Məhkəmə qərarları › İş №2(103)-10182/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10182/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10182/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – ASC) cavabdehlər X3, Cavabdeh2 və "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra – DSKŞ) qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə, iddiaçı ASC-nin nümayəndəsi X1 və cavabdeh DSKŞ-nın nümayəndəsi X2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən edilmiş siğorta ödənişinin əvəzinin ödənilməsi məqsədi ilə 5.000 manat, gecikdirilmiş günlər üçün sığorta ödənişinin 0,1 faizinin cavabdeh DSKŞ-dən, onun tərəfindən edilmiş siğorta ödənişinin əvəzinin ödənilməsi məqsədi ilə 6.705 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iddianın məhkəməyə verilməsi ödənilmiş dövlət rüsumunun əvəzinin 30,4 manat məbləğində pulun isə cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29.04.2014-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Qafqaz küçəsinin kəsişməsində, Cavabdeh2 mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü (hazırki iş üzrə tərəf olmayan) X4 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş, onun idarə etdiyi avtomobil iddiaçı ASC tərəfindən sığortalanmış (hazırki iş üzrə tərəf olmayan) X6 məxsus "xxxx" markalı, **-EE- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə "xxxx" markalı avtomobil istismara yararsız vəziyyətə düşmüşdür. "xxxx" markalı avtomobil ilə bağlı verilmiş MİB- 1379-0/13 saylı "xxxx" görünür ki, avtomobil iddiaçı ASC tərəfindən 19.07.2013-cü il tarixdən 19.07.2014-cü il tarixədək “avtokasko” qaydaları ilə tam sığortalanmışdır. Sığorta məbləği 19.800 manat, şərtsiz azadolma məbləği isə 200 manat təşkil edir. Baş vermiş yol-nəqliyyata hadisəsi ilə bağlı Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət işinin icraatı başlanmış və istintaq aparılmışdır. Həmin Şöbə tərəfindən verilmiş 12.08.2014-cü il tarixli, ********* saylı arayışında qeyd edilir ki, “Hyundai Sonata” markalı avtomobilin sürücüsü S.Qədirov hadisənin baş verməsində təqsirli şəxs qismində tanınmış, lakin o, yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyindən 12.08.2014-cu il tarixdə qəbul edilmiş qərarla cinayət işinin icraatına xitam verilmişdir. "xxxx" markalı avtomobilə dair tərtib edilmiş 26.08.2014-cü il tarixli “Zərərin hesablanması aktından” görünür ki, yol-nəqliyyat hadisə nəticəsində zədələnmiş həmin avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 11.905 manat məbləğində vəsait tələb olunur. 26.08.2014-cü il tarixli, 516/14 saylı “Sığorta aktından” və "xxxx" görünür ki, iddiaçı ASC tərəfindən K.Həsənova, 200 manat məbləğində azadolma məbləği çıxılmaqla, 11.705 manat məbləğində sığorta ödənişi verilmişdir. www.isb.az saytından çıxarışa əsasən, “Hyundai Sonata” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə cavabdeh DSKŞ tərəfindən sığortalanmışdır. İddiaçı ASC-nin 05.08.2014-cü il tarixli elektron və 25.08.2014-cü il tarixli, BS-C-14/625 saylı məktubundan göründüyü kimi, iddiaçı ASC cavabdeh DSKŞ müraciət edərək zərər məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş etmişdir. Həmçinin, 13.10.2017-ci il tarixli, BS-17/1287 saylı və 08.01.2018-ci il tarixli, BS-C-18/0022 saylı "xxxx" məktubundan da göründüyü kimi, iddiaçı ASC sığorta ödənişini etdikdən sonra cavabdeh DSKŞ-yə sığorta tələbi ilə müraciət edərək, sonuncunun hadisə üzrə əmlaka vurulmuş zərərlə bağlı öhdəlik həddi olan 5.000 manat məbləğinin geri (yəni iddiaçı ASC-yə) ödənilməsini xahiş etmişdir. Beləliklə, baş vermiş sığorta hadisəsi barədə cavabdeh DSKŞ-ya məlumat verilmiş və məktuba bütün zəruri sənədlər əlavə edilmişdir. Lakin cavabdeh DSKŞ sığortaçı olaraq müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 13.12.2019-cu il tarixli, 016-116826-1219 saylı müşayiət məktubundan və həmin məktuba əlavə edilmiş “Avtomobilin qeydiyyat hərəkətləri barədə kompüter məlumatından” görünür ki, “Hyundai Sonata” **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil (yol-nəqliyyat hadisəsi baş verdiyi) 29.04.2014-cü il tarixdə Cavabdeh2 mülkiyyətində olmuş və avtomobili idarə etmək hüququ (mərhum) S.Qədirova verilməmişdir. ASC-nin 28.11.2019-cu il tarixli, BS-C-19/1846 saylı "xxxx" görünür ki, ASC (11.705 manat – 5.000 manat=) 6.705 manat məbləğində pulun ödənilməsini “Hyundai Sonata” markalı avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 tələb etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üzrə Cavabdeh1 (mərhum) S.Qədirovun arvadı olmaqla, onun hüquqi varisidir. Cavabdeh1 mərhumun mülkiyyətində olmuş və Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən 25 və 21 saylı mənzilləri (miras aktivini) vərəsə olaraq qəbul etmiş, daha sonra isə mənzilləri övladlarının, yəni (hazırki iş üzrə tərəf olmayan) Babayeva (Qədirova) Xanım Salam qızının və hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 adına köçürmüşdür. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 04.06.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh DSKŞ-dan 5.000 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə müştərək qaydada 6.520 manat məbləğində pulun tutularaq iddiaçı ASC-yə ödənilməsini; eyni zamanda hər 3 cavabdehdən iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manatın dövlət nəfinə, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30,4 manatın isə iddiaçı ASC-nin xeyrinə müştərək qaydada tutulmasını; qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən Baki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Cavabdeh DSKŞ apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı Rayon Məhkəməsinə “iddia müddətinin tətbiq edilməsi barədə” ərizənin verilməsinə baxmayaraq, Rayon Məhkəməsi ərizəni nəzərə almamışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, cavabdehlərin iddiaçı ASC qarşısında öhdəliyi müqavilədən deyil, deliktdən irəli gəlmişdir. Lakin Rayon Məhkəməsi əsas məsələni, yəni cavabdehlərdən hansının öhdəliyinin deliktdən, hansının isə müqavilədən yaranması məsələsini açıqlamamışdır. Belə ki, cavabdehlərdən Cavabdeh2 öhdəliyi deliktdən irəli gəlmiş və ona münasibətdə iddia müddəti 10 il hesablanmalıdır. İddiaçı ASC-nin Cavabdeh2 pul məbləği tələb etməsi hüququ “kasko sığorta müqaviləsi” əsasında yaranmışdır. Yəni yekunda iddiaçının subroqasiya hüququnun yaranmasının kökündə müqavilə var. Hal-hazırki mülki iş üzrə görünən odur ki, iddiaçı ASC delikt nəticəsində zərərçəkən tərəf deyil, müqavilə əsasında subroqasiya hüququnu əldə edən tərəfdir. Bununla da məlum olur ki, iddiaçının tələb hüququ bağlamış olduğu müqavilə əsasında yaranmışdır. Bundan fərqli olaraq, iddiaçı ASC-nin cavabdeh DSKŞ münasibətdə tələb etmə hüququ sığorta müqavilə tələbi əsasında yaranmışdır ki, bu tələb üzrə iddia müddəti 3 il təşkil edir. Avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortası Şirkətdə 1 il müddətinə sığortalanmışdır. Bununla da cavabdeh DSKŞ 1 il ərzində qeyd olunmuş nəqliyyat vasitəsinin istismarı nəticəsində üçüncü şəxslərin əmlakına maksimum 5.000 manat məbləğində dəymiş zərər üzrə sığorta ödənişinin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Sığortalanmış nəqliyyat vasitəsini kimin idarə etməsindən asılı olmayaraq onun istismarı nəticəsində üçüncü şəxslərin əmlakına zərər dəyməsi halında avtomatik olaraq sığorta ödənişinin həyata keçirilməsi sığorta müqaviləsi əsasında nəzərdə tutulmuşdur. Odur ki, iddia tələbi cavabdeh DSKŞ-yə münasibətdə rədd edilməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri eyni olmaqla ondan ibarətdir ki, onlara qarşı qaldırılmış iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, 2014-cü ildə yol nəqliyyat hadisəsi baş verən zaman avtomobili (mərhum) S.Qədirov idarə etmişdir və Cavabdeh2 bundan məlumatı olmamış, onun tərəfindən birinciyə etibarnamə belə verilməmişdir. Bu səbəbdən də, iddiaçı ASC tərəfindən irəli sürülmüş iddia tələbi yalnız cavabdeh DSKŞ-yə münasibətdə təmin edilə bilərdi. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa, Rayon Məhkəməsi iddiaçı ASC-nin iddiasının irəli sürməsinə əsas olmuş zərərin məbləğinin əsaslı olub-olmamasını, zərərin necə yaranmasını, məbləğin düzgün hesablanıb-hesablanmamasını araşdırmamış, bunun üçün yenidən müvafiq ekspertiza təyin etməmişdir. Cavabdeh DSKŞ-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək təmsil etdiyi qurum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin bir qismi təmin edilməsə də iddiaçı ASC Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin məzmunundan aydın olur ki, onlar da, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmirlər. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, hər üç apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MİB-1379-0/13 №-li "xxxx" görünür ki, (hazırki iş üzrə tərəf olmayan) X5 mülkiyyətində olan "xxxx" markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı ASC tərəfindən 19.07.2013-cü il tarixdən 19.07.2014-cü il tarixədək “avtokasko” qaydaları ilə tam sığortalanmışdır. Sığorta məbləği 19.800 manat, şərtsiz azadolma məbləği isə 200 manat müəyyən edilmişdir. İşdə olan sənədlərdən və www.isb.az saytından çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə cavabdeh DSKŞ tərəfindən sığortalanmışdır. Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin ********* saylı cinayət iş üzrə qəbul etdiyi 12.08.2014-cu il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərardan görünür ki, 29.04.2014-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Qafqaz küçəsinin kəsişməsində, Cavabdeh2 mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü (hazırki iş üzrə tərəf olmayan) X4 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş, onun idarə etdiyi avtomobil iddiaçı ASC tərəfindən sığortalanmış (hazırki iş üzrə tərəf olmayan) X6 məxsus "xxxx" markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, hər iki sürücünün əməllərində cinayət tərkibi müəyyən edilməmişdir. İşdə olan sənədlərdən, 26.08.2014-cü il tarixli “Zərərin hesablanması aktından” və 516/14-CM 292/14 saylı “Sığorta aktından” görünür ki, yuxarıda qeyd edilmiş yol-nəqliyyat hadisəsi zamanı K.Həsənova məxsus olan "xxxx" markalı avtomobil istismara yararsız vəziyyətə düşmüşdür. Avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 11.905 manat məbləğində vəsait tələb olunur. 26.08.2014-cü il tarixli "xxxx" görünür ki, iddiaçı ASC tərəfindən K.Həsənova, 200 manat məbləğində azadolma məbləği çıxılmaqla, 11.705 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı ASC tərəfindən cavabdeh DSKŞ-yə ünvanlanmış 05.08.2014-cü il tarixli elektron və 25.08.2014-cü il tarixli, BS-C-14/625 saylı məktubundan görünür ki, ASC DSKŞ-yə müraciət edilərək zərər məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. 13.10.2017-ci il tarixli, BS-17/1287 saylı və 08.01.2018-ci il tarixli, BS-C-18/0022 saylı "xxxx" məktubundan da görünür ki, iddiaçı ASC cavabdeh DSKŞ-yə müraciət edərək yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi ilə bağlı K.Həsənova sığorta ödənişi etdiyi bildirmiş və DSKŞ-ya öhdəlik həddi olan 5.000 manat məbləğinin ona (ASC-yə) ödənilməsini xahiş etmişdir. İşin hallarından müəyyən edilir və cavabdeh DSKŞ tərəfindən mübahisələndirilmir ki, baş vermiş sığorta hadisəsi barədə cavabdeh DSKŞ-ya iddiaçı ASC tərəfindən məlumat verilmiş və məktuba bütün zəruri sənədlər əlavə edilmişdir. DSKŞ tərəfindən ASC-yə ödəniş edilməmişdir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 13.12.2019-cu il tarixli, 016- 116826-1219 saylı müşayiət məktubundan və həmin məktuba əlavə edilmiş “Avtomobilin qeydiyyat hərəkətləri barədə kompüter məlumatından” görünür ki, “Hyundai Sonata” **- XS-*** dövlət qeydiyyat nişanlı avtomobil (yol-nəqliyyat hadisəsi baş verdiyi) 29.04.2014cü il tarixdə Cavabdeh2 mülkiyyətində olmuş və avtomobili idarə etmək hüququ (mərhum) S.Qədirova verilməmişdir. AZ-İ seriyalı, 681481 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, S.Qədirov 03.05.2014-cü il tarixdə ölmüşdür. İİİ-ЖГ seriyalı, 461050 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamədən” görünür ki, S.Qədirov ilə hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 31.01.1985ci il tarixdə nikaha daxil olmuşlar. İşdə olan sənələrdən görünür ki, iş üzrə Cavabdeh1 (mərhum) S.Qədirovun arvadı olmaqla, onun hüquqi varisidir. Cavabdeh1 mərhumun mülkiyyətində olmuş və Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən 25 və 21 saylı mənzilləri (miras aktivini) vərəsə olaraq qəbul etmiş, daha sonra isə mənzilləri övladlarının, yəni (hazırki iş üzrə tərəf olmayan) Babayeva (Qədirova) Xanım Salam qızının və hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 adına köçürmüşdür. ASC-nin 28.11.2019-cu il tarixli, BS-C-19/1846 saylı "xxxx" görünür ki, ASC (11.705 manat – 5.000 manat=) 6.705 manat məbləğində pulun ödənilməsini “Hyundai Sonata” markalı avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 və mərhumun vərəsəsi olan Cavabdeh1 tələb etmişdir. İşin hallarından müəyyən edilir və cavabdehlər Cavabdeh2, Cavabdeh1 tərəfindən mübahisələndirilmir ki, onlar tərəfindən ASC-yə ödəniş edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə tərəflər arasında yaranmış mövcud mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məcəllənin 925-ci maddəsinə görə, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Məcəllənin 936-cı maddəsinə görə, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə görə, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən maddi hüquq normalarının tələbindən və işin hallarından çıxış edən Məhkəmə hesab edir ki, törədilmiş hüquq pozuntusuna görə cavabdehlər subroqasiya qaydasında mülki məsuliyyət daşıyır. Apellyasiya şikayəti vermiş cavabdeh DSKŞ bildirir ki, hazırki iş üzrə iddiaçı ASCnin tələb etmə hüququ delikt nəticəsində yaranmamış, tələb hüququ müqavilədən irəli gəlir. Belə ki, avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortası 1 il müddətinə sığortalanmışdır. Bununla da cavabdeh DSKŞ 1 il ərzində qeyd olunmuş nəqliyyat vasitəsinin istismarı nəticəsində üçüncü şəxslərin əmlakına maksimum 5.000 manat məbləğində dəymiş zərər üzrə sığorta ödənişinin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti 10 il təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia müddəti 3 il təşkil edə bilməz. Belə ki, 3 illik iddia müddəti müqavilə münasibətlərindən irəli gələn tələblərə şamil olunur. Hazırkı iş üzrə tələb etmə hüququ mülki hüquq pozuntusu əsasında vurulmuş ziyanla əlaqədar olduğundan hazırkı tələbə ümumi iddia müddəti (10 il) tətbiq olunur. İş materiallarından görünür ki, iddiaçı ASC həmin müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, hadisə baş verən zaman mərhumun avtomobili idarəetmə səlahiyyəti olmadığı üçün Cavabdeh2 məsuliyyət daşıya bilməz. Həmçinin onlar vurulmuş ziyanın məbləğini də mübahisələndirirlər. Məhkəmə Cavabdeh2 məsuliyyətinin yaranıb-yaranmaması məsələsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitələrindən istifadə və s.) vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki iş üzrə mərhum S.Qədirovun nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməsi olmamışdır. Yəni S.Qədirovun həmin nəqliyyat vasitəsindən istifadə etməsinin qanuni əsası olmadığından onun hüquqazidd davranışı nəticəsində vurulmuş zərərə görə məsuliyyət yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən şəxsə, yəni Cavabdeh2 aiddir. Məhkəmə Cavabdeh1 məsuliyyətinin yaranıb-yaranmaması məsələsinə münasibətdə qeyd edir ki, Cavabdeh1 (mərhum) S.Qədirovun arvadı olmaqla, onun hüquqi varisidir. O, mərhumun mülkiyyətində olmuş və Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən 25 və 21 saylı mənzilləri (miras aktivini) vərəsə olaraq qəbul etmiş, daha sonra isə mənzilləri övladlarının, yəni (hazırki iş üzrə tərəf olmayan) X.Babayeva və hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 adına köçürmüşdür. Belə olan halda Mülki Məcəllənin “Vərəsəlik hüququ” adlı X bölməsinin tələbləri baxımından hesab edilməlidir ki, S.Qədirovun vurduğu zərərə görə məsuliyyət həmdə onun vərəsəsi olan Cavabdeh1 aiddir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 digər bir dəlili vurulmuş ziyanın məbləği ilə bağlıdır. İşə baxmış Rayon Məhkəməsi vurulmuş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə hazırki iş üzrə məhkəmə-avtotexniki və əmtəəşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29.04.2021-ci il tarixli 9/1799 saylı rəyindən görünür ki, iddiaçı ASC-nin 26.08.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı "xxxx" markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11.520,0 manat müəyyən edilmişdir. Ona görə də, Rayon Məhkəməsi hesab etmişdir ki, 6.520 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2dən tutularaq iddiaçı Sığorta Şirkətinə ödənilməlidir. Məhkəmə zərərin düzgün hesablanmaması ilə bağlı qeyd edir ki, cavabdehlər zərərin məbləğinin səhv hesablandığını bildirsələr də, bu xüsusatı təsdiq edə və ekspert rəyini şübhə altına ala biləcək sübutları Məhkəməyə təqdim etməmişlər. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil etdiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər üç apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Hər üç apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar