Məhkəmə qərarları › İş №2(103)-10457/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10457/2019

04.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10457/2019 04.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-966/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində ona dəyən 1.137 manat pulun maddi zərərə görə, 511,65 manat dəbbə pulu, 10.000 manat pulun isə mənəvi zərərə görə, ümumilikdə 11.648,65 manat pulun cavabdeh «xxxx» ASCdən tutlub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-966/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: İddiaçı apelyasiya şikayətivermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur, Mülki Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Rayon məhkəməsi isə hazırkı iddianı verməkdə onun subyektiv hüququnun olmamasına əsaslanmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməsi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Mustafazadə apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin rədd edilməsini, qətnamənin əsaslı və qanuni olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi: Avto klub Servisin xx.xx.2018-ci il tarixli qüsur aktından görünür ki, Mercedes Benz CDİ» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtolmobilə 1137 manat məbləğində ziyan dəymişdir. «xxxx» tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, xx/xx-2872 nömrəli məktubdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində, Mercedes Benz CDİ» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtolmobilə dəymiş zərər hesablanaraq 600 manat məbləğində müəyyən edilmişdir. Hesablanmış sığorta ödənişinin verilməsi üçün Azərbaycan Respublikası «İcbari Sığortalar haqqında» Qanunun 17-ci maddəsinə müvafiq olaraq sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yəni, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayışın təqdim edilməsi üçün Cəmiyyət tərəfindən Nərimanov RPİ-nə sorğu göndərilsə də hələ də cavab göndərilməməsi qeyd edilmişdir. Binəqədi RPİ Dövlət Yol Polisi Şöbəsinin nəqliyyat vasitələrinin zədələnməsi barədə 016304 saylı arayışının surətinə əsasən xx.xx.2019-cu il tarixdə, saat 21:00-da Y.Hüseynov küçəsində X2 idarə etdiyi Nissan markalı ** BU ***dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi və İddiaçı idarə etdiyi Mercedes markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissələri zədələnmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 23676 saylı rəyinə əsasən “Mercedes Benz C-220CDİ» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 1137 manat məbləğində müəyyən edilir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətiqismən təminedilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən ona əsaslanmışdır ki, iddiaçıya avtomobilə dair hər hansı etibarnamənin verilməsi onun həmin avtomobilin mülkiyyətçisi olması anlamına gəlmir. Buna görə də iddiaçı yox, həmin avtomobilin mülkiyyətçisi avtomobilə dəymiş ziyanla bağlı müvafiq iddia qaldırmaq hüququna malikdir. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (152.3) Göstərilən Məcəllənin 152.8-ci maddəsinə görə mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Qeyd olunan Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göstərilən normaların məzmunundan və qarşılıqlı təhlilindən də açıq-aşkar aydın olduğu kimi qanunvericilik mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarını hətta mülkiyyətçinin özü tərəfindən belə pozulmasından müdafiə edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobil tam qanuni əsaslarla iddiaçının sahibliyində və istifadəsində olduğundan iddiaçı avtomobilə dəymiş ziyanın əvəzini tələb etmək hüququna malikdir. Lakin işə baxan məhkəmə maddi hüquq normalarının tətbiqi və təfsirində səhvə yol vermiş və nəticədə yanlış qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə yol nəqliyyat hadisəsi nəticəsində “Mersedes-Benz C-220CDİ” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 23676 saylı rəyinə əsasən “Mercedes Benz C-220CDİ» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 1137 manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən avtomobilə dəymiş maddi ziyanın əvəzi kimi 1137 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi maddi ziyanla bağlı digər hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının mənəvi ziyanla bağlı tələbinə dair məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi özözlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Hazırkı halda Kollegiya hesab edir ki, iddiaçının hüququnun pozulması faktının müəyyən edilməsi və dəymiş ziyanın ödənilməsi mənəvi zərəri kompensasiya edir, bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılmasında maddi hüquq normaları pozulduğundan və iş üzrə düzgün olmayan qətnamə qəbul olunduğundan şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 1137 manat sığorta ödənişi tutulmalı, iddia qalan hissədə isə iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən və əsaslandırılmadığından təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş (30+15) 45 dövlət rüsumunu da cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri də cavabdehdən alınmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-966/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdeh «xxxx» ASC -dən sığorta ödənişinə görə 1137 manat (bir min yüz otuz yeddi) manat, həmçinin dövlət rüsumuna görə ödənilmiş 45 (qırx beş) manat olmaqla, cəmi 1182 (bir min yüz səksən iki) manat alınara İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh «xxxx» ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat alınaraq Dövlət Xəzinadarlığı Agentliyi, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar