Məhkəmə qərarları › İş №2(103)-1036/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1036/2023

21.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1036/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “iki otaqlı mənzilin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilində verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə 17290 manatın tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “iki otaqlı mənzilin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilində verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə 17290 manatın tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkli Vəkil2, Cavabdeh «Qismət-M Construction” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1241/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh «Qismət-M Construction” MMC-yə qarşı iki otaqlı mənzilin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilin də verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə (ona əskik verilən 9,1 kv.m. mənzil sahəsinin hər kv.m. üçün 1900 manat olmaqla, yəni 9,1x1900=17290) 17290 manatın, dövlət rüsumuna görə 121 manatın verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvan 610-624) ev 174, mənzil 79 saylı ünvanında olan iki otaqlı mənzilini xx.xx.2017-ci il tarixdə cavabdeh «Qismət-M Construction” MMC-nin işçiləri məcburi şəkildə sökmüşlər. O, yaşlı, kimsəsiz, xəstə, tənha qadın olduğuna görə məcbur olub oradan çıxarılmışdır. Hal-hazırda cavabdeh tərəfindən ona təhvil verilən bir otaqlı mənzildə məskunlaşmışdır. Bu onu qətiyyən qane etmir. O, qanuni hüquqlarından istifadə edərək iki otaqlı mənzilinin ona verilməsini tələb edir, yəni iki otaqlı mənzilinin iki otaqla əvəz edilməsini, yəni ona əlavə bir otaqlı mənzilin də verilməsini, olmazsa həmin bir otaqlı mənzilin qiyməti dəyərində cavabdeh «Qismət-M Construction” MMC tərəfindən ona 17290 manat konpensasiya verilməsini tələb edir. Cavabdeh «Qismət-M Construction” MMC şirkət tərəfindən ona iki otaqlı mənzilin yerinə sahəsi 61,6 kv.m. olan bir otaqlı mənzil verilmişdir. Halbuki ona iki otaqlı təmirli mənzil sahəsi 70,7 kv.m. mənzil verilməli idi. Lakin ona sahəsi 9,1 kv.m. əksik olan mənzil verilmişdir. Bu gün ona əksik verilən 9,1 kv.m. bazar qiyməti ilə hesablandıqda hər kv.m. 1900 manat təşkil edir. Ev sökülən zaman o, xəstə olmuş, hazırda da qalxanbənzər vəz xəstəsidir. Əlavə olaraq onda təzyiq, şəkər xəstəlikləri var. Həmin ev köçürülməsi zamanı daha da əsəbləşmiş halı pisləşmişdir. Vəziyyəti ağırlaşmış və özündə olmamışdır. Amma yenə də etiraz etmişdir ki, onun mənzili iki otaqlıdır. İki otaqlı məzillə onu təmin etməyi tələb etmişdir. Cavabdehin işçiləri isə ona yaşlı, kimsəsiz, tək xanım olmasını və bir otaqlı mənzilin ona bəs edəcəyini demişlər. O, narazılığını bildirsə də, heç bir mənası olmamışdır. Hər kəs kimi o da evdən çıxarılmışdır. Bundan sonra «Qismət-M Construction” MMC-nin direktoru X2 ilə onun arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, ona yeni inşa olunan binada mənzil və mənzilin təmiri üçün ayrılan pul vəsaiti, mənzil təhvil verilənədək kirayə haqqı, mənzildən köçmək üçün müəyyən olunan məbləğ, həmin ərəfədə qolu sındığı üçün yardım olaraq 2000 manat ödənilmişdir. O, cavabdehin ona kirayə haqqı verməsini, mənzilin şirkətin müəyyən etdiyi təmir pulunu almasını inkar etmir. Cavabdeh ona normal kvadratını belə vermədiyi halda, əlavə olaraq 20% artıq verməsini etirazında qeyd etməsi əsassızdır. O, şirkətlə müqavilə bağlamış, köçmə pulu almış, kirayə haqqı və təmir pulu almışdır. O, şirkətdən əlavə pul məbləği almamışdır. Şirkətə məxsus inşa etdiyi binanın bukletində iki otaqlı mənzillərin sahəsinin 70,7 kv.m. olması qeyd edilib. Şirkət ona sahəsi 70,7 kv.m. olan mənzil verməli idi. O, şirkətə getmiş, onu şirkətin məhkəmə iclasında iştirak edən vəkili qəbul edərək tənha, yaşlı qadın olmasını bildirib bir otaqlı mənzilin onun üçün yetərli olmasını demişdir. Ona görə də, iki otaqlı mənzilinin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilində verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə 17290 manatın, dövlət rüsumuna görə 121 manatın cavabdeh tərəfindən ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.

3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1241/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, işə baxan rayon məhkəməsi tərəfindən ona məxsus olan ünvan 3 ünvan: 610-624), mənzil 79 saylı ünvanında yerləşən və cavabdeh tərəfindən sökülmüş iki otaqlı mənzilin ümumi sahəsinin 54.7 kv.metr olması, cavabdeh tərəfindən isə sökülmüş həmin mənzilin əvəzində ona cəmi 55.20 kv.metr olan (bax: yeni mənzilə dair xx.xx.2021-ci il tarixli Çıxarış) mənzil verilməsi və bununla da verilməli olan mənzilin sahəsinin 10.44 kv.metr əskik olması məhkəmə tərəfindən müəyyən edilməmiş, nəticədə işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Rayon məhkəməsinin qətnaməsinin 2-ci səhifəsinin 2-ci abzasında məhkəmə gedişi zamanı izahat vermiş Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, - “MMC tərəfindən layihəni həyata keçirən zaman sakinlərə 20 % artıq sahə verilməsi nəzərdə tutulmuşdur. Sadalananlardan göründüyü kimi, Cavabdeh MMC tərəfindən ona 54.7 kv.metrdən ibarət olan iki otaqlı mənzilinin əvəzində sahəsi 55.20 kv.metr olan 1 otaqlı mənzil verilmişdir. Halbuki, MMC tərəfindən layihəni həyata keçirən zaman sakinlərə 20 % artıq sahə verilməsi nəzərdə tutulduğu üçün ona 65.64 kv.metrlik 2 otaqlı mənzil verilməli idi, lakin, iş materiallarından da təsdiq olunur ki, ona 10.44 kv.m əksik mənzil sahəsi verilmişdir. Rayon məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası və məhkəmə mühasibatlıq ekspertizası keçirilməmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Bildirdi ki, cavabdeh tərəfindən yeni mənzilin ona təhvil verilməsinə qədər ona aylıq 350 manat kirayə haqqı, evin təmiri üçün nəzərdə tutulmuş 12320 manat verildiyini, həmin ərəfədə qolu sındığı üçün yardım olaraq 2000 manat, köçmə pulu kimi 300 manat verildiyini bildirmiş, lakin ona iki otaqlıdan bir otaqlı mənzilə keçdiyinə görə (mənzilin sahəsinin azaldılmasına görə) 3000 manat verilməsi barədə cavabdehin nümayəndəsinin bildirdiyinə qəti etiraz edir, belə bir razılaşma olmadığını, buna görə ona pul ödənilmədiyini bildirmişdir. İddiaçı göstərdi ki, necə ola bilər ki, ona ödənilən bütün ödənişlər sənədləşdirildiyi halda, mənzilin sahəsinin azaldılmasına görə ona pul ödənilməsi sənədləşdirilməmişdir, cavabdehin belə sübutları varsa, təqdim etməsini qeyd etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkli Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, bildirdi ki, iddiaçıya mənzilin təhvil verilməsinə qədər ona aylıq 350 manat kirayə haqqı, evin təmiri üçün 12320 manat verildiyini, həmin ərəfədə qolu sındığı üçün yardım olaraq 2000 manat, köçmə pulu kimi 300 manat verildiyini təsdiq edir, lakin ona iki otaqlıdan bir otaqlı mənzilə keçdiyinə görə (mənzilin sahəsinin azaldılmasına görə) 3000 manat verilməsi barədə cavabdehin nümayəndəsinin bildirdikləri ilə razılaşmır, cavabdeh bununla bağlı sübutları olsaydı həmin sübutları rayon məhkəməsinə təqdim etməli idi, lakin cavabdeh belə sübutları rayon məhkəməsinə təqdim etməmiş, apellyasiya icraatı zamanı isə sonradan özlərinin tərtib etdikləri aşkar saxtalaşdırılmış hansısa uydurma sənədlərin, həm də kserosurətini təqdim etmiş, cavabdehin nümayəndəsi buna dair həqiqi sənədləri təqdim edəcəyini bildirsə də, həmin sənədləri təqdim edə bilməmiş və məhz bu əsasa görə təxirə salınmış növbəti məhkəmə iclasına da gəlməmişdir.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, rayon məhkəməsinin qətnaməsi tam qanuni və əsaslıdır, cavabdeh şirkət müqavilə öhdəliklərini tam və dolğun yerinə yetirmiş, mənzil iddiaçıya təhvil verilmiş, iddiaçı uzun müddətdir ki, köçüb yeni mənzilində yaşayır, mənzilin təhvil verilməsinə qədər iddiaçıya aylıq 350 manat kirayə haqqı, öz müraciəti ilə evin təmiri üçün nəzərdə tutulmuş 12320 manat, həmin ərəfədə qolu sındığı üçün yardım olaraq 2000 manat, köçmə pulu kimi 300 manat verilməsi ilə yanaşı, həm də iki otaqlı mənzildən bir otaqlı mənzilə keçməyə görə 3000 manat verildiyini bildirdi. Nümayəndə bununla bağlı aşkar ziddiyyətli və düzəlişlərin olduğu xx.xx.2017-ci il tarixli kassa məxaric orderinin kserosurətini və “əlavə pul verilənlər” başlıqlı yazı qeydinin kserosurətini təqdim etmiş, həmin sənədlərin həqiqiliyi əsaslı şübhə doğurduğundan, nümayəndə bununla bağlı həqiqi sənədlərin əslini növbəti məhkəmə iclasına gətirəcəyini bildirsə də, nümayəndə bəyan etdiyi həmin sübutları məhkəməyə təqdim etməmiş, özü də növbəti məhkəmə iclasına gəlməmişdir. Sübutların tədqiqi:

8. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli № 198 saylı sərəncamından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq, «Qismət-M Construction” MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1086 nömrəli razılaşdırma məktubunu, Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 196 nömrəli sərəncamını və Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2017-ci il tarixli xx/xx-01697 nömrəli məktubu ilə təqdim edilmiş yaşayış binasının texniki vəziyyəti haqqında xx.xx.2017-ci il tarixli aktı nəzərə alınaraq ünvan 4 ünvanında yerləşən istismar müddəti başa çatmış 5 mərtəbəli yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma əsasında Qismət-M Constriction MMC tərəfindən köçürülərək həmin binanın Azərbaycan Respublikası FHN-nin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmiş, sökülmüş binanın yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin Qismət-M Constriction MMC-yə icarəyə ayırlmış, şifarişçiyə Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 ünvanında yerləşən yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma müqaviləsi əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini və qəzalı binanın sökülməsi həvalə edilmişdir.

9. Tikinti şirkəti «Qismət-M Construction” MMC ilə əmlak mülkiyyətçisi İddiaçı Raşid qızı arasında notarial qaydada təsdiq olunmaqla xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin 1.1-ci bəndindən müəyyən olunur ki, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının 1.3. maddəsinin tələblərinin və bu müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda öhdəlikləri üzərilərinə götürmüşlər: 1.1.1.Əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən xx.xx.2000-ci il tarixində 30/9095 qeydiyyat və 959 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ÖM 039369 saylı çıxarış ilə öz mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 6 blokda ümumi sahəsi 46,8 kv.m. olan 2 otaqlı 79 saylı mənzilini sökmək üçün «Qismət-M Construction” MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydadatikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. 1.1.2.Tikinti şirkəti «Qismət-M Construction” MMC ünvan 5 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 2 blok, 6 mərtəbədə yerləşən 1 otaqlı ümumi sahəsi oxdan-oxa 61,6 kv.m. olan 113 saylı təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2.Tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və əmlak mülkiyyətçisini təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yamasını təmin etmək məqsədi ilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 350 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir. Əmlak mülkiyyətçisinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişləri təmin edəcəkdir. Müqavilənin 2.1.2-2.1.3-cü bəndlərindən müəyyən olunur ki, əmlak mülkiyyətçisi mülkiyyətində olan yaşayış sahəsini tikinti şirkətinin vəsaiti hesabına köçmə pulu alındıqdan sonra üç gün müddətində mənzili tam boşaldaraq, yüklü olmaması barədə arayışı (forma 1) və mənzilin açarlarını tikinti şirkətinə təhvil verməyi və sökülməsi üçün tikinti şirkətinə verdiyi əmlaka dair gələcəkdə heç bir iddia tələbi qaldırmayacağını öhdəsinə götürmüşdür.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m. olan 113 saylı mənzili (yeni qaydalarda: AZ 1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) İddiaçı Rəçid qızının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

11. İddiaçı Qismət-M MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, o, mənzilin təmiri üçün 1 kv. üçün 200 manat olmaqla cəmi 12320 manatın ona verilməsini, gələcəkdə hər hansı bir iddiası olarsa etibarsız sayılmasını xahiş etmişdir.

12. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, İddiaçı təmir xərcinə görə 12320 manatı qəbul etmişdir (1-ci cild, i/v 59).

13. Mülki iş materiallarında olan xx.xx.2017-ci il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, İddiaçı 300 manat köçmə pulu ödənilmişdir (1-ci cild i/v 57).

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m olan 113 saylı mənzili (yeni qaydalarda: AZ 1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1036/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə (kompleks) məhkəmə-tikinti və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

16. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyi ilə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 (bir) kv.m. sahənin söküntüyə qədər olan köhnə tikilidəki real bazar dəyəri 1710 AZN, eləcə də yeni tikilidə olan dəyəri 1633 AZN-dir.

17. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1722-9/1864 nömrəli ekspert rəyinə əsasən: Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m olan 113 saylı (yeni qaydalarda: AZ 1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) mənzilin oxdan-oxa ümumi sahəsi 68,0 kv.metr təşkil etdiyi müəyyən edilir. İkinci sualı üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m olan 113 saylı (yeni qaydalarda: AZ 1122 Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 616, M8, m4) mənzilin ümumi sahəsinin 55,2 kv.m təşkil etdiyi müəyyən edilir. Üçüncü sual üzrə: İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m olan 113 saylı (yeni qaydalarda: AZ 1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının № 7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma qaydalan”-nm 2-cı və 3.8- ci bəndlərinin tələbləri nəzərə alınmadan (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 57,5 kv.metr təşkil etdiyi müəyyən edilir. Dördüncü sual üzrə: İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m olan 113 saylı (yeni qaydalarda: AZ 1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) mənzilin 20 faiz ölçüsünün 10,94 kv.metr (54,7 x 20):100) təşkil etdiyi müəyyən edilir. Beşinci sual üzrə: Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 (bir) kv.m. sahənin söküntüyə qədər olan köhnə tikilidəki real bazar dəyəri 2120 AZN, eləcə də yeni tikilidə olan dəyəri 2250 AZN-dir. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 13.İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 420. Müqavilənin standart şərtlərinin etibarsızlığı 420.1. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Maddə 16. Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadında da qeyd olunmuşdur. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1- ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

22. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

23. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

26. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

27. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

28. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

31. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

32. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

33. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

34. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

36. Hazırkı iş üzrə iddiaçının ünvan 4 ünvanında yerləşən 2 otaqlı 79 saylı mənzilin əvəzinə tikinti şirkəti Cavabdeh MMC ilə bağladığı, notarial qaydada təsdiq olunmuş xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin həmin ərazidə inşa etdiyi binada 113 saylı təmirli mənzilin verməsi, iddiaçıya mənzilin ona təhvil verilməsinə qədər aylıq 350 manat kirayə haqqı, evin təmiri üçün nəzərdə tutulmuş 12320 manat pulun, həmin ərəfədə qolu sındığı üçün yardım olaraq 2000 manat, köçmə pulu kimi 300 manat cavabdeh tərəfindən verildiyi hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.

37. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaçıya mənzilin ona təhvil verilməsinə qədər aylıq 350 manat kirayə haqqı, evin təmiri üçün 12320 manat, həmin ərəfədə qolu sındığı üçün yardım olaraq 2000 manat, köçmə pulu kimi 300 manat verilməsi ilə yanaşı, həm də iki otaqlı mənzildən bir otaqlı mənzilə keçməyə görə 3000 manat verildiyini bildirmiş, bununla bağlı aşkar ziddiyyətli və düzəlişlərin olduğu xx.xx.2017-ci il tarixli kassa məxaric orderinin surətini və əlavə pul verilənlər başlıqlı yazı qeydinin surətini təqdim etmişdir. İddiaçı buna etiraz edərək, belə bir razılaşmanın olmadığını bildirmiş, ona mənzilin sahəsinin azaldılmasına görə pul ödənilmədiyini, həmin sənədlərin varsa əslinin təqdim edilməsini bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 təqdim etdiyi xx.xx.2017-ci il tarixli kassa məxaric orderinin surətində ziddiyyətli məqam ondan ibarətdir ki, A.M.Şəfizadə küçəsi 174 ünvanında yerləşən 79 saylı mənzil üçün 3 aylıq kirayə haqqı və 2000 manat 1 otaqlıdan iki otaqlıya əlavə ödəniş 3050 manat verildiyi qeyd edilir. Orderin məbləğ hissəsində düzəliş olunduğu aydın hiss olunan 3050,0 qeyd edilmişdir. Halbuki nümayəndə mənzilin sahəsinin azaldılmasına görə 3000 manat ödənildiyini qeyd edirdi, məxaric orderində isə 2000 yazılıb. Həm də həmin sənədlər kserosurət olmaqla, sübut kimi qəbul oluna bilməzdi. Nümayəndə buna dair həqiqi sənədlərin əslini gətirəcəyini bildirmiş, bununla bağlı məhkəmə iclası təxirə salınmış, lakin nümayəndə nəinki həmin sübutun əslini təqdim etməmiş, həm də növbəti məhkəmə iclasına gəlməyərək, yayınmışdır.

38. İddia tələbini təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 4 ildən sonra bağladığı müqavilənin məcbur olub bağlamasını, həmin müqavilə ilə ona mənzil sahəsinin az verilməsini iddia etsə də, məhkəmə tədqiqatı zamanı tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, mənzilin otaqlarının sayının müəyyən edilməsi həmin mənzilin sahibinin öz zövqünə uyğun davranışından asılıdır. Tərəflər arasında bağlanan müqavilədən isə aydın müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan ümumi sahəsi 46,8 kv.m təşkil edən, istismar müddəti başa çatmış binada yerləşən mənzilə görə həmin ərazidə yeni inşa olunan binada yerləşən, ümumi sahəsi 61,6 kv.m olan tam təmirli mənzil əldə etmişdir. ...Tərəflər arasında bağlanmış müqavilə şərtləri tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edildiyindən, bu şərtlər iddiaçının hüquqlarını məhdudlaşdırmadığından, cavabdeh müqavilə şərtlərini vaxtında və tam olaraq icra etdiyindən iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz.

39. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və həsab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə əsasən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə səthi və formal yanaşmışdır. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də çoxsaylı dövlət qurumlarına yazdığı ərizələrində yaşlı olmasını, müqavilə bağlanılan vaxt xəstə və əsəbi vəziyyətdə olmasını, özündə olmadığını, özünü pis hiss etdiyini, cavabdehin isə onun bu vəziyyətindən sui-istifadə etdiyini, bu səbəbdən də mahiyyətini bilmədiyi müqaviləni imzaladığını bildirmişdir.

40. Bu baxımdan ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanan müqavilədə iddiaçının sökülməli olan köhnə binadakı mənzilinin ümumi sahəsi 46,8 kv.m göstərilmiş, rayon məhkəməsi də həmin mənzilin sahəsinin 46,8 kv.m olması ilə razılaşmışdır. Halbuki mülki iş materiallarında olan 6158/540 inventar nömrəli texniki pasportdan 174 nömrəli binada iddiaçıya məxsus sökülmüş 79 nömrəli mənzilin ümumi sahəsinin 54,7 kv.m olduğu müəyyən edilir (1-ci cild, i/v 24).

41. Belə olan halda məlum olur ki, iddiaçının sökülən mənzilinin ümumi sahəsi mübahisəsiz olaraq 54,7 kv.m olduğu halda, tərəflər arasında bağlanmış müqavilədə (1.1.1- ci bənd) isə bunun (həm də hər hansı əsaslandırma verilmədən) 46,8 kv.m göstərilməsini, heç bir halda, rayon məhkəməsinin yanaşmasında olduğu kimi, müqavilə azadlığı və ya tərəflərin iradə ifadəsi ilə izah etmək düzgün olmazdı və bu hüququn təməl prinsiplərinə aşkar zidd olardı. Çünki sökülən mənzilinin rəsmi sənədlərdə olan ölçüsünün əhəmiyyətli dərəcədə az göstərilməsində iddiaçının həqiqi iradə ifadəsinin olduğunu demək ağlabatan və inandırıcı görünmür. Həm də ona görə ki, iddiaşıya yeni tikiləcək binada veriləcək mənzilin sahəsi də məhz bundan bilavasitə asılı olan məsələdir. Demək ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçıya sökülmüş evinin müqabilində yeni inşa olunan binada 20 % əlavə olunmaqla veriləcək mənzilin sahəsinin müəyyən olunması zamanı iddiaçının sökülən sahəsinin reallıqda mövcud olmuş 54.7 kv.m. əvəzinə 46.8 kv.m göstərilməsi anlaşılmaz, həm də aşkar əsassız olmaqla, bəri başdan etibarsız olmuşdur.

42. Bundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 1.1.2-ci bəndində iddiaçıya söküləcək mənzilinin əvəzində veriləcək mənzilin ölçüsünün “oxdan-oxa” hesablanması qaydası göstərilmişdir. Bununla belə, həmin müqavilədən məlum olur ki, iddiaçının sökülmüş mənzilinə münasibətdə onun sahəsinin hesablanması zamanı eyni qayda tətbiq olunmamışdır.

43. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanunun 8-ci maddəsinin tələbinə görə bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İstinad olunan həmin qanununun 16-cı maddəsində isə təsbit olunmuşdur ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir.

44. MM-in 420.2-ci maddəsinin tələbinə görə də müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

45. Demək ki, hazırkı işin müəyyən olunmuş faktiki halları və istinad olunan maddi hüquq normalarının tələbləri baxımından müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1.1-ci bəndində iddiacının sökülən mənzilinin ümumi sahəsinin müəyyən olnmasına aid hissədə, eləcə də 1.1.2-ci bəndində iddiaçıya veriləcək mənzilin ümumi sahəsinin müəyyən olunması zamanı nəzərdə tutulmuş “oxdan-oxa” ölçü qaydasına dair müqavilə şərtləri etibarsız olmuşdur.

46. Kollegiya bildirir ki, bu sahədə formalaşmış işgüzar praktika ondan ibarətdir ki, sökülmüş evlərin sahiblərinə onun mövcud sahəsindən 20 faizdən artıq olmaqla yeni tikilmiş binada mənzillərin verilməsi və ya müvafiq pul kompensasiyası ödənilir. Hazırkı iş üzrə cavabdeh MMC də iddiaya etirazında həmin ünvanda sakinlərə 20% artıq sahələrin verilməsinin nəzərdə tutulduğunu bildirmişdir (bax, iş vərəq 55-56).

47. Məhkəmə Kollegiyası tərəfindən keçirilmiş ekspertiza nəticəsində verilmiş xx.xx.2023-cü il tarixli, 10/1722-9/1864 nömrəli ekspert rəyinə əsasən, iddiaçıya məxsus mənzilin oxdan-oxa ümumi sahəsi 68,0 kv.metr təşkil etdiyi müəyyən edilir.

48. Həmin mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, mənzilin ümumi sahəsinin 55,2 kv.m təşkil etdiyi müəyyən edilir.

49. Həmin mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının № 7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma qaydalan”-nm 2-cı və 3.8ci bəndlərinin tələbləri nəzərə alınmadan (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 57,5 kv.metr təşkil etdiyi müəyyən edilir.

50. Kollegiya hesab edir ki, iddiaçının iki otaqlı və ümumi sahəsi 54,7 kv.m olan mənzilinin əvəzinə cavabdeh tərəfindən “oxdan-oxa” hesablanması qaydasının tətbiqi istehlakçı kimi iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Bu baxımdan kollegiya belə qənaətə gəlir ki, iddiaçıya verilən mənzilin sahəsi “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma qaydaları”-nın 2-ci və 3.8-ci bəndlərinin tələbləri nəzərə alınmadan (müvafiq azaltma əmsalları tətbiq olunmadan) hesablanmalı, bu qaydaya əsasən hesablandıqda isə iddiaçıya verilmiş mənzilin sahəsinin 57,5 kv.metr təşkil etdiyi müəyyən edilir.

51. Belə olan halda məlum olur ki, iddiaçıya məxsus sökülən mənzilin sahəsinin 54,7 kv.m olduğu müəyyən edildiyindən iddiaçıya həmin mənzilin sahəsindən 20 faiz artıq olmaqla (54,7x20%/100=10,94+54,7=65,64) 65,64 kv.m sahəli mənzil verilməli olduğu halda, 57,5 kv.metr sahəyə malik mənzil verilmiş, başqa sözlə, iddiaçıya (65,64- 57,5=8,14) 8,14 kv.m əskik sahəli mənzil verilmişdir. İddiaçı tələbində əskik verilən sahənin 9.1 kv.m. olduğunu və hər kv.m. üçün isə 1900 manat olmaqla, cəmi 17290 manatın cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçıya verilməli sahənin ölçüsünün əskin olan hissəsi 8,14 kv.m. müəyyən olunduğundan, hazırda müəyyən olunmuş həmin sahəyə görə ödənilməli olan kompensasiyanın məbləği müəyyən olunmalıdır.

52. Bununla bağlı Məhkəmə kollegiyası tərəfindən müvafiq araşdırmalar aparılmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyi ilə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 (bir) kv.m. sahənin söküntüyə qədər olan köhnə tikilidəki real bazar dəyəri 1710 AZN, eləcə də yeni tikilidə olan dəyəri 1633 AZN-dir.

53. Məhkəmə Kollegiyası tərəfindən keçirilmiş ekspetiza nəticəsində verilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1722-9/1864 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 (bir) kv.m. sahənin söküntüyə qədər olan köhnə tikilidəki real bazar dəyəri 2120 AZN, eləcə də yeni tikilidə olan dəyəri 2250 AZN-dir.

54. Kollegiya yeni tikilidəki mənzilin hər kvadrat metrinin bazar dəyəri ilə bağlı ekspert rəyləri arasında olan ziddiyyətləri nəzərdən keçirib hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1722-9/1864 nömrəli ekspert rəyindəki Bakı ş. Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 (bir) kv.m. sahənin yeni tikilidə olan bügünki dəyərinin 2250 AZN təşkil etməsi barədə məlumat hazırkı əmlak bazarı mövcud qiymətləri baxımından inandırıcı və ağılabatandır, buna görə də həmin rəylə razılaşır.

55. Bununla belə, iddiaçı öz iddia ərizəsində hər kv. metr üçün 1900 manat kompensasiya tələb etmişdir.

56. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

57. Beləliklə, iddiaçıya (65,64-57,5=8,14) 8,14 kv.m əskik verilən mənzil sahəsinin əvəzi kimi hər kv.metr üçün 1900 manat olmaqla, (8,14x1900=15466) 15466 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.

58. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

59. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehdən 15466 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

61. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsümu (121+61=182) 182 (bir yüz səksən iki) cavabdehdən iddiaçının xeyrinə və ekpertiza tədqiqatlarının dəyəri (400+100=500) cəmi 500 (beş yüz) manat cavabdehdən tutulmalıdır.

62. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən apellyasiya şikayəti təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1241/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 15466 (on beş min dörd yüz altmış altı) manat pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 182 (bir yüz səksən iki) manat Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22), 400 (dörd yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ013501**********2944, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar