Məhkəmə qərarları › İş №2(103)-1044/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1044/2022

17.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1044/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "maliyyə arayışının verilməsi öhdəliyinin qoyulması tələbinə dair" ilkin və Cavabdeh İddiaçı qarşı “kommunal borcun ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(004)-334/2021 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı "maliyyə arayışının verilməsi öhdəliyinin qoyulması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti, 92A ünvanında mövcud olan yaşayış binasının 8-ci blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə dair maliyyə arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə aralarında bağlanmış 26.10.2015-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 222 nömrəli fərdi müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında yerləşən yaşayış binasının 8-ci blokunda 5-ci mərtəbəsində, ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzil 93.452 manat ödənilməklə əldə edilmişdir. Bu barədə müqavilənin 3.2-ci bəndində müddəa öz əksini tapmışdır. Lakin bugünə kimi cavabdeh tərəfindən mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı ona təqdim edilməmişdir. Tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək maliyyə arayışı verilməsinin 2 gün müddətində təmin edilməsi xahiş edilmiş, cavabdeh tərəfindən həmin pretenziyaya cavab verilməmişdir. Maliyyə arayışının verilməməsi mülkiyyət hüquqlarını pozur. Belə ki, həmin mənzilə dair Dövlət Reyestrindən çıxarış əldə etmək istəyir. Lakin maliyyə arayışının mövcud olmaması səbəbi ilə bu mümkün olmur. Çıxarış əldə edə bilmədiyindən qanuni yolla bu əmlaka dair sərəncam vermək hüququndan məhrum olur. Daha sonra iddiaçı Cavabdeh İddiaçı qarşı “kommunal borcun ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən göstərilən komunal xidmətlərə görə 1696 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MTK-ya 1696 manat kommunal xidmətlərə görə borcu mövcuddur. Belə ki, cavabdeh 2020-ci ilə kimi kommunal xidmətlərə görə borclarını vaxtı-vaxtında ödəmiş, lakin 2020-ci iİdən sonra borcunu daha vaxtında ödəməmiş və bu hal nəticədə bina müdiriyyətinin narazılığına səbəb olmuşdur. Beləliklə qeyd etmək istərdi ki, iş üzrə cavabdeh İddiaçı tarəflər arasında bağlanmış müqaviləyə görə aldığı mənzilə göstərilən komunal xidmətlərə görə 1696 manat borcu vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(004)- 334/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti, 92A ünvanında mövcud olan yaşayış binasının 8-ci blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə dair İddiaçı adına maliyyə arayışının verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti, 92A ünvanında mövcud olan yaşayış binasının 8-ci blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə göstərilən kommunal və domofon xidmətlərinə görə 473 (dörd yüz yetmiş üç) manatın tutularaq iddiaçı "xxxx" MTK-nın xeyrinə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və cavabdeh İddiaçı göstərilən kommunal xidmətlərə görə 1696 (min altı yüz doxsan altı) manat pulun tutulması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi faktiki halları nəzərə almamış, təkcə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri ilə deyil, həm də məhkəməyə verilmiş və Cavabdeh MTK-nın mühasibatlığı tərəfindən məhkəməyə təqdim olunmuş iş üzrə mötəbər sənəd hesab olunan sənədə diqqət yetirməli idi. Lakin işə baxan hakim iş üzrə maliyyə arayışını nəzərə almayaraq özünün yekunda gəldiyi nəticəyə əsaslanaraq iş üzrə səhv, birtərəfli və qeyri-qanuni qətnamənin çıxarılmasına səbəb olmuşdur. Mənzil Məcəlləsinin 139.1.6 maddəsinə görə mənzil tikinti koperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti koperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə bu maddəyə istinad edərkən mühüm bir faktı nəzərindən qaçırmışdır. Belə ki, yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti koperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə olmasına baxmayaraq, yaşayış sakinin kommunal xidmətlərə görə borcunu tam ödədikdən sonra və Cavabdeh MTK qarşısında götürdüyü öhdəlikləri konkret olaraq 1696 manat kommunal xidmətlərə görə yığılmış borcunu ödədikdən sonra ona mülkiyyət hüququnu təsdiq edən maliyyə arayışı verilə bilərdi. Əks halda Cavabdeh MTK öz öhdəliklərini yerinə yetirməyən sakindən qanunla ona mənsub olan pulu ala bilməzdi və bu öz növbəsində gələcəkdə Cavabdeh MTK-nın hüquqlarının pozulmasına gətirib çıxarır, bu da qanunvericiliyin pozulması hesab olunur. Cavabdeh 2020-ci ilə kimi kommunal xidmətlərə görə borclarını vaxtlı-vaxtında ödəməmiş və bu hal nəticədə bina müdiriyyətin narazılığına səbəb olmuşdur. Beləliklə, iş üzrə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəflər arasında bağlanmış müqaviləyə görə aldığı mənzilə göstərilən kommunal xidmətlərə görə 1696 manat borcu olmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, sifarişçi İddiaçı ilə podratçı "xxxx" MTK arasında bağlanmış 26.10.2015-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 222 nömrəli fərdi müqaviləyə əsasən, sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, podratçı Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilməkdə olan yaşayış binasının 8-ci blokun 5-ci mərtəbədə, 3 otaqlı 4 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürür (1.1-ci bənd). Bu mənzilin dəyəri ilkin olaraq 02.05.2009 cu il tarixli 222 saylı müqaviləyə əsasən "xxxx" MTK-ya tam olaraq X2 tərəfindən ödənilmişdir (3.1-ci bənd). 26.10.2015 tarixdə mənzilin dəyərinin ödənilməsi qarışılıqlı razılaşma əsasında X2 tərəfindən İddiaçı adına dəyişdirilmişdir (1.1-ci bənd). İş materiallarında olan "xxxx" MTK-nin 15.10.2021-ci il il tarixli 11 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 92A ünvanında yerləşən binanın 7-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137 kv.m olan 718 saylı mənzil İddiaçı məxsusdur. 01.10.2016-cı il tarixindən 31.12.2016-cı il tarixinə qədər 3 otaqlı mənzillər üçün aylıq kommunal xidmət haqqının məbləği 22 manat olmuşdur. 01.01.2017-ci il tarixdən hal-hazıra qədər mənzilin hər bir kv.metri üçün kommunal xidmət haqqının məbləği 0.3 manat olmaqla, İddiaçı məxsus olan mənzil üçün hər ay 41,1 manat məbləğində kommunal xidmət haqqı hesablanmışdır. Mənzilin yerləşdiyi 7-ci bloka domofon quraşdırıldığına görə domofon xidmətinə qoşulmaq üçün İddiaçı 05.10.2019-cu il tarixində 50 manat məbləğində pul ödəmişdir. Domofon xidmətindən istifadə üçün aylıq xidmət haqqı 2 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən təqdim edilmiş İddiaçı kommunal xidmət və domofon xidmətinə görə ödəniş cədvəlindən görünür ki, göstərilən xidmətlərə görə 2020-ci ilin 11 ayı üzrə İddiaçı tərəfindən 473 manat ödəniş olunmuş, kommunal xidmətə görə 41 manat və domofon xidmətinə görə 2 manat olmaqla 43 manat borcu qalmışdır. Həmçinin, 2021-ci ilin 10 ayı üçün İddiaçı kommunal xidmətə görə 410 manat və domofon xidmətinə görə 20 manat olmaqla, 430 manat borcu qalmışdır. Beləliklə, onun cəmi borcunun məbləği 473 manat təşkil etmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29.12.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həm ilk, həm də qarşılıqlı iddia tələbi üzrə işin müəyyən edilmiş hallarını sadalanan qanunvericilik normalarının dispozisiya şərtləri baxımından qiymətləndirərək belə nəticəyə gəlmək olur ki, iddiaçıya məxsus mənzilə görə qarşılıqlı iddiaçıya müqavilə üzrə ödənilməli olan məbləğ sonuncuya tam olaraq ödənildiyindən, Cavabdeh MTK-nın mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışını iddiaçıya vermək öhdəliyi yaranmış, lakin MTK bu öhdəliyini icra etməkdən yayınmışdır. Ona görə də, ilk iddia tələbi qanuni və əsaslı olmuşdur. Eyni zamanda müəyyən edilir ki, ilk iddiaçı tərəfindən mənzilə görə hesablanmış kommunal xərclər ödənilməmiş və onun bu xidmətləri həyata keçirən Cavabdeh MTK qarşısında 473 manat borcu yaranmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh MTK apellyasiya şikayətində borcun məbləğinin 473 manat deyil, 1696 manat olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qarşılıqlı iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş maliyyə arayışı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin arayışdan bu borc məbləğinin necə yaranması, göstərilən rəqəmlərin həqiqi olması müəyyən edilmir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, həmin maliyyə arayışında kommunal xidmətlərə görə borcun 2017-2021-ci illəri əhatə etməsi göstərilsə də, qarşılıqlı iddia ərizəsində Cavabdeh MTK-nın nümayəndəsi qarşılıqlı iddia üzrə cavabdehin 2020-ci ilədək kommunal xidmət haqlarını vaxtlı-vaxtında ödədiyini etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək onları əsassız hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırkı mülki iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğuna görə, bu qətnamədən kassasiya şikayəti nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(004)- 334/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar