Məhkəmə qərarları › İş №2(103)-10407/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10407/2021

21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10407/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(011)-3854/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərin əvəzi olaraq 10000 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qızı Nuranı ilə cavabdehin oğlu Elnur 2018-ci ildə nikaha daxil olaraq ailə qurmuş, Cavabdeh iddiaçı ilə söhbət zamanı oğlu Elnurla Nuranənin burada yaşamayacaqlarını, onların Moskva şəhərinə gedəcəklərini, onlara Moskva şəhərində ev almaq istədiyini və ev alacaqlarına söz verərək bunun üçün pulun bir hissəsini özü verəcəyini, digər hissəsini isə İddiaçı istəmişdir. İddiaçı da qohumluq münasibətlərində narazılıq olmasın deyə 13 sentyabr 2018-ci ildə qızı Nuranənin ad günündə yaşadığı Sumqayıt şəhəri Xəzər bağları massivi H.Aslanov küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvlərinin iştirakı ilə cavabdehə 10000 manat pul vermişdir. Cavabdeh Moskva şəhərində ev alacağına söz versə də, Moskva şəhərində heç bir ev alınmamış, iddiaçı tərəfindən verilən 10000 manat pulu da ona geri qaytarmamaqla öz şəxsi istifadəsində saxlamışdır. Nuranə ilə Elnur 29 fevral 2020-ci il tarixdən etibarən faktiki olaraq ayrılmış və Nuranə öz ata evinə qayıtmışdır. 03 dekabr 2020-ci il tarixdə isə Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikaha xitam verilmişdir. İddiaçı dəfələrlə cavabdehdən ona verdiyi 10000 manatın qaytarılmasını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(011)-3854/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh maddi zərərin əvəzi kimi 10000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, iddiaçı ona heç vaxt 10000 manat məbləğində pul verməmiş, o da həmin məbləğdə ondan pul almamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(011)- 3854/2021 saylı qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi mübahisələndirilən hissədə rədd olunmalıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ona istinad etmişdir ki, iddiaçının məhrum olduğu pul vəsaitinin geri alınması barədə müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsində 10 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qüvvədə olan həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 10000 manat pul vermişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh iddiaçıdan aldığı 10000 manat pulu özündə saxlaması onun əsassız varlanmasına səbəb olmuşdur ki, bu da iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, əvvəla Sumqayıt Şəhər Polis İdarəsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş 10 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etmir. Bundan əlavə, həm birinci instansiya məhkəməsinin qətnaməsində, həm də cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 noyabr 2020-ci il tarixli qərarda sübut kimi qəbul olunan WhatsApp messenceri vasitəsilə yazışmalar tərəflər arasında aparılmamışdır. İş materiallarından görünür ki, həmin yazışmalar iddiaçının qızı Nuranə Quliyeva ilə cavabdehin oğlu Elnur Ağayevin arasında aparılmışdır. Həmin yazışmada +994 55 835 59 95 saylı mobil nömrə istifadəçisinin SMS yazışması zamanı “Atamın verdiyi 10000 manatı xərcləmisiniz ?” sualına +994 55 932 28 88 saylı mobil nömrə istifadəçisi “məndədir, xərcləməmişəm.” deyə cavab vermişdir. Həmin ismarıcın məzmunu iddiaçının cavabdehə 10000 manat məbləğində pul verməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Sumqayıt RPİ-də aparılmış araşdırma zamanı X4, X3, X5 və X6 izahatlarında İddiaçı Cavabdeh 10000 manat məbləğində pul verməsini təsdiq etsələr də, məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslər iddiaçının ailə üzvləri olduğuna görə onların izahatları mötəbər sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 10000 manat məbləğində pul verilməsi qeyri-mötəbər sübutlarla təsdiq olunduğu halda, birinci instansiya məhkəməsi işin faktiki hallarını ətraflı araşdırmadan iddianı qismən təmin etmiş, işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 385.1.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İddia rədd edildiyindən və apellyasiya şikayəti təmin edildiyindən, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan tutulub cavabdehə ödənilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 119.6, 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(011)-3854/2021 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin, apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan tutulub cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar