Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10455/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-718/2021 saylı, 17 iyul 2021-ci il tarixli qətnaməsinədən cavabdeh “X1 Azerbaijan” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X1 Azərbaycan” məhdud məsuliyyətli cəmiyyətə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən sərbəst distribütorluq fəaliyyətinin dayandırılmasının qanunsuz hesab edilərək Cəmiyyətə üzvlüyə bərpa edilməyi, fəaliyyətinin dayandırılması anınadək həyata keçirdiyi satışların dövriyyəsinə görə ödənilməmiş mükafat məbləğinin hesablanaraq verilməsi, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-718/2021 saylı, 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilmişdir. Cavabdeh “X1 Azerbaijan” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “X1 Azerbaijan” MMC həmçinin qətnamənin ləğv edilməsi və işin aidiyyəti üzrə birinci instansiya (kommersiya) məhkəməsinə göndərilməsi barədə vəsatətlə məhkəməyə müraciət edib göstərmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və cavabdehə qarşı iddiası məhz sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir. Cavabdeh tərəfindən iddiaçının fəaliyyət göstərdiyi dövrdə, ona ödənilmş xidmət haqqı/mükafat məbləğləri də onun sahibkar kimi açılmış bank hesabına ödənilmişdir(ödəniş tapşırıqları əlavə olunur). Tərəflərin sahibkarlıq subyekti olması və mübahisənin onların sahibkarlıq fəaliyyətindən irəli gəlməsi, işin baxılmasının məhkəmə aidiyyətini dəyişdirir, işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmasına əsas verir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər(nümayəndə) məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən , onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin hansı fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar yarandığını) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılmalıdır. Hazırkı iddia tələbi də - kommersiya mübahisəsi olduğundan bu işə baxılması səlahiyyəti mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsinə aiddir. Belə ki, iddiaçı vergi ödəyicisi kimi kimi vergi uçotuna alınmış, VÖEN-ə malikdir, sərbəst distribütorluq fəaliyyətinin dayandırılmasının qanunsuz hesab edilərək cavabdeh Cəmiyyətdə üzvlüyə bərpa edilməyini, fəaliyyətinin dayandırılması anınadək həyata keçirdiyi satışların dövriyyəsinə görə ödənilməmiş mükafat məbləğinin hesablanaraq verilməsini tələb edir. Cavabdeh “X1 Azerbaijan” MMC-nin hüquqi ünvanının olduğu yer də Bakı şəhərində yerləşir. Ona görə də hazırkı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 402.2 və 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-718/2021 saylı, 17 iyul 2021-ci il tarixli, qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 30, 31.1, 384.0.4, 385.1.1, 387.2.9, 402.2 və 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh “X1 Azerbaijan” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-718/2021 saylı, 17 iyul 2021-ci il tarixli qətnaməsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxıldığına görə ləğv edilsin və mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10455/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10455/2021
06.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver