Məhkəmə qərarları › İş №2(103)-10313/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10313/2021

15.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10313/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(011)-1201/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi və mənəvi ziyana görə 10.000 manat təzminat və ödədiyi rüsumun cavabdehdən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyun ayında Ədalət adlı usta ilə telefonla əlaqə saxlamış, evinin təmir işlərinin aparılmasını ona həvalə etmişdir. Onlar aralarında zəhmət haqqı ilə bağlı razılaşmışlar və evinin açarını cavabdehə təhvil vermişdir. Cavabdeh məqsədli şəkildə yararsız iş görüb, alınan materialları yararsız hala salıb dəfələrlə yenidən aldırmışdır. Usta müxtəlif bəhanələr gətirərək görəcəyi işin pulunu da əvvəldən almış, cavabdehə 650 manat zəhmət haqqı və 10 manatdan yemək pulu vermişdir. O, isə iş görməyə saat 12:00-dan sonra gəlib vaxtın çoxunu telefonla danışıb, yatmış, işini layiqincə görməmişdir, irad bildirəndə cavabdeh işini yarımçıq qoyub getmişdir. Cavabdeh bir həftəlik işi aylarla uzadaraq eyni mallardan dəfələrlə aldırmaqla həmin malları özü ilə aparmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(011)-1201/2021 saylı qətnaməsi ilə iddia rədd edilmiş, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilmiş və İddiaçı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul vəsaitinin alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 18 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı evinin təmiri nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası mülki xarakter daşıdığından ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli rəydən görünür ki, təmir zamanı görülmüş işlərin əmək haqqı dəyəri sifarişçi ilə podratçı arasında razılaşdırma nəticəsində yarana bilər. Mülki iş materiallarında görülmüş işlərə dair hər hansı razılaşma sənədi və layihəsmeta sənədləri olmadığından, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzildə aparılmış təmir işlərinin dəyərini və həcmini müəyyən etmək mümkün olmamışdır. İddiaçı hazırda zəhmət haqqı barədə razılaşaraq, evinin təmir işlərini cavabdehə həvalə etdiyini, lakin cavabdehin pulu əvvəldən alsa da, işi aylarla uzadaraq eyni mallardan dəfələrlə aldırmaqla həmin malları özü ilə apardığını, malları yararsız vəziyyətə saldğını və işi yarımçıq qoyub çıxıb getdiyini iddia edərək, maddi və mənəvi ziyanı tələb edir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tələbinin əsasını, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi ifadələr hər hansı sənədə, müqaviləyə əsaslanmır. İddiaçı evin təmiri üçün aldığı təmir materiallarının cavabdeh tərəfindən aparıldığını iddia etsə də, o, həmin əmlakların nədən ibarət olmasını, onların cavabdeh tərəfindən aparılıb geri qaytarılmamasını sübuta yetirə bilməmiş, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Göründüyü kimi tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmış və bu müqavilədən irəli gələn münasibətlər yaranmışdır. Mülki Məcəllənin 752.1-ci maddəsində göstərilmişdir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Cavabdeh evi təmir etməyi, iddiaçı isə zəhmət haqqı olan muzdu ödəməyi öhdəsinə götürmüş, lakin tərəflər arasında yazılı müqavilə olmadığından podratçının (cavabdehin) icra etməli olduğu işlər, sifarişçi (iddiaçı) ilə razılaşdırılmış muzdun məbləği və digər halları müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kollegiya qeyd edir ki, burada hər iki tərəf öz tələblərini və etirazını əsaslandırmağa borcludur. Cavabdeh tərəf öz hərəkətlərinin qanuniliyini sübuta yetirməli olduğu kimi, iddiaçı da öz tələbini kifayət qədər aydın əsaslandırmalıdır. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandırdığı və sübuta yetirə bildiyi halda onun tələbi keçərlidir. Bunun üçün ilk növbədə şərh olunan faktlar müəyyən edilməlidir. İddiaçı tərəf tələb etdyi zərərin nəyə əsasən müəyyən edilməsini təsdiq edən dəlilləri təqdim etməmişdir. Qeyd etmək lazımdır ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir. Bu hallar onu deməyə əsas verir ki, iddiaçının tələbi əsassızdır, iddiaçı tərəf öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1201/2021 saylı iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar