Məhkəmə qərarları › İş №2(103)-10452/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10452/2021

15.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10452/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(001)-5956/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən 11.06.2019-cu il tarixdə, saat 17:25-də sürücülük vəsiqəsi olmaqla idarə etdiyi "Nissan Teana” markalı, **- SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətdə təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında yerləşən işıqforun yaşıl işığında piyada keçidinə yaxınlaşıb keçmək istəyərkən yolun sağ kənarında olan piyada üçün nəzərdə tutulan hissəsindən sola doğru qaçaraq yolu keçmək istəyən piyada X2 avtomobilin qabaq sağ qanad hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan V.İ.Həsənovun ölümünə səbəb olmuşdur. Bununla da, Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli 1 (001)-36/2020 saylı hökmünə əsasən bəraət verilmiş, Ali Məhkəmənin 28 oktyabr 2020-ci il tarixli qərarına Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Yol nəqliyyat hadisəsi baş verdikdən qısa müddət sonra mərhum X1 yas mərasimində iştirak edərkən cavabdeh 10000 manat pul verəcəyi təqdirdə ona qarşı heç bir halda şikayəti, iddiasının və tələbinin olmayacağını bildirmiş, bundan sonra tərəfindən qohumlarının iştirakı ilə Cavabdeh 10000 manat məbləğində pul ödənilmiş, sonuncu isə 21 saylı Notaıiat Ofisinə gedərək ona dəymiş ziyanın tərəfindən tam ödənilməsi və ona qarşı heç bir şikayətinin, tələbinin olmadığı və gələcəkdə də olmayacağı barədə ərizə yazmışdır. Lakin bir müddət sonra cavabdeh əlavə pul istəməyə başlamış və əlavə pul verməkdən imtina etdikdə sonuncu notarial qaydada vermiş olduğu ərizəni ləğv etdirmişdir. Həmin pulu ondan geri tələb etdikdə isə sonuncu pulu verməkdən imtina etmiş, əksinə bəraət aldığı hökmdən şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(001)- 5956/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 10000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ona 10000 manat pulu öz istəyi ilə vermiş, həmin pulu iddiaçıdan o, tələb etməmiş, düşünmüşdür ki, kömək niyyəti ilə etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, pulu könüllü verməmişdir. Hadisənin baş verməsində təqsirli cavabdehin atası olmuşdur, o öz yolu ilə hərəkətdə olarkən, mərhum avtomobilin qabağına çıxmışdır. İstintaq zamanı barışıq əldə edilməsə həbs olunacağından ehtiyat etmiş, cavabdeh isə barışıq üçün həmin pulu tələb etmişdir. Bu səbəblə 10000 manat vermişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, 11.06.2019-cu il tarixdə İddiaçı tərəfindən Cavabdeh atasının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı tərəfindən cavabdehə 10000 manat pul verilmişdir. 15.06.2019-cu il tarixli Cavabdeh tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, 11.06.2019-cu il tarixində Azadlıq prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənmişdir. X3 qarşı heç bir maddi və mənəvi iddiası, tələbi və şikayəti yoxdur. Gələcəkdə də bu işlə bağlı İddiaçı qarşı heç bir iddiası, şikayəti və tələbi olmayacaq. İddiaçı ilə barışmışdır. Daha sonra isə cavabdeh bu ərizəni ləğv etdirmişdir. İş materiallarında olan məhkəmə aktlarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli 1(001)-36/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə İddiaçı bəraət verilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16.03.2020-ci il tarixli 1(103)-388/2020 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.10.2020-ci il tarixli 1(102)-1070/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16.03.2020-ci il tarixli 1(103)-388/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə baxılarkən zərər çəkmişin hüquq varisi kimi iştirak etmiş Cavabdeh İddiaçı şikayətçi olmuşdur. İddiaçı Cavabdeh atasının ölümü nəticəsində ona dəymiş ziyanın əvəzi olaraq 10000 manat məbləğində pul vermiş, hazırda cavabdehə verdiyi 10000 manatı tələb etmiş, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin nəticəsi düzgün olmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin əsassız varlanması qənaətinə gələrək iddianı təmin etmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Kollegiya hesab edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddiaçının qohumlarının mərhumun yas mərasimində iştirak etməsi və cəmi 4 gün sonra cavabdehə 10000 manat məbləğində pul verməsi yalnız əxlaqi və mənəvi borcun icrası ilə bağlı olmuşdur (yas mərasiminin təşkili, qəbrüstü abidənin hazırlanması və s.). İddiaçının bu addımı heç bir halda cavabdehin varlanmasına xidmət etməmiş, nə də hadisənin baş verməsində iddiaçının təqsirli olub-olmaması məsələsinə qabaqcadan təsiri olmamışdır («sonradan aradan qalxmış əsas»). Mülki Məcəllənin 666.3-cü maddəsinə görə mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Şəxsin özünə mənəvi və ya əxlaqi borc hesab edərək icra etdiyi hərəkət (pulun verilməsi və s.), həmin icranın əvəzsiz yerinə yetirilməsini ifadə edir, bu hərəkət bağışlama müqaviləsi ilə tənzimlənmir və belə icra sonradan mübahisələndirilmir (məsələn: ağır xəstə olan kasıb qonşusunun əməliyyatına əvəzsiz maddi yardım göstərmiş şəxs sonradan qonşusunun maddi imkanının yaxşılaşması səbəbi ilə etdiyi yardımı geri tələb edə bilməz). Baxılan iş üzrə də işin müəyyən edilmiş halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı özünə mənəvi borc hesab edərək cavabdehə 10000 manat pulu əvəzsiz qaydada vermişdir. Mülki hüquqda qəbul edilmiş prinsiplərdən biri olan “qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse” prinsipinə görə “borclu olmadığını bilərək icra edənin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir”. Belə olan halda, iddiaçının hazırki iddia tələbi ilə həmin pulu tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəldiyindən, apelyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5956/2021 saylı iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı oğlunun Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar