Məhkəmə qərarları › İş №2(103)-1035/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1035/2025

27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1035/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazilriyinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (" maddi və mənəvi zərərin, əlavə xərclərin ödənilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi və Bakı şəhəri Cavabdeh2na qarşı “cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui istifadəsi nəticəsində dəymiş maddi və mənəvi zərərin, əlavə xərcin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2138/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi və Bakı şəhəri Cavabdeh2na qarşı “cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində dəymiş maddi-mənəvi zərərin, əlavə xərclərin ödənilməsi” tələbinə dair (iddia tələbinə dəqiqləşdirməsi ilə) , həbs olunduğu 14 dekabr 2022-cü il tarixindən Yasamal Rayon Məhkəməsinin bəraət hökmünün çıxarıldığı xx.xx.2023-cü il tarixədək 8 ay 10 gün müddəti üçün işləmək və əmlak hüququndan məhrum olduğuna görə hər ay 1000 AZN məbləğində əmək haqqı məbləği əsas götürülməklə ümumlikdə 8333 AZN pulun; səhhətində yaranan ciddi problemləri, sağlamlığını itirməyi, onun ailə üzvlərinin çəkdiyi izdirablar, mənəvi sarsıntılar ilə bağlı məhrumiyyətlər, müayinə və mualicələr səbəbilə məruz qaldığı maddi və mənəvi zərərin əvəzi olaraq 20000 manat həcmində konpensasiyanın; ona hüquqi yardım göstərilməsi üçün xərclədiyi 500 manat pulun; cəmi 28833 manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi və Bakı şəhəri Cavabdeh2 tutularaq, ona ödənilməsi; Yasamal Rayon Polis İdarəsinin, Cavabdeh2 səhvi və ya sui-istifadəsi nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi, yaxud həbsdə saxlanıldığı üçün həmin qurumların ondan yazılı surətdə üzr istəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 dekabr 2022-ci il tarixində, 10:00 radələrində polis əməkdaşları tərəfindən guya üzərində narkotik vasitə olduğu üçün qanunsuz olaraq saxlanılmışdır. Barəsində Cavabdeh2 tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmiş və 15 mart 2023-cü il tarixində ********* nömrəli cinayət işi materialları İttiham Aktı ilə birlikdə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktınada qeyd olunur ki, “X1 məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 12 dekabr 2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu Şamaxinka adlanan yerdən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq miqdarından artıq miqdarda 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 1,747 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 14 dekabr 2022-ci il tarixdə saat 11:10-da BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Yasamal rayonu, Ə.Əhmədov 22 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş təmiz çəkisi 1,747 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək ondan götürülmüşdür” Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı təqsirli olması iş materiallarında sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. İddialar sübüta yetirilmədiyi üçün Yasamal Rayon Məhkəməsinin 1(004)-238/2023 saylı xx.xx.2023-cü il hökm ilə barəsində bəraət hökmü çıxarılmış və məhkəmə zalından azadlığa buraxılmışdır. Beləliklə, 14 dekabr 2022-cü il tarixində Polis Əməkdaşları tərəfindən saxlanılmışdır. 16 dekabr 2022-ci il tarixində Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həpsdə saxlanma 14 dekabr 2022-ci il tarixindən hesablanmışdır. Müddət bitdikdən sonra barəsində toplanmış cinayət işi materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixində Yasamal Rayon Məhkəməsinin (004)-238/2023 saylı bəraətverici hökmü ilə azadlığa buraxılmışdır. Yəni 8 ay 10 gün müddətində azadlıqdan məhrum edilərək Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Bu müddət ərzində ona fiziki, maddi və mənəvi ziyan dəymişdir. Həbs olunmamışdan öncə müvafiq sənədlərlə Dövlət Sərhəd Xidmətinə xidmətə qəbulla bağlı sənədlərini təqdim etmişdi. Artıq hərbi həkim komissiyası tərəfindən müvafiq yoxlamalar aparılırdı və yekunlaşmaq üzrə idi. Saxlanıldığı üçün icraata xitam verilmişdir. Həbsdən çıxadıqdan sonra isə artıq həmin yerə işə düzəlmək mümkün olmamışdır. Müraciəti və icraata xitamla bağlı müvafiq sənədin təqdim olunması üçün məhkəmə tərəfindən Dövlət Sərhəd Xidmətinə “məhkəmə sorğusu” ünvanlana bilər. Həbsdə olduğu üçün xidmətdən əldə edəcəyi aylıq ortalama 1000 AZN dəyərində əmək haqqı olmaqla ümumlikdə 8333 AZN əmlakından məhrum olmuşdur. Həbsdə olduğu müddət ərzində sağlamlığını qismən itirmişdir. Həbsxananın mövcud şəraitsizliyi, polis idarəsində ona olan təzyiqlər sağlamlığını itirməyinə səbəb olmuşdur. Artıq bir neçə aydır bədəninin sol tərəfi işləmir, başında şişlər yaranıb və xəstəxana şəraitində müalicə almaqdadır. Gəzmək, oturmaq qabiliyyətini tam olaraq itirmişdir. Eyni zamanda həm anası, həm də Türkiyədə təhsil alan qardaşı gecə-gündüz izdirab içində, ac və susuz qalmışlar. Anası işsiz, qardaşı da tələbə olduğu üçün maddi gəlirləri olmamışdır. Göründüyü kimi, ailə xeyli maddi və mənəvi zərərə məruz qalmışlar. Bundan əlavə onun və ailə üzvlərinin çəkdiyi iztirabların, mənəvi sarsıntıların,eyni zamanda səhhətinda yaranan ciddi problemlər ilə bağlı məhrumiyyətlər, müayinə və müalicələr səbəbilə, son 1 il ərzində daha 20.000 (əlli min) manat həcmində maddi və mənəvi zərərə məruz qalmışdılar. Həbsdə olduğu müddət ərzində keyfiyyətli hüquqi yardım ala bilməyi üçün anası tərəfindən vəkilə müraciət edilmişdir. Vəkil Nümayəndə göstərdiyi xidmətin haqqı olaraq ona 500 AZN miqdarında xidmət haqqı ödənilmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2138/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş mənəvi ziyana görə 8500 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 70 manat məbləğində pul olmaqla, cəmi 8570 manat məbləğində pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə İddiaçı ödənilməsi, cavabdehlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi və Bakı şəhəri Cavabdeh2 üzərinə İddiaçı cinayət prosesini həyata keçirən orqanların səhvi nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi və həbsdə saxlanıldığı üçün yazılı surətdə üzr istəmək vəzifəsinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 4.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1100,1101.1,1101.2; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü, 5-ci, 6.1, 7, 12; “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə istinadən qeyd edilmişdir ki, İddiaçı 14 dekabr 2022-ci il tarixdə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək qüvvədə qalmış, yəni, xx.xx.2023-cü il tarixdə təqsirsiz olması əsası ilə barəsində bəraət hökmü çıxarılmışdır. Beləliklə, İddiaçı ibtidai istintaq və məhkəmə orqanlarının hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalması, əsassız yerə barəsində müxtəlif cinayət təqibi hərəkətlərinə məruz qalması məhkəmə üçün mübahisəsiz bir haldır. Məhkəmə mənəvi zərərin hesablanması zamanı mövcud məhkəmə təcrübəsinə istinad etməyi əsaslı hesab edir. Belə ki, məhkəmə hesab edir ki, İddiaçı 8 ay 10 gün həbsdə qalma müddətini hər ayı 1000 manat olmaqla, ümumilikdə, 8500 manat olaraq hesablamaq qanuni, əsaslı, ədalətli və ağlabatandır. Bundan əlavə, maddi zərərə dair hissədə məhkəmə qeyd edir ki, maddi zərərin məhz cinayət təqibi orqanları tərəfindən yetirilməsi müəyyən edilmir. Belə ki, iddiaçı cinayət təqibinə məruz qalarkən işsiz olmuş, iş yerindən və əmək haqqından məhrum olmamışdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Tibb İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyasının 3262 saylı arayışından görünür ki, DSX Kadrlar Baş İdarəsinin göndərişinə əsasən Mərkəzi Hərbi-Həkim Komissiyasına müayinəyə göndərilən xidmətə qəbul İddiaçı müayinəyə gəlmədiyi üçün şəhadətləndirilməyibdir. Müayinənin tarixi arayışda göstərilməmişdir. Odur ki, İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul edilməməsi ilə tutulmasının arasındakı səbəb-əlaqənin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı tərəfindən bir neçə tibbi sənədlər təqdim edilsə də, həmin tibbi problemlərin dövlətin hərəkətləri nəticəsində əmələ gəlməsi sübuta yetirilmir. Bu səbəbdən, iddia bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, mənəvi zərərin əvəzi kimi 8500 manat məbləğində pul və hüquqi xidmətə görə ödənilmiş 70 (yetmiş) manat məbləğində pul olmaqla, cəmi 8570 manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə iddiaçıya ödənilməli, cavabdehlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi və Bakı şəhəri Cavabdeh2 üzərinə İddiaçı cinayət prosesini həyata keçirən orqanların səhvi nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi və həbsdə saxlanıldığı üçün yazılı surətdə üzr istəmək vəzifəsi qoyulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

5. Birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilən sübutlarla müəyyən edilmişdir ki: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-238/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmiş; İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Hökmün təsviriəsaslandırıcı hissəsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 4(004)-1076/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmaqla, həbs qismində qətimkan tədbiri seçilmişdir;- Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin sorğuya cavab olaraq, məhkəməyə ünvanlanmış 14 may 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul edilməsi ilə əlaqədar müraciət etmişdir. Namizəd DSX Mərkəzi Hərbi Həkim komissiyasında şəhadətləndirməyə göndərilmiş, lakin getmədiyindən müraciətə xitam verilmişdir;- Hüquqi yardım göstərilməsinə dair 17 aprel 2024-cü il tarixli müqavilə və ona əlavə edilmiş qəbzdən görünür ki, hüquqi xidmətə görə vəkilə 70 manat pul ödənilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli,e-2(004)-2138/2024 saylı qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 24, 26, 60, 68; AR CPM-nin 57.1-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 5-ci maddələri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına ; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-385.1.1, 385.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə mənəvi zərər hissəsindəiddiamızı qismən təmin etsə də maddi zərər hissəsində heç minumum əmək haqqı miqdarında belə məbləği təmin etməmişdir. Qanunvericilikdə açıq-aydın göstərilir ki, məhrum olduğu əmək haqqı miqdarında dəymiş ziyan kompensasiya edilərək şəxsə ödənilməlidir. Dövlət Sərhəd Xidmətinin məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-cü iltarixli 193 nömrəli göndərişi ilə DSX-nin Tibb İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyasına şəhadətləndirilməsi üçün göndərilmişdir. DSX-nin Tibb İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi 3262 nömrəli arayışda qeyd edilib ki, İddiaçı müayinəyə gəlmədiyi üçün şəhadətləndirilməyib. Məhkəmə 2-ci dəfə də sorğunu düzgün qoymadığı üçün, DSX-nin Tibb İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyasının sənəddə hansı tarixdən gəlmədiyi əks olunmamışdır. Ancaq faktiki olaraq xidmətə qəbul üçün müraciət etdiyi açıq-aşkar sübuta yetirilir. Nurlan xidmətə qəbul üçün müraciət etdiyi tarixdən (xx.xx.2024), bir az da dəqiqləşdirsək göndərişin tarixindən (xx.xx.2024) hesablasaq 1 ay 15 gündən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq həbs olunmuşdur. Qısa müddətdə Nurlan heç bir işdə çalışmamış, tibbi yoxlanışlar üçün DSX-ninTibb İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyasına gedib-gəlmişdir. Nurlanın cinayət işi materiallarında, verdiyi izahatlarda, məhkəməyə verdiyi izahatlarda belə Dövlət Sərhəd Xidmətinə xidmətə qəbulla bağlı fikirlər əks olunmuşdur. Bu hissəni kənara qoysaq, məhkəmə minumun əmək haqqı olan aylıq 345 manat məbləği belə maddi zərər kimi hesablamamışdır. Mənəvi zərər hissəsinə gəldikdə isə, məhkəmə yenə bu hissədə idda tələblərini tam təmin etməmiş, iş üçün əhəmiyyətli olan sübutları nəzərə almamışdır. İddiaçı məhkəmədən bəraət hökmü ilə azad olduqdan bir müddət sonra beynindən əməliyyat keçirmişdir. Nurlan hal-hazırda əlil arabasındadır və sol tərəfi başdanayağa işləmir. Hazırda əlillik alınması üçün yaxınları tərəfindən yardım göstərilməkdədir. Bu faktla bağlı məhkəməyə tibbi sənədlər təqdim etsələr də, məhkəmə tərəfindən nəzərə alınmadan qərar qəbul edilmişdir. 7.Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli e-2(004)- 2138/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3, 1100, 1101, 1096 ; “ Vəkillik və vəkillik fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanuna; “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanuna; Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarın 71-ci hissəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 387.2.8, 387.2.9-cu maddəsinə istinadən qeyd edilmişdir ki, r. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olmasıməsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları(qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı(qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Sözügedən maddənin müddəasından da göründüyü kimi vəkillik fəaliyyətinin göstərilməsi tərəflərin qarşılıqlı razılığını ifadə edən müqavilə əsasında həyata keçirilir. Heç kəs razılığı olmadan güclə müqavilə bağlamağa məcbur edilə bilməz. İddiaçı ilə müvafiq vəkilin razılığı əsasında vəkillik fəalliyyətinin göstərilməsi üçün qarşılıqırazılığı ifadə edən müqavilə bağlanmışdır. Göstərilən qisimdə müqavilələrin bağlanmasına görə Maliyyə Nazirliyinin cavabdeh qismində nəzərdə tutulması hər hansı bir qanunvericilik aktlarında təsbit edilməmişdir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindənQanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları(hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olmasıməsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi ziyana görə 8570 manat müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin mövqeyi – “mənəvi ziyanın hər ay üçün 1000 manat dəyərində” müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Mənəvi ziyanın zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi (büdcənin əsassız və şişirdilmiş öhdəliklərdən qorunması) nəzərə alınmaqla dəyərləndirilməlidir. MPM-in müddaəsından da göründüyü kimi ərazi aidiyyəti qaydaları pozulmaqla ərizə icraata qəbul edilmişdir, belə ki, iddia ərizəsində Maliyyə Nazirliyinin cavabdeh qismində qoyulması ilə əlaqədar işə Yasamal Rayon Məhkəməsində deyil, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində - Nəsimi Rayon Məhkəməsində baxılmalı idi. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Göründüyü kimi ərazi aidiyyəti qaydaları pozulmaqla ərizə icraata qəbul edilmişdir, belə ki, iddia ərizəsində Maliyyə Nazirliyinin cavabdeh qismində qoyulması ilə əlaqədar işə Nəsimi Rayon Məhkəməsində baxılmalı idi. Məhkəmə tərəfindən yalnız mülahizələrə əsaslanmaqla, heç bir sübut olmadığı halda və qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur. Digər tərəfdən qeyd edirik ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti orqanı” kimi Maliyyə Nazirliyi müəyyən olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olanAzərbaycan Respublikası Konstitusiyasının 68 və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Buradan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsindən əsas narazı olduqları məqamın iddia tələbinin maddi zərər hissəsində təmin edilməməsi ilə bağlı olduğunu, belə ki, həbs olunmamışdan öncə işə qəbulla bağlı Dövlət Sərhəd Xidmətinə müvafiq sənədləri iddiaçının təqdim etdiyini, artıq hərbi həkim komissiyası tərəfindən müvafiq yoxlamaların aparıldığını, yekunlaşmaq üzrə olduğu ərəfədə iddiaçının qanunsuz olaraq tutulduğunu qeyd etmiş, cavabdehin apellyasiya şikayətinə münasibətdə isə əsassız olduğunu, bildirmiş, dediklərinin nəzərə alınaraq iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

9. Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 11.Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-63; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Mülki Məcəllənin 21; 1097, 1100, 1101; Mülki Prosessual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən məhkəmə kolegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakter daşıdığından əsassızdır, iddiaçının apellyasiya şikayətinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayəti maddi zərərin tutulması hissəsində qismən əsaslıdır, buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının qanunsuz olaraq həbsdə saxlanıldığı müddətdə və ondan əvvəlki dövrdə rəsmi iş yeri olmamış və ya konkret olaraq aylıq gəliri müəyyən edilməmişdir. Lakin iddiaçının qeyd etdiyi kimi iş materialları ilə də müəyyən edilir ki, iddiaçı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti arasında işə qəbulla bağlı müəyyən münasibətlər yaranmış, işə qəbulla bağlı müvafiq yoxlamalardan keçmiş, sonuncu mərhələdə onun qanusuz olaraq həbs olunması səbəbindən işə qəbul ola bilməmişdir. Nəzərə alınasa ki, iddiaçı qanunusuz olaraq həbsdə saxlandığı 8 ay, 10 gün müddətində iddiaçı ilə müvafiq qurumlar arasında əmək münasibətləri yarana, iddiaçının aylıq əmək haqqı ola bilərdi, bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti maddi zərərlə bağlı hissədə qsimən təmin edilməlidir. Kollegiya iddiaçının rəsmi iş yeri və əmək haqqı olmadığından maddi zərərin məbləğini müəyyən edərkən 2023-cu il üçün ölkə üzrə minimum əmək haqqı məbləğini nəzərə alınmaqla, təxmini (8 ay 10 gün x 345man) 2775 manat məbləğində maddi zərərin müəyyən edilməsini əsaslı hesab edir. Belə ki, iddiaçı azadlıqdan məhrum olduğu halda və zamanda o əmək hüquqlarından da məhrum olunmuş, əldən çıxmış fayda növündə maddi zərərə məruz qalmışdır.

12. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 3 5 . 1 Əmək fərdi və ictimai rifahın əsasıdır.35.2 Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.35.3 Heç kəs zorla işlədilə bilməz. 35.4. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 35.5. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. 35.6. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.35.7. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.35.8. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

14. Cavabdehin apellyasiya şikayətinə münasibətdə isə qeyd edilməlidir ki, tələbin ona yönəlmiş cavabdehliyi mübahisələndirərək kompensasiyanın düzgün hesablanmadığını qeyd edir. Cavabdehin apellyasiya şikayəti üzrə tələbinin dəlilləri özü-özlüyündə də ziddiyyət təşkil edir. Belə ki, bir tərəfədən onların cavabdehliyinin istisna edildiyini, digər tərəfdən isə mənəvi zərərin məbləğinin düzgün müəyyən edilmədiyinə yönəlik işin mahiyyətinə dair dəlilləri mübahisələndirmişdir. Qeyd edilənlərə görə, habelə Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunu və digər sahəvi qanunvericiliklə cavabdehin fəaliyyətinə (səlahiyyətinə) aid məsələlərin müəyyən edilməsi məhkəmələrin vəzifələrinə aid deyildir. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məcəllənin 9.3-cü maddəsinə əsasən, Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisə edilən hissəsi üzrə yoxlayır. 16.Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

17. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 18.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə (maddələrinə) əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə:1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə;4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər;5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.Bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əmlak natura formasında, bu mümkün olmadıqda isə, onun dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və təşkilatların hesabına ödənilir.Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir.Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam həcmdə ödənilməlidir.Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir.Ödənilməli olan əmlakı əldə edilmiş şəxs, bu əmlakın vurulmuş ziyanın ödənilməsi qaydası əvvəlki sahibinə qaytarılması ilə əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə tələb irəli sürüldükdən sonra bir ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir.Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur. 19.Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 20.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2138/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi qismən –təmin edilməyən maddi zərərin əvəzinin ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə qismən təmin edilərək yeni qətnamə qəbul edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən vurulmuş maddi zərərin əvəzi olaraq 2775 (iki min yeddi yüz yetmiş beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar