Məhkəmə qərarları › İş №2(103)-1027/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1027/2025

12.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1027/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülki iş üzrə (açar sözlər: qanunsuz tikilinin sökülməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı vəkili Nümayəndə1, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-158/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriya ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2, bağ sahəsi, 42 saylı bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Vişnyovka-2 (Albalılıq-2) bağ sahəsi ünvanında yerləşən 40 saylı bağ evi (təqdim olunan forma 2 arayışına əsasən H.Sultanov küçəsi, bina 47, ev 97 ünvanında qeydiyyatda olan 1948-ci il təvəllüdlü) Cavabdeh2 adına xx.xx.1999-cu il tarixdə qeydiyyatda alınmış, hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Vişnyovka-2 bağ sahəsi ünvanında yerləşən 39 saylı bağ evi xx.xx.2005-ci il tarixli 4648 saylı müqavilə və keşmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitesi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixdə 16672 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2009-cu il tarixdə Cavabdeh1 (xx.xx.1954-cü il təvəllüdlü) oğlunun adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2, bağ sahəsidə mülkiyyətdə olan 0.111906 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.06 kv.m yaşayış sahədən ibarət 39 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 4301 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 sayl Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2- 10/5326 nömrəli və xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/398 nömrəli rəylərindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində yerləşən 42 saylı bağ evi sənədlər toplusunda təqdim edilmiş texniki pasporta uyğun deyildir. Vahid elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahpsində yerləşən 42 saylı bağ sahəsi (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına uyğun qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahpsində yerləşən 40 saylı bağ sahəsi evi sənədlər toplusunda təqdim edilmiş texniki pasporta uyğun deyildir. Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində yerləşən 39 saylı bağ evi sənədlər toplusunda təqdim edilmiş texniki pasporta uyğun deyildir. Vahid elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində yerləşən 39 saylı bağ sahəsi (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına uyğun qeydiyyata alınmışdır. Cavabdeh2 və Cavabdeh1 məxsus bağ sahələrinin ərazisinə giriş-çıxış hissəsində dəyişiklik edilmişdir, ilkin verilmiş texniki sənədlərə uyğun deyildir. İddiaçı bağ sahəsinin konfiqurasiyası və giriş-çıxış qapısı ilkin verilmiş sənədlərə uyğundur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı iddiası əsasında sözügedən əraziyə baxış zamanı məlum olmuşdur ki, qonşu ərazidə yaşayan Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus bağ sahəsinin şimal və qərb sərhədlərində yerləşən boş torpaq sahəsini hasarlamış və darvaza qoymuşlar. Qeyd olunanlarla bağlı izahlı sxem rəyə əlavə olunnur. Vahid elektron kadastr baza məlumatlarına əsasən keçid kimi qeyd olunan hissələr ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş plan-ölçülərdə və 1966-cı və 1975-ci il tarixli arxiv cizgilərdə nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi və qoyulmuş darvazaların plan sxemə uyğun olan yerinə köçürülməsi, Cavabdeh1 məxsus işıq və qaz sayğaclarının iddiaçının hasarından sökülməsi, hüquqi yardım üçün verdiyi 500 manat və 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Moskva prospekti 73/3 mənzil 44-də qeydiyyatda olsa da, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka 2 bağ sahəsində yerləşən 42 nömrəli bağ evində yaşayırdı. Qonşuluqda yaşayan 40 saylı evin sahibi, Cavabdeh2 təxminən 1-2 il olar ki, onun hasarı boyu ümumi istifadə üçün nəzərdə tutulmuş yolun təxminən 3 sot hissəsini zəbt edərək darvazasını onun darvazasının yaxınlığına qoymuşdur. Bundan sonra digər qonşusu Cavabdeh1 da yolun qalan hissəsini zəbt edərək darvazasını düz onun darvazasının yanına qoymuşdur. Beləliklə, onun darvazasının qarşısı dalana çevrilmişdir. O, əvvəlcə qonşu olduğu üçün buna fikir vermədi, lakin sonralar aralarında bir sıra problemlər yaranmağa başladı. Belə ki, qonşuları özlərinə məxsus maşınları darvazalarının ağzında saxlayanda o, öz maşını ilə həyətinə girib-çıxa bilmir. Cavabdehlər isə istər elektrik sayğacını, istərsə də qaz sayğacını iddiaçının hasarına quraşdırıblar və o, bu yaxınlarda darvazanın qabağını abadlaşdırmağa başlayanda Etibar ona bildirdi ki, nə qədər ki, onun sayğacları onun hasarına quraşdırılmış, o hasarın təmirinə icazə verməyəcək. İstifadəsində olan torpaq sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusdur və o, sxemdə göstərilən formada və ölçüdə torpaq sahəsini artıq uzun illərdir ki, hasara almışdır. Daha doğrusu atasının sağ vaxtı hasara alıb. Cavabdeh2 darvazası faktiki olaraq onun darvazasından təxminən 20-25 metr aralıda yerləşməlidir. Digər qonşusu Cavabdeh1 darvazası isə ümumiyyətlə onun bağının arxa tərəfində olmalıdır. Lakin Cavabdeh2 yuxarıda qeyd etdiyi kimi ümumi istifadədə olan yolun bir hissəsini qanunsuz olaraq zəbt edib, digər Cavabdeh1 da yolun qalan hissəsini zəbt edib və bu hal-hazırda ona bir sıra problemlər yaradır və o, öz mülkiyyətindən maneəsiz istifadə edə bilmir. Cavabdehlərin bu hərəkətləri yanğın təhlükəsizliyi qaydalarına da ziddir. Əgər cavabdehin evində yanğın baş verərsə, yaxud onun evin arxa tərəfində yanğın baş verərsə, yanğınsöndürən maşının nə onun evinə getməsi mümkün olmayacaq, nə də onun evin arxa tərəfinə keçməsi. Çünki cavabdehlər ümumi istifadədə olan yolu qanunsuz zəbt ediblər. Əgər qonşuda yanğın baş verərsə, onda yanğınsöndürən maşınlar onun evini söndürmək üçün həyətinə daxil olmalıdırlar. İddiaçının evində yanğın baş verərsə, dayanıb gözləməlidirlər ki, yanğın bu tərəfə də keçsin ki, söndürsünlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 158/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş hasarların müvafiq olaraq cavabdehlərin hesabına sökülməsi və qoyulmuş darvazaların plan sxemə uyğun olan yerinə köçürülməsi, Cavabdeh1 məxsus işıq və qaz sayğaclarının İddiaçı hasarından sökülməsi, iddianın qalan hissədə rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 150 manat еkspеrt xərci tutularaq, Dövlət Xəzinədarlığı Agеntliyi, KOD 210005, VÖЕN **********, müxbir hеsab AZ 41 NABZ******************** SWİFT Bik CTRЕAZ 22, Məhkəmə Еkspеrtizası Mərkəzi, VÖЕN **********, AZ34CTRЕ ******************** hеsabına köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka 2 bağ sahəsində yerləşən 42 nömrəli bağ evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin evin qonşuluğunda olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka 2 bağ sahəsində yerləşən 40 nömrəli ev Cavabdeh2, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka 2 bağ sahəsində yerləşən 39 nömrəli ev isə Cavabdeh1 mülkiyyətindədir. İş üzrə təqdim edilmiş sənədlərdən, keçirilmiş yerli baxışdan və ekspertin rəyindən görünür ki, cavabdehlər tərəfindən texniki pasporta uyğun olmayan şəkildə dəyişiklik edilmişdir. Cavabdehlərin darvazaları açıq-aşkar şəkildə plan sxemə uyğun olmayaraq ümumi istifadə üçün nəzərdə tutulmuş yola keçirilmişdir. Yerli baxış zaman həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus işıq və qaz sayğacları iddiaçının hasarında quraşdırılmışdır. Həmçinin müəyən olunmuşdur ki, cavabdehlər ümumi istifadədə olan yolu zəbt etməklə iddiaçının həyətindən giriş-çıxış hissəni kifayət qədər məhdudlaşdırmışlar. Göstərilənlər İddiaçı mülkiyyət hüquqlarını pozduğundan məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, qanunsuz inşa edilmiş hasarlar cavabdehlərin hesabına sökülməli və qoyulmuş darvazaların plan sxemə uyğun olan yerinə köçürülməli, Cavabdeh1 məxsus işıq və qaz sayğaclarının iddiaçını hasarından sökülməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Rеspublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1ci hissəsinə, 84-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 158/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə qətnaməsinin əsaslandırması zamanı məhkəmə ekspert rəyinə və yerli baxış protokoluna istinad etdiyini göstərsə də, ekspert rəyində cavabdehlər tərəfindən edilmiş dəyişikliklərin nədən ibarət olması göstərilməmişdir. Həmçinin ekspert rəyində göstərilir ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən 42 saylı bağ evi sənədlər toplusunda olan texniki pasporta uyğun deyildir. Bundan başqa, cavabdehlərin hərəkətlərində iddiaçının mülkiyyət hüquqlarına hər hansı müdaxilə olmadığından iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. AR Konstitusiya Məhkəməsinin 03 iyul 2015-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Sayğaclara gəldikdə isə, sayğacların iddiaçıya məxsus divarda olması onun mülkiyyətinə hər hansı zərər vurmur və sayğaclar kommunal xidmətləri təqdim edən dövlət müəssisələri tərəfindən orada quraşdırılmışdır. Cavabdeh olaraq hər hansı qərəzli hərəkət mübahisə predmeti deyildir. İddia həmin hissədə tam və düzgün araşdırılmadığından məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə isə cavabdehlərin bu hüquqlarını pozan qətnamə qəbul etməkə mülkiyyətində olan əmlaka istifadə hüquqlarını pozan qətnamə qəbul etmişdir. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Hazırki halda isə cavabdehlərin hərəkətlərində hüquqdan sui-istifadə hal yoxdur və hərəkətləri başqalarına ziyan vurmur. Qətnamənin qəbulu zamanı bu Qanunun da tələbləri pozulmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə isə iddiaçı maneənin və hüquqlarının pozulmasının nədən ibarət olmasına dair heç bir sübut təqdim etmədən iddianı təmin etmişdir. İddiaçının iddiasının təmin olunması zamanı məhkəmə iddiaçının subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. Cavabdehlərin hərəkətində heç kimin mülkiyyət hüquqlarına müdaxilə yoxdur. Edilmiş hər hansı dəyişiklik isə iddiaçı tərəfindən müraciətə əsas vermir. Həmin məqamı tam araşdırmayan məhkəmə mövcud olan sübutlara münasibətdə yalnış hüquqi nəticəyə gəldiyindən məhkəmənin sözügedən qətnaməsi ləğv olunmalı və iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Ona görə də, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-158/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə qətnaməsinin əsaslandırması zamanı məhkəmə ekspert rəyinə və yerli baxış protokoluna istinad etdiyini göstərsə də, ekspert rəyində cavabdehlər tərəfindən edilmiş dəyişikliklərin nədən ibarət olması göstərilməmişdir. Həmçinin ekspert rəyində göstərilir ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən 42 saylı bağ evi sənədlər toplusunda olan texniki pasporta uyğun deyildir. Bundan başqa, cavabdehlərin hərəkətlərində iddiaçının mülkiyyət hüquqlarına hər hansı müdaxilə olmadığından iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. AR Konstitusiya Məhkəməsinin 03 iyul 2015-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Sayğaclara gəldikdə isə, sayğacların iddiaçıya məxsus divarda olması onun mülkiyyətinə hər hansı zərər vurmur və sayğaclar kommunal xidmətləri təqdim edən dövlət müəssisələri tərəfindən orada quraşdırılmışdır. Cavabdeh olaraq hər hansı qərəzli hərəkət mübahisə predmeti deyildir. İddia həmin hissədə tam və düzgün araşdırılmadığından məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə isə iddiaçı maneənin və hüquqlarının pozulmasının nədən ibarət olmasına dair heç bir sübut təqdim etmədən iddianı təmin etmişdir. İddiaçının iddiasının təmin olunması zamanı məhkəmə iddiaçının subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. Məhkəmə tərəfindən cavabdehlərin hərəkətində iddiaçının mülkiyyət hüququnun pozulması halı sübut edilməmişdir. Məhkəmədə iddiaçının mülkiyyət hüququnun pozulması və qanunla qorunan mənafelərinin pozulması sübut edilməmişdir. Qətnamədə ekspert rəyi və yerli baxış protokoluna əsasən cavabdehlərin giriş-çıxışında dəyişiklik olması qeyd edilsə də, bu dəyişiklik iddianın təmin edilməsi hallarına uyğun deyildir. Məhkəmə heç bir sübut və qanuni əsas olmadan iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Ona görə də, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-158/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2, onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə1 apellyasiya şikayətləri ilə razılaşmayaraq şikayətlərin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilmiş Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdehlər apellyasiya şikayətinlərində qətnaməni bütövlükdə mübahisələndirsələr də, qətnamənin əsaslığı faktiki olaraq iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 158/2024 nömrəli qətnaməsi Cavabdeh1 məxsus işıq və qaz sayğaclarının İddiaçı hasarından sökülməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə bu iddia tələbləri təmin edilməməlidir. Belə ki, cavabdehlər iddiaçının hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmadığını bildirsələr də mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka 2 bağ sahəsində yerləşən 42 nömrəli bağ evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya, həmin evin qonşuluğunda yerləşən Bakı şəhəri Sabunçu rayonu Vişnyovka 2 bağ sahəsində yerləşən 40 nömrəli ev Cavabdeh2, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka 2 bağ sahəsində yerləşən 39 nömrəli ev isə Cavabdeh1 məxsusdur. Araşdırma zamanı həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh2 və Cavabdeh1 məxsus bağ sahələrinin ərazisinə giriş-çıxış hissəsində edilmiş dəyişikliklər onların bağ sahələrinə verilmiş ilkin texniki sənədlərinə uyğun deyildir. Belə ki, iddiaçı ilə qonşu ərazidə yaşayan cavabdehlər iddiaçıya məxsus bağ sahəsinin şimal və qərb sərhədlərində yerləşən boş torpaq sahəsini hasarlamış, öz bağ sahələrində olan darvazaların yerini hər hansı bir icazə, razılıq almadan dəyişərək iddiaçıya məxsus bağın giriş hissəsinə yaxın yerə qoymuşlar. Cavabdehlər tərəfindən texniki pasportlarına uyğun olmayan şəkildə edilmiş bu dəyişikliklər nəticəsində əvvəllər qonşuların ümumi istifadəsində olan yol bağlanmış, cavabdehlərin darvazaları onların plan sxeminə uyğun olmayaraq ümumi istifadə üçün nəzərdə tutulmuş yola keçirilmişdir. Nəticədə cavabdehlər ümumi istifadədə olan yolu zəbt etməklə iddiaçının həyətinə giriş-çıxışı məhdudlaşdırmışlar. Göründüyü kimi cavabdehilərin bu hərəkətləri iddiaçının mülkiyyətində olan bağdan və torpaq sahəsindən istifadə etməsinə manelər yaratdığından iddiaçı cavabdehlərə qarşı inşa edilmiş hasarların müvafiq olaraq cavabdehlərin hesabına sökülməsi və qoyulmuş darvazaların onların plan sxemlərinə uyğun olan əvvəlki yerlərinə köçürülməsini tələb etməkdə subyektiv hüquqa malik olmuş, iddia tələbini bu hissədə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə qanuni və əsaslıdır. Belə ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədildiyi halda mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı, bu cür hərəkətlər davam etdirildikdə isə o, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Ona görə də kollegiya iddia tələbini bu hissədə təmin edən birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır, apellyasiya şikayətlərinin qətnamənin bu hissədə ləğv edilməsi ilə bağlı dəlillərini əsassız hesab edir. Kollegiya iddia tələbinin Cavabdeh1 məxsus işıq və qaz sayğaclarının İddiaçı hasarından sökülməsinə dair təmin edilən hissəsinə münasibət bildirib qeyd edir ki, qeyd olunan sayğaclar bu cavabdeh tərəfindən deyil, müvafiq olaraq həmin xidmətləri göstərən qrumlar, yəni Azəriqaz İB və Azərişıq ASC tərəfindən quraşdırıldığından həmin sayğacların sökülməsini, yerinin dəyişdirilməsini Cavabdeh1 tələb etməkdə iddiaçı haqlı deyildir. Bu iddia tələbini təmin edən birinci instansiya məhkəməsi isə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmamış, nəticədə bu tələb üzrə maddi hüquq və prosessual hüquq normalarının pozulması nəticələnən məhkəmə aktı qəbul etmişdir. İstinad olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(008)-158/2024 nömrəli qətnaməsi Cavabdeh1 məxsus işıq və qaz sayğaclarının İddiaçı hasarından sökülməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə bu iddia tələbləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-158/2024 nömrəli qətnaməsi Cavabdeh1 məxsus işıq və qaz sayğaclarının İddiaçı hasarından sökülməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbləri təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar