Məhkəmə qərarları › İş №2(103)-10436/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10436/2021

20.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10436/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(007)- 2510/2021 saylı qərardadından İddiaçı nümyəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 17.08.2021-ci il tarixdə iddiaçi İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında İddiaçı adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə yeni müqavilə bağlanaraq yeni abunə kodu verilməklə yeni sayğac quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(007)- 2510/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “yeni müqavilə bağlanaraq yeni abunə kodu verilməklə yeni sayğac quraşdırılması“ tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, qeyd olunan tələblə aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmək hüququnun olması iddiaçıya izah olunmuşdur. Həmin qərardaddan İddiaçı nümyəndəsi və vəkili Vəkil şikayət verərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(007)-2510/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilinin keçmiş istehlakçısı mərhum Kəlbəcər rayonundan məcburi köçkün X2 adına abonent nömrəsi **********50075 olan sayğacda hesablanmış 1120,1 manat borcun silinməsi və həmin mənzilə elektrik enerjisinin verilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin öhdəsinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli 2-1(112)-4276/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli 2-1(112)- 4276/2021 saylı qərardadı ilə iddianın mümkün sayılmamasının hüquqi əsası kimi qeyd edilmişdir ki, hazırkı iş üzrə iddia tələbi "xxxx" ASC tərəfindən abonent nömrəsi **********50075 olan sayğacda hesablanmış borcun silinməsi və elektrik enerjisinin verilməsinin bərpa edilməsindən irəli gələn hallarla əlaqədardır. Halbuki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni "İnzibati icraat haqqında" Qanunun 2.0.1-ci maddəsi anlamında inzibati orqan çıxış edir.Hazırki iddia tələbi üzrə cavabdeh qismində göstərilmiş "xxxx" ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"na inzibati orqan kimi daxil edilməmiş və qəbul etdiyi akt publik hüquq münasibətlərindən deyil, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn hüquq və vəzifələrdən irəli gəlmişdir. Bu səbəbdən də, iddianın növündən asılı olmayaraq inzibati orqan hesab edilməyən "xxxx" ASC-yə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilmir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələ barəsində işin hallarından asılı olaraq mülki məhkəmə icraatı qaydasında ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Bundan sonra, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilinin keçmiş istehlakçısı mərhum Kəlbəcər rayonundan məcburi köçkün X3 adına abonent nömrəsi **********50075 olan sayğacda hesablanmış 1120,1 manat borcun silinməsi və həmin mənzilə elektrik enerjisinin verilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin öhdəsinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı Bahadır oğlunun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilinə quraşdırılmış abonent nömrəsi **********50075 olan sayğacda hesablanmış 1120,1 manat borcun silinməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ olmadığı bildirildiyindən, iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında İddiaçı adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə yeni müqavilə bağlanaraq yeni abunə kodu verilməklə yeni sayğac quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2510/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılmaq üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrini səbəbləri barədə məlumat verməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Nizami Rayon Məhkəməsinin 2(007)-2510/2021 saylı, 20 avqust 2021-ci il il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli Qərarın: 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları inzibati orqandır. Göründüyü kimi, “ünvan 1 ünvanında İddiaçı adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə «"xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə yeni müqavilə bağlanaraq yeni abunə kodu verilməklə yeni sayğac quraşdırılması» tələbi barədə dəqiqləşmə ərizəsinə əsasən həmin tələbə ümumi məhkəmədə baxılması istisna olunur. Şikayətin digər dəlili ilə bağlı isə Kollegiya qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli 2-1(112)-4276/2021 saylı qərardadı ilə hazırkı iddia tələbi deyil, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ünvan 2 ünvanında yerləşən mənzilinin keçmiş istehlakçısı mərhum Kəlbəcər rayonundan məcburi köçkün X2 adına abonent nömrəsi **********50075 olan sayğacda hesablanmış 1120,1 manat borcun silinməsi və həmin mənzilə elektrik enerjisinin verilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin öhdəsinə qoyulmasına dair iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli 2-1(112)-4276/2021 saylı qərardadı ilə iddianın mümkün sayılmamasının hüquqi əsası kimi isə qeyd edilmişdir ki, hazırkı iş üzrə iddia tələbi "xxxx" ASC tərəfindən abonent nömrəsi **********50075 olan sayğacda hesablanmış borcun silinməsi və elektrik enerjisinin verilməsinin bərpa edilməsindən irəli gələn hallarla əlaqədardır. Beləliklə, Kollegiya qeyd edir ki, 1-ci instansiya məhkəməsinin hazırkı iş üzrə qənaəti düzgün olmuşdur. Odur ki, Kollegiya 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2510/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 360, 398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2510/2021 saylı, 20 avqust 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar