Məhkəmə qərarları › İş №2(103)-10288/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10288/2019

14.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10288/2019 14.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh, onun vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər X7 və Cavabdeh qarşı, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildiyi, “qeyri-yaşayış sahəsindən çıxarılma və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri Suraxanı rayonu Balıq zavodunun yaxınlığında (Əmircan qəsəbəsi, Atamoğlan Rzayev, 10 ünvanda yerləşən restoranın yanı) yerləşən qeyriyaşayış sahəsindən cavabdehlər Qafar Qafarovun və Cavabdeh çıxarılması, onlardan müştərək qaydada etibarnamənin ləğv edildiyi- xx.xx.2011-ci il tarixdən həmin obyektdən qanunsuz istifadə nəticəsində əldə edilmiş 42.000 manat bəhərin, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş uçot faiz dərəcəsi ilə ona hesablanmış 6.300 manatın və ona dəymiş 10.000 manat mənəvi zərərin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Qafar Qafarov və Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, keçmiş Balıq zavodunun yaxınlığında (hazırda Əmircan qəsəbəsi, Atamoğlan Rzayev 10 ünvanda yerləşən restoranın yanında) yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri bundan ibarətdir ki, məhkəmənin cavabdehlərin qeyri- yaşayış sahəsindən çıxarılmasna dair gəldiyi nəticə tam qanuni və əsaslıdır. Lakin həmin qeyriyaşayış sahəsinin qanunsuz istifadəsi nəticəsində əldə edilmiş bəhərin, ona hesablanmış faizin və dəymiş mənəvi zərərin ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi əsassızdır. Bu səbəbdən də, qətnamə qismən ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Suraxanı rayon İcra Başçısı H.Abutalıbov tərəfindən xx xxx 1999-cu il tarixli 909 saylı Sərəncama əsasən Suraxanı Balıq zavodunun yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi olan köşk onun adına keçirilmişdir. Sonradan xeyli xərc çəkərək, həmin tikilinin sahəsini mərhum həyat yoldaşı ilə genişləndirmiş və qeyri-yaşayış sahəsini avtomobil təmiri məntəqəsi kimi icarəyə vermişlər. Ərinin xəstə olması və onun da yaşlı evdar xanım olmağı səbəbi ilə onlar həmin qeyri-yaşayış sahəsini işlədərək, gəlir götürüb dolanmaq məqsədi ilə ərinin qardaşına həvalə etmiş və bu səbəbdən də xx.xx.2010-cu il tarixdə 7E/11-4099 reyestrdə qeyd edilmiş ümumi etibarnamə vermişlər. Lakin hazırkı cavabdeh Qafar Qafarov, onların etibarından suiistifadə edərək oğlu ilə birlikdə obyekti avtoservis kimi işlədərək bütün gəliri mənimsəyir, onları da min cür bahanə ilə aldadaraq qeyri-yaşayış sahəsindən çıxmır. Ona görə də onlar 1 saylı Notariat Kontoruna müraciət edərək, xx.xx.2011-ci il tarixdə xx.xx.2010-cu il tarixdə 7E/11- 4099 reyestrdə qeyd edilmiş ümumi etibarnaməni ləğv etdirmişlər. Əri rəhmətə gedəndən sonra onların maddi durumu daha da pisləşmişdir. Himayəsində xəstə əlil uşaq var. Həm onlar tərəfdən, həm də ki, ərinin qohumları tərəfindən bu vəziyyəti cavabdehə bildirilərək, qeyri-yaşayış sahəsinin qanunsuz istifadəsinin dayandırılması və yaxud gəlirinin onlara verilməsi xahiş olunsa da, o, buna heç bir məhəl qoymayır. Cavabdeh sözügedən qeyri-yaşayış sahəsini iki ayrı-ayrı icarəçilərə verərək, bir tərəfini avtomobil yağdəyişmə məntəqəsi kimi aylıq 300 manat gəlirlə, digər tərəfi isə çilingər emalatxanası kimi aylıq 200 manat gəlirlə istifadə edir. Bu icarə haqqı həmin ərazidə olan hazırkı orta bazar qiymətinə uyğundur. Cavabdehlər Qafar Qafarov və Cavabdeh da, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki,iddiaçının göstərdiklərinin hamısı cəfəngiyyatdır və reallığa uyğun deyildir. Belə ki, hal-hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsini cavabdeh Qafar Qafarov vaxtikən öz vəsaiti hesabına tikmişdir. İddiaçının mərhum yoldaşının həmin obyektə heç bir aidiyyəti olmamış, obyektin tikintisinə heç bir vəsait sərf etməmişdir. İşə baxılan zaman vəkil X13 tərəfindən İddiaçı əgər mərhum həyat yoldaşı həmin qeyri-yaşayış sahəsini tikdirdiyi halda hansı səbəbdən obyektin kommunal xidmətlərlə bağlı qeydiyyatının onun adına olmaması sualına iddiaçı cavab verə bilməmişdir. Bu hal da sübut edir ki, yuxarıda göstərilən obyekt iddiaçının mərhum həyat yoldaşı tərəfindən tikilməmişdir. İddiaçı məhkəmə prosesində obyektin onun mərhum həyat yoldaşı tərəfindən tikilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Əksinə cavabdehlər məhkəməyə həmin obyektin elektrik enerjisi təminatı ilə bağlı qeydiyyatının məhz cavabdeh Qafar Qafarovun adına rəsmiləşdirilməsi ilə bağlı müvafiq sübutlar təqdim etmişdir. Eyni zamanda xx xxxx 2018-ci il tarixdə, məhkəməyə uzun müddət həmin ərazidə yaşamış, mübahisələndirilən qeyri-yaşayış sahəsinin kimin tərəfindən tikilərək istifadə olunması ilə bağlı xüsusatları aydınlaşdırmaqdan ötrü şahid qismində dəvət olunmuş X9 dindirilməsi təmin edilməmişdir. Məhkəmə, prosessual hüquq normalarının tələblərini pozaraq cavabdehin öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün şərait yaratmamış, işdə müəyyən edilən hallarla və faktlarla əlaqədar olan sübutları qəbul etməmişdir. Bundan əlavə, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx xxx 1999-cu il tarixli sərəncamı ilə İddiaçı adına rəsmiləşdirilmiş köşkün ərazisinin hazırkı mübahisələndirilən qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin köşk təxminən 4-5 kv.metrlik ərazini tutmuşdur. Lakin hazırkı qeyri-yaşayış sahəsinin ərazisi təxminən 100 kv.metrdir. Məhkəmə qətnamədə vaxtı ilə köşkün qoyulduğu ərazinin mübahisələndirilən qeyri-yaşayış sahəsinə hansı qaydada aidiyyəti olub-olmamasını aydınlaşdırmadan, heç bir sübuta söykənmədən öz mülahizəsinə əsasən köşkün qeyriyaşayış sahəsinin ərazisində yerləşməsi qənaətinə gəlmişdir. Məhkəmə yalnız iş materiallarında olan Suraxanı Rayon İcra Hakimiyyətinin xx xxxx 2018-ci il tarixli məktubuna istinad etmişdir. Həmin məktubda göstərilir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin xx xxx 1999-cu il tarixli, 909 saylı sərəncamında qeyd olunan “Balıq zavodu”-nun yerində hal-hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən “Nişan Tac” şadlıq evi fəaliyyət göstərir. Yuxarıda göstərilən sərəncamda göstərilən “Balıq zavodu”-nun yerində hal-hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən “Nişan Tac” şadlıq evi fəaliyyət göstərməsi heç də köşkün yerləşdiyi 4-5 kv.metrlik ərazinin mübahisələndirilən qeyriyaşayış sahəsinin ərazisi olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, sərəncamda köşkün yerləşdiyi ərazinin dəqiq ünvanı göstərilməmiş, “Balıq zavodu”-nun yaxınlığında göstərilmişdir. “Yaxınlığında” ifadəsi isə geniş anlayışdır və 1 metrlik məsafəni də, 5 metrlik məsafəni də özündə ehtiva edə bilər. Nəzərə alsaq ki, “Nişan Tac” şadlıq sarayı ilə mübahisələndirilən obyektin arasındakı məsafə təxminən 30 metr təşkil edir, bu zaman vaxtikən köşkün yerləşdiyi 4-5 kv.m-lik yerin mübahisələndirilən qeyri-yaşayış sahəsinin ərazisinə düşmədiyi müəyyən edilir. xx xxxx 2018-ci il tarixli məhkəmə prosesində şifahi şəkildə vəsatət verilərək mübahisələndirilən qeyri-yaşayış sahəsinin “Nişan Tac” şadlıq sarayının yaxınlığında olub-olmamasını müəyyən etməkdən ötrü yerli baxış keçirilməsi təklif olunsa da məhkəmə vəsatəti təmin etməmişdir. İddiaçının iddia ərizəsində cavabdeh Qafar Qafarova xx xxxxxxxx 2010-cu il tarixdə ümumi etibarnamənin verilməsi və xx xxxx 2011-ci il tarixdə etibarnamənin ləğv edilməsi ilə bağlı bildirir ki, cavabdeh Qafar Qafarov ilkin olaraq şahid qismində ifadə verərkən göstərdiyi kimi həmin etibarnamə mübahisələndirilən qeyri-yaşayış sahəsindən istifadəyə görə deyil, İddiaçı istifadəsində olan çörək sexinin qaz təminatını sənədləşdirən zaman onu təmsil etmək üçün verilmişdir. Daha sonra həmin çörək sexinin qaz təminatının sənədləşdirilməsi baş tutmadığı üçün iddiaçı tərəfindən verilmiş etibarnamə ləğv edilmişdir. Etibarnamənin məzmunundan da görünür ki, etibarnamədə mübahisələndirilən qeyri-yaşayış sahəsinin istifadəyə verilməsi, ondan gəlir əldə edilməsi ilə bağlı heç bir səlahiyyət verilməmişdir. İddiaçı məhkəmədə verdiyi izahatda mübahisələndirilən qeyri-yaşayış sahəsinin onun mərhum əri tərəfindən guya təxminən ikimininci illərin əvvəllərində tikildiyini göstərmiş, lakin obyektdən istifadə etmək üçün etibarnamənin nə səbəbə təxminən 10 il sonra, 2010-cu ildə verilməsinə aydınlıq gətirməmiş, bununla bağlı verilmiş suala cavab verə bilməmişdir. Göstərilənlərdən əlavə o da bildirilir ki, iddiaçı xx xxx 1999-cu il tarixli, 909 saylı sərəncamla onun adına rəsmiləşdirilmiş köşkün yerləşdiyi ərazinin hal-hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsinin ərazisinə düşməsini sübut etsəydi belə, bu iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. Belə ki, həmin sərəncamdan görünür ki, Suraxanı Rayon İcra Hakimiyyətinin xx xxxxxx 1997-ci il tarixli, 166 saylı sərəncamı ilə icazə verilmiş köşkün X4 adından Qafarova (Paşayeva) Zərifə Cümşüd qızının adına keçirilmişdir. Həmin sərəncamda köşkün yerləşdiyi torpaq sahəsinin də iddiaçının istifadəsinə verilməsi göstərilməmişdir. Adı göstərilən köşk dəmir materialdan olmaqla asanlıqla bir yerdən başqa yerə daşına bilən əmlak olub. İddiaçı da hal-hazırda həmin köşkün harada olmasını izah edə bilməmişdir. Həmin köşk müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin ərazidən götürülmüşdür. Ona görə də, İddiaçı həmin köşkün mülkiyyətçisi və ya istifadəçisi olub, köşkün yerləşdiyi torpaq sahəsinə isə heç bir hüququ olmamışdır və hal-hazırda da yoxdur. Göründüyü kimi, İddiaçı hazırki məhkəmə prosesində Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin xx xxx 1999-cu il tarixli, 909 saylı sərəncamı ilə onun adına rəsmiləşdirilmiş köşkün yerləşdiyi torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə eyni yer olmasını sübut edə bilməmiş, həmin köşkün müvafiq icra hakimiyyəti orqanı tərəfindən sökülərək həmin ərazidən götürülməsi səbəbindən iddiaçının köşkə mülkiyyət hüququnun itirilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə şikayətlər təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi iddiaçının və cavabdehlərin apellyasiya şikayətlərində münaisbətdə, mübahisələndirdikləri hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili özlərinin apellyasiya şikayətinə uyğun izahat verərək, həmçinin bildirmişlər ki, Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamı ilə İddiaçı verilmiş köşkün mübahisələndirilən əraziyə heç bir aidiyyəti yoxdur. Sərəncamdan da görünür ki, dəmir köşk iddiaçının adına keçirilmişdir. Dəmir köşk isə asanlıqla bir yerdən başqa yerə daşına bilərdi. İddiaçı özü isə həmin dəmir köşkün harda olduğunu izah edə bilməmişdir. Həmin köşk isə müvafiq icra hakimiyyəti tərəfindən ərazidən götürülmüşdür. İddiaçının dəmir köşkə nə vaxtsa hər-hansı hüququnun olması o demək deyil ki, köşkün yaxınlığında yerləşən digər obyektlərədə onun istifadə hüququ yaranmalı və ya alınıb ona verilməlidir. Mübahisəli qeyri-yaşayış sahəsinin məhz iddiaçının mərhum ərinin pul vəsaiti ilə tikilməsi faktı yalnız formal mülahizələrə əsaslanır və hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. İddia tərəfinin dəvət etdikləri şahidlər isə əvvəlcədən öyrədilmiş şəxslərdir və məhkəməyə yalan məlumat vermişlər. Hətta tikinti aparan usta kimi dəvət etdikləri Nizami Tağıyevin ifadə verməmişdən əvvəl, gecə vaxtı gəlib mübahisəli sexləri ölçməsi videokamera vasitəsilə qeydə alınıb və görüntüləri məhkəməyə təqdim etmişlər. Ona görə də, iddiaçının şahidlərinin ifadələri nəzərə alınmamalıdır. Cavabdeh və vəkili, göstərilənlərin nəzərə alınmaqla, apellyasiya şikayətlərinin təmin, iddiaçının şikayətinin isə rədd olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, prosesin digər iştirakçıları məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclas iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin, iddiaçının apellyasiya şikayəti isə rədd edilməlidir. İşdə olan, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 909 saylı xx.xx.1999-cu il tarixli sərəncamına əsasən, Suraxanı Balıq zavodunun yaxınlığında yerləşən köşk X4 adından X2 adına keçirilmişdir. İşdə olan, 10 saylı notariat kontorunda 7E/11-4099 saylı reyestrlə qeydə alınmış xx.xx.2010-cu il tarixli etibarnamənin əslindən görünür ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, ev 24-də qeydiyyatda olan İddiaçı, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq digər hərəkətləri etməyi Bakı şəhəri, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, döngə 1 ev 1-də qeydiyyatda olan X7 etibar etmişdir. İş materiallarına əlavə edilmiş 10 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli arayışına əsasən, İddiaçı adından X5 adına xx.xx.2010-cu il tarixdə 7E/11-4099 saylı reyestrlə verilmiş ümumi etibarnamə İddiaçı şəxsi ərizəsi əsasında xx.xx.2011-ci il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1982-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnaməyə görə, X11 ilə X8 arasında nikah xx.xx.1982-ci il tarixdə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 1/1153 saylı məktubuna əsasən, İddiaçı köşkün qoyulmasına icazə verilməsi haqqında Suraxanı rayon İcra hakmiyyəti başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 909 saylı sərəncamında qeyd olunan «Balıq zavodu»nun yerində hal-hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən «Nişan Tac» şadlıq evi fəaliyyət göstərir. Kollegiya iddianın həlli ilə bağlı bildirir ki, mübahisə predmeti Bakı şəhəri, Suraxanı rayonu, keçmiş balıq zavodunun (hazırda Əmircan qəsəbəsi Atamoğlan Rzayev 10 ünvanda yerləşən “Nişan-Tac” restoranının) yaxınlığında yerləşən və cavabdehlər tərəfindən avtomobil təmiri sexləri kimi işlədilən qeyri-yaşayış sahəsidir. Həmin qeyriyaşayış sahəsi, ümumi tikili kimi vahid dam örtüyü ilə örtülsə də, içəridən arakəsmə ilə birbirindən ayrılmış, hər birinin əsas avtomobil (şose) yoluna açılan və ayrıca böyük giriş qapısı olan iki ayrı sexdən ibarətdir. Qarşısındakı əsas avtomobil (şose) yolu tərəfdən qeyri-yaşayış sahəsi ilə üzbə-üz dayandıqda sol tərəfdəki sexin yağ dəyişmə, sağ tərəfdəki sexin isə çilingər sexi kimi işlədildiyi müəyyən olunmuşdur. İddiaçı, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 909 saylı xx.xx.1999-cu il tarixli sərəncamına, habelə 10 saylı notariat kontorunda 7E/11-4099 saylı reyestrlə qeydə alınmış xx.xx.2010-cu il tarixli etibarnaməyə əsaslanaraq, Suraxanı Balıq zavodunun yaxınlığında yerləşən köşkün onun adına rəsmiləşdirildiyini, sonradan həmin köçkün yerində mübahisəli qeyri-yaşayış sahəsini tikdiklərini və işlətmək üçün etibarnamə ilə cavabdehlərə verdiklərini, onların isə qeyri-yaşayış sahəsini sahiblənərək onun istifadəsindən heç bir vəsaiti ona vermədiklərini bildirərək, hazırkı iddianı irəli sürmüşdür. Cavabdehlər isə, adı çəkilən sərəncamda göstərilən köşkün qoyulduğu yerin mübahisəli qeyri-yaşayış sahəsinə aid olmadığını, həmin sahələri özləri inşa etməklə maşın təmiri sexləri kimi işlətdiklərini və iddiaçının sexlərə heç bir hüququnun olmadığını bildirərək, iddiaya etiraz edirlər. Məhkəmə baxışı zamanı mübahisəli qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində tərəflərdən hər hansı birinin adına qeydə alınması aşkar edilməmişdir. Eyni zamanda, iddiaçının adına rəsmiləşdirilmiş köşkün əlamətləri və dəqiq yeri barədə məlumatlar mövcud deyil. Hazırkı apellyasiya baxışında Ali Məhkəmənin həmin halların araşdırılması ilə bağlı göstərişlərinə uyğun olaraq, Suraxanı Rayon İHB-nin xx.xx.1997-ci il tarixli, 166 saylı sərəncamı ilə qoyulmasına icazə verilmiş, Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 909 nömrəli sərəncamı ilə X6 adından X2 adına keçirilmiş, Suraxanı Balıq zavodunun yaxınlığında yerləşən köşkün qoyulması, götürülməsi, köşkün yerləşmə yeri, digər obyektlərlə yaxınlığı (məsafə göstərilməklə), sahəsi, materialı, onun hansısa tarixdə köçürülməsinə dair tədbirlərlə bağlı, habelə Suraxanı Balıq zavodunun yaxınlığında yerləşən, Cavabdeh faktiki istifadəsində olan qeyriyaşayış sahəsinin avtomobil təmiri məntəqəsi kimi istifadəsinə icazə verilib-verilməməsi, həmin sahənin Cavabdeh əvvəl kimin istifadəsində (hər hansı köşk və ya digər tikilinin) olması, sahənin genişləndirilməsi ilə bağlı hər hansı sənədləşmənin aparılıb-aparılmaması barədə ətraflı məlumatların və təsdiqedici sənədlərin əldə olunması üçün Bakı Şəhər İcra Hakimiyyətinə və Suraxanı Rayon İcra Hakimiyyətinə sorğular göndərilmiş, sonuncu qurum iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə nümayəndəsi məhkəmə iclasına dəvət olunmuş, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə yerində baxış keçirilmiş, şahidlər dinlənilmiş, İddiaçı adından Qafar Qafarova verilmiş xx.xx.2010-cu il tarixli, 7E/11-4099 saylı reyestr nömrəli etibarnamənin əsli işə əlavə olunmuş və digər prosessual hərəkətlər yerinə yetirilmişdir. Buna baxmayaraq, dövlət orqanlarının cavab məktublarında sorğu edilən hallara dair məlumatlar verilməmiş, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda Kollegiya hesab edir ki, mübhaisə predmeti olan qeyri-yaşayış sahəsi uzun müddət istifadə edilməklə, ondan iqtisadi baxımdan yararlanması mümkün olduğu üçün sahənin tərəflərdən hansına aid olması ilə bağlı mübahisə işdəki məlumat və sübutlar əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi, cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsinin bir qismindən çıxarılması hissəsində əsaslı sayılmalıdır. Belə ki, cavabdehlər istifadələrində olan qeyri-yaşayış sahəsinə iddiaçının heç bir aidiyyətinin olmadığını bildirsələr də, məhkəmə kollegiyası bu mövqeyi əsaslı saymır. Ona görə ki, iddiaçının ümumiyyətlə aidiyyəti olmadığı yerə haq iddia etməsi inandırıcı olmamaqla yanaşı, işdəki məlumatlara da uyğun gəlmir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsi cavabdehlərin faktiki istifadəsində olsa da, həmin sahənin onlara ayrılmasına, orada sözügedən sexləri inşa etmək üçün lazımi icazələrin məhz onlara verilməsinə, sexləri yalnız özlərinin tikməsinə və hüquqlarının dövlət qeydiyyatına alınmasına dair heç bir təsdiqedici sənədi və ya digər mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. İddiaçı isə, həmin ərazidə olan köşkün onun adına rəsmiləşdirilməsi haqında Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 909 saylı xx.xx.1999-cu il tarixli sərəncamını təqdim etmişdir. Kollegiya nəzərə alır ki, hansısa qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən keçməsə belə, bir qayda olaraq belə sahələrin ən azından dövlət tərəfindən verilmiş ilkin sənədi olur. Başqa sözlə, ilkin sahiblənmənin kökündə dayanan bir sənəd (İcra Hakimiyyətinin və ya Bələdiyyənin aktı və s.) olmadan dövlətin hansısa sahəyə sahiblik edilməsinə imkan verməsi inandırıcı deyil. Hazırkı işdə isə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə uyğun gələn ilkin sənəd cavabdehlərdə deyil, iddiaçıdadır. Həmin sənədin ləğv olunmasını və ya köşkə dair dövlətin verdiyi hüququn aradan qalxmasını təsdiqləyən mötəbər sübutlar olmadığı halda, sənəd sahibi olan iddiaçının deyil, istifadə etdiyi sexlərə dair heç bir ilkin sənəd təqdim edə bilməyən cavabdehlərin verdiyi məlumatlar üstün sayıla bilməz. Bundan əlavə, iddiaçı, tələbinin faktiki əsası olaraq bildirir ki, mübahisəli sahəni onun adından idarə etməsi üçün qardaşı Qafar Qafarova rəsmi etibarnamə vermiş və bu sənədi də məhkəməyə təqdim etmişdir. Apellyasiya baxışında 10 saylı notariat kontorunda 7E/11-4099 saylı reyestrlə qeydə alınmış, xx.xx.2010-cu il tarixli etibarnamənin əsli təqdim olunmuşdur. Həmin sənəddən görünür ki, İddiaçı, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi, habelə buna müvafiq olarq digər hərəkətləri etməyi Qafar Qafarova etibar etmişdir. Etibarnamədə idarəçiliyi tapşırılan əmlak konkret deyil, ümumi şəkildə qeyd olunsa da, həmin sübutun varlığı iddiaçının dediklərini təsdiqləyən ikinci bir rəsmi sənəddir. Cavabdehlər, həmin etibarnamənin mübahisəli qeyriyaşayış sahəsinə deyil, iddiaçıya məxsus olmuş çörək bişirmə sexinin idarəçiliyinə aid olması barədə xüsusi hala istinad etdikləri üçün həmin halı sübuta yetirmək yükü onların üzərinə düşür. Buna baxmayaraq, cavabdehlər həmin etirazın əsasında duran halları təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, işin mübahisəsiz hallarındandır ki, cavabdehlər iddiadan imtina etməsi üçün iddiaçıya 20.000 manat məbləğində pul təklif etmişlər. Cavabdeh tərəf bu təklifi aralarındakı qohumluq hörməti ilə izah etməyə çalışsa da, Kollegiya bu izahı inandırıcı saymır. Ona görə ki, əvvəla, tərəflər qohum olsalar belə, bir qayda olaraq, hər hansı pul ödənişinin ağlabatan səbəbi olur. Cavabdeh isə belə bir səbəbi göstərməmişdir. İkincisi, tərəflərin münasibətləri uzun müddət əvvəl pozulmuşdur. Mübahisəli vəziyyətdə olan qohumun qarşılıqsız olaraq digərinə bu məbləğdə pul verməsi həyatın normal axışı şərtlərinə uyğun deyil. Üçüncüsü, təklif olunan 20.000 manat qohuma əvəzsiz verilə bilən xırda həcmli ödəniş olmayıb, ciddi bir əmlak haqqının qarşılığı ola biləcək kompensasiya mahiyyətində məbləğdir. Odur ki, mübahisəli qeyri-yaşayış sahəsinin yeri və ümumi həcmi nəzərə alındıqda, həmin məbləğin əslində iddiaçının mövcud tələb haqqından imtina etməsi müqabilində təklif edilən kompensasiya olduğu şübhə yaratmır. Bu hallar iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə aidiyyətinin olmasını aşkar şəkildə təsdiqləyir. Odur ki, ağlabatan başqa izah olmadan cavabdehlərin mübahisəli vəziyyətdə olduları iddiaçıya 20.000 manat məbləğində pul təklif etməsi əhəmiyyətsiz dəlil kimi kənara qoyula bilməz. Digər tərəfdən dinlənilmiş şahidlər – iddia tərəfinin dəvət etdiyi Nizami Tağıyev və Nurayə Məmmədova, mübahisəli qeyri-yaşayış sahəsini iddiaçının ərinin tikdirdiyini, cavabdeh tərəfin dəvət etdiyi Fərmayıl Həsənov və Cəlil Quliyev isə onu cavabdehlərin inşa edərək işlətdiklərini ifadə etmişlər. Cavabdeh, təqdim etdiyi videogörüntüyə istinad edərək, şahid Nazim Tağıyevin ifadə verməmişdən əvvəl gecə vaxtı mübahisəli sexləri ölçməklə iddiaçının xeyrinə məlumat verdiyini və ifadəsinin yalan olduğunu bildirmişdir. Kollegiya qeyd edir ki, Nazim Tağıyevin ifadəsi şübhə halında mötəbər sübut kimi qəbul olunmasa belə, digər şahid ifadələri ilə sözügedən qeyri-yaşayış sahəsinin tikilməsində və genişləndirilməsində hər iki tərəfin iştirakının olması təsdiqlənir. Məhkəmə, qeyri-yaşayış sahəsinin elektrik enerjisi təminatı ilə bağlı qeydiyyatın Qafar Qafarovun adına olması barədə cavabdehlərin mövqeyi ilə bağlı bildirir ki, sexlərin onların sahibliyində və istifadəsində olması işin mübahisəsiz halıdır. Bu səbəbdən kommunal xidmət sənədləşməsinin sexi işlədən şəxsin adına rəsmiləşdirilməsi anlaşılandır. Ona görə də, bu fakt iddiaçının dediklərini təkzib, iddianın tamamilə rədd edilməsi üçün kifayətedici əsas deyil. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan dəlilləri birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, mübahisəli sexlər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 909 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı ilə iddiaçıya verilmiş köşkün yerində inşa edilmiş qeyri-yaşayış sahəsidir. Həmin sərəncam köşkün yerləşdiyi torpaq sahəsini də əhatə etməklə sahibi üçün əmlak hüququ təmin edir. Cavabdehlər həmin sahədə inşa edilərək genişləndirilmiş sexlərdən iqtisadi dəyər kimi yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana malik olmalıdır. Başqa sözlə, iddiaçının mübahisəli sahədən cavabdehlərlə birlikdə yararlanmaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, tikiliyə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Mülki Məcəllənin 158.1.2-ci, 158.2 və 158.4-cü maddələrinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də, mübahisə predmetindən əmlak marağı olan hər iki tərəfin yararlana bilməsi üçün iddia cavabdehlərin çıxarılması hissəsində qismən təmin edilməklə, cavabdehlər X12 və Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu keçmiş balıq zavodunun (hazırda Əmircan qəsəbəsi Atamoğlan Rzayev 10 ünvanındakı “Nişan-Tac” restoranının) yaxınlığında yerləşən və cavabdehlər tərəfindən avtomobil təmiri sexləri kimi işlədilən qeyri-yaşayış sahəsinin bir hissəsindən (içəridən arakəsmə ilə bir ayrılmış, əsas avtomobil (şosse) yolu tərəfdən qeyri-yaşayış sahəsi ilə üzbə-üz dayandıqda sağ tərəfdə, yəni “Nişan-Tac” restoranına tərəf yerləşən sexdən-tikilidən) çıxarılmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. Eyni zamanda kifayət qədər əsaslar müəyyən edilmədiyi üçün Cavabdeh xüsusi qərardad çıxarılmasına dair ərizəsi təmin olunmamalıdır. Kollegiya hesab edir ki, iddiaçı, kifayət qədər mötəbər sübutlar təqdim etmədiyi üçün maddi və mənəvi zərər tələblərinin birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsi əsaslı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayəti rədd edilməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci və 384.0.3-cü maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, habelə qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər X12 və Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin2(010)-3371/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən – cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində ləğv olunsun. Həmin hissədə iddia qismən təmin edilməklə, cavabdehlər X12 və Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu keçmiş balıq zavodunun (hazırda Əmircan qəsəbəsi Atamoğlan Rzayev 10 ünvanındakı “Nişan-Tac” restoranının) yaxınlığında yerləşən və cavabdehlər tərəfindən avtomobil təmiri sexləri kimi işlədilən qeyri-yaşayış sahəsinin bir hissəsindən (içəridən arakəsmə ilə ayrılmış, əsas avtomobil (şosse) yolu tərəfdən qeyri-yaşayış sahəsi ilə üzbə-üz dayandıqda sağ tərəfdə, yəni “Nişan-Tac” restoranına tərəf yerləşən sexdəntikilidən) çıxarılsınlar. Cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması tələbi qalan hissədə rədd edilsin. Cavabdehlərin apellyasiya şikayəti qalan hissədə, o cümlədən Cavabdeh xüsusi qərardad çıxarılmasına dair ərizəsi təmin edilməsin. İddiaçı apellyasiya şikayəti təmin olunmasın, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar