Məhkəmə qərarları › İş №2(103)-10261/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10261/2021

03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10261/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi Qardaşov Fuad Baxşiali oğlunun, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3622/2021 saylı 26 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19687 manat maddi ziyan, 30000 manat mənəvi zərər, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 49717 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 08 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan **-DY-*** dövlət qeydiyyat nişanlı “Opel Astra H minik” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı Sovxoz yolunda 50 km/saat sürətlə Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Hallar Bölməsinin İnzibati binasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tətbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib həmin vaxtı yolun sol kənarından sağ kənarına doğru iti yerişlə keçən piyada İddiaçı avtomobilinin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq piyada İddiaçı baş beyin əzilməsi, alın, sol təpə, sağ gicgah paylarına, beyin mədəciklərinə qansızıma, sağ gicgah sümüyünün yerini dəyişməyən xətti sınığı və alın nahiyəsinin sıyrığına səbəb olan küt travması, ağ ciyərlərin və qara ciyərin kontuziyasına (əzilməsinə) səbəb olan döş qəfəsinin və qarının küt travması ilə müşayət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərbə vurmaya aid xəsarətlər alaraq sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Yol-nəqliyat hadisəsi faktı üzrə Bakı şəhəri, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi qaldırılmış, 27 yanvar 2021-ci il tarixdə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilərək həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, ittiham aktı 08 fevral 2021-ci il tarixdə tərtib edilərək cinayət işi aidiyatı üzrə baxılmasından ötrü Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)-199/2021 saylı 31.03.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətin azadlıqdan məhrum etmək cəzasına məhkum edilmişdir. Yol-nəqliyat hadisəsi nəticəsində iddiaçı aldığı xəsarətlərlə bağlı Baku City Hospitalında müalicədə olmuş və ona göstərilən bütün tibbi yardımlarla bağlı klinikanın xəzinəsinə 19.687 manat məbləğində pul ödəmişdir. Sonra da hal-hazırki dövrə kimi ev şəraitində ambulator qaydada müalicə almışdır. İddiaçıya vurulmuş maddi ziyanla bağlı cavabdeh tərəfindən ona bir manat belə olsun maddi ziyan ödənilməmiş, bu barədə valideynlərinin dəfələrlə müraciət etmələrinə baxmayaraq onların müraciəti cavabsız qalmışdır. Həmçinin cavabdehin qanunsuz hərəkəti nəticəsində ona mənəvi zərər dəymişdir. Çünki, hadisə nəticəsində o, sarsıntı və iztirab keçirtmiş, uzun müddət gecə-gündüz yata bilməmiş, cavabdehin ona maddi yardım göstərməməsi daha da əsəbi etmişdir. Bu da iddiaçının mənəvi zayan keçirtməsinə səbəb olmuşdur. Odur ki, o bu keçirtdiyi sarsıntıların və mənəvi ziyanın qarşılığını 30 min manat məbləğində qiymətləndirir.. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3622/2021 saylı 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş maddi ziyanın əvəzi 19687 (on doqquz min altı yüz səksən yeddi) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 08 oktyabr 2020-ci il tarixində o, idarə etdiyi “Opel Astra H minik” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı Sovxoz yolunda Sabunşu qəsəbəsi istiqamətində hərəkətdə olarkən yoldan keçən piyada İddiaçı avtomobilinin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vurub. Ona kömək edilməsi üçün ilkin təcili tibbi yardımın çağırılması üçün zəruri tədbirlər görmüşdür. İddiaçının qohumları onu özəl klinikaya yerləşdirmişdirlər və bildirdiklərinə görə klinikaya 19687 manat məbləğində ödəniş etmişdirlər. Nəzərə alınmalıdır ki, həmin məbləğ həddən artıq şişirdilmiş olduğu üçün, maddi imkanın olmadığı üçün tibbi yardım xərclərini ödəyə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Qardaşov Fuad Baxşiali oğlu apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh qeyd edilən hissədə mübahisələndirməklə həmin hissədə apellyasiya şikayəti vermişdir. İddiaçı isə iddia tələbinin təmin edilməyən hissəsini ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3622/2021 saylı 26 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Baku City Hospital” klinikasının arayışından görünür ki, İddiaçı 08.10.2020-ci il tarixdən 21.11.2020-ci tarixə kimi klinikada müalicə almış və o, klinikanın xəzinəsinə 19687 manat məbləğində ödəniş etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh 08 oktyabr 2020-ci il tarixdə idarə etdiyi “Opel Astra H minik” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı Sovxoz yolunda Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olarkən yoldan keçən piyada İddiaçı avtomobilinin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq piyada İddiaçı sağlamlığına ağır ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan qanunvericilik normalarına istinad edərək məhkəmə haqlı olaraq hesab etmişdir ki, özügdən yol nəqliyyat hadisəsinin baş verməsində, bunun nəticəsində də iddiaçıya zərərin vurulmasında **-DY-*** dövlət qeydiyyat nişanlı “Opel Astra H minik” markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli hesab edilmişdir. Cavabdeh maddi ziyanın məbləği ilə razılaşmasa da, iddiaçıya dəyən ziyanın məbləğinin 19687 manat olması “Baku City Hospital” klinikası tərəfindən verilmiş arayışda öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh şikayətində məbləğin şişirdilmiş məbləğ olduğunu qeyd etsə də, bu halı təsdiq edəcək heç bir sübutu nə birinci instansiya məhkəməsində icraat zamanı, nə də apellyasiya instansiyasında təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh “Baku City Hospital” klinikası tərəfindən verilmiş arayışda qeyd edilən məbləği mübahisələndirməmiş, yalnız apellyasiya icraatında kompleks tibbi və məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş və qeyd olunan vəsatəti birinci instansiya məhkəməsi icraat zamanı deyil, apellyasiya icraatında vermişdir. Kollegiya cavabdehin qeyd edilən vəsatəti ilə bağlı qeyd edir ki, cavabdeh qeyd edilən vəsatət vermək hüququndan məhz apellyasiya icraatı zamanı istifadə etdiyini əsaslandıra bilməmişdir. Belə ki, apellyatorın birinci instansiya məhkəməsində iştirakı təmin edilmiş və hazırki vəsatətlə çıxış etmək imkanında olsa da, bu hüququndan istifadə etməmişdir. Ona görə də kollegiya vəsatətin təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3622/2021 saylı 26 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3622/2021 saylı 26 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar