Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10419/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh Firmasının etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-81/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Firmasına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, stomatoloji qurğu komplekt formada gətirilmədiyinə görə dəymiş zərərə görə 2.000 ABŞ dollarının, 2 ay ərzində əldən çıxmış fayda qismində 6.000 manatın və mənəvi zərərə görə 5.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh firmasına stomatoloji qurğu alınması üçün müraciət etmiş, firmanın nümayəndəsi X2 ilə Braziliyanın “GNATUS- 8” firmasının məhsulunun komplektləşdirilmiş formada gətirilməsinə razılaşmışlar. Stomatoloji qurğunun ancaq həmin firmanın məhsullarından olmasına dair razılaşmışlar. Yazılı müqavilə istədikdə uzun müddət ərzində fəaliyyət göstərdiklərini və ona inanmasını tövşiyə etmiş, uzun müddət stomatoloji avadanlıqlarla bağlı firma ilə fəaliyyət göstərdiyindən ona inanmış və cəmi 13.460 ABŞ dollarını İ.Xankişiyevə nağd formada ödəmişdir. O isə stomatoloji qurğunu həmin gün sifariş verəcəyini və 25 günə ona çatdıracağını bildirmişdir. Amma stomatoloji qurğu 109 gündən sonra gətirilmişdir. İyul ayının 6-da cavabdehin nümayəndəsi 3-4 günə stomatoloji qurğunun ona çatdırılacağını bildirmiş, onun sözünə inanıb, fəaliyyətini dayandıraraq köhnə stomatoloji qurğunu çıxarmış, yeni qurğu üçün hazırlıqlar görmüşdür. Amma növbəti dəfə də onu aldadaraq 2 ay müddətində fəaliyyətsiz qoymuşdur. Cavabdeh etdiyi hərəkətlərlə öhdəliklərini yerinə yetirə bilməməsinə səbəb olmuşdur. İş fəaliyyətində narazılıqlar, problemlər yaranmasına səbəb olmuş, ay ərzində 6.000 manat gəlir əldə etməsinin qarşısını almışdır. Stomatoloji qurğunun bir hissəsi olan ağız suyu soran və elektrik motorunun olmadığını gördükdə, İ.Xankişiyev firmanın o cür göndərdiyini bildirmişdir. Guya ki, “GNATUS-8” firması onunla müqavilənin şərtinə əməl etməyib və bu səbəbdən çatışmayan hissələrlə onu təmin edə bilməyəcəyini bildirmiş, buna baxmayaraq, komplekt stomatoloji qurğu üçün borclu qaldığı 1.600 ABŞ dollarını da ödəməyi xahiş etmişdir. O isə razılaşmaya uyğun olaraq çatışmayan hissələrlə təmin etdikdən sonra, ödəyəcəyini bildirmişdir. Cavabdehin nümayəndəsi bundan imtina etmiş, məcbur qalıb 1.700 Avroya (2.700 ABŞ dolları) “Kaspident” firmasından ağız suyu soranı və elektrik motorunu almışdır. Amma hələ də çatışmayan hissələrlə tam təmin edə bilməmiş və əlavə olaraq 1.000 ABŞ dolları da ödəniş edərək digər hissələri də almışdır. Beləliklə cavabdehin hərəkəti ucbatından 2.000 ABŞ dolları zərər etmişdir. Cavabdehin hərəkətləri iş fəaliyyətində narazılıqlar, problemlər yaranmasına səbəb olmuş, ona uzun müddətli mənəvi iztirablar yaşatmış, müəyyən müddət sağlamlığını itirməsinə və əsəb sisteminin pozulmasına səbəb olmuşdur. Hesab edir ki, cavabdeh 5000 manat məbləğində mənəvi təzminat ödəməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-81/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Firmasına qarşı “maddi və mənəvi zərərin tutulması tələbinə dair” iddia tələbinin təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh firması ondan 1600 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq Cavabdeh firmasına ödənilməsi tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin iş AR Ali Məhkəməsinin 25.09.2020-ci il tarixli 2(102)-2671/2020 saylı qərarı ilə sonlandırılmışdır. Stoma firmasının iddiası Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə rədd edilmişdir, Şirkətin Kassasiya şikayəti də təmin edilməmişdir. Məhkəmələr qətnamə və qərarlarını onunla əsaslandırmışlar ki, Stomatoloji qurğu və avadanlıqlar komplekt şəkildə, eyni firmanın istehsalı olması daha məntiqlidir. Bu səbəbdən Məhkəmələr qərarının əsaslandırıcı hissəsində, mənim dəlilinin daha əsaslı olduğu qənaətinə gəlmiş və cavabdehin öhdəliyini yerinə yetirməməsini qət etmişlər. Məhkəmə araşdırma apararaq cavabdehin hərəkətləri ucbatından onun 3 ay fəaliyyətsiz olduğundan ona xeyli zərər dəydiyini, cavabdeh üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmədiyi qənaətinə gəlmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə Mülki Məcəlləsinin 540.1-ci maddəsinin tələbinə əsasən onların əvəzləşdirirlməsi vasitəsi ilə xitam verilə bilər. Həmin Məcəllənin 543-cü maddəsinin tələbinə əsasən əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. Hakim isə tələblərin həcmlərini eyni hesab edərək əvəzləşdirilməsini qət etmişdir. Halbuki Ali Məhkəmənin Qərarından da görünür ki, cavabdehin iddiası əsassız olmuş və ancaq, o üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda hakimin hansı öhdəliyi icra etmədiyi qənaətinə gəldiyi maraq doğurur. Bildirir ki, cavabdehin etdiyi hərəkətlər ödəliklərini yerinə yetirə bilməməyinə səbəb olmuş, iş fəaliyyətində narazılıqlar, problemlər yaranmağına səbəb olmuş, ona uzun müddətli mənəvi iztirablar yaşatmış müəyyən müddət sağlamlığını itirməyinə və əsəb sisteminin pozulmasına səbəb olmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-81/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış erərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-81/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh Firmasının nümayəndəsi X2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 81/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin hərəkəti ucbatından 2000 ABŞ dolları maddi zərərə, 6000 manat əldən çıxmış fayda qismində zərərə və 5000 manat mənəvi zərərə məruz qalması barədə iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir, o, tələbi yetərincə əsaslandıra bilməmişdir. Eyni zamanda tərəflər arasında mövcud olmuş qarşılıqlı tələblər bir-birini tam ödədiyinə görə, həmin tələblərə qanuvericiliyin göstərişinə əsasən xitam verildiyindən, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, Mülki Məcəllənin 540.1 və 543-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3467/18 saylı, 05.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh firmasının cavabdeh İddiaçı qarşı cavabdehdən 1600 ABŞ dolları məbləğində pul vəsaitinin məcburi şəkildə tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilmişdir. İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)12820/2019 saylı, 31.10.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3467/18 saylı, 05.09.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməməsi qət edilmişdir.(İ.vər. 29 - 32) İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2671/2020 saylı, 25.09.2020-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla iddiaçı Cavabdeh firması tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.10.2019-cu il tarixli, 2(103)-12820/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, cavabdehin stomatoloji kabinet üçün 15.000 ABŞ dolları dəyərində stomatoloji avadanlıq sifariş edərək üç ay onun təhvil verilməsini gözləməsi, bu müddət ərzində işləməməsi və yalnız iddiaçı təşkilat tərəfindən həmin avadanlıqların gətirilib quraşdırıldıqdan sonra çatışmayan həmin ağız suyu soran və elektrik motorunu başqa firmaya sifariş edərək, həm də baha qiymətə alması işin mübahisəsiz halıdır və bu hal da iddianın rədd edilməsi qənaətinə gəlməyə əsas verir. Çünki ən sadə məntiq də həmin hissələrin məhz iddiaçı təşkilata sifariş olunmasını diqtə edir. Bu isə öz növbəsində cavabdehin iddia tələbinə etirazının, iddiaçı təşkilatın müqavilə öhdəliyini həmin iki əşyaya münasibətdə yerinə yetirməməsi barədə dəlillərinin əsaslı olduğunu göstərir. Bundan başqa, iddiaçı təşkilat kasasiya şikayətində “Gnatus-8” firmasının məktubuna istinad edərək, stomatoloji avadanlığın qiymətinə nasosun daxil edilmədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın bu dəlili ilə də razılaşmamışdır. Belə ki, tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə bir müqavilə isə işdə yoxdur. Bu səbəbdən də sözügedən məktub tərəflər arasında yaranmış razılaşmanı özündə ehtiva etmədiyi üçün, stomatoloji avadanlığın qiymətinə nasosun daxil edilməməsi qənaətinə gəlməyə əsas vermir.(İ.vər. 78 - 81) Məhkəmə kollegiyası, maddi və mənəvi zərərlə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair iddiaçının apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırda iddiaçı iddia edir ki, o cavabdehlə Braziliya istehsalı olan stomatoloji avadanlığın tam komplekt şəkildə gətirilməsi barədə razılaşmış, 13100 ABŞ dolları da ödəniş etmişdir, lakin iddiaçı avanlığı natamam gətirmişdir. Nəticədə o, əlavə 1700 avro ödəməklə çatışmayan hissələri almağa məcbur olmuş, cavabdehin hərəkəti ucbatından ona 2000 ABŞ dolları maddi ziyan, 6000 manat məbləğində əldən çıxmış fayda və 5000 manat məbləğində mənəvi ziyan qismində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 543-cü maddəsinə əsasən əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. Odur ki, maddi zərər hissəsində məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin iddiaçı cavabdehdən 5.000 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Plenumun tövsiyəedici qərarını müqayisəli təhlil edərək hesab edir ki, iddiaçı iddia tələbində qeyd edilən maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Ona görə ki, bu xüsusda olan iddiaların təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, müalicə almış, bunlar cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqə olmuşur. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri əsasizdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi bu nəticə ilə razılaşır və apelyatorun maddi və mənəvi zərərlə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-81/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10419/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10419/2021
14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver