Məhkəmə qərarları › İş №2(103)-10343/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10343/2021

24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10343/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi və 4083,72 manat maddi zərərə görə, 1000 manat mənəvi zərərə görə və 31 manat dövlət rüsumu kimi ödənilmiş, cəmi 5114,72 manat pulun Cavabdeh ASC tərəfindən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Xudayev, iş № 2(004)-2816/21) iddia qismən təmin edilərək vurulmuş maddi zərərin əvəzi kimi 2121 (iki min yüz iyirmi bir) manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutulub İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı üçmərtəbəli binanın zirzəmisində 38,7 kv.m qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Kanalizasiya sularının sızması nəticəsində 2021-ci ilin yanvar ayında qeyri-yaşayış sahəsi yararsız vəziyyətə düşmüş, hal-hazırda bunun nəticəsində ona külli miqdarda ziyan vurulmuşdur. Onun tərəfindən 08 yanvar 2021-ci il tarixdə Cavabdeh ASC-yə ərizə ünvanlanmış və 22 yanvar 2021-ci il tarixli cavab məktubunda cavabdeh təşkilat etiraf etmişdir ki, həqiqətən də bu ünvanda küçə kanalizasiya xəttində tıxac əmələ gəlmiş, həyətdən küçə quyusuna qədər olan hissədə borunun ötürücülük qabiliyyəti pozulmuşdur. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən nasazlıq aradan qaldırılsa da, onun obyekti bərpa edilməmiş, hələ də yararsız vəziyyətdədir. Kanalizasiya sularının axması sahəni son dərəcə bərbad vəziyyətə salmışdır. Mütəxəssislər tərəfindən ekspertiza keçirilmiş və qeyri yaşayış sahəsinə dəymiş zərər 4083,72 manat miqdarında müəyyən edilmişdir. Rəydə bu məbləğin hesablanması ətraflı şəkildə qeyd olunmuşdur. Onun da maddi vəziyyəti buna imkan vermir ki, o sahəni təmir etsin. Hesab edir ki, kimin təqsiri üzündən sahə yararsız vəziyyətə düşübsə, o da, yəni cavabdeh təşkilat oranı təmir etməlidir. Cavabdehin uzun müddətdir ki, bu problemə biganə yanaşması və onu bu halla üz-üzə qoyması ona ciddi mənəvi təsir göstərmişdir. Onun imkansız və sakit təbiətli olmağından istifadə edən cavabdeh açıq-aşkar onun tələblərini vecinə almır. Hesab edir ki, maddi zərərin ödənilməsi ilə yanaşı, ona mənəvi zərərə görə də 1000 manat kompensasiya ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi tam araşdırmadan qətnaməsində yalnız ekspert rəyinə istinad etməklə əsassız qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir. Ekspert rəyində hesablamalar tamamilə şişirdilmiş formada qeyd olunmuşdur. Belə ki, həm ekspert rəyindən, həm də iddiaçının özünün məhkəməyə təqdim etdiyi fotoşəkillərdən aydın şəkildə görünür ki, obyektin sadəcə döşəməsinə və divarlarının yalnız aşağı hissələrinə az miqdarda ziyan dəymişdir. Məntiqlə düşündükdə belə, kanalizasiya sızmasının obyektin yuxarı hissələrinə və tavanına ziyan vurması mümkün deyildir. Lakin, ekspert səhvə yol verərək bunu nəzərə almamış və çəkilməli olan xərcləri bütün obyektə uyğun hesablamışdır. Ekspert maddi ziyanın hesablamasına obyektin bütünlükdə yenidən təmir xərclərini aid etmişdir. Belə ki, ekspert rəyində tərtib edilmiş xərclər smetasında ümumilikdə 38.7 kv.m. qeyri-yaşayış sahəsinin təmirinə aid xərclər göstərmişdir. Ekspert özü də rəydə qeyri-yaşayış sahəsinin təkcə divarlarına və döşəməsinə ziyan dəydiyini qeyd etsə də, tavana ziyan dəyməməsinə baxmayaraq, həmin hissəyə də ziyan hesablayaraq smetaya daxil etmişdir. Yuxarıda qeyd edilənlər ekspert rəyinin tamamilə əsassız olduğunu bir daha sübut edir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki qətnamə yalnız cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirilmişdir. Qətnamə iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Sukanal idarəsi iddiaçının ərizəsi (şikayəti) əsasında ünvan 2 ünvanındakı üçmərtəbəli binanın zirzəmisində 38,7 kv.m qeyri-yaşayış sahəsində yerində müvafiq araşdırma aparıılmış, yoxlama zamanı müəyyən edilmişdir ki, küçə kanalizasiya xəttində tıxac əmələ gəlmiş, həyətdən küçə quyusuna qədər olan hissədə borunun ötürücülük qabiliyyəti pozulmuşdur. Yaranmış problemlə əlaqədar tərəflərindən zəruri tədbirlər icra olunmuş, küçə və həyət kanalizasiya xətləri təmizlənmiş və gələcəkdə oxşar problemin yaşanmaması üçün tərəflərindən nəzarətə götürülmüşdür. İddiaçının tələbi su sızması nəticəsində məruz qaldığı maddi və mənəvi zərərin əvəzinin cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı sayaraq təmin etmiş və bu zaman işin digər halları ilə yanaşı məhkəmə tikinti-texniki ekspertizasının 09 avqust 2021-ci il tarixli rəyini əsas götürmüşdür. Həmin rəyin nəticə hissəsindən görünür ki, ünvan 2 ünvanındakı üçmərtəbəli binanın zirzəmisində 38,7 kv.m qeyri-yaşayış sahəsinin divarlarında və döşəməsində yaranmış qüsurları və su sızma izləri nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinə su axıdılmışdır. Mülki iş materiallarında olan CavabdehSC-nin 22 yanvar 2021-ci il tarixli məktubuna və qeyri-yaşayış sahəsinin divarlarının, döşəməsində yaranmış qüsurları nəzərə alaraq, ünvan 3 ünvanındakı üçmərtəbəli binanın zirzəmisində 38,7 kv.m qeyri-yaşayış sahəsinə vurulmuş zərər küçə kanalizasiya xəttində tıxac əmələ gəlməsi səbəbindən borunun ötürücülük qabiliyyətinin pozulması nəticəsində baş verə bilər. ünvan 3 ünvanındakı üçmərtəbəli binanın zirzəmisində 38,7 kv.m qeyri-yaşayış sahəsinin divarlarında və döşəməsində qüsurlar əmələ gəlmiş və yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2121 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097-ci və s. maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının dəlillərinə verdiyi qiymətlə razılaşır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları göstərilən hissədə sübut edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “”Azərsu” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar