Məhkəmə qərarları › İş №2(103)-1024/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1024/2024

05.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1024/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “X19” ASC və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X16 (sədrlik edən və məruzəçi), ndan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, İddiaçı, Cavabdeh “X19” ASC-nin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdehlər “X19” ASC və Cavabdeh2 qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3166/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)-33/1017 nömrəli qətnaməsi ilə “X19” ASC-nin Cavabdeh2, İddiaçı, X3, X7, X10, X8 və üçüncü şəxs X9 qarşı iddiası qismən təmin edilmiş, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 və X4 müştərək qaydada cəmi 19.965 ABŞ dolları məbləğində borcun, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 15.751 ABŞ dolları məbləğində borcun ödəniş gününə manata məzənnəsi ilə tutulub iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan X3 məxsus olan Lənkəran şəhəri, Şilavar kəndində yerləşən 0,12712 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə, İddiaçı məxsus Lənkəran şəhəri, Şilavar kəndində yerləşən 0,01288 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, Lənkəran şəhəri, Şilavar kəndində yerləşən 0,12712 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 70.000 manat, İddiaçı məxsus Lənkəran şəhəri, Şilavar kəndində yerləşən 0,01288 ha torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 46.000 manat müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması və satıldıqdan 1 ay sonra boşaldılması qət edilmişdir.

2. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-195/2019 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə dəyişdirilmiş, Lənkəran şəhəri, Şilavar kəndində yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 90.000 manat, müəyyən edilməsi Lənkəran şəhəri, Şilavar kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 135.000 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(102)-7073/2019 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-195/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. 21.10.2020-ci il tarixli, 09KLİ/20 nömrəli Sonrakı ipoteka müqaviləsinə əsasən paylı mülkiyyət hüququ üzrə X2 (tikintialtı sahə 0.00506 ha, ümumi sahə 45.4 kv.m) və İddiaçı (tikintialtı sahə 0.00782 ha, ümumi sahə 70.5 kvm) adlarına məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipoteka qoyulmuş Lənkəran şəhəri, Şiləvar kəndi, 0.01288 ha torpaq sahəsi və üzərindəki 115.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası ipoteka saxlayana sonrakı ipotekaya qoyulmuşdur.

5. “X19” ASC tərəfindən Bakı şəhəri Notariat Kontoruna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, daşınmaz əmlakın ipotekada qalmaq şərti ilə X3 məxsus olan (tikintialtı sahə 0.00506 ha, ümumi sahə 45.4 kv.m) hissəsinin Cavabdeh2n adına bağışlama müqaviləsi yolu ilə keçməsinə etiraz etmədiklərini və bununla əlaqədar olaraq ipoteka ilə yüklü edilmiş əmlakın bağışlama müqaviləsinin bağlanılması xahiş edilmişdir.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan görünür ki, İddiaçı Lənkəran rayonu, Şiləvar kəndində yerləşən tikintialtı sahəsi 0.00782 ha, ümumi sahəsi 70.5 kv.m olan qeyri yaşayış binası İddiaçı adına xx.xx.2014-cü il tarixdə, tikintialtı sahəsi 0.00506 ha, ümumi sahəsi 45.4 kv.m olan qeyri yaşayış binası Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

7. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-682/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı “əmlaka payların naturada müəyyən edilməsi və cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilmiş, RS seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Lənkəran rayonu, Şiləvar kəndində yerləşən birmərtəbəli ümumi sahəsi 115.9 kv.m sahə 1.3 nömrəli tikililər ilə 2.4 nömrəli tikililər arasında olan boşluqlar hörülərək bağlandıqdan sonra Cavabdeh2 düşən tikintialtı sahəsi 50.6 kv.m, tikililərin daxili sahəsi 45.4 kv.m olan hissə ilə İddiaçı tikintialtı sahəsi 78.2 kv.m, tikililərin daxili sahəsi 70.5 kv.m olan hissəsi bir-birindən təcrid şəkildə ayrılaraq paylara uyğun naturada bölünməsi, cavabdehlər X1 və Cavabdeh2 100 manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi qət edilmişdir.

8. xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydinə əsasən Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən ipoteka predmeti olan Cavabdeh2 və İddiaçı paylı mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən 115.9 kv.m sahədən ibarət qeyri-yaşayış binası olan mağaza ünvanında yerləşən əmlaka tutma yönəldilməsi təklif edilmişdir (öhdəliyi müəyyən edən 3M-601 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 25.193 manat əsas borc, 1.344,50 manat faiz borcu, 9.38 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 26.546,88 manat təşkil edir).

9. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar X5, X6 və Cavabdeh2 cavabdehlər “X19” KB ASC və Lənkəran rayon 1 saylı Notariat Kontoruna qarşı “ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişin ləğvi” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər “X19” ASC və Cavabdeh2 qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X19” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Hüseybala oğlu arasında xx.xx.2011-ci il tarixdə əsas kredit müqaviləsi bağlanmışdır. Daha sonra tərəflər arasında müxtəlif vaxtlarda əlavə kredit müqavilələi bağlanmış, həmçinin kredit müqaviləsi üzrə yeni ödəniş cədvəlləri təsdiq edilmişdir. Eyni zamanda alınmış kreditin təminatı kimi xx.xx.2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X2 mülkiyyətində olan və Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ipoteka ilə nankın xeyrinə yüklü edilmişdir. Tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən X2 mülkiyyətində olan və Lənkəran rayonu Şilavar kəndində yerləşən 0.12712 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Daha sonra bankın xeyrinə yüklü edilmiş Seriya RX, № ******* Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Lənkəran rayonu, Şiləvar kəndində yerləşən bir mərtəbəli ümumi sahəsi 115,9 kv.m sahənin müvafiq olaraq tikintialtı sahə 0,00506 ha sahənin ümumi sahəsi 70.5 kv.m İddiaçı bağışlanmışdır. Bunun müqabilində iddiaçı tərəfindən 14.000 ABŞ dolları kreditin əvəzi kimi ödənilmişdir. 2022-ci ildə X5 daşınmaz əmlakın özünə məxsus olan tikintialtı sahə 0.00782 ha, 45.4 kv.m sahəsi Cavabdeh2 bağışlamışdır. Bankın xeyrinə yüklü edilmiş və X2 mülkiyyətində olmuş (hazırda Cavabdeh2 mülkiyyətində olan) fərdi yaşayış evinin azad edilməsi üçün tərəfindən 10.000 manat kredit ödənilmişdir. Bunun müqabilində həmin evi iddiaçının sahibliyinə verəcəklərinə dair vəd versələr də, daha sonra məhkəmə qaydasında evi ondan geri almışlar. Qeyri-yaşayış sahəsi və ona hüquqlara dair paylı mülkiyyətçilər arasında mübahisə yarandığından, iddiaçı Hüseynbala Hüseynov və Cavabdeh2 qarşı əmlakın paylara uyğun naturada bölünməsi və cavabdehlər X2, Cavabdeh2 tikintialtı sahə 0.00782 ha, ümumi sahə 70.5 kv.m sahədən çıxarılması barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2022-ci ii tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və Lənkəran Rayon İcra Şöbəsi tərəfindən 03 fevral 2023-cü il tarixdə icaata başlamaq haqqında qərar qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə icra sənədi icra edilməklə əmlakın naturada ayrılması təmin edilmiş və cavabdehlər həmin sahədən çıxarılmışlar. Beləliklə, paya münasibətdə iddiaçıya məxsus olan hissə naturada da iddiaçıya təhvil verilmişdir. Qanunvericiliyə görə birgə mülkiyyətdə olan əmlakın ayrılması üçün ilk növbədə paylar müəyyən edilməli və növbəti mərhələdə texniki baxımdan mümkün olduqda payın naturada ayrılması təmin edilməlidir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, mübahisəli əmlaka paylar müəyyən edilmiş və əmlak naturada ayrılmışdır. Bu vəziyyətdə hər bir tərəf özünə məxsus əmlaka dair yeni çıxarış almaq hüququ əldə edir. Əmlakın girovda olması hər bir tərəfə yeni çıxarış verilməsini istisna etmir, yeni çıxarış əmlakın yüklülüyünə təsir etməməklə bankın hüquqlarının məhdudlaşmasına və yaxud girov hüquqlarına münasibətdə mənfi nəticələr yaratmır. Çıxarışın alınması üçün bankın razılıq məktubu yetərlidir. Ancaq hazırki işin xüsusi hallarına münasibətdə qeyd edilməlidir ki, yuxarıda göstərilən kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəlik vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə bank borcun tutulması və tutmanın ipotekaya yönəldilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilmişdir. Daha sonra tərəflər arasında olan razılaşmaya əsasən icra sənədi məhkəməyə geri qaytarılmış və borcun könüllü ödənilməsi üzrə tədbirlərin davam etdirilməsi qərarlaşdırılmışdır. Lakin, belə görünür ki, Cavabdeh2 həmin razılaşmanın da şərtlərini icra etmir. Baxmayaraq ki, buna maddi imkanı çatır. Onun qərəzli hərəkətləri iddiaçının bankda yüklü olan əmlakını riskə atmaqla yanaşı əmlakdan istifadə və onunla bağlı istənilən hərəkətlərini məhdudlaşdırmışdır. İndi isə belə məlum olur ki, Cavabdeh2 kredit öhdəliyini iddiaçının əmlakıı hesabına icra etmək istəyir. Bu isə onun qanuni mənafeyinə uyğun olmamaqla yanaşı vicdanlı davranış hesab edilmir. Bu əsasla tərəfindən banka müraciət olunaraq ipoteka ilə yüklü edilmiş əmlaka dair iddiaçının adına ayrıca çxarış verilməsi üçün razılıq məktubu göndərilməsini xahiş etsə də, bank ondan müvafiq ödənişlər edilməsini tələb etmiş və ərizənin icrasından imtina etmişdir. Hesab edir ki, hazırki iş üzrə hər iki cavabdehin hərəkətləri qanunsuz olmaqla iddiaçının hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnir. Göstərilənlərə əsasən, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən birmətəbəli ümumi sahəsi 115.9 kv.m sahənin müvafiq olaraq tikintialtı sahəsi 0.00506 ha, ümumi sahəsi 70.5 kv.m hissəsinə ayrıca çıxarış verilməsi üçün razılıq məktubunun verilməsinin cavabdeh “X19” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

12. Cavabdeh2 iddiaya qarşı etiraz verərək bildirmişdir ki, 2011-ci il tarixdə “X19” ASC ilə onun arasında kredit müqaviləsi bağlanmışdır. Daha sonra 2014-cü ilə qədər krediti vaxtında ödəmişdir. 2014-cü il Azərbaycan Respublikasında devalvasiya olduğu halda 1 ABŞ dollar 0.78-dən 1.3, sonra isə 1.70 axan məzənnə ilə olmuşdur. Atasına məxsus olan qeyri-yaşayış binasını X5 oğlu İddiaçı adına 115 kv.metr olan bir qismini, yəni 70.8 kv.m onunla sözləşmə aparıb. Kreditə olan borcunun 600 manatın yarı hissəsi, yəni 300 manatın ödənilməsini öhdəsinə götürmüşdür. Ancaq İddiaçı 2020-ci ilə qədər banka pul köçürməsi etməyib. O, Banka olan kreditini 2020-ci ildən 2023-cü ilə qədər ödəyir. Bankla problemi yoxdur. Odur ki, göstərilənlərə əsasən İddiaçı oğunun iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3166/2023 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia təmin edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, hazırki işin materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən, eyni zamanda xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydindən görünür ki, Cavabdeh2 “X19” KB ASC-yə hal-hazırda borcu mövcuddur. Qanunvericiliyin tələblərinə əsasən ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr və digər sərəncamlar verilə bilər. Halhazırda isə iddiaçının tələb etdiyi paylı mülkiyyət hüququ əsasında ona məxsus sahə hazırda ipoteka predmetidir və ipotekasaxlayan, yəni Bank iddia tələbinə dair razılıq vermir. Eyni zamanda, ipoteka predmeti olan əmlaka dair ayrıca çıxarışın verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir, eyni zamanda bu mümkün də deyildir. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı və Cavabdeh2 paylı mülkiyyətində olan qeyri-yaşayış binası olan mağazaya dair çıxarış verilmişdir.

15. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

16. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1, 311.2, 311.3, 312.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 30.1, 31.1.1, 31.1.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka ilə yüklü edilmiş əmlakın bir hissəsinə hüquqları rəsmi olaraq qeydə alınmış, əmlaka paylar müəyyən edilmiş, ən nəhayətində əmlak naturada ona təhvil verilmişdir. Beləliklə, artıq əmlak paylı mülkiyyət kateqoriyasından çıxmışdır. Ayrıca mülkiyyətdədir. Lakin müvafiq qeydiyyat aparan orqan əlahiddə çıxarış verilməsi üçün ipoteka saxlayanın razılıq məktubunu tələb edir. İpoteka saxlayan olaraq bank isə razılıq məktubunun verilməsini ödənişlə şərtləndirir. Bankın hərəkətləri qanunsuzdur. Belə ki, iddiaçı kredit öhdəliyi üzrə borclu deyil və gecikmiş öhdəlik üçün birbaşa məsuliyyət daşımır. Bu cür məsuliyyət borcalana məxsusdur. Onun adına ayrıca çıxarışın verilməsi bank üçün hər hansı risk yaratmır, yenə də əmlak bankın xeyrinə yüklü olaraq qalır. Bu baxımdan bankın ona ayrıca çıxarış verilməsi üçün məktub göndərməməsi qanunsuz olmaqla xeyrinə çıxarılmış qətnamənin icrasını mümkünsüz etməklə yanaşı, onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Belə ki, ona məxsus sahəyə hüquqların qeydiyyatı üzrə əlahiddə çıxrışın alınmaması həmin sahəyə dair mümkün sərəncam vermək qabiliyyətini aşağı salır və o həm fiziki və hüquqi şəxslər qarşısında, həm də dövlət orqanları qarşısında mülkiyyətçi kimi çıxış edə bilmir. Ən əsası isə ayrıca çıxarışın alınmasını istisna edən hal mövcud deyil. Digər Cavabdeh2 tərəfindən kredit öhdəliyinin razılaşdırılmış cədvəl üzrə təmin edilməməsi də həmin şəxsin vicdanlı olmayan darvanışı kimi qiymətləndirilməlidir. Sonuncu qəsdən kredit öhdəliyini icra etmir və yaxud öhdəliyin icrası üçün zəruri tədbirləri görmür. Yekunda onu da qeyd edir ki, bank qarşısında öhdəliyin icrasının təminatı kimi hətta borclu Cavabdeh2 məxsus hissə yetərlidir və həmin hissə bank qarşısında öhdəliyi qarşılayır. Bu baxımdan ona ayrıca çıxarışın verilməsi, hətta həmin hissənin tamamilə yüklülükdən azad edilməsi belə bankın kreditini təhlükədə qoymur. İddiaçı ipoteka ilə yüklü edilmiş əmlakın mülkiyyətçisidir və paylı mülkiyyətçi kimi müəyyən mənada məhdudiyyətlərə məruz qalmaq normal hal olsa da, hazrıki işin halları baxımından bu məhdudiyyət kifayət qədər geniş olmaqla mülkiyyət hüququnun faktiki olaraq realizəsini mümkünsüz edir. İddiaçının həmin əmlaka mülkiyyət hüququ əmlak bankın xeyrinə ipoteka ilə yüklü edildikdən sonra yaranmışdır. İddiaçı əvvəllər banka borcun bir hissəsini ödəmişdir. Lakin hazırda nə buna maddi imkanı var, nə də digər cavabdehin alıb xərclədiyi pulu qaytarmaqda maraqlı deyil. Bu baxımdan bank tərəfindən razılıq məktubunun verilməsi məqsədilə müəyyən ödəniş tələb olunması qanunsuzdur və digər payçının, yəni borclunun maraqlarına xidmət edir. Bundan başqa, əmlak ipoteka ilə yüklü edildikdən sonra mülkiyyətçi tamamilə dəyişmiş, ilkin mülkiyyətçi əmlakın bir hissəsini iddiaçıya, xeyli sonra digər hissəsini digər cavabdehə bağışlamışdır. Bu baxımdan əmlaka münasibətdə paya uyğun olaraq iddiaçıya çıxarış verilməsi üçün razılıq məktubunun verilməsi bankın maraqları baxımından heç bir təhlükə törtəmir. Bundan başqa hesab edir ki, məhkəmə tərəfindən ipoteka haqqında qanunun tələblərinin tətbiqində səhvə yol vermişdir. Məhkəmə mübahisəni tənzimləyən məsələləri üzrə mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmişdir. Digər tərəfdən məhkəmə artıq çıxarışın mövcud olmasına istinad etməklə işi tam və hərtərəfli araşdırmadığını göstərmiş, həmçinin heç bir əsas gətirmədən əmlaka ayrıca çıxarış verilə bilməməsinə dair nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, bank onu aldatmış, banka 14.000 pul köçürməsinə baxmayaraq çıxarış alınmasına razılıq verməmişdir. Kommunal xidmətləri təqdim edən müəssisələrlə müqavilə bağlamaq üçün ondan onun adına verilmiş çıxarış tələb edirlər. Əmlakını çıxarış olmadan icarəyə verə bilmir. Əmlakla bağlı hərracın təyin edilməsindən məlumatı var.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X19” ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, artıq iddiaçıya və digər cavabdehə məxsus daşınmaz əmlakla bağlı icra qeydinə əsasən hərrac təyin edilib. Bundan əvvəl qətnamə ilə həmin əmlaka tutma yönəldilsə də, bank tərəfindən qətnamənin icrası saxlanılmışdır.

22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin xəstəliyi ilə bağlı sübutlarını təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 312.4. İpoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz.

24. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Maddə 30.2. Bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır. Maddə 31.1. İpoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılardan birini tələb edə bilər: 31.1.1. ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; 31.1.2. ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı: Mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə uyğun olaraq Mülki Məcəllənin 312.4-cü maddəsi tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyanın əşya üzərində mülkiyyət hüquqlarından imtina etməsinə dair razılaşmanın qadağan edilməsini ehtiva edir; İpoteka müqaviləsi üzrə ipoteka saxlayanın əmlak mənafeyinin qorunması, əsas öhdəliyin icrasının təmin olunmasında yarana biləcək təhlükənin qarşısının alınması baxımından “İpoteka haqqında” Qanunun 30.1 və 31.1-ci maddələri ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsızlığını müəyyən edir. İpoteka saxlayanın ipoteka predmetinin özgəninkiləşdirilməsi ilə bağlı razılığın verilməsindən imtina barədə qərarı əsaslandırılmış olmalı və imtinanın səbəbləri göstərilməlidir. İpoteka qoyan öz növbəsində həmin qərarı məhkəmədə mübahisələndirə bilər.

26. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz.

27. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu: Bənd 2.4. Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İşdən görünən odur ki, iddiaçıya ümumi paylı mülkiyyət hüququ əsasında məxsus daşınmaz əmlak ipoteka ilə yüklü edilmiş və borc üzrə tutmanın həmin əmlaka yönəldilməsinə dair icra sənədi mövcuddur. İddiaçı ona məxsus əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh bankın üzərinə razılıq məktubunun verilməsi öhdəliyinin qoyulmasını xahiş edir, bank və digər cavabdeh isə iddiaya etiraz edirlər.

33. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış şəxsin dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnu əks etdirən sənəddir və daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnu əks etdirən çıxarışın alınması üçün ipoteka saxlayanın razılığının verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İpoteka saxlayanın razılığı ipoteka qoyan tərəfindən ipoteka predmetinə sərəncam verildiyi təqdirdə zəruridir.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3166/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar