Məhkəmə qərarları › İş №2(103)-1026/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1026/2024

13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1026/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(004)-3410/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə cavabdeh uzun müddət nikahdan kənar münasibətlər qurmaqla birlikdə yaşamışlar. Mübahisə predmeti olan ünvan 3, 1 saylı mənzil xx.xx.2007-ci il tarixli alğısatqı müqaviləsinə əsasən iddiaçıya satılmış və mənzil barədə mülkiyyət hüquqları xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə etibarnamə əsasında iddiaçının adından alğı-satqı mfüqaviləsi bağlanaraq mənzil 139.000 manat müqabilində satılmışdır. Həmin alğı-satqı müqaviləsini isə iddiaçının adından etibanamə üzrə nümayəndəsi olaraq Cavabdeh imzalamış və satışdan əldə edilən məbləği tam şəkildə təhvil almışdır. Hazırda iddiaçı mülkiyyətində olan əmlakın satışından əldə edilmiş məbləğin cavabdeh tərəfindən ona təqdim edilmədiyini bildirərək 139.000 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 139.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 429 manat olmaqla, cəmi 139.429 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40,5 m2, yaşayış sahəsi 28.5 m2.olan 2 otaqlı mənzil iddiaçının mülkiyyətində olmuşdur. Mənzilə mülkiyyət hüququ ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş **********53-05101-093001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli qabaqcadan qeydiyyat haqqında arayışla təsdiq olunmuşdur. Tərəflərin uzunmüddətli nikahdankənar münasibətləri olmuş və bu səbəbdən iddiaçı cavabdehə etibar edərək ona bütün əmlaklarının idarə olunmasına dair, əmlaklar barəsində sərəncam vermək səlahiyyəti daxil olmaqla notarial qaydada etibarnamə vermişdir. 2020-ci ildə iddiaçıda xərçəng xəstəliyi aşkar edilmiş, həmin vaxtdan cavabdeh onunla əlaqəni kəsmiş, ona müalicə ilə bağlı köməklik etməmişdir. İddiaçı isə külli miqdarda borc alaraq müalicə olunmaq üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Müalicə olunduqdan sonra iddiaçı Azərbaycan Respublikasına yenidən qayıtmış, cavabdeh onunla münasibətlərini bərpa etməyə çalışsa da bu mümkün olmamışdır. İddiaçı həmin vaxt cavabdehə verilmiş bütün etibarnamələri ləğv etməyi notariusdan xahiş etsə də xx.xx.2023-cü il tarixdə mobil notariat xidmətində qeydiyyatdan keçərkən, notarius tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh verdiyi etibarnamənin ləğv edilmədiyini və cavabdehin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan, ünvan 2 ünvanında yerləşən mənzili 139.000 manat qiymətinə X3 adında şəxsə satdığını, lakin bu barədə ona heç bir məlumat vermədiyini aşkar etmişdir. Qeyd edilmişdir ki, iddiaçı mübahisəli evə dair cavabdehə etibarnamə verərkən cavabdehin özünün maraqları daxilində deyil, onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və onun maraqları daxilində hərəkət etmək səlahiyyətini vermişdir. Dolayısı ilə cavabdeh əqdi təmsilçi kimi bağladığından müqavilə üzrə hüquq və öhdəliklər iddiaçıya münasibətdə yaranmışdır. Yəni, əmlakın satışından əldə olunmuş vəsaiti almaq hüququ iddiaçı münasibətdə yarandığından satışla bağlı əldə edilən vəsait iddiaçıya ödənilməli idi. Bütün bunlara baxmayaraq cavabdeh hazıradək iddiaçının əmlakının satışından əldə olunmuş vəsaiti ona ödəməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(004)- 3410/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 139.000 (yüz otuz doqquz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 439 manat olmaqla, cəmi 139.439 (yüz otuz doqquz min dörd yüz otuz otuz doqquz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh mübahisə predmeti olan ünvan 3, 1 saylı mənzilin onun gəlirləri hesabına və onun tərəfindən alındığını, lakin formal olaraq iddiaçının adına qeydiyyata alındığını bildirsə də, buna dair kifayət qədər əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdeh mənzili etibarnamə əsasında satdığını etiraf edir. Həmçinin satışdan əldə edilən pul məbləğinin cavabdehə təqdim edildiyi (hesaba köçürüldüyü) iş materialları ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh həmin mənzilin satışından əldə edilmiş gəlirin 1/2 hissəsini iddiaçıya verdiyini bildirsə də, mülkiyyətçiyə iddiaçıya onun tərəfindən hansı məbləğdə və qaydada pulun verilməsinə dair sübut yoxdur. Cavabdehin etirazının digər dəlili isə iddiaçı tərəfindən notarial qaydada tərtib edilmiş və məzmununda cavabdehə qarşı hər hansı iddiasının olmadığını bildirən xx.xx.2022-ci il tarixli ərizədir. Məhkəmə qeyd etmişdir ki, həmin xx.xx.2022-ci il tarixli ərizə hazırkı mübahisə üzrə sübut əhəmiyyətinə malik deyildir. Belə ki, qeyd olunan ərizədə iddiaçı cavabdehə qarşı iddiasının və tələbinin olmadığını bildirsə də, bunu konkret olaraq hansı münasibətlər, öhdəliklər və ya əmlak barəsində bağlı olduğu ərizədə öz əksini tapmamışdır. Bu halda xx.xx.2022-ci il tarixədək iddiaçı və cavabdeh arasında yaranmış və ya bundan sonra yaranacaq hər hansı münasibətlərə qeyd olunan ərizə üzrə İddiaçı mövqeyi əsas götürülərək Cavabdeh hər hansı məsuliyyətdən azad edilməsi ilk növbədə məhz İddiaçı, sonra isə digər şəxslərin hüquqlarının pozulmasına səbəb olmaqla qanunvericiliyin tələbinə ziddir. Məhkəmə qeyd olunan ərizə ilə bağlı həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisə predmeti olan mənzil xx.xx.2019-cu il də satılmış, həmin ərizə isə xx.xx.2022-ci ildə, yəni əmlak satıldıqdan uzun müddət sonra tərtib edilmişdir. Bu halda həmin ərizə iddiaçının mübahisə predmeti olan mənzilin cavabdeh tərəfindən satılmasına razılığı kimi qiymətləndirilə bilmədiyi kimi, eyni zamanda iki ildən çox vaxt keçdikdən sonra tərtib edilmiş bu ərizənin məhz həmin mənzilə aid olmasına dair heç bir dəlil və əsas yoxdur. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında qeyd olunan ərizənin tərəflər arasında digər daşınmaz əmlakın, yəni bağ evinin satışından bilavasitə sonra verildiyini qeyd etmişdir. Dolayısı ilə məhkəmə hesab etmişdir ki, qeyd olunan ərizə bağ evi ilə bağlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh hazırda iddia edir ki, İddiaçı ona verdiyi etibarnamə əsasında pərdələnmiş əqd bağlamaqla özü üçün alqı-satqı müqaviləsi bağlamış və həmin daşınmaz əmlakı onun adına rəsmiləşdirmişdir. Halbuki, MM-nin 359.3 cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Məhkəmə bütün qeyd olunanları və işin hallarını nəzərə alaraq hesab etmişdir ki, nə qədər ki, iddiaçının mülkiyyətində olan əmlakın satışından əldə edilən 139.000 manat pul məbləğini cavabdeh təhvil almış və həmin məbləğin iddiaçıya çatdırılması sübut olunmur, bu halda cavabdeh həmin pulu özündə saxlayaraq əsassız olaraq varlanmış hesab edildiyindən 139.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hər hansı ərizə və ya vəsatət daxil olmamışdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 359.3, 1091-ci mddələrin, “Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı 26 sentyabr 2022-ci il tarixdə notarial ərizə verərək bildirmişdir ki, cavabdehə qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə bu ərizəni məhz tərəflər arasında olan digər mübahisə üzrə olan daşınmaz əmlakın alqı-satqısına görə tərtib edildiyi nəticəsinə gələrək hazırki mübahisəyə aid olmadığını bildirir. Halbuki məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Belə ki, həmin notarial ərizələrin tərtib edilməsi məhz həm hazırki mübahisə üzrə 2019-cu il tarixində alqı satqı müqaviləsindən əldə edilmiş pul vəsaitinin iddia qaldırılanadək ötən 4 il 2 ay ərzində tərəflərin birgə yaşadıqları dövrdə xərclənməsinə iddiaçının etirazının və tələbinin olmaması və daha sonra iddiaçının xəstəliyə düçar olmasından sonra cavabdeh tərəfindən ona digər əmlakı olan bağ sahəsinin satılaraq (məhkəmənin bu ərizənin həmin əmlakla bağlı tərtib edildiyini bildirdiyi mübahisə) iddiaçının səhhətinə xərclənməsinə cavabdeh tərəfindən etirazının olmaması səbəbi ilə olmuşdur. Bu səbəblə də iddiaçının hazırki iddianı qaldırıb 139.000 manat pul tələb etməsinə hüququnun olmamasına baxmayaraq məhkəmə yanlış olaraq onun belə hüququnun olduğu qənaətinə gəlmişdir. Məhkəmə daha sonra iddiaçının mülkiyyətində olan əmlakın satışından əldə edilən 139.000 manat pul məbləğini cavabdehin təhvil alması və həmin məbləğin iddiaçıya çatdırılmasının sübut olunmaması, bu halda cavabdehin həmin pulu özündə saxlayaraq əsassız olaraq varlanmış hesab edilməsi səbəbilə 139.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə alınmalı olması nəticəsinə gəlmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hər hansı ərizə və ya vəsatət daxil olmadığından bu məsələyə münasibət bildirilməsinə ehtiyac yoxdur. Məhkəmənin bu mövqeyi ilə bağlı razılaşmayaraq cavabdeh qeyd etmişdir ki, Mülki Məcəllənin 1091-1095-ci maddələri ilə tənzimlənən əsassız varlanma anlayışındakı müddətlər iddia müddəti deyil kəsici müddət hesab edilir. Kəsici müddətlər isə elə müddətlərdir ki, bu müddətlərin tətbiq edilməsi üçün tərəflərin hər hansı birinin ərizə və ya vəsatət verməsinə ehtiyac olmadan məhkəmənin birbaşa özünün tətbiq etmək vəzifəsi və səlahiyyətinin olmasıdır. Belə olan təqdirdə məhkəməyə hazırki mübahisəyə kəsici müddət tətbiq etməsi əvəzinə tərəflərin hər hansı birinin ərizə ilə müraciət etməməsini əsas gətirməsi tamamilə qəbul edilməz və qanunsuz tələbdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan satıcı qismində X5 və alıcı qismində İddiaçı arasında notarial qaydada bağlanmış xx.xx.2007-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, satıcı tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3, 1 saylı mənzili 46.680 manat müqabilində alıcıya satmışdır. Müqavilə alıcı və satıcı tərəfindən şəxsən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 40,5 m2. olan 2 otaqlı 1 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan satıcı qismində İddiaçı və alıcı qismində X3 arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı satqı müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, satıcı tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3, 1 saylı mənzili 139.000 manat müqabilində alıcıya satmışdır. Müqavilə alıcı tərəfindən şəxsən, satıcı tərəfdən isə İddiaçı xx.xx.2019-cu il tarixli etibarnamə üzrə nümayəndəsi Cavabdeh tərəfindən imzalanmışdır. Notariat işi materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli məktuba əsasən alğı-satqı müqaviləsi üzrə 139.000 manat məbləğində pul X3 tərəfindən Cavabdeh ödənilmişdir. İddiaçı tərəfindən notarial qaydada tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətinə əsasən müəyyən edilir ki, o, Cavabdeh qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Hazırda iddiaçı mülkiyyətində olan əmlakın satışından əldə edilmiş məbləğin cavabdeh tərəfindən ona təqdim edilmədiyini bildirərək 139.000 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi tam təmin edilmişdir. Cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin nəticəsinin düzgün olmaması əsası ilə ləğv olunmalı olmasını bildirir. Apellyasiya şikayətinin dəlillərinə əsasən iddiaçı 26 sentyabr 2022-ci il tarixdə notarial ərizə verərək bildirmişdir ki, cavabdehə qarşı heç bir iddiası və tələbi yoxdur. Həmin notarial ərizələrin tərtib edilməsi məhz həm hazırki mübahisə üzrə 2019-cu il tarixində alqı satqı müqaviləsindən əldə edilmiş pul vəsaitinin iddia qaldırılanadək ötən 4 il 2 ay ərzində tərəflərin birgə yaşadıqları dövrdə xərclənməsinə iddiaçının etirazının və tələbinin olmaması və daha sonra iddiaçının xəstəliyə düçar olmasından sonra cavabdeh tərəfindən ona digər əmlakı olan bağ sahəsinin satılaraq (məhkəmənin bu ərizənin həmin əmlakla bağlı tərtib edildiyini bildirdiyi mübahisə) iddiaçının səhhətinə xərclənməsinə cavabdeh tərəfindən etirazının olmaması səbəbi ilə olmuşdur. Bu səbəblə də iddiaçının hazırki iddianı qaldırıb 139.000 manat pul tələb etməsinə hüququnun olmamasına baxmayaraq məhkəmə yanlış olaraq onun belə hüququnun olduğu qənaətinə gəlmişdir; Məhkəmə kollegiyası cavabdehin bu dəlillərinə qiymət vermədən öncə ilk olaraq qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının mülkiyyətində olan əmlakın satışından əldə edilən 139.000 manat pul məbləğini almasını təkzib etməmiş, mənzili etibarnamə əsasında satdığını etiraf etmişdir. Hətta satışdan əldə edilən pul məbləğinin cavabdehə təqdim edildiyi (hesaba köçürüldüyü) iş materialları ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq iclas protokoluna əsasən cavabdeh həmin mənzilin satışından əldə edilmiş gəlirin 1/2 hissəsini iddiaçıya verdiyini bildirsə də, mülkiyyətçiyə - iddiaçıya onun tərəfindən hansı məbləğdə və qaydada pulun verilməsinə dair sübut təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya onun tərəfindən hansı məbləğdə və qaydada pulun verilməsinə dair sübut yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddiaçının mülkiyyətində olan əmlakın satışından əldə edilən 139.000 manat pul məbləğini cavabdeh təhvil alsa da həmin məbləğin iddiaçıya çatdırılması sübut olunmur. Cavabdeh iddiaçının mülkiyyətində olan əmlakın satışından əldə edilən 139.000 manat pul məbləğini ( və ya onun yarısını) iddiaçıya verməsini sübut edə bilmədiyi halda o, həmin pulu özündə saxladığından əsassız olaraq varlanmış hesab edildiyindən sözügedən məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması barədə birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan İddiaçı tərəfindən onun, Cavabdeh qarşı heç bir tələbinin olmadığına dair notarial qaydada tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizəsi ilə bağlı birinci instasiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Belə ki, iddiaçını hazırki tələblə məhkəməyə müraciət etməsi üçün əsas olan alqısatqı müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Göründüyü kimi qeyd olunan ərizədə iddiaçı cavabdehə qarşı iddiasının və tələbinin olmadığını bildirsə də, bunu konkret olaraq hansı münasibətlər, öhdəliklər və ya əmlak barəsində bağlı olduğu ərizədə öz əksini tapmamışdır. Belə olanda halda birinci instansiya məhkəməsi bu məqamə münasibətdə düzgün olaraq qeyd etmişdir ki, bu halda xx.xx.2022-ci il tarixədək iddiaçı və cavabdeh arasında yaranmış və ya bundan sonra yaranacaq hər hansı münasibətlərə qeyd olunan ərizə üzrə İddiaçı mövqeyi əsas götürülərək Cavabdeh hər hansı məsuliyyətdən azad edilməsi ilk növbədə məhz İddiaçı, sonra isə digər şəxslərin hüquqularının pozulmasına səbəb olmaqla qanunvericiliyin tələbinə ziddir. Tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, onlar arasında digər əmlaklarla bağlı məhkəmə çəkişmələri də mövcuddur. Cavabdehin istinad etdiyi ərizənin məhz mübahisəli vəziyyət üzrə verilməsi müəyyən olunmamışdır. Həmin ərizənin hazırki mübahisəyə isə aidiyyatı olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Belə ki, mübahisə predmeti olan mənzil xx.xx.2019-cu il də satılmış, həmin ərizə isə xx.xx.2022-ci ildə, yəni əmlak satıldıqdan uzun müddət sonra tərtib edilmişdir. Bu halda həmin ərizə iddiaçının mübahisə predmeti olan mənzilin cavabdeh tərəfindən satılmasına razılığı kimi qiymətləndirilə bilmədiyi kimi, eyni zamanda 4 ildən çox vaxt keçdikdən sonra tərtib edilmiş bu ərizənin məhz həmin mənzilə aid olmasına dair heç bir dəlil və əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2022-ci il tarixli ərizənin məhz hazırki münasibətlərə şamil edilməli olması barədə cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən, eləcə də bu hal iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq xx.xx.2022-ci il tarixli ərizənin hazırkı mübahisə üzrə sübut əhəmiyyətinə malik olmaması qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin digər dəlillərinə əsasən Mülki Məcəllənin 1091-1095-ci maddələri ilə tənzimlənən əsassız varlanma anlayışındakı müddətlər iddia müddəti deyil kəsici müddət hesab edilir. Kəsici müddətlər isə elə müddətlərdir ki, bu müddətlərin tətbiq edilməsi üçün tərəflərin hər hansı birinin ərizə və ya vəsatət verməsinə ehtiyac olmadan məhkəmənin birbaşa özünün tətbiq etmək vəzifəsi və səlahiyyətinin olmasıdır. Belə olan təqdirdə məhkəməyə hazırki mübahisəyə kəsici müddət tətbiq etməsi əvəzinə tərəflərin hər hansı birinin ərizə ilə müraciət etməməsini əsas gətirməsi tamamilə qəbul edilməz və qanunsuz tələbdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri bağlı qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus olan ünvan 3, 1 saylı mənzilin satılmasına dair müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmışsa da, tərəflər arasında olan münasibətlər isə 2020-ci ildən pozulmuşdur. Həmçinin iddiaçı cavabdehin adına verdiyi etibarnamələri ləğv etdirsə də 2023-cü ildə sözügedən mənzilin satılması zamanı cavabdehə verilmiş etibarnamənin qüvvədə olmasını bilmişdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 372.1 və 377.1-ci maddələrinə əsasən hesab edir ki, iddiaçı sözügedən mənzilin satılması zamanı cavabdehə verilmiş etibarnamənin qüvvədə olmasını və mənzilin satılmasını 2023-cü ildə bildiyi və bundan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün tərəfindən iddia müddəti ötürülməmişdir. İddiaçının hüquqlarının pozulmasından daha əvvəl məlumatlı olması iş materialları ilə müəyyən edilməmişdir. Həmçinin də kollegiya qeyd edir ki, apellyatorun istinad etdiyi müddət kəsici deyil, iddia müddətidir ki, onun keçməsi halında belə, tətbiq edilməsi ilə bağlı tərəfindən birinci instasiyası məhkəməsinə müvafiq ərizə ilə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına görə əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Göründüyü kimi, iddiaçının iddia tələbinə kəsici müddət şamil oluna bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(004)- 3410/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar