doxsan qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 1 manat xidmət haqqının cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırılmamış, işin halarına düzgün qiymət verilməmişdir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyan tələbi hissəsində qismən dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 28.08.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçının oğlu X4 1-ci sinifə qəbul etməyi və onun 1-ci sinif üçün nəzərdə tutulmuş tədris proqramına uyğun tədrisini təşkil və təmin etməyi, cavabdeh isə müqavilənin şərtlərinə uyğun olaraq, uşağın tədrisinə dəstək verməyi və illik tədris haqqını ödəməyi öhdəsinə götürmüşdür. İllik tədris haqqı 7.200 manat təşkil etməsinə baxmayaraq, nağd ödəmə şərtlərinə əsasən illik tədris haqqının 5.720 manat məbləğində müəyyən edilməsinə dair tərəflər razılığa gəlmişlər və bu məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Tədris ili 15.09.2019–15.06.2020-ci il tarixləri əhatə etmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, liseydə tədrisin tələb olunan səviyyədə təşkil olunmadığını, uşağa adi hecalama və zəif oxuma vərdişlərinin belə verilmədiyini, buna baxmayaraq uşağın əlavə dərslərə cəlb edilmədiyini, professional idman dərslərinin keçirilməsi vəd olunsa da, adi idman dərslərinin keçirildiyi, 2020-ci ilin yanvar ayından etibarən müəllimin analıq məzuniyyətində olması əsası ilə informatika dərsinin keçirilmədiyini, buna baxmayaraq, bu dərslərin keçirilmiş kimi qeyd olunduğunu, rəsm və ingilis dili dərsləri haqqında ona heç bir məlumatın verilmədiyini, dəfələrlə bu dərslər haqqında məlumat əldə etmək istəsə də, əldə edə bilmədiyini, uşağına tədris edilən müxtəlif dərslərdə iştirak etmək üçün açıq dərslərin keçirilməsi xahişi ilə dəfələrlə cavabdehə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə üzləşdiyini, nəticədə açıq dərslərin keçirilmədiyini, rəsm dərslərinin nəticəsi olaraq uşağının çəkdiyi hər hansı şəkilin mövcud olmadığını, tədris prosesinə türk dilli Sayıt xoca adlı şəxsin cəlb edildiyini və onun uşağının türk dilini ümimiyyətlə başa düşməməsi səbəbindən onun tədris etdiyi dərsi başa düşmədiyini, Liseydə 02.03.2020-ci il tarixdən əyani təhsilin dayandırılmasına və təhsilin distant formada davam etdirilməsinə baxmayaraq, bu barədə ona yalnız 16.05.2020-ci il tarixdə telefon vasitəsi ilə məlumat verildiyini, həmin vaxt onun internet imkanı üçün texniki dəstəyinin olmadığını bildirməsinə baxmayaraq, liseydən bu halın onlara aid olmadığının qeyd edildiyini, distant təhsillə bağlı müqavilədə hər hansı bəndin nəzərədə tutulmadığını, uşağının təhsil aldığı müəssisəni dəyişərkən onlardan qalan təhsilin olmadığı dövr üçün pulun qaytarılması tələb edildikdə, müxtəlif bəhanələrlə bundan imtina etdiklərini, bunun nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu bildirir və uşağın tədrisə cəlb edilmədiyi müddət üçün müəyyən edilmiş 1.906 manat məbləğində pulun, habelə 500 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazım olan səviyyədə yerinə yetirdiyini və müəyyən edilmiş bütün, o cümlədən informatika, ingilis dili, rəsm, idman və sair dərslərin tələb olunan səviyyədə təşkil və tədris edildiyini, informatika müəllimi qismində fəaliyyət göstərən X1 01.05.2020-ci il tarixdə rəsmi olaraq hamiləliyə görə məzuniyyətə çıxdığını, həmin tarixədək müəyyən edilmiş vaxtlarda öz fənnini tədris etdiyini, 02.03.2020-ci il tarixdən isə Azərbaycan Respublikasında koronavirus (CoVid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilmiş tədbirlər çərçivəsində Liseydə distant təhsilin təşkil edildiyini və bu barədə liseyin bütün şagirdlərinə, o cümlədən iddiaçı tərəfə məlumat verilməklə tədris ilinin sonunadək dərslərin onlayn rejimdə keçirildiyini, iddiaçının da bundan xəbərinin olduğu, lakin iddiaçı tərəfin öz təşəbbüsü ilə bu formada təşkil edilmiş tədrisdə iştirak etmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işgörməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorunisə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlsə də, maddi ziyan üzrə tutulmalı olan məbləği düzgün müəyyən etməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə dəyişdirilməsi üçün əsas təşkil edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi maddi ziyan tələbinə dair hissədə qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 MMC İddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçının uşağını 02.03.2020-ci il tarixdən sonra təşkil edilmiş distant dərslərə cəlb etməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçıya vurduğu maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müqaviləni şərtlərinə əsasən İstanbul liseyinin tələblərinə uyğun olaraq qeydiyyata alınan şagird tədris ilinin sonuna qədər tədris ocağını dəyişə bilməz. Tədris ocağını dəyişmək istədiyi halda ödənilən məbləğ geri qaytarılmır. Bu müddəa ümumi qaydada təsbit edilsə də, onun məzmunu şagirdin tədris ilinin sonuna qədər əsasından asılı olmayaraq, yəni hər bir halda tədris müəssisəsini tərk etdiyi halda tədris haqqının qaytarılmaması kimi təfsir edilə bilməz. Belə ki, tədrisə cəlb edilmiş iddiaçının oğlu müqavilənin şərtlərinə uyğun olaraq 2020-ci ilin 15 iyun tarixinə kimi 1-ci sinif proqramına uyğun tədrisə cəlb edilməli idi. Lakin buna baxmayaraq, iddiaçı tərəf 02.03.2020-ci il tarixdən sonra 16.05.2020-ci il tarixədək təşkil edilmiş distant tədris barədə məlumatlandırılmamış və həmin formada təşkil edilmiş dərslərə cəlb edilməmişdir. Bu səbəbdən cavabdeh ödənilmiş illik təhsil haqqının tədrisə cəlb edilmədiyi 16.03.2020-ci il tarixdən – 16.05.2020-ci il tarixədək dövrü üçün hesablanmış hissəsini geri tələb etməkdə haqlı olmuşdur və bu dövr üçün nəzərdə tutulmuş təhsil haqqı, yəni (5.720 : 9 ay = 635,56 x 2 ay = 1.271,12) 1.271 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı kollegiya hesab edir ki, 16.05.2020-ci il tarixdən 15.06.2020-ci il tarixədək olan müddətdə iddiaçının uşağının distant təhsildə iştirak etməməsində iddiaçı ilə yanaşı, cavabdehin də təqsirinin olması, bu səbəbdən cavabdehdən həmin müddət üçün tələb edilən pulun yarısının tutulmalı olması qənaəti ilə razılaşmır. Belə ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi, iddiaçıya dərslərin distant keçilməsi ilə bağlı 16 may 2020-ci il tarixdə məlumat verilmiş, lakin iddiaçı həmin dərslərə qoşulmaqdan bunun üçün texniki imkanının olmaması səbəbindən imtina etmişdir. Belə vəziyyətdə cavabdehin hər hansı əlavə tədbirlər görməsi və uşağın distant dərslərə cəlb olunmasını təmin etməsi mümkünsüzdür. Ona görə də, göstərilən müddət üçün cavabdehdən 635,56 manat pulun tutulmasına dair tələbi məhkəmə kollegiyası əsassız hesab edir. Kollegiyanın qənaətinə görə uşağın distant təhsil prosesinə qoşulmamasında cavabdehin təqsiri müəyyən edilmədiyindən, həmin müddətə görə hər hansı məbləğdə pulun cavabdehdən tutulmasının maddi hüquqi əsası mövcud olmamışdır. İddiaçının apellyasiya şikayətinin mənəvi zərərin əvəzinin tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsina dair dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından“ mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və yaşayış yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və.s. hallarda özünü biruzə verə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirməşəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi ''Cinayət və hakimiyyətdən sui-istifadəqurbanlarıüçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında'' Bəyannamənin 1-ci maddəsində göstərilir ki, ''qurbanlar'' termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsindəəmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona mənəvi zərərin hansı şəkildə yetirildiyini, bunun nədə ifadə olunduğunu sübuta yetirə bilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2749/2021 saylı 03 may 2021-ci il tarixli qətnaməsi maddi zərərin ödənilməsi tələbinə dair hissədə dəyişdirilərək Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə tutulmalı olan pulun məbləği azaldılaraq 1271,12 manat məbləğində müəyyən edilməli, qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı mübahisə üzrə iddianın qiyməti qanunvericiliklə müəyyən edilmiş beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2749/2021 saylı 03 may 2021-ci il tarixli qətnaməsi maddi ziyan tələbinə dair hissədə dəyişdirilərək Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə tutulmalı olan məbləğ 1271,12 manat müəyyən edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2749/2021 saylı 03 may 2021-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10176/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10176/2021
25.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver