Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10392/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “X8 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Banka qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bankın ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.597 manat, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 300.000 manat məbləğində pulun Bankdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin mart aynda iddiaçı avtomobil almaq qərarına gəlmişdir. Bunun üçün ona özündə olan məbləğdən daha artıq pul lazım olduğunu nəzərə alaraq, iddiaçı, müştərisi olduğu (hazırki iş üzrə tərəf olmayan) "xxxx" ASC-yə müraciət edərək ASC-nin əməkdaşlarından ona kredit verilməsinin mümkün olubolmaması barədə maraqlanmış, müsbət cavab aldıqdan sonra, almaq istədiyi avtomobili satan şəxslə - X1 ilə görüşmüş və kredit ala biləcəyinə ümid edərək avtomobilin dəyərini tam şəkildə ödəyə biləcəyi barədə ona bildirmişdir. Onlar razılığa gələrək 19.03.2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş “Beh müqaviləsi” bağlamış və iddiaçı avtomobili sahibi Simyar Əskərəliyevə 2.500 manat məbləğində beh ödəmişdir. Növbəti günlər “Novruz bayramı” ilə bağlı qeyri-iş günləri olmuş və iddiaçı, qeyri-iş günləri bitdikdən sonra, yəni 29.03.2021-ci il tarixdə kredit almaq üçün ASC-yə getmiş, lakin ona kredit verilməsindən imtina edilmişdir. ASC-nin əməkdaşları bunu onunla izah etmişlər ki, “Kredit reyestrində” iddiaçının adına ödənilməmiş kredit borcunun olması barədə qeydiyyat mövcuddur. Bundan sonra, iddiaçı, ətraflı məlumat almaq üçün Azərbaycan Kredit Bürosuna müraciət etmiş və müəyyən olunmuşdur ki, cavabdeh Bank 29.10.2012-ci il tarixdə iddiaçıya vermiş olduğu 700 manat kredit üzrə 91,92 manat məbləğində faiz borcunun ödənilməsinin 2.666 gün müddətində gecikdirilməsi barədə reyestrdə məlumat yerləşdirmişdir. İddiaçı bildirir ki, cavabdeh Bank tərəfindən “Kredit reyestrində” yerləşdirilmiş bu məlumat həqiqəti əks etdirmir. Belə ki, iddiaçı ilə cavabdeh Bank arasında 29.10.2012-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən iddiaçıya 700 manat məbləğdə kredit verilmişdir. İddiaçı kredit borcunun bir hissəsini Banka ödəsə də, digər hissəsinin ödənişində çətinlikləri olmuş və vaxtında ödəniş edə bilmədiyi üçün Bank “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 03.07.2014-cü il tarixli əmri ilə kredit borcuna görə iddiaçıdan cəmi 659,46 manat məbləğində pulun Bankın xeyrinə tutulması qərara alınmışdır. Həmin məhkəmə əmri iddiaçı tərəfindən 16.12.2014-cü il tarixdə tam şəkildə icra edilmiş, iddiaçı kredit borcunu cavabdeh Banka ödəmişdir. Hətta, Bank, 18.12.2014-cü il tarixli məktubla Nizami Rayon İcra Şöbəsinə müraciət edərək yuxarıda qeyd edilən borcun ödənildiyini bildirmişdir. Bundan sonra isə, yəni 2020-ci ildə Bankın 29.10.2012-ci il tarixli müqavilə üzrə iddiaçının ona borcunun olması barədə “Kredit reyestrində” məlumatın yerləşdirilməsindən ibarət hərəkəti qanunsuz və əsassızdır. Cavabdeh bankın hərəkəti nəticədə, iddiaçı həm avtomobili ala bilməmiş, həm də onun ödədiyi beh batmışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, behin əvəzi – 2.500 manat, “Beh müqaviləsinin” bağlanması üçün ödədiyi dövlət rüsumunun əvəzi – 92 manat, ödədiyi xidmət haqqının əvəzi – 5 manat, Bankın ona vurduğu mənəvi zərərin əvəzi – 300.000 manat Bankdan tutularaq ona ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.07.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinin məzmununa uyğun olaraq əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddia ərizəsində göstərilən 19.03.2021-ci il tarixli “Beh müqaviləsi” bağlanan zaman, iddiaçı, kredit tarixçəsi barədə məlumatlı idi. Belə ki, Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş “Kredit reyestrindən” görünür ki, iddiaçı, kredit məlumatlarının əldə olunması üçün 10.03.2021-ci il tarixdə, yəni müqavilənin bağlanması tarixindən 9 gün əvvəl şəxsi sorğu ilə Kredit Bürosuna müraciət etmiş və kredit tarixçəsi barədə məlumat almışdır. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə X1 arasında 19.03.2021-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinə dair beh müqaviləsindən” görünür ki, müqavilə tərəfləri razılığa gəlmişlər ki, S.Əskərəliyev özünə məxsus olan “X6” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya 45.000 manata satacaq və bununla bağlı olaraq onlar “Alğı-satqı müqaviləsi” bağlayacaqlar. Bunun müqabilində iddiaçı 2.500 manat məbləğində pulu beh olaraq S.Əskərəliyevə ödədi. İşdə olan sənədlərdən görünür ki, 2.500 manat məbləğində pul iddiaçı tərəfindən notariusun depozit hesabına, “Beh müqaviləsinin” bağlanması üçün iddiaçı tərəfindən 92 manat məbləğində dövlət rüsumu və bank xidmətinə görə 5 manat ödəmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03.07.2014-cü il tarixli məhkəmə əmrindən (İş № 2(007)-2940/2014) görünür ki, həmin əmrə əsasən hazırki iş üzrə İddiaçı hazırki iş üzrə cavabdeh “X8 Azərbaycan” QSC arasında 29.10.2012-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə cəmi 659,46 manat məbləğində pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. QSC-nin nümayəndəsi X4 tərəfindən Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə ünvanlanmış 18.12.2014-cü il tarixli ərizədən görünür ki, E.Məmmədov həmin ərizədə bildirmişdir borclu İddiaçı QSC-yə olan borcunu ödəmişdir buna görə də, o, məhkəmə əmri üzrə icra icraatına xitam verilməsini xahiş edir. İddiaçı bildirir ki, cavabdeh Bank tərəfindən onun borcu barədə “Kredit reyestrində” səhv məlumatın yerləşdirilməsi nəticəsində "xxxx" ASC tərəfindən ona kredit verilməmiş və bu səbəbdən o, almaq istədiyi avtomobili ala bilməmiş, həmçının onun avtomobilə görə ödədiyi beh batmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı beh müqaviləsi bağlanan zaman kredit tarixçəsindən məlumatlı olmadığını bildirsə də, Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş (iş v. 23) “Kredit reyestrindən” görünür ki, iddiaçı, kredit məlumatlarının əldə olunması üçün 10.03.2021-ci il tarixdə, yəni müqavilənin bağlanması tarixindən 9 gün əvvəl şəxsi sorğu ilə Kredit Bürosuna müraciət etmiş və kredit tarixçəsi barədə məlumat almışdır. Başqa sözlə müəyyən edilir ki, iddiaçı beh müqaviləsi bağlanan zaman kredit tarixçəsindən məlumatlı olmuş, buna görə də ona gələcəkdə kredit verilməsindən imtina olunacağı ehtimalını nəzərə almamışdır. Bu baxımdan hesab edilməlidir ki, iddiaçının bu dəlili əsassızdır. Rayon Məhkəməsi iddianın “maddi zərərin əvəzinin ödənilməsi barədə” hissəsini rədd etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianın “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” hissəsini də rədd etməkdə haqlı olmuşdur. Çünki “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 07 saylı qərarına görə, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verir. Hazırki işin hallarından isə müəyyən edilir ki, cavabdeh Bank tərəfindən iddiaçıya mənəvi zərərin vurulması sübuta yetmir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10392/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10392/2021
05.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver