Məhkəmə qərarları › İş №2(103)-1038/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1038/2024

12.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1038/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əşya və sənədlərin qaytarılması” tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)-4129/2023 saylı qətnaməsindən cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Fikrət Məlikov küçəsi, məhəllə 3123- də yеrləşən 3 a saylı binanın 2 saylı mənzili İddiaçı məхsusdur. Cavabdeh 2014cü ildə İddiaçı oğlu ilə nikah bağlamış və çıхarılması tələb оlunan cehiz əşyalarını həmin mənzilə yerləşdirmişdir. Cavabdeh ilə ilk iddiaçının oğlunun arasındakı nikaha xx.xx.2023-cü il tarixdən хitam vеrilmişdir. Hazırda İddiaçı özünə məxsus mənzildən Cavabdeh cehiz əşyalarının çıxarılmasını tələb edir, Cavabdeh isə özünə məxsus əşyların və sənədlərin qaytarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh məxsus olan cehiz əşyalarının (1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd güzgülü termo, 2 ədəd komodin, 2 ədəd şifonyer, 1 ədəd böyük termo, 2 ədəd şüşəli şifonyer) оna məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. Oğlu Nümayəndə 2014-cü il tarixdə Cavabdeh ilə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Həmin vaxtdan cavabdeh cehiz əşyalarını ona məxsus olan evə yerləşdirmişdir. Hazırda cavabdehlə oğlu arasında bağlanmış nikah pozulmuş, xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamə alınmışdır. Cavabdeh hazırda valideynlərinə məxsus olan evdə yaşayır, lakin cehiz əşyaları ona məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzildədir. Belə ki, cavabdeh valideynləri ilə birlikdə yaşamasına baxmayaraq cehiz əşyalarını ona məxsus olan evdən çıxartmayıb. Həmin cehiz əşyaları aşağıdakılardır: 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd güzgülü termo, 2 ədəd komodin, 2 ədəd şifonyer, 1 ədəd böyük termo, 2 ədəd şüşəli şifonyer (servant). Dələlərlə cehiz əşyalarının çıxarılmasını xahiş etdiyi cavabdeh həmin əşyaları götürməkdən imtina edir. Cavabdehə məxsus olan əşyaların ona məxsus mənzildə yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da onun mənzilindən istifadə etmək hüququnu məhdudlaşdırır. Bununla yanaşı Cavabdeh İddiaçı qarşı “əşya və sənədlərin qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ona məxsus Tozsoran-250 azn; Ütü-70 azn, Sokçəkən-150 azn, Qazan dəsti boz-350 azn, Toster tefal-55 azn, Balıq qızardan iki tərəfli bağlanan-100 azn, Çaydan çaynik dəsti tefal üst-üstə 150 azn, Chopper xirdalayan-40 azn; Qab servisi-tarelkalar iri orta böyük ölçü dəst-350 azn, Yaşıl servis- 150 azn, Ağ boz kvadrat dəst-100 azn, Madonna servisi-400 azn, Stəkan dəsti 6 dənəli-2 ədəd-80 azn, Armudu stəkan-40 azn, Nəlbəki-30 azn, bokallar 3 cür boynu qızılı hərəsində 6 ədəd-210 azn, Ustü rəngli bokal mavi çəhrayı sarı-60 azn, Dondurma qabı- 70 azn, Yaşıl bokallar ortasında şərab qabı ilə 200 azn; Ağ turşu qabları 30 azn, Kasalar 6 ədəd və qaşıqları-50 azn, Tort qabı qızılı boşqabları ilə-100 azn, Konfet qabları 2 ədəd gümüşü-100 azn, Şəffaf altı qara bokallar-50 azn, Hərəsi 1 rəng bokallar 40 azn, Suvenir fillər-80 azn, Qız ayaqqabbı suvenir-50 azn, Güldan iri-250 azn, Güldan yaşıl-50 azn, Meyvə qabı göy-75 azn, Ağ içi güllü qırağı qızılı 2 qab-100+100 azn=200 azn; Tort qabları kök rəng-40 azn, Göy rəngli tort qabı-40 azn, Kompotnitsa dəst-35 azn, Qaşıq çəngəl bıçaq naboru-6 dənəli-70 azn+digər firma dəsti 50 azn=120 azn, Tort götürən qızılı bıçaqla-50 azn+gümüşü 50 azn=100 azn, Ləpə qabı ag 3 mərtəbə-50 azn, Ləpə qabı göy 2 ədəd-40 azn, 2 ədəd xalça 600 azn, ona və övladlarına aid şəxsi əşyalar və sənədlər vəsiqə uşaqların doğum haqqında şəhadətnamələrin qarşılıqlı iddiada cavabdeh İddiaçı alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ona məxsus cehiz əşyalarının özünə məxsus evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsində yalnız ona məxsus yataq mebel dəsti və bar qeyd olunmuşdur. Lakin o, həmin evə gəlin köçərkən el adətinə uyğun olaraq xeyli əşyalar valideynləri tərəfindən ona hədiyyə olunaraq həmin evdə yerləşdirilmişdir. Göstərilən əşyalar hamısı ona məxsusdur, buna görə də cavabdeh tərəfindən ona qaytarılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)- 4129/2023 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, ilk iddia üzrə Cavabdeh məxsus olan 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd güzgülü termo, 2 ədəd komodin, 2 ədəd şifonyer, 1 ədəd böyük termo, 2 ədəd şüşəli şifonyerdən ibarət cehiz əşyalarının ilk İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanından çıxarılması və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir Göstərilən nəticəyə gələrkən birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddia üzrə cavabdehin ilk iddiaçı ilə arasında bu mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında təsdiqlənən müqavilə bağlanmadığından, ilk iddia üzrə cavabdehin ilk iddiaçıya məхsus mənzildən istifadə еtmək, о cümlədən özünə məхsus əmlakları həmin mənzildə yеrləşdirmək, saхlamaq, оrada təyinatları üzrə istifadə еtmək hüququ əmələ gəlməmişdir. Qarşılıqlı iddiaçı, eyni zamanda ilk iddiada göstərilən əmlakları ilə yanaşı qarşılıqlı iddiasında göstərilən sənədlərin və əmlakların da оna qaytarılmasını tələb еtmiş, iddiasını qaytarılmasını tələb еtdiyi əmlakların, sənədlərin, şəхsi əşyaların qarşılıqlı iddia üzrə cavabdеhdə оlması ilə əsaslandırmış, lakin həmin halın, еləcə də iddia edilən sayda, çeşiddə, dəyərdə daşınar əmlakları əldə etməsi halının təsdiqi üçün sübut təqdim etməmişdir. Məhkəmə, qarşılıqlı iddia üzrə cavabdehin tələbi etiraf etmədiyini, qarşılıqlı iddiaçının isə tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün sübut təqdim edə bilmədiyini nəzərə alaraq, оnun iddia edilən sayda, çeşiddə, dəyərdə daşınar əmlaklara malik оlmadığı, qarşılıqlı iddiaçıya və ya uşaqlarına aid hər hansı digər sənədin, еləcə də şəхsi əşyaların qarşılıqlı iddia üzrə cavabdehin sahibliyində оlmadığı, qarşılıqlı iddiaçı ilə birgə nikahlarından dоğulmuş uşaqlarına məхsus şəxsiyyət vəsiqəsinin isə qarşılıqlı iddia üzrə cavabdehdə dеyil, qarşılıqlı iddiaçının kеçmiş ərinin sahibliyində оlduğu nəticəsinə gəlmişdir. Məhkəmə ilk iddia tələbi üzrə bеlə nəticəyə gəlmişdir ki, ilk iddia üzrə cavabdеhin cehiz əşyalarının ilk iddiaçının mənzilində yеrləşdirməsi mənzilin müəyyən hissəsinin tamamilə tutulmasına səbəb оlduğundan, bu isə ilk iddiaçının həmin sahələrdən öz mülahizəsinə əsasən istifadə еtməsinə, оrada arzuladığı əşyaları alıb yеrləşdirməsinə manе оlduğundan, bununla da оnun qanunla qorunan hüquqları pоzulduğundan, еləcə də ilk iddiaçının mənzilinə sərbəst surətdə sahib оlması, оndan istifadə еtməsi, оna dair sərəncam vеrməsi, оna başqa şəхslərin sahibliyinə yоl vеrməməsi, barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri еtməsi mənzilə dair hər hansı hüququ əmələ gəlməmiş ilk iddia üzrə cavabdеhin hüquqlarını pоzmadığından, hüquqdan sui-istifadə оlmadığından ilk iddia üzrə cavabdehin cehiz əşyaları ilk iddiaçıya məхsus mənzildən çıхarılmalı, ilk iddia tələbi təmin еdilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə bеlə hеsab etmişdir ki, qarşılıqlı iddiaçının ilk iddiada göstərilən əmlaklardan əlavə iddia edilən sayda, çeşiddə, dəyərdə daşınar əmlaklara malik оlması, qarşılıqlı iddiaçıya və ya uşaqlarına aid hər hansı digər sənədin, еləcə də şəхsi əşyaların qarşılıqlı iddia üzrə cavabdehin sahibliyində оlması sübut еdilmədiyindən, еləcə də qarşılıqlı iddiaçı ilə birgə nikahlarından dоğulmuş uşaqlarına məхsus şəxsiyyət vəsiqəsinin qarşılıqlı iddiaçının kеçmiş ərində оlması qarşılıqlı iddianın həmin hissədə təmin еdilməsinə əsas sayılmadığından qarşılıqlı iddia təmin еdilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə оnu da qеyd еtməyi zəruri saymışdır ki, qarşılıqlı iddianın rədd еdilməsi, qarşılıqlı iddiaçı ilə birgə nikahlarından dоğulmuş uşaqlarına məхsus şəxsiyyət vəsiqəsini qaytarmasını kеçmiş ərindən tələb еtməsində qarşılıqlı iddiaçı üçün manеə dеyil. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesini onun iştirakı olmadan keçirməklə həmin cehiz əşylaranın mövcud olmasını təsdiq edən sübutların fotoşəkillərin təqdim edilməsinə mane olmuşdur, nəticədə isə onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxaran qətnamə qəbul edilərək onun iddiasını rədd edilmişdir. Bir halda ki, Gülşən Qurbanovaya məxsus olan cehiz əşyaları - 2 ədəd komodin və 2 ədəd şüşəli şifonyer ilkin İddiaçı Musata qızına məxsus olan mənzildədirsə, deməli həmin mebellərin içində olan əşyalar da Gülşən Qurbanovaya məxsusdur. Bilindiyi kimi, el adətinə görə qıza cehiz olaraq mebel verilirsə onunla bərabər cehiz əşyaları da verilir. Həmin mebellərdə cehiz əşyalarının olmasını təsdiq edən müxtəlif vaxtlarda təşkil edilmiş tədbirlərdə çəkilmiş fotoşəkillər vardır. Lakin qeyd edildiyi kimi, həmin fotoşəkillərin təqdim edilməsi üçün Gülşən Qurbanovaya heç bir şərait yaradılmamışdır, bununla məhkəmə eyni zamanda məhkəmədə çəkişmə prinsipini də kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 36.1-ci və 36.3-cü maddələrinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Mübahisə olduqda, ər arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarı Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləüv edilməsi üçün əsasdır. 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh məxsus olan əşyaların İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanından çıxarılması barədə nəticəyə gəlsə də həmin əşyaların qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərməməklə prosessual pozuntuya yol vermişdir. Göründüyü kimi, qətnamənin nəticəsi hissəsi Azərbaycan Respublikasının MPMnin 222.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Həmin normaya əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən əsaslara görə ləğv edilməli və işə apellyasiya icraatı qaydasında mahiyyəti üzrə baxılaraq hər iki iddia tələbinə və apellyasiya şikayətinin digər dəlillərinə qiymət verilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Fikrət Məlikov küçəsi, məhəllə 3123 də yerləşən 3a saylı binanın 2 saylı mənzili ilk iddiaçıya məxsusdur. İlk iddia üzrə cavabdeh 2014-cü ildə ilk iddiaçının oğlu ilə nikah bağlamış və çıxarılması tələb olunan cehiz əşyalarını ilk iddiaçıya məxsus mənzilə yerləşdirmişdir. İlk iddia üzrə cavabdeh ilə ilk iddiaçının oğlunun arasındakı nikaha xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Məhkəmə kollegiyası ilk olaraq ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh məxsus olan cehiz əşyalarının (1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd güzgülü termo, 2 ədəd komodin, 2 ədəd şifonyer, 1 ədəd böyük termo, 2 ədəd şüşəli şifonyer) оna məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında qaldığından və ilk iddia üzrə cavabdеhin cehiz əşyalarının ilk iddiaçının mənzilində yеrləşdirməsi mənzilin müəyyən hissəsinin tamamilə tutulmasına səbəb оlduğundan, bu isə ilk iddiaçının həmin sahələrdən öz mülahizəsinə əsasən istifadə еtməsinə, оrada arzuladığı əşyalarlı alıb yеrləşdirməsinə manе оlduğundan, bununla da оnun qanunla qorunan hüquqları pоzulduğundan ilkin iddia tələbi əsaslı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində həmin əşyaların mənzildən çıxarılmasına etiraz etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh məxsus olan cehiz əşyalarının (1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd güzgülü termo, 2 ədəd komodin, 2 ədəd şifonyer, 1 ədəd böyük termo, 2 ədəd şüşəli şifonyer) оna məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanından çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPMnin 222.1-ci maddəsinin tələblərinə əsasən mənzildən çıxarılmalı olan əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa həmin əşyaların, eləcə də qarşılıqlı iddiada tələb edilən əşyaların dəyəri müəyyən edilməlidir ki, apellyasiya baxışı zamanı mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1161 saylı, 02 iyul 2024-cü il tarixli rəyindən görünür ki, ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3078,0 manat müəyyən olunur. Qərardadda və iddia ərizəsində göstərilən mallar (tozsoran, ütü, sokçəkən, qazan dəsti boz, toster tefal, balıq qızardan iki tərəfli bağlanan, çaydan çaynik dəsti tefal üst-üstə, chopper xirdalayan, ləpə qabı göy 2 ədəd, 2 ədəd xalça, suvenir fillər, qız ayaqqabbı suvenir, güldan yaşıl, meyvə qabı göy) tədqiqata təqdim edilmədiyindən qiymətləndirmə aparmaq mümkün olmamışdır. Rəyin tədqiqat hissəsindən isə görünür ki, qiymətləndirilən əşyaların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimi olmuşdur:

1. “Belissa” markalı, ağ rəngli yataq mebel dəsti (01 ədəd iki nəfərlik çarpayı 2x2,2 ölçülü, güzgülü termo 1,8x2 ölçülü, 02 ədəd komodin 60x60 ölçülü, şifoner 2,6x2 ölçülü, 01 ədəd 4 siyirtməli şkaf)- 01 ədəd, ümumi dəyəri 1000 manat;

2. Şüşəli şifoner 600x1800 ölçülü – 2 ədəd, biri 400 manat, ümumi dəyəri 800 manat;

3. Uzun müddət istifadədə olmuş kiçik ölçülü boz qazan – 1 ədəd, ümumi dəyəri 3 manat;

4. yaşıl rəngli yemək servisi – 1 dəst, ümumi dəyəri 200 manat;

5. ağ-boz rəngli yemək servisi kvadrat formalı – 1 dəst, ümumi dəyəri 100 manat;

6. Madonna yemək servisinə aid orta ölçülü kasa – 4 ədəd, biri 5 manat, ümumi dəyəri 20 manat;

7. billur çay stəkanı – 5 ədəd, biri 3 manat, ümumi dəyəri 15 manat;

8. armudu stəkan - 6 ədəd, biri 2 manat, ümumi dəyəri 12 manat;

9. Bokallar 3 cür boynu qızılı – 17 ədəd, biri 5 manat, ümumi dəyəri 85 manat;

10. Dondurma qabı - 1 ədəd, ümumi dəyəri 6 manat;

11. Yaşıl bokallar ortasında şərab qabı ilə - 1 dəst, ümumi dəyəri 80 manat;

12. Ağ turşu qabı (kvadrat formalı buludlar) - 5 ədəd, biri 5 manat, ümumi dəyəri 25 manat;

13. Tort qabı qızılı boşqabları ilə - 1 dəst, ümumi dəyəri 50 manat;

14. Konfet qabı gümüş - 2 ədəd, biri 25 manat, ümumi dəyəri 50 manat;

15. Şəffaf altı qara bokal - 6 ədəd, biri 5 manat, ümumi dəyəri 30 manat;

16. Hərəsi bir rəng bokallar - 6 ədəd, biri 5 manat, ümumi dəyəri 30 manat;

17. Qara-qızılı rəngli böyük ölçülü güldan - 1 ədəd, ümumi dəyəri 200 manat;

18. Ağ içi güllü kənarı qızılı 02 ədəd dairəvi və 02 ədəd kvadrat formalı orta ölçülü qab - 4 ədəd, biri 40 manat, ümumi dəyəri 160 manat;

19. Çəhrayı rəngli iri ölçülü boşqab (desert) – 2 ədəd, biri 6 manat, ümumi dəyəri 12 manat;

20. Göy rəngli iri ölçülü boşqab dəsti (desert) – 1 dəst, ümumi dəyəri 35 manat;

21. Okean və Luminarc markalı kompot dəsti - 2 dəst, biri 40 manat, ümumi dəyəri 80 manat;

22. qaşıq çəngəl bıçaq naboru-6 ədədli – 1 dəst, ümumi dəyəri 50 manat; 23.tort götürən qızılı bıçaqla+gümüşü – 1 ədəd, ümumi dəyəri 15 manat;

24. ləpə qabı ağ 3 mərtəbə - 1 ədəd, ümumi dəyəri 20 manat; Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, ilk iddia təmin edilməklə cavabdeh G.Haciyevaya məxsus ekspert rəyi ilə müəyyən edilmiş mebellər olmadığı halda onların dəyəri 1800 manat İddiaçı alınaraq ona qaytarılmalıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə isə bildirir ki, hazırki mübahisənin halları baxımından qarşılıqlı iddiaçının tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün isə normanın özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçı Cavabdeh üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyindən sadalanan-iddia ərizəsində göstərilən mebellər və rəydə qeyd edilən tozsoran, ütü, sokçəkən, qazan dəsti boz, toster tefal, balıq qızardan iki tərəfli bağlanan, çaydan çaynik dəsti tefal üst-üstə, chopper xirdalayan, ləpə qabı göy 2 ədəd, 2 ədəd xalça, suvenir fillər, qız ayaqqabbı suvenir, güldan yaşıl, meyvə qabı göy istisna olmaqla digər əşyaların isə İddiaçı məxsus mənzildə olması həmin əmlakların Cavabdeh məxsus olmasını təsdiq etmir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının mənzilinə gəlin köçərkən cehiz əşyalarını gətirməsini göstərsə də, yəni iddia ərizəsində göstərilən mebellər və rəydə qeyd edilən tozsoran, ütü, sokçəkən, qazan dəsti boz, toster tefal, balıq qızardan iki tərəfli bağlanan, çaydan çaynik dəsti tefal üst-üstə, chopper xirdalayan, ləpə qabı göy 2 ədəd, 2 ədəd xalça, suvenir fillər, qız ayaqqabbı suvenir, güldan yaşıl, meyvə qabı göy istisna olmaqla həmin əşyaların onun cehiz əmlakı olmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Gülşən Qurbanovaya məxsus olan cehiz əşyaları-2 ədəd komodin və 2 ədəd şüşəli şifonyer ilkin İddiaçı Musata qızına məxsus olan mənzildədirsə, deməli həmin mebellərin içində olan əşyalar da Gülşən Qurbanovaya məxsus olması və bununla bağlı fotoşəkillər olması kimi dəlillərinə qiymət verərək hesab edir ki, bu hallar qarşılıqlı iddianın əsaslı olmasına əsas vermir. Belə ki, kollegiyanın qənaətinə görə qarşılıqlı iddiaçı bu əşyaların onun tərəfindən əldə edilməsinə dair müvafiq sübutları ( qəbz, çek, şahid ifadələri) təqdim etməli idi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı bütövlükdə rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Qarşılıqlı iddianın-sənədlərin qaytarılması hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə qarşılıqlı iddia tələbi əsaslı olduğu halda birinci instansiya məhkəməsi qarşılıqlı iddianı göstərilən hissədə rədd etməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi, qarşılıqlı iddiaçının tələbində sadalanan daşınar əmlakları əldə etməməsi, qarşılıqlı iddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqlarına məxsus şəxsiyyət vəsiqəsinin qarşılıqlı iddia üzrə cavabdehdə deyil, onun özündə (nümayəndədə) olması, qarşılıqlı iddiaçıya və ya uşaqlarına aid hər hansı digər sənədin, eləcə də şəxsi əşyaların onun və ya qarşılıqlı iddia üzrə cavabdehin sahibliyində olmaması əsası ilə qarşılıqlı iddiaya etiraz etmişdir. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi, cavabdehin oğlu məhkəmə baxışı zamanı birgə nikahlarından doğulmuş uşaqlarına məxsus şəxsiyyət vəsiqəsinin onda olmasını bildirməsinə birinci instansiya məhkəməsi düzgün qiymət verməyərək iddia tələbinin məhz nümayəndəyə qarşı yönəlmədiyindən rədd edilməsi qənaətinə gəlmişdir. Halbuki Azərbaycan Respublikasının MPM-nin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi onun oğlu olmaqla qarşılıqlı iddiaçının əri və uşaqlarının atasıdır. Belə olan halda oğul-nümayəndənin sənədlər barədə izahatı öz adından desə də, ümumilikdə izahatları təmsil etdiyi anasının adından verilmiş izahatlar kimi qiymətləndirilir. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh tərəf məhkəmə baxışı zamanı qarşılıqlı iddiada tələb edilən sənədlərin onlarda olmasını etiraf etmişdir. Azərbaycan Respublikasının MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh tələb edilən sənədlərin onda olması faktını qismən qəbul etdiyindən və bununla da qarşılıqlı iddiaçının həmin halı sübut etmə vəzifəsindən azad etdiyindən qarşılıqlı iddia sənədlərin qaytarılması hissəsində qismən əsaslı olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, ilkin iddia tələbi tam təmin edilməli, qarşılıqlı iddia tələbi isə uşaqlarına məxsus şəxsiyyət vəsiqəsi İddiaçı alınaraq G.Haciyevaya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ilki iddia ərizəsi, qarşılıqlı iddia ərizəsinə və apellyasiya şikayətinə görə ödənilən dövlət rüsumları onların ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatının ilk iddia üzrə İddiaçı, 50 manatının isə Cavabdeh tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 387, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)- 4129/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia təmin edilsin. İlk iddia üzrə Cavabdeh məxsus olan ümumi dəyəri 1000 manat olan 01 ədəd “Belissa” markalı, ağ rəngli yataq mebel dəsti (01 ədəd iki nəfərlik çarpayı 2x2,2 ölçülü, güzgülü termo 1,8x2 ölçülü, 02 ədəd komodin 60x60 ölçülü, şifoner 2,6x2 ölçülü, 01 ədəd 4 siyirtməli şkaf); ümumi dəyəri 800 manat olan 02 ədəd şüşəli şifoner 600x1800 ölçülü ibarət cehiz əşyaları ilk İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanından çıxarılsın. Həmin əşyalar olmadığı halda onların dəyəri oolan 1800 manat İddiaçı alınaraq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Uşaqlara məxsus şəxsiyyət vəsiqələri İddiaçı alınaraq Cavabdeh qaytarılsın. Qarşılıqlı iddia digər hissədə təmin edilməsin. İlkin iddia ərizəsi, qarşılıqlı iddia ərizəsinə və apellyasiya şikayətinə görə ödənilən dövlət rüsumları onların ödəmiş tərəflərin özlərinə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 50 (əlli) manatının ilk iddia üzrə İddiaçı, 50 (əlli) manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar