Məhkəmə qərarları › İş №2(103)-1025/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1025/2023

08.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1025/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh İddiaçı hüquqlarını mülki işə baxılarkən vəkil olaraq müdafiə etmişdir. Cavabdeh, oğlu X3 və həyat yoldaşı X2 iştirakı və şahidliyi ilə xx.xx.2021-ci il tarixində iddiaçıdan 9500 (doqquz min beş yüz) ABŞ dolları borc almışdır. Bu barədə cavabdeh öz imzası ilə sadə yazılı formada qəbz yazıb vermişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9500 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə xx.xx.2017-ci, xx.xx.2019-cu, xx.xx.2021-ci il tarixlərində bağladığı müqavilələrə əsasən Ali Məhkəmədə mülki iş ilə (torpaq sahəsi ilə) əlaqədar iddiaçının hüquqlarını üç dəfə müdafiə etmişdir. İddiaçı hələ də davam edən məhkəmə çəkişməsi ilə əlaqədar cavabdehlə tez-tez görüşməli olurdu. Cavabdeh iddiaçı ilə dayı-bacıoğlu kimi münasibət yaratdıqdan sonra, iddiaçının ona etibar etdiyini dəqiq bilib, oğlu X3 və həyat yoldaşı X2 iştirakı və şahidliyi ilə xx.xx.2021-ci il tarixində iddiaçıdan 9500 (doqquz min beş yüz) ABŞ dolları borc alıb. Cavabdeh iddiaçıdan borc alarkən şəxsiyyət vəsiqəsinin surəti olan vərəqədə (bildirişdə) öz xətti ilə yazdığı özünün və ailə üzvlərinin imzası ilə ondan 9500 (doqquz min beş yüz) ABŞ dolları borc aldığını təsdiq etmişdir. Cavabdeh aldığı 9500 (doqquz min beş yüz) ABŞ dolları borcu qaytarmamışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2832/22 saylı iş üzrə 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh borcun 5700 ABŞ dolları hissəsinin qaytarılmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tam təmin olunmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və beləliklə də əsassız nəticəyə gəlmişdir. Belə ki, məhkəmə Mülki Məcəllənin 331-ci maddəsini tətbiq edərkən həmin Məcəllənin 334-cü maddəsinin tələblərini unutmuş (əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Konkret olaraq həmin “bildirişin” əqd sayılması üçün onun notarius tərəfindən təsdiq edilməsi vacib idi. Notarius tərəfindən təsdiq edilməyən həmin “bildiriş” əqd sayıla bilməz. Bu Qanunun tələbidir. Əgər həmin əqd notariusun iştirakı ilə rəsmiləşdirilsəydi, onda notarius 6000 (altı min) ABŞ dollarının verilməsini təsdiqləyəcəkdi. Çünki xx.xx.2021-ci ildə iddiaçıdan “Mərkəz” Vəkil Bürosunda heç kimin iştirakı olmadan 6000 (altı min) ABŞ dolları alıb. Əvvəl aldığı 5000 (beş min) ABŞ dollarından 1000 (bir min) ABŞ dolları da onun üstünə gələndə 7000 (yeddi min) ABŞ dolları borcunun da 5700 (beş min yeddi yüz) ABŞ dollarını qaytarandan sonra onun iddiaçıya 1300 (bir min üç yüz) ABŞ dolları borcu qalıb. Pulun ödənilməsi ilə bağlı bildirişin birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilməməsinin səbəbi bildirişi həmin vaxt tapa bilməməyi olub.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində cavabdeh iddiaçıya 9500 ABŞ dolları deyil, cəmi 1300 ABŞ dolları borcu qaldığını göstərərək qətnamənin ləğv olunmasını və iddianın qismən, yəni etiraf olunan hissədə təmin olunmasını xahiş etmişdir. Göründüyü kimi, cavabdeh qətnaməni 1300 ABŞ dolları borcun tutulması hisssəsində mübahisələndirmir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını 8200 ABŞ dolları (9500-1300=8200) borcun tutulması hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

20. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyator borcun qismən ödənildiyini göstərsə də, borcun qaytarılması barədə bildirişi birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edə bilməməsini əsaslandıra bilməmişdir. Digər tərəfdən, sözügedən bildiriş qəbul edilsə belə, həmin bildiriş xx.xx.2021-ci il tarixli qəbz üzrə deyil, xx.xx.2019 və xx.xx.2019-cu il tarixdə alınmış borca dair tərtib edilmişdir. İddiaçının hazırkı işdə tələb etdiyi 9500 ABŞ dolları xx.xx.2021-ci il tarixli qəbz üzrə verilmiş borcdur. Cavabdeh bu tarixdən, yəni xx.xx.2021ci ildən sonra aldığı borc üzrə hər hansı ödəmə aparmasını təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.

23. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.

24. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı borc verən kimi cavabdehə xx.xx.2021-ci ildə 9500 ABŞ dolları pul verdiyini sübut etmişdir. Eyni zamanda cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən həmin məbləğdə pulu xx.xx.2021-ci ildə aldığını etiraf etmiş, borcdan 5700 ABŞ dolları qaytardığını bildirmiş, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

25. Kollegiyanın gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır.

27. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

29. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.

30. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

32. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

33. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar