Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10315/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4389/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3750 manat maddi və 5000 manat məbləğində mənəvi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4389/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi - Cavabdeh2 1050 (min əlli) manat maddi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı2 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tam əsassız formada 1050 manat pulun tutulmasını qət etmişdir. Qətnamənin yeganə istinad mənbəyi olduqca poetik formada yazılan iddia ərizəsidir. Belə ki, tərəfindən iddiaçıya hər hansı bir maddi zərər vurulmasını təsdiq edən heç bir fakt mövcud deyil. Həmçinin bu zərər mövcud olsa belə, müvafiq ekspertiza və qiymətləndirmə prosesindən sonra həmin zərərin qiyməti aşkar edilə bilərdi. Lakin məhkəmə yalnız iddia ərizəsində göstərilən əsassız faktlara istinad etmiş və zərərin məbləğini ümumi təxəyyül əsasında formalaşdırmışdır. Ortaya çıxmış uydurma maddi zərər iddiaçının cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardakı izahatında göstərdiyi maddi zərərdir. İddiaçı həmin araşdırma zamanı izahatında guya ona təxmini 600-700 manat zərər vurulduğunu göstərmiş, birinci instansiya məhkəməsi isə iddiaçının göstərdiyi zərərdən ən yuxarı hissəsinə istinad etmişdir. İddiaçının hazırki əsassız iddiası ilə oxşar məzmunlu şikayətləri nəticəsində hüquq-mühafizə orqanlarında da araşdırma aparılmışdır. Lakin ən sonda heç bir cinayət əməli törətmədiyi aşkara çıxarıldığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra isə iddiaçının əsassız şikayətləri əsasında ona inzibati cəza təyin edilməsi barədə məhkəmə qərar qəbul etsə də, apellyasiya instansiyası məhkəməsində həmin qərar ləğv edilmişdir. Bu isə onu göstəriri ki, hazırda iddiaçıya qarşı hər hansı qanundan kənar bir hərəkətinin olması faktını təsdiq edən heç bir xüsusat mövcud deyil. Sabunçu Rayon Məhkəməsi isə cinayət işinin başlanılmasının rədd edilməsi qərarında qeyd olunan 600- 700 manatlıq zərər ifadəsinə əsaslanaraq iddia ərizəsini qismən təmin etmişdir. Həmin 600-700 manatlıq zərər ifadəsi yalnızca cinayət işinin başlanılmasının rədd edilməsi üçün polis əməkdaşları tərəfindən qeyd edilmişdir. Məhkəmə isə mülki işə baxarkən bu zərərin reallıqda mövcud olub-olmamasına, əgər zərər mövcuddursa, o zərəri yetirməyinə və ən nəhayətdə isə zərərin maddi dəyərinə hüquqi qiymət verməli idi. Heç bir qiymətləndirmə tədqiqatı və ekspertiza aparılmadan, sözün əsl mənasında kor-koranə formada və icraatdakı işləri azaltmaq məqsədi ilə olduqca tələsik hazırlanmış hazırkı qətnamə hüququn aliliyini pozmaqla yanaşı sadə vətəndaş məntiqi ilə belə uzlaşmır. İddiaçının onunla şəxsi ədavəti səbəbindən davamlı olaraq ondan müxtəlif instansiyalara müraciət etməsi aydındır. Lakin bu əsassız iddia ərizəsinin Sabunçu Rayon Məhkəməsi tərəfindən tam əsassız qərarla təmin edilməsi qəbuledilməzdir. Həmçinin birinci instansiya məhkəməsi son məhkəmə prosesinin vaxtı barədə onlara məlumat verməmiş və bundan istifadə edərək iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Sabunçu Rayon Məhkəməsinin hazırki 1050 manatlıq zərər məbləğinə hansı hesablama yolu ilə gəldiyi məlum deyildir. Həmin məbləğin aşkara çıxarılması üçün heç bir qiymətləndirmə və ekspertiza tədqiqatı aparılmamışdır. Belə olan halda həmin məbləğin heç bir tədqiqat araşdırması aparılmadan, yalnızca iddia ərizəsində göstərilən əsassız faktlara istinad edilərək aşkara çıxarıldığı məlumdur. Hesab edirəm ki, hakim Nilufər Cəfərli olduqca yüksək qiymət verdiyi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı cinayət başalanılması qərarı ilə və yaxud təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərarı, hətta məhkəmə hökmü ilə dəyişik salmışdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər İddiaçı1 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsində iş materiallarındakı tədqiq olunmuş sənədlər sadalanmışdır. İşin hazırki apellyasiya mərhələsində baxılması zamanı təqdiq ediləndən əlavə sənədlər iş materiallarına təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1115, 21.1, 21.2-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinad edərək iddianı qismən təmin edilməsi qənaətinə gəlmişdir. Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissədə də ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsasdır. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, maddi və mənəvi zərər vurulması üçün cavabdehlər iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehlərin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçıların cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçılar cavabdehlərin maddi zərər ödəməli olduğunu iddia etsə də, bu barədə onların izahatından başqa işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Onların izahatı isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübut da onlar tərəfindən təqdim edilməmişdir. Əksinə, apellyasiya şikayətinin də dəlilləri iddianın əsaslı olduğunu təkzib etmişdir. İkincisi, iddianın qismən təmin edərkən məhkəmə işdə olan 24.12.2015-ci il və 26.01.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda müəyyən edilmiş məbləğlərə istinad etmişdir. Birinci qərarda 350 manat, ikinci qərarda isə 600-700 manat maddi zərər dəydiyi göstərilmişdir. Ancaq həmin qərarlarda qeyd olunan məbləğlər iddiaçıların izahatlarında bildirdiklərinə əsasən göstərilmişdir. Faktiki olaraq cinayət mühakimə icraatı qaydasında aparılan araşdırma zamanı zərərin həqiqətən vurulması halı yaxud məbləği müəyyən edilməmişdir. Yəni, iddiaçıların hələ bunu bəyan etməsi iddianın əsaslılığına təsir etmir. Çünki, bu halın bəyan edilməsi iddianın əsaslılığına dəlalət etmir. Yetər ki, iddiaçılar iddianın əsaslılığını sübuta yetirsinlər, əsas olacaqsa cavabdehlər mülki hüquqi məsuliyyətə cəlb olunacaqdır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4389/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə də rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4389/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi qismən yəni, iddianın təmin edildiyi hissədə ləğv edilsin və iddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10315/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10315/2021
29.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver