Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10441/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1915/2021 saylı mülki iş üzrə qəbul etdiyi 01.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh notariat kontoruna müraciət etmişdir, hazırda yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi, 34 saylı evin 25 saylı mənzil əvvəllər ona məxsus olmuş, 2007-ci ildən X3na bağışlanmışdır. X3 2012-ci ildə Rusiyada vəfat etmişdir. Oğlu X1 vətəndaşı olduğu üçün və Maqadanda vəfat etdiyi üçün onun ölüm haqqında şəhadətnaməsinin əslini əldə etmək imkanı yoxdur. O, daimi Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 34 saylı evin 25 saylı mənzildə yaşamaqla mirası faktiki qəbul etmişdir. Ona mirası faktiki qəbul etmiş şəxs kimi vərəsəlik şəhadətnaməsi verilməsi xahiş olunmuşdur. Lakin 30 saylı Notariat Kontoru ona imtina etmişdir. Bu imtina qanunsuzdur. Belə ki, cavabdeh özü də yazır ki, Siz (yəni İddiaçı) mirasa daxil olan mənzildə qeydiyyatda olub və yaşamaqla mirası qəbul etmiş vərəsə hesab olunursunuz. Həmçinin cavabdeh özü də istinad etdiyi, 2002-ci il Kişinyov konvensiyasının və həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bağlanmış ikitərəfli müqavilə əsasında: “daşınmaz əmlaka dair vərəsəlik həmin əmlakın yerləşdiyi yer üzrə notariat orqanları tərəfindən verilir". Lakin cavabdeh özü də bu Konvensiya və müqavilələrə istinad etdiyi halda ona daşınmaz əmlakın olduğu Nizami rayonu deyil Rusiya Federasiyası Maqadan şəhərində notariata müraciət etməyi məsləhət etməklə qanunun normasını pozur. Bundan başqa qeyd edir ki, cavabdehin zərinə daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Bakı İnzibati Məhkəməsinə verdiyi iddia ərizəsi, həmin məhkəmənin 24.02.2021-ci il tarixli qərardadı ilə mümkünsüz sayılmışdır. Qeyd olunanlara əsasən cavabdeh 30 saylı Notariat Kontoruna, ona ünvan 1 ünvanlı daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 2(007)-1915/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 2(007)-1915/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Azəbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə X9 arasında 23.06.2017-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən 13/09/2003-cü il tarixli 528№li reyestr kitabında 78980 səhifə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan, Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küç 34N°li binada yerləşən üm/sahəsi 62,95kv.m yaşayış sahəsi 45,95 kv.m üç otaqlı 25N-li mənzili oğlu X8 bağışlamışdır. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İş materiallarında olan İddiaçı cavabdehlər X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “vərəsəlik şəhadətnaməsinin və onun əsası verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(007)-38/2017 saylı qətnaməsi ilə iddianın təmin olunması, Rusiya Federasiyası Maqadan şəhər notariat idarəsinin notariusu tərəfindən 16 yanvar 2015-ci il tarixdə təsdiq edilmiş 49AA ******* nömrəli və 49AA ******* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən 09 iyul 2015-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin MK-nın 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(007)-38/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 25.04.2018-ci il tarixdə 2(102)-3028/2018 saylı qərarı ilə cavabdeh X5 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə məhkəmə qərarları ilə Rusiya Federasiyası Maqadan şəhər notariat idarəsinin notariusu tərəfindən 16 yanvar 2015-ci il tarixdə təsdiq edilmiş 49AA ******* nömrəli və 49AA ******* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən 09 iyul 2015-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində RX Seriyalı, ******* nömrəli çıxarış ləğv edilmişdir. Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinin tələblərinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli,könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdurki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. İş materialları ilə müəyyən olunur ki, iddiaçının X3 2012-ci ildə Rusiyada vəfat etmişdir. İddiaçı oğlunun adına olan Bakı şəhəri, Nizami rayonu, Naxşıvanski küçəsi 34 saylı ev, 25 saylı mənzili faktiki qəbul etmişdir. Belə ki, o, uzun illərdir ki, həmin mənzildə yaşayır. Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə hesab olunurlar. Qeyd edilənlərə əsasən İddiaçı Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi, 34 saylı evin 25 saylı mənzil üzərində miras payı tanınmalıdır. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(009)-1915/2021 saylı mülki iş üzrə qəbul etdiyi 01.07.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(009)-1915/2021 saylı mülki iş üzrə qəbul etdiyi 01.07.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilin 1/3 hissəsinə İddiaçı vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10441/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10441/2021
15.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver