Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1020/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab olunması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-356/2021 saylı işi üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "Bona Dea” MMC ilə mərhum X4 arasında bağlanması nəzərdə tutulmuş, lakin səlahiyyəti olmayan İddiaçı tərəfindən qanunsuz imzalanmış 08.06.2020-ci il tarixli tibbi yardım göstərilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi, qızının cənazəsinin təhvil verilməsindən qanunsuz imtina edilməklə ondan əsassız alınmış 22000 manat pulun vurulmuş mənəvi zərərə görə 10000 manat və ödənilmiş 30 manat pulun cavabdeh "Bona Dea” MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: 25 iyun 2020-ci il tarixli ödəniş-mədaxil qəbzi ilə, həmin tarixdə X2 göstərilən tibbi yardıma görə "Bona Dea” MMC-yə 2000 manat ödənilmişdir; 26 iyun 2020-ci il tarixli ödəniş-mədaxil qəbzi ilə, həmin tarixdə X2 göstərilən tibbi yardıma görə "Bona Dea” MMC-yə 22030 manat ödənilmişdir; "Bona Dea” MMC ilə Məmmədova Təbəssüm arasında bağlanmış 08.06.2020-ci il tarixli, "tibbi baxım və müalicə üçün ümumi məlumatlandırılmış razılıq” müqaviləsindən görünür ki, "Bona Dea” MMC xəstəyə ödənişli əsaslarla tibbi yardım(bundan sonra xidmətlər)göstərməsini,xəstə isə xidmətin dəyərini tam olaraq xəstəxanaya ödəmək barədə öhdəliklər götürmüşlər.Müqaviləni xəstənin adından "xəstə və ya xəstə yaxını” qrafasında anası İddiaçı imzalamışdır; 08.06.2020, 09.06.2020, 09.06.2020, 06.09.2020, 12.06..2020, 13.06.2020, 16.06.2020-ci il tarixlərində ödənişmədaxil qəbzlərinə əsasən, həmin tarixlərdə ardıcıl olaraq X2 göstərilən tibbi yardıma görə "Bona Dea” MMC-yə 500, 1300, 300, 300, 1000, 2000, 1000 manat ödənilmişdir; Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Hümmət-zadə Tural Ramazan oğlunun qəbul etdiyi 01 noyabr 2020-ci il tarixli qərarı ilə, İddiaçı şikayəti əsasında arşdırma aparılmış və "Bona Dea” MMC-nin əməkdaşlarının əməlində cinayət tərkibinin əlamətləri olmadığından cinayət başlanması rədd edilmiş və şikayətçiyə faktla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur; Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 6(007)-24/2021-ci il tarixli iş üzrə qəbul etdiyi 16.06.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Hümmət-zadə Tural Ramazan oğlunun qəbul etdiyi 01 noyabr 2020-ci il tarixli qərar ləğv olunmuş və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. İş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid3 ifadələri ilə məlum olmuşdur ki, mərhum X1 cənazsinin borca görə saxlanılması və borcun bir hissəsi ödənildikdən, habelə hadisə ictimailəşdirildikdən sonra cənazə verilmişdir. (iş.səh.5, 8,48-54, 88, 127) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-356/2021 saylı işi üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi,"Bona Dea” Beynalxalq Hospitalından ("Bona Dea” MMC-dən”) vurulmuş mənəvi zərərə görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 351.3, 1091.1, 1091.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı cavabdehdən əsassız varlanma ilə əlaqədar 22000 manat pulun geri qaytarılmasını tələb edir. Halbuki, yuxarıda qeyd olunan maddi-hüquq normalarının məzmunundan da görünür ki,əsassız varlanan-hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edən şəxsdir. Hazırkı halda cavabdehin iddiaçıdan aldığı vəsait qanuni əsas olmadan alınmış vəsait kateqoriyasına aid oluna bilməz. Belə ki,tərəflər arasında qanunla müəyyən olunan yazılı müqavilə bağlanmışdır və hər iki tərəf müqavilənin şərtləri ilə razılaşmışdır. Aparılmış müayinə və müalicə xərcləri barədə cavabdeh tərəfindən təqdim olunmuş hesabatdan da görünür ki, toplam məbləğ 46181,58 AZN olmuş,16045,08 AZN endirim edilmiş və xidmət məbləği cəmi 30136,50 AZN müəyyən olunmuşdur. İddianın mənəvi zərər tələbinə qiymət verərkən məhkəmə hesab edir ki, mənəvi zərər hissəsində iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmədə dindirilmiş şahid ifadələri, işin faktiki halları və cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatla müəyyən olunmuşdur ki, X4 25 iyun 2021-ci il tarixdə saat 21:21-də vəfat etmiş,lakin yaxınlarına 26 iyun, günün birinci yarısında(iddiaçının nümayəndəsi həmin tarixdə verilməsini təsdiq etsə də dəqiq vaxtı-saat,dəqiqə göstərməmişdir) təhvil verilmişdirSonuncu ödəniş 26 iyun 2020-ci il tarixdə 22030 manat edildiyindən meyidin məhz həmin ödəniş edildikdən sonra təhvil verilmə ehtimalını gücləndirir.Beləliklə,meyitin təqribən 12-15 saat yaxınlarına təhvil verilməməsi,tibbi xidmət haqqının qalan hissəsi ödənildikdən sonra verilməsi sübuta yetirilmişdir. 22 yaşında övladını itirmiş bir ananın bu özbaşınılıqla əlaqədar əzab, iztirab,sarsıntı keçirməsi və ona mənəvi zərər dəyməsi labüddür. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhər Nizami rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli 2(007)-356/2021 saylı qətnaməsininin təmin olunmamış hissədə qismən ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 337.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4-cü maddələrinə istnadən qeyd edilmişdir ki, övladı olan 22 yaşı X4 25.06.2020-ci il tarixində Cavabdeh MMC-nin hospitalında gözlərini əbədi olaraq yummuşdur.25.06.2020ci il tarixində mərhum qızının atası Şahid5la birgə xəstəxanaya gəlib və uşağın cənazəsini el adətinə uyğun dəfn etmək üçün götürmək istəyiblər. Bu zaman xəstəxananın İlham adlı mühafizə rəisi və digər personalı onlara bildirib ki, xəstəxanaya 42000 manat borcları var, bu borcu ödədikdən sonra mərhum Təbəssüm Məmmədovanın cansız bədənini götürə bilərlər.Uzun sürən mübahisədən sonra mərhum qızı Təbəssüm Məmmədovanın meyitini təhvil almaqdan ötrü gecə ilə pul axtarmağa başlayıblar və 22000 manat vəsait əldə ediblər. Bundan sonra gecə saatlarında Cavabdeh MMC-nin hospitalına gəlib ödəniş etmək və bununla da qızının cənazəsini götürmək istəyib. Lakin xəstəxana əməkdaşları yenidən onlara imtina edərək əlavə 8000 manat pul ödəməyi tələb etməklə qızın meyitini təhvil verməkdən imtina etdilər. Bütün imkanlarından istifadə edib tükəndiyini Cavabdeh MMC-nin hospitalının İlham adlı məsul şəxsinə izah etməyinə baxmayaraq xəstəxana tərəfindən övladının cənazəsi qanunsuz olaraq təhvil verilməmiş, bununla da mənəvi zərər dəymişdir. Bakı şəhər Nizami rayon Məhkəməsi 15.09.2021-ci il tarixli qətnaməsi ilə mənəvi zərər hissəsində iddianı qismən təmin etsə də, hesab edir ki, həmin hissədə iddia tələbi tam təmin olunmaqla mənəvi zəərə görə 10000 manat pul Cavabdeh MMC-dən tutularaq ona ödənilməlidir.Mülki işin materiallarında olan iki ədəd müqavilədən hər ikisi Cavabdeh MMC ilə X4 arasında bağlanmış, həmin müqavilələrdən birini T. Məmmədova şəxsən imzalamış, digərini isə buna səlahiyyəti olmamış iddiaçı E. Əsgərova imzalamışdır. Əslində isə mərhum T. Məmmədova ilə bağlanmış 04.06.2020-ci il tarixli müqavilə qüvvədə olduğu halda ikinci dəfə 08.06.2020-ci il tarixində eyni məzmunlu yeni müqavilənin imzalanmasının səbəbi anlaşılmır. Bununla yanaşı qeyd etmək lazımdır ki, Təbəssüm Məmmədova ilə bağlanmış (mərhum tərəfindən imzalanmış) 04.06.2020-ci il tarixli müqavilənin predmetində “stasionar yatış” qeyd olunmuş, lakin ikinci müqavilənin predmetində heçnə qeyd olunmamış, müqavilənin hansı səbəbdən ikinci dəfə bağlanması məlum olmamış və əvvəlki müqavilənin ləğv olunması barədə saziş bağlanmamışdır. Bundan əlavə qeyd etmək lazımdır ki, ikinci müqavilənin yenə Təbəssüm Məmmədova ilə bağlanması nəzərdə tutulmuş (yəni, müqavilənin preambulasında tərəf kimi Təbəssüm müqavilənin tərəfi kimi göstərilmiş), lakin müqaviləni “nümayəndə” qismində onun anası İddiaçı imzalamışdır. Qeyd etmək lazımdır ki, İddiaçı mərhumun anası olsa da, T. Məmmədova ona nümayəndəsi olmasına dair etibarnamə verməmiş və iddiaçı onun qanuni nümayəndəsi də hesab oluna bilməzdi.Birinci instansiya məhkəməsi əqdin etibarsızlığı hissəsində iddia tələbini təmin etməməsini onunla əsaslandırmışdır ki, iddiaçı 08.06.2020-ci il tarixli müqavilənin etibarsızlığını onunla əsaslandırır ki, həmin müqavilədə tərəf kimi X4 göstərilsə də, müqaviləni qızı deyil, onun özü imzalamışdır. Qızı bu barədə ona etibarnamə vermədiyi üçün onun həmin əqdi imzalamaq səlahiyyəti olmamışdır. Bu arqument ona görə əsassızdır ki, müqavilənin xəstə tərəfindən imzalanmalı olan qrafası “xəstə və ya xəstə yaxını" adlanır və bu ona dəlalət edir ki, həmin müqaviləni həm xəstənin özü, həm də özünü onun yaxın adamı kimi təqdim edən istənilən şəxs imzalaya bilər. Birinci instansiya məhkəməsinin bu dəlilini əsassız hesab edərək bildiririk ki, 08.06.20 tarixli müqavilə iddiaçıya imzalanması üçün təqdim olunanda eyni məzmunlu 04.06.20 tarixli müqavilə mövcud və qüvvədə olmaqla mərhum Təbəssüm Məmmədovaya tibbi xidmətlərin göstərilməsi artıq 4 gün davam etmiş, həmin 04.06.20 tarixli müqavilənin qüvvədən düşməsi və ya xitam olması da iş materialları ilə müəyyən olunmur. Bunun əksinə 04.06.20 tarixli müqavilənin predmetində “stasionar yatış” qeyd olunsa da, 08.06.20 tarixli müqavilənin predmetinin nədən ibarət olması göstərilməmişdir. Məlum olduğu kimi belə müqavilə uydurma əqd hesab olunur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsi). 08.06.20 tarixli müqavilə etibarsız hesab olunmalı, ondan qanunsuz alınmış pul vəsaiti restitusiya qaydasında ona geri qaytarılmalıdır.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, meyitin təqribən 12-15 saat yaxınlarına təhvil verilməməsi, tibbi xidmət haqqının qalan hissəsi ödənildikdən sonra verilməsi sübuta yetirilmiş, 22 yaşında övladını itirmiş bir ananın bu özbaşınalıqla əlaqədar əzab, iztirab,sarsıntı keçirməsi və ona mənəvi zərər dəyməsi labüddür və məhkəmə dəymiş mənəvi zərəri 3000 manat məbləğində dəyərləndirir. Məhkəmə dəymiş mənəvi zərəri 3000 manat məbləğində dəyərləndirir. Dəymiş mənəvi zərərə münasibətdə məhkəmənin müəyyən etdiyi məbləğ həddindən artıq azdır. Misal üçün qeyd edək ki, 2015-ci il tarixində (manatın xarici valyutalara nisbətdə daha möhkəm dövrdə) müğənni İlhamə Quliyevanın şərəf və ləyaqətin müdafiəsi iddiası ilə digər müğənni Nazpəri Dostəliyevaya qarşı irəli sürdüyü tələbinə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsi mənəvi zərərə görə tutulmalı olan məbləği 50000 manatdan 25000 manata endirmişdir. Hazırki mülki mübahisənin mahiyyəti isə övladı vəfat etmiş ananın keçirdiyi ciddi stress, əzab və istirabdan ibarətdir ki, övladının cənazəsini təhvil almaq üçün gecə vaxtı qapı-qapı pul yığmağa məcbuz edilmiş, sonuncunun şəxsiyyətinə sarsıdıcı mənəvi zərər vurulmuşdur. Maddi hüquq normasının məzmununa əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki işin materiallarından görünür ki, iddiaçının mərhum qızı X4 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 08.06.2019-ci il tarixli müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozulmaqla bağlanılmışdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsi tələb edir ki mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 08.06.20 tarixli müqavilənin preambulasında tərəflərdən biri X4, digəri isə "xxxx" MMC-dir. Həmin müqavilə səlahiyyəti (etibarnaməsi) olmayan şəxs hesab olunan İddiaçı tərəfindən imzalanmışdır. Halbuki, X4 ilə "xxxx" MMC arasında 04.06.20 tarixli eyni məzmunlu müqavilə qüvvədə olmuş və belə olan halda ikinci müqaviləyə nədən lüzum yarandığı qətnamədə əsaslandırılmamışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki,mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Belə ciddi məsələləri araşdıran hakimin mülahizə sərbəstliyi geniş olsa da, hazırkı mübahisənin mənəvi zərərə aid hissəsinin 3000 manat qədər az məbləğdə müəyyən olunmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci maddəsinin (31.05.2021-ci il tarixli ARKM-nin qərarında əks olunmuş hüquqi mövqeyin) düzgün tətbiq olunmaması Prosessual hüquq normasının məzmununa əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinadetdiyi halları sübut etməlidir. Cavabdeh göstərilmiş tibbi xidmətin haqqını məhz iddiaçıdan tələb etmək hüququnun olduğunu sübut etməməklə, eləcə də iddia tələbinə qarşı irəli sürdüyü etirazın əsaslarının mövcudluğunu sübut edə bilməmiş, məhkəmə də hazırkı prosessual normanı düzgün tətbiq etməyərək buna əhəmiyyət vermədən iddianı müqavilənin etibarsız hesab olunması və pul vəsaitinin cavabdehdən tutulması hissəsində rədd etmişdir. Prosessual hüquq normasının məzmununa əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, tibbi xidmətlərin göstərilməsi haqqında iki müqavilə övcuddur, bunlardan hər ikisi eyni zamanda qüvvədə olmaqla hər ikisinin tərəfləri eyni olmuşdur. Birinci müqavilə mövcud olduğu təqdirdə yenidən müqavilənin bağlanmasının səbəbi, hansı xidmətlərin birinci müqavilə, hansıların ikinci müqavilə əsasında göstərilməsi mülki işin materialları ilə müəyyən olunmur. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatlarda ikinci müqavilənin bağlanmasının məqsədlərini açıqlamamışdır 08.06.2020-ci il tarixli “tibbi yardım göstərilməsi haqqında” müqavilənin bağlanmasını zəruri edən səbəblər məhkəmə tərəfindən aydınlaşdırılmamış, cavabdeh bununla bağlı hər hansı izahat verməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon məhkəməsinin 15.09.2021-ci il tarixli 2(007)-356/2021 saylı qətnaməsinin qismən, iddia tələblərinin təmin olunduğu hissədə ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməməsini, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1, 6.1.7, 21.1, 152.1; Mülki Prosesual Məcəllənin 217.4, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə-tibb ekspertizasının 14.10.2020-ci il tarixli 438 nömrəli tibbi xidmətin sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olması qeyd edilmişdir.Bununla da, məhkəmənin qüsurlu tibbi xidmət, mehitin qanunsuz saxlanılması və sair bu qəbildən olan hallarla bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Apardığı adekvat müayinələr və uğurla həyata keçirdiyi "biopsiya" nəticəsində xəstəyə "Xorikarsinoma" diaqnozu təyin edilmişdir. (Təkrar xatırladır ki, xəstəliyin ağırlıq dərəcəsi ilə əlaqədar digər tibb müəssisələri biopsiya keçirməkdən imtina etmişdir).Xəstəliyin ağırlığı və gözlənilən nəticələri barədə xəstə yaxınlarına (xüsusilə də İddiaçı) ətraflı məlumat verildikdən sonra onların təkidi ilə müvafiq razılaşma sənədləri imzalanmış və xəstə müalicəsini davam etdirmək üçün 08.06.2020-ci il tarixində xəstəxanaya ("xxxx") qəbul edilmişdir. Xəstə və xəstənin yaxınları xəstəxanada göstərilən tibbi xidmətlərin yüksək keyfiyyətdə təşkilindən və ödənişli olduğundan əvvəlcədən məlumatlı idi. Xəstəxanaya qəbul edildikdən sonra xəstəyə təyin edilmiş diaqnoza müvafiq olaraq tibbi xidmətlər göstərilmiş, xəstəliyinin xarakteri və ağırhğı səbəbilə fərqli orqanlarda bir neçə dəfə baş vermiş aktiv qanaxmaların qarşısı peşəkar həkim heyətinin bacarığı və əzmkarlığı sayəsində cərrahi müdaxilələr edilərək müvəffəqiyyətlə alınmışdır. Lakin bütün müdaxilələrə baxmayaraq təəssüf ki, xəstə Təbəssüm Məmmədovanın həyatını xilas etmək mümkün olmamış və o, müalicəsinin 17- ci günündə 25.06.2020-ci il tarixində vəfat etmişdir. Məhkəmə tərəfindən mənəvi ziyanla bağlı iddia tələbi təmin olunarkən məhkəmə cavabdehin hansı hüquq pozuntusunu törətdiyini konkret göstərməli, həmin pozuntunun nə ilə sübuta yetirildiyini təsvir etməli pozuntu nəticəsində yaranmış onunla səbəbli əlaqədə olan ziyan məbləğini müəyyən etməlidir. Məhkəmə cavabdeh tərəfindən hansı qanunu pozuntusunun törədilməsi, pozuntunun törədilməsinin hansı hallarla birbaşa təsdiq olunması və həmin pozuntu olduğu təqdirdə dəymiş ziyanla pozuntunun arasında səbəbli əlaqəni göstərməmişdir. Məhkəmə heç bir əsas olmadan "cavabdehin mərhumun cənazəsini qanunsuz saxlaması və iddiaçıdan pul tələb etməsi barədə" səhv nəticəyə gəlmişdir. Məhkəmə bu halları təsdiq edən sübutlara istinad etməmişdir. Bununla da məhkəmə mənəvi ziyan tələbini əsassız olaraq, konkret qanun normasının göstərişinə istinad etmədən, subyektiv mülahizələrinə uyğun, ehtimallara əsasən təmin etmişdir. Məhkəmə, nəticə etibari ilə cavabdehin mülki prosesdə qanun qarşısında bərabərlik və qanun pozuntusundan məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Məhkəmə işin hallarını və cavabdeh tərəfindən pozuntunun törədilməsini bilavasitə təsdiq etməyən dolayı məlumatlara əsaslanaraq subyektiv yanaşmasına uyğun olan qanunsuz qərar qəbul etmişdir.Belə ki, Bakı şəhəri Nizami rayon prokurorluğunda aparılan araşdırma zamanı təyin olunmuş komisyon məhkəmə-tibb ekspertizasının 14.10.2020-ci il tarixli 438 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, "tərtib edilmiş tibbi sənədlərə əsasən X4 08.06.2020-ci il tarixdə "xxxx" Beynalxalq Hospitalına daxil olumuş, aparılmış müvafiq müayinələrdən sonra ona "digər dəqiqləşdirilmiş lokalizasiyaların ikinci bədxassəli yenitörəməsi-Xorikarsinoma" diaqnozu düzgün təyin edilmiş, həmin diaqnoza və patologiyanın klinik gedişatına uyğun olaraq xəstəyə konservativ müalicə, biopsiya,embolizasiya əməliyyatları icra edilmişdir. X1 "xxxx" Beynalxalq hospitalında 08.06.2020-ci il tarixdən 25.06.2020-ci il tarixinədək stasionar müalicə zamanı ona aparılmış müalicə və müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur, lakin buna baxmayaraq onkoloji patologiyanın ağır kliniki gedişatı adekvat müalicəyə tabe olmamış və sonda ölümə gətirib çıxarmışdır. X2 "xxxx" Beynalxalq hospitalında göstərilmiş tibbi xidmət səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur Tibbi xidmətin qüsursuz olması barədə bu kimi sübutların mövcudluğuna baxmayaraq, məhkəmə cavabdehin "mərhumun cənazəsini saxlamaq və sair hərəkətlərlə" qüsurlu tibb xidməti göstərməsi barədə əsassız və heç bir sübutla təsdiqini tapmayan səhv nəticəyə gəlmişdir Məhkəmə mülki hüquq subyektlərinin bərabərliyini pozmaqla, cavabdehin hüquq pozuntusunun mövcud olub-olmaması, olduğu halda nədən ibarət olması və nə ilə sübüt edilməsi barədə halları araşdırmamışdır.Natamam araşdırma nəticəsində cavabdehin ziyanına,(qüvvədə qaldığı təqdirdə) onun üçün öhdəliklər yaradabiləcək məhkəmə aktı qəbul etmişdir. Cavabdeh tərəfindən törədilməsi ehtimal olunan konkret pozuntu halına istinad etmədən, əsassız şəkildə pulun tutulması barədə qərar çıxaran məhkəmə cavabdehin “mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması" hüququnu pozmuşdur. Belə ki, bu kimi əsassız qərarların qəbulu nəticəsində tibbi xidmət üzrə bir sıra müqavilələr üzrə ödənilməsi bu kimi məhkəmə qərarları ilə tələb oluna bilən ödənişlərin icrası -maliyyə çətinlikləri üzündən cavabdehin tibbi fəaliyyətini mümkünsüz edə bilər, cavabdehin sərbəst iş fəaliyyəti həyata keçirmək, bağladığı müqqavilələr üzrə mülki hüquqların maneəsiz həyata keçirilməsi imkanlarını və maddi vəsaitlərinə dair mülkiyyət hüquqlarını pozur. Cavabdeh tərəfindən törədilməsi ehtimal olunan konkret qanunun pozuntusu halına istinad etmədən, əsassız şəkildə pulun tutulması barədə qərar çıxaran məhkəmə cavabdehi "mülki hüquqların məhkəmədə müdafiəsi" hüququndan məhrum etmişdir. Cavabdehin mövqeyini müdafiə edən dəlillər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini qanuni əsaslı olmamışdır. Məhkəmə iddia tələblərini nidndvi ziı/an hissəsində qismən təmin etsə də, həmin mənəvi ziyanın tutulması üçün əsas olmuş pozuntunun nədən ibarət olmasını və hansı qanunu pozmasını qeyd etməmiş, konkret hüquq normasına istinad etməmişdir. Nəticədə, məhkəmə qanuna əsasən əsaslandırılmamış və qanuni əsası olmayan qətnamə qəbul etmişdir.Məhkəmə bildirmişdir ki, cavabdeh "mərhumun cənazəsini saxlamaqla yaxınlarına verməmiş" və bununla da pozuntu törədərək iddiaçıya mənəvi ziyanın vurulmasına səbəb olmuşdur.Cavabdehin nümayəndəsi bildirmişdir ki, qeyd edilmiş hal baş verməmişdir, günün gec saatlarında (iş saatı bitdikdən sonra) mərhum göstərilən bütün intensiv terapiya və reanimasiya tədbirlərinə baxmayaraq vəfat etmiş, cəsədi hazırlanmaq məqsədilə MORQ-a təhvil verilmiş, soyuducuya yerləşdirilmişdir. Növbəti gün iş saatı başlayan kimi dərhal aidiyyati personal tərəfindən cəsədin hazırlıqlarına başlanılmış, həkimlər tərəfindən tibbi sənədləri (çıxış sənədləri) də hazır edildikdən sonra cəsəd məhz günün birinci yarısında yaxınlarına təhvil verilmişdir.Məhkəmə cavabdehin nümayəndəsinin gətirdiyi dəlilləri təkzib edən hər hansı hala istinad etməmişdir və qətnamədə qeyd etmişdir ki, "sonuncu ödəniş 26 iyun 2020-ci il tarixdə 22030 manat edildiyindən meyidin məhz həmin ödəniş edildikdən sonra təhvil verilmə ehtimalını gücləndirir."Bununla da məhkəmə aktı qanuni və əsaslı olmamaqla, konkret sübutların olmaması şəraitində ehtimallara əsasən qəbul edilmişdir. Ödənişin edilməsi xəstənin xəstəxanaya yerləşdirilməsi zamanı - xəstənin yaxınlarının öz üzərlərinə götürdüyü öhdəlikdir. Məhkəmə həmin ödənişin geri qaytarılması (cavabdehdən tutulması) hissəsində iddia tələbini təmin etməməklə bu mövqeyi təsdiq etmişdir.Xüsusilə nəzərə alınmalıdır ki, xəstə yaxınları ilə olan razılaşmaya əsasən xidmət haqqı məbləğləri əvvəlcədən ödənilməli idi. Buna baxmayaraq, onlar 08.06.2020-ci il tarixində avans məbləğini ödədikdən sonra öz öhdəliklərinə riayət etməmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq xəstənin vəfat etdiyi günədək heç bir ödəniş həyata keçirməmişlər. Buna baxmayaraq, xəstəxana kollektivi son ana qədər yüksək keyfiyyətlə və əzmlə xəstənin sağlamlığı naminə xidmətləri davam etdimişlər Mənəvi ziyanı təmin edərkən məhkəmə konkret pozuntunun mövcudluğuna dair konkret sübutların olmadığı şəraitdə iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş və iddia tələbinin əsaslılığı, pozuntunun mövcudluğunu təsdiq edən sübut yoxdur Məhkəmə işdə mövcud olan sübutlara hərtərəfli və obyektiv qiymət verməmişdir. Belə ki, jurnalist olan şahidlərin ifadələri və ya digər iş materialları ilə "cavabdeh tərəfindən mərhumun cənazəsinin pulun ödənilməməsinə görə verilməməsi"," mərhumun cənazəsinin pulun ödənilməsindən sonra və bu şərtlə verilməsi" kimi hallar öz təsdiqini tapmır. Pulun ödənilməsi xəstənin tibb müəssisəsinə yerləşdirilərkən xəstə və onun ailə üzvlərinə bildirilmiş və onlar tərəfindən öhdəlik kimi qəbul edilmiş "tibb xidmətinin konkret nəticəsi ilə əlaqələndirilməyən qabaqcadan müəyyənləşdirilmiş ödəniş öhdəliyidir". Ödənişin olunması müqavilə üzrə götürülmüş şərtdir - pozuntu deyil. Bu əsasla mənəvi ziyanın tutulması əsassızdır. Azərbaycan Respublikası Plenumunun bu qərarına əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməlidir.Bu qaydaya zidd olaraq məhkəmə hazırkı işdə cavabdehin hərəkətinin (qanun pozuntusunun) nədən ibarət olmasını və hansı hallarla birmənalı təsdiq olunmasını göstərməmişdir.Bu qərarda qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarsı törədilən qanunsuz hərəkətin və müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı cavabdeh ərizə ilə müraciət edərək, bildirmişdir ki, tərəflə münasibətlərin həlli istiqamətində tərəflərindən bütün mümkün imkan və vasitələrdən istifadə edilmişdir. Belə ki, göstərilmiş tibbi xidmətlərin qarşılığı olan məbləğ ümumilikdə 46181,58 AZN təşkil etsə də xəstə yaxınlarının maddi vəziyyəti, eləcə də gənc övladlarını itirməsi səbəbilə düşdükləri ağır mənəvi sarsıntılar nəzərə alınaraq 30% məbləğində güzəşt edilmiş və faktura məbləği 30136,50 AZN məbləğinə endirilmişdir. Bununla da, göründüyü kimi 16045 manat pul məbləği ümumi məbləğdən güzəşt edilmişdir. Bununla yanaşı xüsusi nəzərə alınmalıdır ki, mərhum xəstənin özünün bildirdiyinə görə o, Cavabdeh hospitala daxil olmazdan təqribən 2 ay əvvəl başqa tibb müəssisəsinə müraciət etmiş və onun uşaqlığında “Polipektomiya" əməliyyatı icra olunmuşdur. May ayından etibarən xəstə qan qusma və yayılmış şiddətli ağrılar şikayəti ilə dəfələrlə müxtəlif həkimlərə müraciət etmişdir. Milli Onkologiya Mərkəzində aparılmış müayinələrdən sonra ona “İkincili bədxassəli yenitörəmə” diaqnozu qoyulmuşdur. Xəstəliyin ağırlıq dərəcəsi ilə əlaqədar digər tibb müəssisələri biopsiya keçirməkdən imtina etmişdir. Xəstəliyin ağırlığı və gözlənilən ağır nəticələri barədə xəstə yaxınlarına (xüsusilə də İddiaçı) ətraflı məlumat verildikdən sonra onların təkidi ilə xəstə qəbul edilmişdir. Xəstə yaxınlarının bildirdiyinə görə qanaxma ehtimalı yüksək olduğundan bir sıra müəssisələrdə hətta biopsiya həyata keçirilməsindən imtina olunmuşdur. Bundan əlavə xüsusilə nəzərə alınmalıdır ki, xəstəxanaya qəbul edildikdən sonra xəstəyə təyin edilmiş diaqnoza müvafiq olaraq tibbi xidmətlər göstərilmiş, xəstəliyinin xarakteri və ağırlığı səbəbilə fərqli orqanlarda bir neçə dəfə baş vermiş aktiv qanaxmaların qarşısı peşəkar həkim heyətinin bacarığı və əzmkarlığı sayəsində cərrahi müdaxilələr edilərək müvəffəqiyyətlə alınmışdır. Lakin bütün müdaxilələrə baxmayaraq təəssüf ki, xəstə Təbəssüm Məmmədovanın həyatını xilas etmək mümkün olmamış və o, müalicəsinin 17- ci günündə 25.06.2020-ci il tarixində vəfat etmişdir. Qeyd olunan hallar onu göstərir ki, tibb müəssisəsi tərəfindən hər hansı qanunsuzluğa və ya hüquqdan sui- istifadəyə yol verilməmişdir. Əksinə, tibb müəssisəsi və bütün tibb personalı öz vəzifə borclarını yerinə yetirərək xəstəyə köməklik etməyə çalışmışlar. Apellyasiya şikayətində qeyd etikləri və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə dəlaət edən arqumentlərimizi nəzərə alasınız və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Barışıq üçün vaxtın verilməsinə baxmayaraq, tərəflərindən yuxarıda sadalanmış işlərin icra edilmiş addımlara baxmayaraq qarşı tərəfin mövqeyi səbəbilə hər hansı razlaşma əldə edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, cavabdehin təqdim etdiyi ərizədə qeyd edilənləri qəbul etmədiyini, qızının 2 ay əvvəl başqa xəstəxanada müalicə aldığı qeyd ediləsə də, bunun həqiqətə uyğun olmadığını, müalicənin düzgün aparılmadığını, qızı komada olduğu halda ona ximya köçürüldüyünü, qızının meyitinin saxlanılaraq ona verilməməsinin qanuna uyğun olmadığını, xəstəxanada olarkən meyiti tələb edən zaman onlara yalnız İlham adlı şəxsi yaxınlaşdığını, ondan başqa heçkimin onların müraciətlərinə cavab vermədiklərini, yalnız vəziyyəti ictimailəşdirdikdən sonra meyiti verməyə razı olduqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin iki müqavilə bağladığını, bir müqaviləni Təbəssüm Məmmədova ilə digərini isə iddiaçı ilə bağladıqlarını, iddiaçı tərəfindən imzalanmış müqavilənin etibarsız olduğunu, belə ki müqavilə imzalanan zaman iddiaçının Təbəssüm Məmmədovanın etibarnamə üzrə nümayəndəsi olmadığını, Təbəssüm Məmmədova yetkinlik yaşına çatdığı üçün iddiaçının müqaviləni onun qəyyumu olaraq imzalamasının da mümkün olmadığını, cavabdehin pulu tələb etməklə meyiti verməməsinin qanuna uyğun olmadığını və pulun bu formada tələb edilməsinin əsassız varlanma olduğunu, cinayət təqibinin predmetinin pul olduğunu, şahidlərin dindirilməsi zamanı da cavabdehin meyiti verməməsiinin sübit olunduğunu, maddi tələbin müqavilənin etibarsızlığı ilə bağlı olduğunu, müalicənin düzgün aparılmaması ilə bağlı olmadığını, İlham adlı şəxsin kassaya pul ödənilməzsə meyitin verilməyəcyini bildirdiyini, meyidin vaxtında verilməməsi ilə iddiaçıya mənəvi ziyan vurulduğunu, meyidin vaxtında verilməməsinin vəzifəli şəxslərin hərəkətsizliyi nəticəsində baş verdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 41; Mülki Məcəllənin 21, 324, 337-354, 385-390, 420, 560, 1096, 1097.1, 1114-1115; Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu, Mülki Prosesual Məcəllənin 14.2, 48-49,72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il Q ə r a rı na əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Mülki qanunvriciliyin tələblərinə əsasən müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir və hazırki tələblərin əsas qayyəsi müqavilə münasibətlərdən irəli gələn mübahisədir. Qanunvericilik hüquqdan sui-istifadəni qadağan edir və bu əsas üzərində həyata keçirilən razılaşma və hərəkətlərin isə etibarsızlığını müəyyən edir. Xüsusn qeyd edilməlidir ki, təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən, qiymətlərin əsassız qısa müddətdə yüksəldilməsini (qiymətlərin qısamüddətli yüksəldilməsi) nəzərdə tutan müddəalar etibarsız sayılır. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Mülki qanunvericilik müqavilə şərtlərini təfsir edərkən məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. İddiaçı müqavilə tərəflərinin sübyektiv cəhətdən tərkibi və cavabdehliyi, habelə formal əsasları baxımından müqaviləni mübahisələndirsə də kolegiya bu əsaslarla tərəflərin əqdlərin bağlanmasında olan azadlıqlarına rəğmən hər hansı təsir (təzhiq və s.) və ya digər mülki hüquq pozuntular müəyyən etmir. İddianın maddi tələb hissəsi də müqavilənin etibarsızlığı ilə bağlı olduğundan bu hissədə də tələbin təmin edilməsində əsaslar müəyyən edilmir və özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi ilə əlaqədar tələb irəli sürülməmişdir. Qeyd edilənlərə əsasən diqqətə çatdırılmalıdır ki, iddiaçının müqavilənin etibarsız şərtlərinə istinad etməsi və sui-istifadəyə şərait yaradan bu növ müqavilə şərtləri müstəvisində nəzərdən keçirilən tələblər əsassızdır. Diqqətə çatdırılmalıdır ki, tələbə (apellyasiya şikatlərinin dəlillərinə) münasibətdə qeyd edilməlidir ki, bu dəlillər müqavilənin etibarsızlığından və vəzifəli şəxsin təqsirlliliyinin müəyyən edilməsinə yönəlik cinayət təqibinin predmeti kimi müvafiq növ icraat həddində mümkün olsa da hazırki mülki icraat üzrə prosessual səlahiyyətlərdən kənardır. Ona görə müvafiq araşdırmanın hüquqi nəticəsi kimi cavabdehin (vəzifəli şəxsinin) təqsirliliyi müəyyən edildiyi təqdirdə ondan irəli gələn maddi zərər tələbi üzrə cavabdehliyin müzakirə edilməsi mümkündür. Hazırki vəziyyətdə isə tərəflərin öz risk dairələrinə aid hərəkətlər (hərkətsizlik) həddində mülki məsuliyyətləri özlərinə aiddir. Bununla belə işin müəyyən edilmiş halları və iş üzrə araşdırılan sübutlarla iddiaçının mərhum övladının verilməsində sübuta yetirilən gecikmələr unsan mənəviyyatına təsirsiz ötüşməyən (hamıya bəlli olan - sübuta ehtiyyacı olmayan) mənəvi iztirabların yaranmasına əsas olan hallarıdır. Ona görə mənəvi zərərin tutulması hissəsində qətnamənin nəticəsini, habelə məbləğin mütənasibliyi baxımından ağlabatan olmasını istisna edən xüsusatlar müəyyən edilmir. Belə ki, mütənasiblik müəyyən edilərkən nəzərə alınmalıdır ki, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi ödənişlidir və müəyyən riskin mümkünlüyü ilə bağlıdır. Ona görə mənəvi zərərin məbləğinin müəyyən edildiyi halda cavabdehin özəl tibb müəssisəsi olaraq fəaliyyəti (maddi durumu) və müalicə alan digər şəxslərin tibbi yardım almaq hüququ məhdudlaşdırılmamalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 384, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və Cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-356/2021 saylı işi üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1020/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1020/2022
07.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver