Məhkəmə qərarları › İş №2(103)-1028/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1028/2023

07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1028/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(005)- 4831/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı xarici ölkəyə gedişi ilə əlaqədar COVİD-19 testi üçün Cavabdeh1 klinikasına müraciət etmiş, İddiaçı həmin klinikada COVİD-19 testinin nəticəsi pozitiv çıxmış və onu COVİD-19 xəstələrinə aid elektron sistemə əlavə etmişlər. İddiaçı “Referans” klinikada COVİD-19 dair test vermiş və nəticə neqativ çıxmışdır. İddiaçı nəticədə planlaşdırdığı səyahətə gedə bilməmişdir. Bunun səbəbi kimi klinikalar arasında olan COVİD-19 dair testlərin nəticələrinin fərqli olmasını qeyd etmiş və Cavabdeh1 ona dəymiş ziyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində çıxarılan yanlış PCR test nəticəsinin ləğv edilməsi, həmin nəticələrə görə ona dəymiş 4820 manat məbləğində maddi zərərin, 4000 manat məbləğində mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi və pozulmuş subyektiv hüquqlarının cavabdeh tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2020-ci ildən davam edən pandemiya şəraitinə görə dünya ölkələrinin bir çoxunda olduğu kimi Azərbaycan Respublikasında da xüsusi karantin rejimi tətbiq olunur. Bu rejimlə əlaqədar olaraq ölkəyə giriş-çıxış müəyyən məhdudiyyətlərlə həyata keçirilir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.1-ci bəndinə görə Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVİD-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənir. Belə müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödənilir. Həmin Qərarın 2.1.3.2-ci maddəsinə əsasan Azərbaycan Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcılar Azərbaycan Respublikasının vətəndaşları və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları - müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVİD-19-a dair PCR testinin ‘‘neqativ” nəticəsini təsdiq edən sənəd əsasında reysə qəbul edirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi PCR testi götürən klinikaların siyahısını təqdim etmişdir. Həmin klinikalar Qanunla nəzərdə tutulmuş qaydada və şəraitdə, istifadəyə yararlı avadanlıqlarla, tam təchizatlı laboratoriyada və tam gigiyenik şəraitcə vətəndaşlardan COVİD-19 testi götürməlidirlər. Bu siyahıya daxil olan Cavabdeh1 həyat yoldaşı X8 ilə birlikdə xx.xx.2021-ci il tarixdə PCR testi vermişlər. Həyat yoldaşının nəticəsi “neqativ” olmuşdur. Lakin onda COVİD-19-a dair qızdırma, dad və iy bilmənin yox olması, öskürək və bu kimi digər simptomlardan heç biri olmadığı halda testinin nəticəsi “pozitiv” çıxmışdır. Eyni tarixçə “Referans” klinikasında test vermiş, həmin klinikada isə testinin nəticəsi “neqativ” çıxmışdır. Ondan PCR testi götürülərkən gigiyena qaydalarına əməl olunmamış, otaqda kənar şəxslər olmuş və tibb işçisi ondan yemək yeyərək test götürmüşdür. PCR testinin götürülmə qaydasına görə burun və boğazdan yaxma alınmalı olduğu halda, yalnız burnundan yaxma götürülmüşdür. “Referans” klinikasında bu qaydaya əməl edilməklə, burnundan və boğazından yaxma götürülmüşdür. Cavabdeh1 analiz üçün etdiyi ödənişlə bağlı ona və həyat yoldaşına heç bir çek verməmişdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, Cavabdeh1 ümumiyyətlə götürülən yaxma nümunələrini laboratoriyada yoxlanışa göndərməmiş və onun barəsində əsassız olaraq “pozitiv” nəticə çıxarmışdır. Cavabdeh1 əməkdaşlarına yol verdikləri yanlışı düzəltməsi və ondan yenidən test götürülməsi üçün müraciət etsə də, özünü həmin klinikanın laboratoriyasının işçisi kimi təqdim edən Eldar adlı şəxs zəng edərək bunun mümkün olmadığını, artıq adının sistemə yoluxan kimi salındığını demişdir. Göründüyü kimi, onun hüquqlarını kobud şəkildə pozmuş, öz etibarlarına zərər gəlməsin deyə yol verdikləri səhvi aradan qaldırmaqdan imtina etmişlər. Yol verilmiş qanun pozuntusu nəticəsində peyvənd olunmağı barədə tibb müəssisələrinə müraciət etmək imkanından məhrum olmuşdur. Bunun nəticəsində həyat və sağlamlığı təhlükə altında qalmışdır. Pozulmuş hüquqlarının bərpası ilə bağlı Cavabdeh1la yanaşı, Azərbaycan Respublikasının Səhiyyə X12 və eyni zamanda, TƏBİB-in sədri Ramin Bayramlıya şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin bu günədək Səhiyyə Nazirindən heç bir cavab məktubu gəlməmiş, xx.xx.2021-ci tarixdə TƏBİB tərəfindən göndərilmiş cavab məktubunda isə bu məsələnin TƏBİB-in səlahiyyətləri xaricində olduğu bildirilmiş, hüquqlarının bərpası ilə bağlı heç bir tədbir görülməmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ailə üzvləri ilə birgə Türkiyə Respublikasına istirahətə getmək üçün "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixdə otel xərcləri və aviabiletlərlə birlikdə 8450 manat məbləğində “Turizm xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlamış və 4590 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş tarif əsasında və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində müəyyən edilmiş müqavilə əsasında özü və həyat yoldaşı ilə birgə PCR testinə cavabdeh bir nəfər üçün 70 manat olmaqla, ümumilikdə 140 manat, “Referans” Hospitalda PCR testi üçün isə 90 manat olmaqla, ümumilikdə 4820 manat ödəniş etmişdir. Verdiyi test nümunələrinin cavabları, müqavilə və etdiyi mədaxil qəbzləri iş materiallarına əlavə olunmuşdur. Bağladığı müqavilə və aldığı biletlər batmış, yanlış test nəticələrinə görə yenidən test vermək məcburiyyətində qalmış və buna görə ona xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən çıxarılan yanlış test nəticəsinə görə həyat yoldaşı, bir və beş yaşında olan iki övladı ilə birgə karantin şəraitində qalmağa məcbur olmuşdur. Ailədə heç bir COVİD xəstəsi olmadığı halda cəmiyyətdən izolyasiya olmuş, işə gedə bilməmiş, zəruri ərzaq malları almaq üçün çölə çıxa bilməmiş və fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Cavabdehin yanlış test nəticəsinə görə işə gedə bilmədiyi üçün bu hal əmək fəaliyyətinə mənfi təsir göstərmişdir. Əmək hüquqları, ailənin və onun istirahət hüquqları pozulmuş, bu hal onda və ailə üzvlərində mənfi psixi reaksiyaya səbəb olmuş, güclü sarsıntı, əsəb və stress yaşamışlar, onlara mənəvi ziyan dəymişdir. Cavabdehin əməkdaşlarının işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun hüquqlarına mühüm zərər vurulmasına səbəb olmuş, cavabdeh tərəfindən ona maddi və mənəvi zərər yetirilmiş, özünün və ailə üzvlərinin subyektiv hüquqları pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(055)- 4831/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.2021-ci il tarixli “Referans” X6 və Poliklinikasının iddiaçıya dair SARS-Cov2 (Covid- 2019) PCR analizinin nəticəsinə iddiaçının əsaslanmaqla onun bu xəstəliyə yoluxmadığını bildirməsi əsaslı hesab edilə bilməz. Belə ki, testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilməsi və dəqiq nəticələri əks etdirməməsi baxımından cavabdehin iddiaçıya dair Covid-19-RT-PCR analizinin nəticəsin pozitiv çıxması onun təqsirinin olçüsü kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, 1112, 1115 və 1118-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıdan PCR testi götürülərkən gigiyena qaydalarına əməl olunmamış, otaqda kənar şəxslər olmuş yə tibb işçisi iddiaçıdan yemək yeyərək test götürmüşdür. Eyni zamanda, PCR testinin götürülmə qaydasına görə burun və boğazdan yaxma alınmalı olduğu halda, yalnız burundan yaxma götürülmüşdür. İddia tələbini əsaslandırmaq üçün təqdim olunmuş sübutların bir hissəsi məhkəmə tərəfindən unudularaq sübutlar siyahısından çıxarılmışdır. Belə ki, "xxxx" MMCyə xx.xx.2021ci il tarixdə ilkin ödəmə olaraq 2545 manat ödənilməsi göstərilsə də, xx.xx.2021-ci il tarixdə fiziki şəxs X4 bank hesabına ödənilmiş 5.000 (beş min) manata əsassız olaraq qiymət verilməmişdir. TƏBİB-ə iddiaçı tərəfindən yol verilmiş qanun pozuntusunun araşdırılması ilə bağlı edilmiş müraciətinə TƏBİB tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “məsələ TƏBİB-in səlahiyyəti xaricindədir” cavabı olmasına baxmayaraq həmin sübut nəzərə alınmamışdır. İş materiallarına əlavə edilmiş və Respublika Diaqnostika Mərkəzi tərəfindən iddiaçıdan götürülmüş PCR test nəticələrinə dair xx.xx.2021-ci il tarixli “neqativ” nəticə də sübutlar siyahısından çıxarılmışdır. Mülki Məcəlləsinin 1112-ci maddəsinin tələbinə əsasən cavabdeh nəinki öz təqsirsizliyini sübuta yetirmiş, heç məhkəmə iclasına belə gəlməmiş və hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə isə Mülki Prosessual Məcəllənin 78.2 maddəsinin tələblərini pozmaqla verdiyi sorğuya cavabdehin verdiyi cavabda əks olunan və heç bir hüquqi və tibbi əsası olmayan mülahizəni sübut kimi qiymətləndirmişdir. Əslində isə Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli sorğusuna verdiyi cavabda bildirilmişdir ki, COVİD-19 infeksiyasının diaqnostikası üçün X7 tərəfindən qəbul olunmuş yeganə labarator müayinə üsulu ƏT-PZR-dir və diaqnostik testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən olunur. Göründüyü kimi, istər cavabdeh tərəfindən, istər “Referans” klinikası tərəfindən, istərsə də Respublika Diaqnostika Mərkəzi tərəfindən iddiaçıdan götürülmüş PCR test nəticələri eyni labarator müayinə üsulu ƏT-PZR ilə aparılmışdır. Nəticədə həmin Məcəllənin 76-cı və 77-ci maddələrinin tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1993/2022 saylı mülki iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, qanunvericilik iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən 4.820 manat maddi ziyanın cavabdehin təqsirli hərəkəti nəticəsində vurulması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən zərər vurulmasını sübut etməsi yükü iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, klinikalar arasında COVİD-19 dair testlərin nəticələrində yaranmış ziddiyyət həmin klinikalarda istifadə edilən fərqli istehsalçılar tərəfindən istehsal olunan testlər və həmin testlərdə istifadə olunan reaktivlərdən irəli gəlir. Məhkəmə onu da qeyd etmişdir ki, testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilməsi və dəqiq nəticələri əks etdirməməsi baxımından Cavabdeh1 İddiaçı dair Covid-19-RT-PCR analizinin nəticəsin pozitiv çıxması onun təqsirinin olçüsü kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz. İddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apelyatorun maddi və mənəvi zərərlə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. İddiaçı apellyasiya şikayətində iddiaçıdan PCR testi götürülərkən gigiyena qaydalarına əməl olunmadığını, otaqda kənar şəxslərin olduğunu, tibb işçisinin iddiaçıdan yemək yeyərək test götürdüyünü bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab etmişdir ki, apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3678/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1993/2022 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasi instansiyasının mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmələr iddianı rədd edərkən mövqelərini belə əsaslandırmışlar ki, “testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilməsi və dəqiq nəticələri əks etdirməməsi baxımından cavabdehin iddiaçıya dair Covid-19-RT-PCR analizinin nəticəsin pozitiv çıxması onun təqsirinin olçüsü kimi qiymətləndirilə bilməz.”Halbuki, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Odur ki, hazırkı mübahisənin düzgün həlli üçün cavabdehin əməlinin qeyri hüquqi, yəni verdiyi test nəticəsinin yalnış olub-olmadığını müəyyənləşdirmək mühüm əhəmiyyət kəsb edir. Baxılan işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının eyni gündə iki ayrı tibb müəssisəsində verdiyi analiz nəticələri müxtəlif olmuşdur. O, sonrakı günlərdə də müvafiq tibbi yoxlamadan keçmişdir. Məlum olduğu kimi, tibb müəssisəsində test (analiz), habelə digər müayinələr müvafiq tibbi protokol və qaydalar əsasında aparılmaqla, tədqiqat və müayinənin metodologiyası, gedişatı və nəticənin alınması bir qayda olaraq, müvafiq məlumat bazasında (xəstəlik tarixi, tibbi karta, elektron daşıyıcı və s. ) saxlanılır. Odur ki, həmin xüsusatlar üzrə mübahisəli halların qeyd edilən tibbi və digər məlumatlar əsasında ixtisaslı şəxslərin rəyi ilə yoxlanılması mümkündür. Hazırkı işdə məhkəmə həmin prosessual imkanlardan istifadə etməmiş, eyni şəxsin eyni gündə iki ayrı tibb müəssisəsində verdiyi analiz nəticələri müxtəlif olduğu halda cavabdehin mübahisə olunan testinin mötəbərliyini aydınlaşdırmaq üçün mütəxəssisin məsləhəti və ya şərhinin alınmasını, zəruri olduqda məhkəmə-tibbi ekspertizanın keçirilməsini tərəflərlə müzakirə etməmiş, bu xüsusat üzrə işdəki ziddiyyətli məlumatlara və sübutlara dair yekun qənaətini qətnamədə əks etdirməmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin taç yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1118.3. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı COVİD-19 virusunun yoxlanması barədə cavabdehin verdiyi PCR testinin yalnışlıqla pozitiv nəticə ilə verilməsinə istinad edərək həmin test nəticəsinin ləğv olunmasını, düşdüyü maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdehin istinad olunan əməli xx.xx.2021-ci il tarixdə iddiaçının barəsində verdiyi Covid-2019 PCR testinin pozitiv nəticəsidir. Başqa sözlə, iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli “Referans” X6 və Poliklinikasının İddiaçı dair SARS- Cov2 (Covid-2019) PCR analizinin nəticəsi neqativ olsa da, eyni tarixli Cavabdeh1 İddiaçı dair Covid-19-RT-PCR analizinin nəticəsin pozitiv çıxmaqla mübahisəli vəziyyət yaranmışdır. İddiaçı bu nəticənin cavabdehin təqsiri ücbatından yalnış verildiyini, bu səbəbdən səfərə getmək imkanından məhrum olmaqla zərərə düşdüyünü (4820 manat məbləğində maddi, 4000 manat məbləğində mənəvi) bildirərək, tələbinin faktiki əsası kimi eyni tarixdə “Referans” X6 və Poliklinikasının onun barəsində verdiyi SARS-CoV2 (Covid-2019) PCR analizinin neqativ nəticəsinə istinad edir. Göründüyü kimi, iddiaçının eyni gündə iki ayrı tibb müəssisəsində verdiyi analiz nəticələri müxtəlif olmuşdur. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərə uyğun olaraq apardığı araşdırmalara əsasən müəyyən etmişdir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusuna, hüquqla və ya iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əmələ, hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Respublika Gigiyena və Epidemiologiya mərkəzi X16n «Cavabdeh1» MMC-yə ünvanladığı xx.xx.2023-cu il tarixli cavab məktubundan görünür ki, eyni gündə təxminən 8 saat fərqi ilə verilmiş PZR testlərinin nəticələri (neqativ və ya pozitiv) ola bilər və bu həmin müddətdə «Covid-19» infeksiyasına yoluxmuş şəxsin sağlamlığı, yaxud infeksiyanın boğaz nahiyəsindən aşağı tənəffüs orqanlarına düşməsi səbəbindən ola bilər. Nəzərə alınması zəruridir ki, testlərin (o cümlədən PZR) kifayət qədər həssas olmadığı və az miqdarda da olsa antikoru «Görməməsi» mümkündür. Testlər uğursuz antigeni seçirsə onda digər virusların qalıq izləri aşkarlana bilər. Hər bir testin (o cumlədən PZR testi) virusu tapmaq və onu düzgün müəyyənləşdirmək imkanları məhduddur.«Covid-19» infeksiyası ilə əlaqədar PZR testlərinin nəticələrinin beynəlxalq praktiki təcrubəyə əsasən təxminən 95-96 faizlik həssaslığı var, qalan 4 % halda isə nəticə səhv ola bilər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xarici ölkəyə gedişi ilə əlaqədar COVİD-19 testi üçün Cavabdeh1 klinikasına müraciət edərkən həmin klinikada COVİD-19 testinin nəticəsi pozitiv çıxması nəticəsində onu COVİD-19 xəstələrinə aid elektron sistemə əlavə etmələrinə və həmin gün də digər klinikada COVİD-19 dair verdiyi testin nəticəsinin neqativ çıxmasına görə onun planlaşdırdığı səyahətə gedə bilməməsinə görə qeyd edilən xx.xx.2023-cu il tarixli cavab məktubunun məzmununda göstərilənlərə əsasən cavabdeh iddiaçı qarşısında mülki məsulyyət daşıyıcısı hesab edilə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və “TƏBİB” X16 tərəfindən verilmiş cavablardanda aydın olur ki, Azərbaycan Respublikası ərazisində fərqli istehsalçılar tərəfindən istehsal olunmuş reaktivlərdən istifadə olunur və COVİD-19-RTPCR, SARS-CoV-2 spike RBD test nəticələrinin həssaslıq göstəricisi laboratoriyada istifadə olunan reaktivin istehsalçı tərəfindən verdiyi istifadə qaydasında qeyd olunur, həmçinin diaqnostik testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilir. Odur ki, klinikalar arasında COVİD-19 dair testlərin nəticələrində yaranmış ziddiyyət həmin klinikalarda istifadə edilən fərqli istehsalçılar tərəfindən istehsal olunan testlər və həmin testlərdə istifadə olunan reaktivlərdən irəli gəlir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2021ci il tarixli, xx/xx-5339 nömrəli məktubundan və “TƏBİB” X15 xx.xx.2021-ci il tarixli, PHŞ/11-2-2021-4267 nömrəli məktubundan da görünür ki, COVİD-19 infeksiyasının diaqnostikası üçün X7 tərəfindən qəbul olunmuş yeganə laborator müayinə üsulu ƏT- PZR-dir və diaqnostik testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilir. Məhz bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilməsi və dəqiq nəticələri əks etdirməməsi baxımından Cavabdeh1 İddiaçı dair Covid-19-RT-PCR analizinin nəticəsin pozitiv çıxması onun təqsirinin olçüsü kimi qiymətləndirilə bilməməsinə dair qənaəti ilə razılaşır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı qarşısında təqsirli hərəkətlərinin olması və vurulmuş ziyanla onun hərəkəti arasında səbəbli əlaqənin olması müəyyən edilmədiyindən iddia tələbləri əsaslı sayıla bilməz. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iclasında iş üzrə ekspertiza keçirilməsinin müzakirəsi zamanı tərəflər bunu kollegiyanın səlahiyyətinə verdiklərini bildirdilər. Məhkəmə kollegiyası hesab edir ki, Respublika Gigiyena və Epidemiologiya mərkəzi X16n «Cavabdeh1» MMC-yə ünvanladığı xx.xx.2023-cu il tarixli cavab məktubunda göstərilənləri nəzərə alaraq iş üzrə ekspertiza keçirilməsini məqbul etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin elektron cavab məktubundan görünür ki, İddiaçı 3800 AZN nağd ödənişini və 110 AZN kartla ödənişi geri almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi maddi ziyanla bağlı hissədə təmin edilmədiyindən mənəvi ziyan hissəsində tələbə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(005)- 4831/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar