Məhkəmə qərarları › İş №2(103)-1031/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1031/2021

27.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1031/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5739/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(011)-258/2018 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmdən narazı qalan zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(011)-258/2018 saylı hökmünün dəyişdirilməsini, məhkum İddiaçı azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 1(011)-258/2018 saylı hökmü dəyişdirilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, saxlandığı 02 (iki) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019- cu il tarixli, l(102)-376/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(011)-258/2018 saylı hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə məhkum İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmiş, İddiaçı dərhal məhkəmə iclas zalından azad olunmuşdur. İddiaçı ali təhsillidir, atası Mövsümov Sərdar Əhməd oğlu xx.xx.1994-cü ildə vəfat etmiş, 3 yaşından anasının himayəsində qalmışdır. Anası Kəmalə Mövsümovanın qardaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.1994-cü ildə şəhid olmuşdur. İddiaçı iki dəfə olmaqla xx.xx.2015 və xx.xx.2017-ci il tarixlərdə ağır əməliyyata məruz qalmış, bununla əlaqədar əsəb sistemində problemlər yaranmış və kəskin nevroz diaqnozu ilə 26 saylı Şəhər Xəstəxanasında müalicə almışdır. Günay X1 ilə ailə həyatı qurmuş, həmin şəxs DTX əməkdaşı olduğu üçün X9 hüquq mühafizə orqanlarına şikayətindən sonra nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikaha xitam verilmişdir. İddiaçı anası ilə birlikdə nənəsi X2 məxsus evdə yaşayır, Murad Bəndəliyevin zərərin əvəzi olaraq Bədişah İmaməliyevaya məxsus evin atası Azər Bəndəliyevin adına keçirilməsi ilə əlaqədar çoxsaylı təkidlərindən sonra nənəsi Bədişah İmaməliyeva 25 iyunda insult keçirmiş, hazırda yataq xəstəsidir və Günayın anası Kəmalə Mövsümovanın himayəsindədir. Kəmalə Mövsümova anasına baxması ilə əlaqədar heç bir yerdə işləməmiş, bütün maddi yük İddiaçı üzərinə düşmüşdür. İddiaçı barəsində qanunsuz və əsassız ittihamın elan edilməsi ailənin mövcud ağır vəziyyətini daha da kəskinləşdirmişdir. Göründüyü kimi, İddiaçı həyatı olduqca ağır və acınacaqlı keçib, mahiyyətini tam olaraq dərk etmədiyi əmələ görə-aldığı borc əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ən ağır anda həyat yoldaşı tərəfindən nikahın pozulması ilə bağlı iddia qaldırılaraq tək buraxılmışdır. İddiaçı xx.xx.2014-xx.xx.2015-ci il tarixlərdə “xxxx” MMC-də mühasib vəzifəsində işləməklə 350 manat (əmək müqaviləsi üzrə), xx.xx.2016-xx.xx.2016cı il tarixlərdə “Omega Turizm və X10”də mühasib vəzifəsində işləməklə 400-500 manat (əmək müqaviləsi üzrə), xx.xx.2012- xx.xx.2013-cü illər tarixlərində “X14 XXİ əsr Azərbaycan Fondu”-da mütəxəssis qismində işləməklə 350 manat (əmək müqaviləsi üzrə), 2012-2013-cü illərdə “Azərbaycan Vətəndaş Cəmiyyətinin Seçki Qərargahı”nda işləməklə 500-700 manat, 2013-2015- ci illərdə “xxxx” Şirkətində işləməklə 450 manat, xx.xx.2016- xx.xx.2018-ci illər tarixlərində “xxxx” MMC-də mühasib vəzifəsində işləməklə 450 manat (əmək müqaviləsi üzrə) məbləğində aylıq məvacib almışdır, (işdən çıxma səbəbi barəsində cinayət təqibinin başlanmasıdır). Sonuncu iş yeri üzrə əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verilməsə də, İddiaçı faktiki ailə münasibətlərinin pozulduğu 2017-ci ilin noyabr ayından işdən kənarlaşdırılmışdır. Göründüyü kimi, İddiaçı 2017-ci ilin noyabr ayından xx.xx.2019-cu il tarixədək olan 14 aylıq dövr ərzində əsassız cinayət təqibi ilə bağlı aylıq məvacibdən məhrum olmuşdur. İddiaçı 2017-ci ilin noyabr ayında qondarma ittihamlarla cinayət təqibinə məruz qaldığı zaman əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əri Murad Bəndəliyevin faktiki sahibi olduğu, anası R.Q.Bəndəliyevanm direktoru olduğu “xxxx” MMC ilə aralarında olan əmək müqaviləsinə birtərəfli və əsassız qaydada xitam verilmiş və ardından nikahın pozulması ilə bağlı Murad Bəndəliyev məhkəməyə müraciət etmişdir. İşin bu hallarından görünür ki, faktiki ailə münasibətlərinin pozulduğu zaman ona əsassız ittiham elan edilməsindən əlavə İddiaçı əsassız yerə işdən çıxarılmış və əmək haqqı məhrumiyyətinə məruz qalmışdır. Göründüyü kimi, İddiaçı əsassız ittihamla bağlı cinayət təqibinə məruz qalması ilə bərabər maddi aspektdən də çətinliyə məruz qalaraq işdən çıxarılmış, həm əmək kitabçası “ləkə”yə məruz qalmış, həm də mövcud malik olduğu əmək haqqından məhrum edilmişdir. Habelə, göründüyü kimi, kifayət qədər iş təcrübəsi olan şəxsin qanunsuz və əsassız ittihamla cinayət təqibinə məruz qalması onun gələcək işgüzar nüfuzuna xələl gətirmiş, perspektiv baxımından uğurlarının qarşısı alınaraq mənəvi zərərə məruz qalmışdır. İddiaçı ibtidai istintaq orqanı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qanunsuz hərəkətləri və səhlənkarlıqları nəticəsində qanunsuz və saxta ittihamla cinayət təqibinə məruz qalıb və barəsində əsassız hökm çıxarılıb. İddiaçı barəsində olan hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, cəza çəkdiyi dövrdə çoxsaylı təhdid və fiziki təsirlərə məruz qalmış, bununla onun psixi vəziyyətinə güclü zərbə dəymişdir. Həmin hal, ibtidai istintaq dövründə Polis Bölməsində saxlandığı 48 saat ərzində də baş vermiş, polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalmışdır. Həbsdən çıxdıqdan sonra müxtəlif nevroloji və psixoloji müalicələr almışdır. Göstərilənlərə əsasən İddiaçı qanunsuz həbsi ilə əlaqədar ona dəymiş məhkəmə xərcləri, əldən çıxmış gəliri və hüquqi xidmət üçün ödədiyi məbləğ birlikdə götürülməklə, cəmi 6.500 manat maddi zərərə görə və mənəvi ziyana görə 100.000 (yüz min) manat məbləğində cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5739/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 1000 (bir min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə münasibətdə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən həmçinin iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1391/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməsi, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)- 5739/2019 nömrəli qətnaməsi iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət etmişdir. Qətnamədən İddiaçı kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3836/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 1391/2020 nömrəli qətnaməsi mənəvi zərərin tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarınını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız mənəvi zərərin tutulması hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə həmin hissədə ləğv edilərək baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5739/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 3000 (üç min) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(011)-258/2018 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, İddiaçı saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla İddiaçırqızına təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin İddiaçı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, İddiaçı üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, İddiaçı üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X9 mülki iddiasının təmin edilməsi, İddiaçı 40000 (qırx min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı X9 xeyrinə ödənilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018- ci il tarixli, 1(103)-1437/2018 saylı qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(011)-258/2018 saylı hökmünün zərərçəkmiş şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(011)-258/2018 saylı hökmü ilə İddiaçı təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının dəyişdirilərək ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən, X3 məhkəməyədək icraat dövründə saxlanıldığı 02 (iki) günün həmin cəzadan çıxılmaqla cəzaçəkməsi üçün 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, İddiaçı barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə əvəz edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsə alınması, cəzasının “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasınınəvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması, qərarın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmünün ləğv edilməsi, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə məhkum İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) X9 İddiaçı qarşı mülki iddiasının baxılmamış saxlanması, İddiaçı dərhal məhkəmə iclas zalından azad olunması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apelyasiya instansiyası mənəvi zərər tələbinə aid birinci instansiya məhkəməsinin qətnaməsinə iddiaçının şikayətinin dəlilləri əsasında lazımı qiymət verməmiş, yalnız mənəvi zərərin ağlabatan olmasını ümumi çəkildə qeyd etməklə, faktiki olaraq iddiaçının həmin hissədə şikayətinin dəlillərini araşdırmamışdır. Halbuki iddiaçı 4 ay 19 gün həbsdə olmasına görə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən 1000 manat mənəvi zərərin az olmasını dəlil kimi irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı barəsində AzərbaycanRespublikası CM-in 178.2.4cü maddəsiilə cinayətişi üzrə icraata bəraətverici əsaslarla xitam verilmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə yəni cavabdehdən mənəvi zərərə görə 1000 (bir min) manat alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» xx xxxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmin qanunun 5-ci maddəsinə əsasən isə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. X4 Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» xx xxxx 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. X13 Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», xx xxxx 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» xx xxxx 2000-ci il). Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə kollegiyası belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyrimaddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. X4 Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tə--rəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ha-be-lə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13- cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 3000 (üç min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Xüsusi ilə qeyd edilməlidir ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla onu heç bir maddiyyət əvəz edə bilməz. Lakin iddiaçının 4 ay, 19 gün azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması qanuni olmaqla yanaşı ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin apelyasiya şikayətinin mənəvi ziyan tələbinin əsaslandıran dəlilləri qismən əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5739/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 3000 (üç min) manat müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5739/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 3000 (üç min) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar