Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10393/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(006)-757/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhlənkarlığı nəticəsində faktiki istifadəsində olan 01 ədəd "Termet" markalı kombi qızdırıcısının. 01 ədəd "HB” markalı nuotbuk kompüterin, 01 ədəd "Samsung” markalı kondisionerin və 01 ədəd "TP-Link” markalı modemin sıradan çıxaraq yararsız vəziyyətə düşməsi nəticəsində ona dəymiş 720 manat maddi zərərin və ya kombi üçün xərclədiyi 220 manatı ona qaytarmaqla qalan cihazların cavabdeh tərəfindən təmir etdirilərək işlək vəziyyətdə ona təhvil verilməsi, 1000 manat mənəvi zərərin və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(006)-757/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, maddi zərərə görə 720 manat, mənəvi zərərə görə 50 manat, cəmi 770 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qərara alınmış, qətnamə qalan hissədə təmin olunmamışdır. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi iddia tələbini mənəvi zərər hissədə təmin etməməkdə haqlı olmamışdır, qətnamənin mənəvi zərər hissədə tam ləğv edilməsi və iddia tələbinin mənəvi zərər hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozuması ilə qəbul edilmişdir. Bu səbəbdən, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ş.Qurbanov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi F.Qasımzadə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, ev 93, 5 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bina sakinləri tərəfindən tərtib olunmuş 28.07.2020-ci il tarixli aktdan görünür ki, 27.07.2020-ci il tarixdə elektrik gərginliyinin yüksəlməsi nəticəsində mənzil 5-in sakini İddiaçı məxsus “Termet” kombi, Samsung” kondisioner, “HB” notbuk, modem sıradan çıxmışdır. Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinin 15.09.2020-ci il tarixli məktubundan görünür ki, Səbail rayonu Bayıl qəsəbəsi Ə.Nəzmi küçəsi 93-cü binanın sakinləri tərəfindən yazılmış şikayət məktubuna əsasən mütəxəssislər baxış keçirmişlər. Belə məlum olmuşdur ki, yeraltı 0,4 kv-luq kabel xəttinin zədələnməsi nəticəsində şəbəkədə gərginliyin yüksəlməsi hadisəsi müşahidə olunmuşdur. Test Labaratoriya Xidməti İdarəsi tərəfindən zədə yeri təyin edilmişdir. Zədəli kabel xətti təmir olunub şəbəkəyə qoşulmuşdur. 15.04.2021-ci il tarixli aktdan görünür ki, X3 SoyuducuKondisioner ustası kimi ünvan 1 ünvanındakı samsung markalı kondisionerə baxış keçirmişdir. Kondisioner elektrik enerjisinin yüksəlməsi nəticəsində sıradan çıxmışdır. Kondisionerin işlək vəziyyətə gətirilməsi üçün təmirinə 250 manat vəsait tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/86- 9/981 nömrəli, 16.02.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki iş materiallarında 0,4 kV-luq elektrik kabelin zədələnməsinin səbəbi və xarakteri barədə məlumatların olmadığından, eləcə də ekspert vəsatət ilə bu barədə tələb edilmiş məlumat və materiallar təqdim edilmədiyindən yeraltı kabel xəttinin zədələnməsinə görə şəbəkədə gərginliyin yüksəlməsinin mümkün olub-olmadığını müəyyən etmək mümkün deyildir. Lakin, aşağı gərginlikli (220 V-luq) elektrik məişət cihazlarına onların texniki göstəricilərində nəzərdə tutulmayan yüksək gərginliyinin verilməsi, belə bir cihazların yarasız vəziyyətə getir bilər. Məhkəmə ekspertiza mərkəzində məişət cihazlar (kombi qızdırıcısı, notbuk komyuteri, kondisioner və modem) üzrə xüsusi biliyə malik olan mütəxəssisin olmadığından, belə bir mütəxəssis cəlb edilməklə həmin cihazlarda əmələ gəlmiş zədələrin təbiətinin müəyyən edilməsi, onların təmir etməklə yaranmış nasazlıqların aradan qaldırması və işlək vəziyyətə gətirilməsinin mümkünlüyü həll oluna bilər. İş materiallarında adları sadalanan istifadədə olmuş əşyaların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırkı orta bazar qiyməti nəzəri qaydada təxminən 1070,0 manat müəyyən edilir (aparılmış tədqiqatın dəyəri: 100 manat). Rayon məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 izahat verərək bildirir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən mənzilində “Termet” markalı kombi qızdırıcı avadanlığının düzəldilməsi üçün müraciət etmişdir. Kombinin platosu (beyni) xarab olmuşdur. Platonun yanmasına səbəb isə işıq fazasında olan problem olmuşdur. Belə ki, işıq fazasında fazalar bir-biriylə birləşmiş və tokda partlayış olmuşdur. Kombiyə baxış keçirib yoxlayan zaman kombinin beyin hissəsi xarab olduğu üçün ya yeni kombi alınmalı olduğunu və ya yeni beyin hissəsi alınmalı olduğunu iddiaçıya bildirdim. İddiaçı beyin hissəsini düzəltdirdi. Mənə isə 190 manat beyin hissəsi, 30 manat əmək haqqı, nəticədə isə cəmi 220 manat məbləğində pul vermişdir. Hüquqi dəyərləndirmə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının və cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı apellyasiya şikayətində qətnaməni iddia tələbinin mənəvi zərər hissədə təmin edilməməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azından mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) . Cavabdeh apellyasiya şikayətində qətnaməni maddi zərərlə bağlı hisədə mübahisələndirmişdir. Kolegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/86- 9/981 nömrəli, 16.02.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki iş materiallarında 0,4 kV-luq elektrik kabelin zədələnməsinin səbəbi və xarakteri barədə məlumatların olmadığından, eləcə də ekspert vəsatət ilə bu barədə tələb edilmiş məlumat və materiallar təqdim edilmədiyindən yeraltı kabel xəttinin zədələnməsinə görə şəbəkədə gərginliyin yüksəlməsinin mümkün olub-olmadığını müəyyən etmək mümkün deyildir. Lakin, aşağı gərginlikli (220 V-luq) elektrik məişət cihazlarına onların texniki göstəricilərində nəzərdə tutulmayan yüksək gərginliyinin verilməsi, belə bir cihazların yarasız vəziyyətə getir bilər. Məhkəmə ekspertiza mərkəzində məişət cihazlar (kombi qızdırıcısı, notbuk komyuteri, kondisioner və modem) üzrə xüsusi biliyə malik olan mütəxəssisin olmadığından, belə bir mütəxəssis cəlb edilməklə həmin cihazlarda əmələ gəlmiş zədələrin təbiətinin müəyyən edilməsi, onların təmir etməklə yaranmış nasazlıqların aradan qaldırması və işlək vəziyyətə gətirilməsinin mümkünlüyü həll oluna bilər. İş materiallarında adları sadalanan istifadədə olmuş əşyaların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırkı orta bazar qiyməti nəzəri qaydada təxminən 1070,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, rayon məhkəməsi zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması öz təsdiqini tapdığından iddia tələbini qismən təmin etməkdə haqlı olmuşur, bu səbəbdən apelyasiya şikayətləri əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı və cavabdeh "xxxx" ASC-tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Binəqədi Rayon Məhkəməsinin 2(006)-757/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10393/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10393/2021
17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver