Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10255/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı "pulun tutulması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.09.2021-ci il tarixli, 2(001)-4311/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 04.06.2018-ci il tarixli, 3M-477 reyestr nömrəli kredit müqaviləsinin ləğv edilməsi və həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 04.06.2018-ci il tarixli, 3M-477 reyestr nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi və 120.000 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı təmin etmə tədbirin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə baxılıb qurtaranadək Cavabdeh mülkiyyətində olan “Lexus 470” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4311/2021 saylı, 10.09.2021-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət iddia təminin tədbiri barədə ərizədə göstərilənlərlə əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdeh şikayətə etiraz edərək, onun təmin olunmamasını və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4311/2021 saylı, 10.09.2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdier. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2-158.1.3). Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 29 mart 2010-cu il tarixli qərar, § 83). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 159.2-ci maddəsinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır Kollegiya qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, iddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olsa da, barəsində təmin etmə tədbirinin görülməsi tələb edilən avtomobilin cavabdehə məxsus olması öz təsdiqini tapmadığından (bu halı təsdiq edən hər hansı sənəd əlavə edilmədiyindən), mövcud vəziyyətdə bu avtomobilin cavabdehin deyil, hər hansı digər şəxsin mülkiyyətində olması da istisna edilmədiyindən ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan işin halları və qanunvericilik normaları və onların şərhinə dair tələblər nəzərə alınmaqla birinci instansiya məhkəməsinin mövqeyi ilə razilaşır və hesab edir ki, iddianı təmin tədbiri barədə ərizə əsassız olmuşdur. Ona görə də şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4311/2021 saylı, 10.09.2021-ci il tarixlii qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10255/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10255/2021
14.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver