Məhkəmə qərarları › İş №2(103)-1038/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1038/2025

03.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1038/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər “səsgücləndirici cihazların demontaj edilməsi, tavanın izolyasiya olunması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “səsgücləndirici cihazların demontaj edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2678/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər Fəvvarələr meydanı tikinti sahəsi FS-003 inşa edilən binada yerləşən Cənub korpusu, blok 4, 2-ci mərtəbə ünvanında yerləşən 41 saylı mənzilə dair dəyəri tam ödənilmiş mənzilin tikinti işləri başa çatdıqdan sonra alıcıya təhvil verilməsi barədə xx.xx.2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 MMC arasında müqavilə bağlanmışdır.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktub və xx.xx.2023-cü il tarixli 280 nömrəli səs və titrəmənin müayinə protokolundan görünür ki, iddiaçının yataq otağında səsin səviyyəsi 41.0 DB (norma 40 DB), qonaq otağında 42.0 DB (norma 40 DB), uşaq otağında 41.5 DB (norma 40 DB), titrəmə sürətinin səviyyələri yataq otağında Akorr=120 DB (norma Akorr=77DB), qonaq otağında Akorr=120 DB (norma Akorr=77DB), uşaq otağında Akorr=122DB (norma Akorr=77DB) müəyyən edilmişdir.

3. 20.11.2023-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh1 MMC-dən səsgücləndirici cihazların demontaj edilməsi, tavanın izolyasiya olunması və digər tədbirlərin görülməsi tələb edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh1 MMC-nin tərkibində fəaliyyət göstərən “Urban Cafe” daxilində tavana bərkidilmiş və digər fərqli mövqelərdə quraşdırılmış səsgücləndirici cihazların demontaj edilməsini, gələcəkdə səsgücləndiricidən istifadə edilməsi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq səs-küyün yaşayış obyektlərinə nüfuz etməməsi üçün tavanın izolyasiya olunması, aidiyyəti şəxslər barəsində qanunvericiliyin tələblərinə riayət olunmadığına görə lazımi tədbirlər görülməsi və cavabdehlərdən 100,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər plan”nın təsdiq edilməsi haqqında müvafiq Fərmanının icrası çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli sərəncamı ilə təsdiqlənən bundan sonra “Bakı Ağ şəhər” adlanacaq “Qara şəhər”in bərpa və inkişafı haqqında qərara əsasən ərazidə genişmiqyaslı tikinti-quraşdırma və bərpa işlərinə başlanıb. Park Place “Premium” yaşayış kompleksi də layihə çərçivəsində Ağ şəhərin tam mərkəzində inşa edilib. Yaşayış kompleksinin birinci mərtəbəsi müxtəlif təyinatlı iaşə obyektləri olaraq fəaliyyət göstərir, digər mərtəbələr isə yaşayış üçün nəzərdə tutulmuşdur. Hazırda Xətai rayonunda yerləşən “Ağ Şəhər” - “Park Place” yaşayış kompleksində, İlqar Mirzəyev küçəsindəki 6 saylı binanın 2-ci mərtəbəsində, 41 nömrəli mənzildə yaşayır. İctimai iaşə sahəsində fəaliyyət göstərən “Urban Cafe” həmin binanın 1ci mərtəbəsində Cavabdeh1 MMC-nin tərkibində fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsində təmirin həyata keçirilməsi zamanı tavanın və divarların qalınlığı, səskeçirmə xüsusiyyətləri nəzərə alınmamışdır. Belə ki, səs-küyün digər yaşayış və qeyri-yaşayış obyektlərinə nüfuz etməməsi üçün lazımi izolyasiya edici avadanlıqlar quraşdırılmamışdır. “Urban Cafe” daxilində tavana bərkidilmiş və digər fərqli mövqelərdə quraşdırılmış müxtəlif səsgücləndirici cihazlar qanunvericiliklə müəyyən edilmiş normaların pozulması ilə istifadə edilmişdir. Tərəflərindən edilmiş müraciətlər əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən mənzilə baxış keçirilmiş, səs-küy və titrəmə sürətinin səviyyəsi ölçülmüşdür. Belə ki, mənzildə səs-küyün və titrəmə sürətinin səviyyəsinin laborator tədqiqat üsulları ilə xx.xx.2023-cü il tarixdə aparılmış müayinə nəticələrinə əsasən, yataq otağında səsin səviyyəsi 41.0 DB (norma 40DB), qonaq otağında 42.0 DB (norma 40DB). uşaq otağında 41.5 DB (norma 40DB), titrəmə sürətinin səviyyələri yataq otağında Akorr=120DB (norma Akorr=77DB), qonaq otağında Akorr=120DB (norma Akorr=77D8), uşaq otağında Akorr=122DB (norma Akorr=77DB) müəyyən edilmişdir. Qeyd olunanlardan da aydın olduğu kimi Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin olunması barədə xx.xx.2009-cu il 52 nömrəli Fərmanına əsasən, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının təsdiq edilməsi haqqında xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanının, Cədvəl 1-in 10-16-ci bəndlərinə uyğun olaraq, həmin ünvanda yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən "Urban Cafe”də avadanlıqların işlənməsi zamanı yaranan nüfuzedici səs-küyün və titrəmə sürətinin yol verilən səviyyədən yüksəkdir. Tikinti normalarına, nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarına riayət edilməməsi, qanunvericiliyin və bina sakinlərinin hüquqlarının pozulması ilə nəticələnir.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 2678/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizaı təyin edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Park Place yaşayış kompleksi İlqar Mirzəyev küçəsi, 6 saylı binanın 2-cimərtəbəsi 41 nömrəli mənzildə iddiaçı X2 məxsus mənzilin yataq otaqlarında aparılmış müayinələrin göstəricilərinə əsasən səs-küyün 1 yataq otağında, vibrasiyanın səviyyələri hər iki otaqda tələb olunan normadan artıqdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4/1329 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Park Place yaşayış kompleksi İlqar Mirzəyev küçəsi, 6 saylı binanın 2-ci mərtəbəsi 41 nömrəli mənzilə keçirilmiş baxış və laborator müayinələr zamanı aparılmış ölçmələrin nəticələrinə görə qeyd olunan ünvanda yataq otaqlarından birində səs-küyün səviyyəsi tələb olunan normadan artıqdır, digərində isə səs-küyün səviyyəsi tələb olunan normalara uyğundur. Səs-küyün səviyyəsinin tələb olunan normalardan artıq olduğu hallarda səs gücləndiricilərdən əks olunan səsin ümumi səviyyəsinin azaldılması və ya tikilinin ümumi izolyasiyasının gücləndirilməsi kimi tədbirlər görülə bilər.

9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 2678/2024 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-nin tərkibində fəaliyyət göstərən “Urban Cafe” daxilində tavana bərkidilmiş və digər fərqli mövqelərdə quraşdırılmış səsgücləndirici cihazların demontaj edilməsi, səsgücləndiricidən istifadə edilməsi zamanı səs-küyün yaşayış obyektlərinə nüfuz etməməsi üçün tavanın izolyasiya olunması öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının Cavabdeh1 MMC-dən alınaraq İddiaçı ödənilməsi, 150 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Cavabdeh1 MMC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə ekspert və mütəxəssis rəylərini nəzərə almaqla əsaslandırmış, iddiaçının mənzilində səs-küyün və titrəyişin çox olmasında cavabdehin təqsirinin olubolmamasına münasibətdə qeyd etmişdir ki, cavabdeh özünün fəaliyyət göstərdiyi iaşə obyektində zəruri vasitələrdən istifadə etməsi nəticəsində üçüncü şəxslərə dəymiş hər bir zərərə görə məsuliyyət daşıyır. Təsadüfi deyil ki, qanunvericilik hər bir şəxsin mülkiyyətindən istədiyi kimi istifadə etmək imkanını tanımaqla bərabər, bu hüququn həyata keçirilməsi zamanı qonşuların və üçüncü şəxslərin hüquqlarının pozulmamasını da nəzərə almışdır.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, göründüyü kimi, iddiaçının mənzilində səs-küyün və titrəyişin normadan artıq olması Cavabdeh1 MMC-nin tərkibində fəaliyyət göstərən “Urban cafe”nin həmin yerdə fəaliyyəti ilə bağlıdır. Şərh edilən halları nəzərə alaraq məhkəmə cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənzilinə zərərin dəyməsində “Urban cafe”nin təqsirli olması qənaətinə gəlmişdir.

12. İddiaçının mənzilində səs-küyü və titrəyişin çox olması, məhz mənzilin aşağısında yerləşən kafenin fəaliyyəti ilə bağlı olduğuna görə iddia Cavabdeh1 MMC-yə aid hissədə təmin edilmiş, digər cavabdehə münasibətdə rədd edilmişdir.

13. Məhkəmə iddia tələbini “aidiyyəti şəxslər barəsində qanunvericiliyin tələblərinə riayət olunmadığına görə lazımi tədbirlər görülməsi” hissəsində əsassız hesab etmişdir. Belə ki, iddia icraatı qaydasında həyata keçirilən mülki məhkəmə icraatı yalnız iddiaçının nə isə tələb etməsi əsasında deyil, həm də digər şəxsdən (cavabdehdən) nə isə tələb etməsi əsasında başlanır. Bu zaman iddia tələbinin yönəldiyi şəxsin mövcudluğu və həmin şəxsin ona qarşı yönəlmiş tələb barədə lazımi qaydada məlumatlandırılması həmin prosesin zəruri elementini və həyata keçirilməsinin ayrılmaz prinsipini təşkil edir. İddia tələbində aidiyyəti şəxs dedikdə məhz kimdən söhbət getdiyi bəlli olmadığından iddia həmin hissədə təmin edilməməlidir.

14. İddia tələbləri qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi mütənasib olaraq 100 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.

15. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tikinit-texniki ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 150 manat məbləğində pul vəsaiti də Cavabdeh1 MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4, 21.1, 21.2, 152.1, 152.5, 1096.1, 1096.2, 1097.1, 1111.2, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına, “Ekoloji təhlükəsizlik haqqında” AR Qanunun 1.7, 4.2-ci maddələrinə, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın 1.3-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları tam, hərtərəfli araşdırılmamış, yekun məhkəmə aktı çıxarılan zaman qərəzli yanaşma sərgilənmişdir. xx.xx.2024-cü il tarixli 4/1329 saylı Ekpert rəyindən də göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər Park Place yaşayış kompleksii İlqar Mirzəyev küçəsi, 6 saylı binanın 2-ci mərtəbəsində 41 saylı mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mənzilin otaqlarında səs küyün səviyyəsi tələb olunan normalara uyğundur. Yalnız yataq otaqlarından birində səs səviyyəsi 41.7 dBa olaraq qeyə alınmışdır. Ekspert rəyindən də göründüyü kimi səs səviyyəsi tələb olunan normadan həddindən artıq çox olmamışdır. Hətta digər yataq otağında səs səviyyəsi 37.9 dBa müəyyən edilmişdir. Bu isə normadan azdır. Bundan əlavə, məhkəmə tərəfindən 100,40 manat məbləğində dövlət rüsumunun və 150 manat məbləğində ekspertiza xərcinin cavabdehdən tutulmasını qət etmişdir. Bu səbəbdən məhkəmənin yanaşması obyektiv olmamış, qətnaməsi isə əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, ekspertiza mərkəzi tərəfindən verilmiş rəy həqiqəti əks etdirir. Obyektin üstünə iddiaçının yalnız bir yataq otağı düşür. Ola bilər ki, yoxlama zamanı şəhərdə olan digər səslər, avtomobil, Ağ şəhərdə tikinti ilə bağlı texnikanın səsləri də olsun. Kafedə tavanın hündürlüyü 8 metrdir, səs gücləndiricilər isə tavandan 3 metr aşağıda quraşdırılıb. Orada toy, bayram tədbirləri keçirilmir, aşağı səslə musiqi olur. Digər mülkiyyətçilərə maneə törədilmədiyi halda məhkəmə kafedə olan bütün səsgücləndiricilərin demontaj edilməsini qət etmişdir. Qətnamənin ləğv edilməsini, yalnız iddiaçının 1 otağı ilə bağlı izolyasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin nəticə əldə olunmamışdır. Ekspertiza zamanı o da iştirak etmişdir, günün birinci yarısı idi, səsin ən az olan vaxtı. Cavabdeh də bilirdi ki, ekspertiza keçirilir. Buna baxmayaraq yenə də səs mənzilə nüfuz edirdi. Lakin məhkəmədən öncə iddiaçının mənzilində səs ölçülərkən cavabdehin bundan məlumatı yox idi.

22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 MMC-yə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Maddə 1098.3. Məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və apellyasiya şikayətinin məzmununa görə Cavabdeh1 MMC qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası proses işirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış xx.xx.2024-cü il tarixli, 4/1329 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Park Place yaşayış kompleksi İlqar Mirzəyev küçəsi, 6 saylı binanın 2-ci mərtəbəsi 41 nömrəli mənzildə baxış və laborator müayinələr zamanı aparılmış ölçmələrin nəticələrinə görə qeyd olunan ünvanda yataq otaqlarından birində səs-küyün səviyyəsi tələb olunan normadan artıqdır, digərində isə səs-küyün səviyyəsi tələb olunan normalara uyğundur. Belə ki, yataq otaqlarında səs-küyün səviyyəsi 41.7 dBA və 37.9 dBA qeydə alınmışdır. Halbuki, səs-küy səviyyəsinin norması 40 dBA-dır. Səsküyün səviyyəsinin tələb olunan normalardan artıq olduğu hallarda səs gücləndiricilərdən əks olunan səsin ümumi səviyyəsinin azaldılması və ya tikilinin ümumi izolyasiyasının gücləndirilməsi kimi tədbirlər görülə bilər.

29. Bununla belə, məhkəməyə müraciət etməmişdən öncə iddiaçı şikayətlə aidiyyəti qurumlara müraciət etmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən iddiaçının mənzilində səs-küyün və titrəmə sürətinin səviyyəsi ölçülmüş, iddiaçının yataq otağında səsin səviyyəsi 41.0 DB (norma 40 DB), qonaq otağında 42.0 DB (norma 40 DB), uşaq otağında 41.5 DB (norma 40 DB), titrəmə sürətinin səviyyələri yataq otağında Akorr=120 DB (norma Akorr=77DB), qonaq otağında Akorr=120 DB (norma Akorr=77DB), uşaq otağında Akorr=122DB (norma Akorr=77DB) müəyyən edilmişdir.

30. Kollegiya qeyd edir ki, cavabdehə məxsus ictimai iaşə obyektində günün müxtəlif saatlarında müəyyən amillər (müştərilərin sayı, digər səs-küyün səviyyəsi və s.) nəzərə alınmaqla musiqinin səsi aşağı salına və ya yüksəldilə bilər.

31. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehə ona məxsus ictimai iaşə obyektində musiqinin səsləndirilməsi qadağan edilməmiş, yalnız səsküyün iddiaçıya məxsus mənzilə nüfuz etməməsi üçün cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmuşdur. Həmin vəzifələr cavabdehin fəaliyyətini hər hansı formada məhdudlaşdırmır.

32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya həmçinin qeyd edir ki, iddiaçının səsgücləndirici cihazların demontaj edilməsi və tavanın izolyasiya olunması barədə tələbləri təmin edildiyindən ödənilmiş dövlət rüsumu, xidmət haqqı və ekspertiza tədqiqatlarının dəyərinin Cavabdeh1 MMC-dən tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyi mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissəsində ləğvinə əsas ola bilməz.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2678/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar