Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1032/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(005)- 1502/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi, əlavə cavabdeh qismində cəlb etmə və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdehndən, X4 və X5 xeyrinə vurulmuş maddi ziyana görə 31.973 manat, mənəvi zərərə görə 50.000 manat olmaqla, cəmi 81.973 manatın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(005)- 1502/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən maddi zərərə görə 31.973 (otuz bir min doqquz yüz yetmiş üç) manat və mənəvi zərərə görə 1.000 (min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsinə və iddia tələbinin tamamilə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətində göstərmişdir ki, iddiaçı 11000 manat ödənilməklə Niyaməddin həkimin xahişi ilə əməliyyat olunmasını Qardaşxan Mamedovla razılaşdırmış və həmin vəsaiti əməliyyat olunacağı klinikaya deyil, Qardaşxan Mamedova ödəmişdir. Belə olan halda Qardaşxan Mamedova ödənilmiş pul vəsaitini klinikaya ödənilmiş hesab edilməsi halı qəbuledilməzdir və məhkəmə qeyd olunan halla bağlı düzgün nəticəyə gəlməmişdir. Aparılmış əməliyyatın uğursuz olması məhz həkimin səhvi nəticəsində baş verməsi faktı məhkəmə tərəfindən araşdırılmamış, bununla da iddia tələbinin qismən təmin olunmasına dair qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə, apellyasiya şikayətinə isə etiraz edərək rədd edilməsini xahiş etdilər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak etməli olan cavabdehlər və nümayəndələri məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı səhhətində yaranmış problem ilə əlaqədar Cavabdeh MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle” hospitalın uroloq-androloqu professor X3 müraciət etmiş və həkimlər X4, X11 tərəfindən əməliyyat olunmuşdur. Lakin əməliyyat uğursuz olduğundan 2-ci dəfə təkrarən eyni həkimlər tərəfindən əməliyyat olunmuşdur. Buna baxmayaraq səhhətində ağırlaşmalar davam etmiş hazırda da ağrılarının azalması üçün ağrıkəsici dərmanlar, antibiotiklər qəbul edir. Aparılmış əməliyyatların uğursuz olması işdə olan “Renessans-S" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək və barəsində 25000 (iyirmi beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1512/2020 saylı 03.09.2020-ci il tarixli qərarı, İddiaçı ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə barədə qərar və ********* №-li cinayət işi üzrə X2 Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə üzrə ittihamın elan edilməsi barədə Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X1 qərarları ilə sübut edilmişdir. İddiaçı qeyd edilən əməliyyatların həyata keçirilməsi, əməliyyatdan öncəki və sonrakı müalicələr üçün lazım olan pul vəsaitini qarşılamaq üçün özü və həyat yoldaşının adına kreditlər götürmüş, damazlıq heyvanını satmışdır. Bu halı İddiaçı, bankdan və Beyləqan rayon İHB-nın Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsindən aldığı arayışlarla məhkəmədə sübuta yetirmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh MMC, X4 və X9 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 31.973 manat, mənəvi zərərə görə 50.000 manat olmaqla, cəmi 81.973 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. ...İddia tələbi üzrə mübahisələndirilən faktlar təqdim edilmiş sübutlarla tam olaraq sübuta yetmiş, Cavabdehndə həkimlər X4, X11 tərfindən aparılan əməliyyatlar nəticəsində İddiaçı sağlamlığına zərər vurulmuşdur. Məhkəmə bu nəticəyə gələrkən qeyd etməyi zəruri hesab edir ki, bu halın aparılmış qüsurlu cərrahiyyə əməliyyatının nəticəsində yaranması mümkündür. Məhkəmə hesab edir ki, İddiaçı xeyrinə maddi ziyana görə 31.973 manat məhz Cavabdehndən tutulmalı, həmin məbləgdə dair sübutlar məhkəməyə təqdim olunmuş, digər cavabdehlərə münasibətdə iddia təmin olunmamalıdır. Bundan başqa İddiaçı deliktlərin nəticəsi olaraq keçirdiyi mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdeh şəxsdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: ...Aparılan əməliyyatlar nəticəsində İddiaçı sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Belə ki, cavabdehin qüsurlu cərrahi əməliyyatı nəticəsində İddiaçı səhhətində problemlər əmələ gəlmiş, bu isə öz növbəsində iddiaçının mənəvi əzab çəkməsi ilə nəticələnmişdir. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, Cavabdehndən mənəvi ziyana görə 1000 (bir min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasını əsaslı və ədalətli hesab edir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin maddi və mənəvi ziyanla bağlı qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim edilməsi mümkün olan sübutlar təqdim edilmişdir. Həmin sübutlara əsasən onun fiziki, maddi və mənəvi zərərə məruz qalması işin mübahisəsiz halına çevrilmişdir. Buna görə də, Cavabdehn mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsas olmuşdur. Çünki, cavabdeh Miqrasiya Məcəlləsinin tələblərini pozaraq iş icazəsi almadan fiziki şəxs-əcnəbi həkim X10 09.02.2018-ci və 30.04.2018-ci il tarixlərində Cavabdehn tərkibində fəaliyyət göstərmiş “Medistyle” hospitalının inzibati binasında İddiaçı cərrahi əməliyyatının həyata keçirilməsinə cəlb etdiyi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.1 və 578.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, yəni İXM-in 192.1-ci maddəsi ilə barəsində 25000(iyirmi beş min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İkincisi, cavabdehin Miqrasiya Məcəlləsinin tələblərini pozaraq iş icazəsi almadan fiziki şəxs-əcnəbi həkim X10 09.02.2018-ci və 30.04.2018-ci il tarixlərində Cavabdehn tərkibində fəaliyyət göstərmiş “Medistyle” hospitalının inzibati binasında İddiaçı cərrahi əməliyyatının həyata keçirilməsinə cəlb etməsi nəticəsində sonuncunun üzərində aparılmış qüsurlu əməliyyatlar nəticəsində sağlamlığına, o cümlədən qanunla qorunan mənafeyinə zərər vurulduğu üçün Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə X12 barəsində CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmişdir. Qeyd olunan cinayət işi üzrə keçirilmiş və apellyasiya baxışı zamanı təqdim edilmiş məhkəmə tibbi ekspertizasının rəylərində də iddiaçının üzərində kifayət qədər qüsurlu, sağlamlığa mühüm dərəcədə zərər vuran cərrahi əməliyyatların icra olunması öz təsdiqini tapmışdır. Üçüncüsü, apellyasiya şikayətinin məzmunundan da bəlli olur ki, cavabdeh ümumiyyətlə bu faktları, yəni iddiaçının uğursuz cərrahi əməliyyata məruz qalmasını, bundan fiziki, maddi və mənəvi zərər çəkdiyini mübahisələndirmir. Onun mübahisələndirdiyi yeganə hal iddiaçı tərəfindən cərrahi əməliyyat olunması üçün ödənilən pulun klinikaya deyil, həkim Qardaşxan Mamedova ödənildiyindən bu pulun klinikaya ödənilmiş hesab edilməsi halını qəbuledilməz sayır və məhkəmənin qeyd olunan halla bağlı səhv nəticəyə gəldiyini düşünür. Ancaq qeyd olunduğu kimi həm Qardaşxan Mamedov, həm də X12 cavabdeh cəmiyyətin klinikasında, onun həkimi işçiləri kimi iddiaçının üzərində uğursuz cərrahi əməliyyatları icra edərək sonuncunun mənafeyinə mühüm zərər vurmuşdur. Demək, cavabdeh müəssisənin həkimi düzgün və tam olmayan tibbi müdaxiləsi nəticəsində iddiaçı fiziki, maddi və mənəvi zərərə məruz qalmışdır. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Əksinə keçirilən mənəvi sarsıntı və iztirabların maddi formada dəyərini müəyyən etmək çox vaxt mümkün olmur. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1099.1, 1112 və 1114.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən tələb olunan və məhkəmə tərəfindən müəyyən edilən maddi və mənəvi zərərin yalnız Cavabdehndən tutulub iddiaçıya ödənilməsi əsassız və qanunsuz olmamışdır. Çünki, qeyd olunan maddələrin tələbinə əsasən həmin cavabdeh müəssisə öz işçisi olan həkimlərin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı və əmək(qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən cavabdeh zərərin əvəzini ödədikdən sonra, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres) hüququ vardır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə qismən ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(005)- 1502/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1032/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1032/2022
17.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver