Məhkəmə qərarları › İş №2(103)-10464/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10464/2021

01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10464/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehlər X3 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X4 və Cavabdeh2 qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən yol nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi kimi avtomobilin təmiri üzrə mütəxəssis arayışına əsasən müştərək qaydada vurulmuş ziyanın yarısı 3160 manat, əlavə yaranan xərclərə görə maddi ziyan kimi 2000 manat, mənəvi ziyana görə 3000 manat və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 8291 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş № 2(009)-77/2021) iddia qismən təmin edilərək cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1149.05 (min yüz qırx doqquz manat beş qəpik) manatın, mənəvi ziyana görə 1000 (min) manatın və iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun 20 (iyirmi) manatının tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən əvvəlcə cavabdeh X5 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, Q.Əsgərov və V.Sadıqov, iş №2(103)-8582/21) Səbail Rayon Məhkəməsinin iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi “cavabdeh X2 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1149.05 (min yüz qırx doqquz manat beş qəpik) manatın, mənəvi ziyana görə 1000 (min) manatın, iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun 20 (iyirmi) manatının və ekspertiza xərci kimi 200 manatın 75 manatının tutulması” hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə təmin olunmamışdır. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsindən iş üzrə digər Cavabdeh2 apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Mersedes 300” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə X3 mülkiyyətində olan Cavabdeh2 tərəfindən idarə olunan “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 22.11.2019-cu il tarixdə saat 21:00-da Qaraçuxur qəsəbəsi, Mehbalıyev küçəsində sürücü manevr edib əks istiqamətə çıxarkən **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra idarəetməni itirərək yolun kənarında dayanmış vəziyyətdə olan əvvəlcə ona məxsus “Mersedes 300” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq YNH-si törətmişdir. YNH-si nəticəsində toplanmış materiallara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh2 “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 və hadisə baş verərkən hər ikisi avtomobildə olmuşlar. Baş vermiş YNH-si nəticəsində Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. “Mersedes 300” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan "xxxx" MMC tərəfindən hesablanmış və ziyanın ümumi məbləği 6320 manat müəyyən olunmuşdur. “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalandığından cəmiyyətə sığorta hesabına zərərin ödənilməsi xahiş edilmiş, ancaq buradan bildirmişlər ki, dəyən ziyanın yarısını onlar ödəməlidir. “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi, yüksək təhlükə mənbəyinin sahibi X5 və YNH-ni törətmiş Cavabdeh2 ilə bu barədə yəni ziyanın yarısının onlar tərəfindən ödənilməsini təklif etsə də, onlar bildirmişlər ki, həmin pulu ödəməyəcəklər. Bundan başqa da 22.11.2019-cu il tarixdə baş vermiş YNH-si nəticəsindən sonra maşınsız qalmış, işə, bazarlıq etməyə, ailəsi ilə gəzməyə çıxmaq üçün taksidən, marşurutdan istifadə etmişdir. Zərərvuranlar əvvəlcə YNH-si baş verəndə bildirmişlər ki, hər problemi həll edəcəklər, sonra isə öz sözlərinin üstündə durmadıqlarına görə o əziyyət çəkmiş, stresslər keçirmişdir. Göstərilənlərə əsasən də təkcə avtomobilinə dəyən real ziyandan başqa da cavabdehlər ona 2000 manat maddi və 3000 manat mənəvi ziyan ödəməlidirlər. Birinci instansiya məhkəməsində Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etiraz ərizəsini onunla əsaslandırmışdır ki, məlum hadisə ilə bağlı İddiaçı öz hüquqlarından sui-istifadə edərək onun, "xxxx" ASC-nin və qeyrisinin xeyli miqdarda əmlaklarını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin mütəxəssisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə həqiqətə uyğun olmayan saxta aktın və rəyin tərtib olunmasına nail olmuş və həmin akta uyğun olaraq Xalq Sığorta ASC-nin 3160 manat pulunu ələ keçirmişdir. Bundan sonra əməllərini davam etdirərək öz hüquqlarından suiistifadə edərək avtomobilin cüzi sıradan çıxmış hissələrini təmir etdirmiş və güya aktda göstərilən hissələrin də sıradan çıxması və həmin hissələrin də təmir olunduğunu bildirməklə onun və qeyrisinin əmlakını ələ keçirmək məqsədi ilə Səbail Rayon Məhkəməsinə mülki iddia vermişdir. Odur ki, İddiaçı öz hüquqlarından sui-istifadə etməklə digər şəxslərin əmlaklarının ələ keçirdiyinin sübuta yetirilməsi üçün aşağıda göstərilənlərin araşdırılmasını xahiş etmişdir. 1. İddiaçı məxsus 1998-ci ildə istehsal olunmuş MercedesBenz 300 markalı avtomobilə mütəxəssislərin iştirakı ilə baxış keçirilməklə, məlum yol nəqliyyat hadisəsi ilə bağlı avtomobilin sıradan çıxmış hissələri müəyyən edilməli, avtomobilin hansı ilin istehsalına və markasına uyğun yığıldığı və avtomobilin hansı ilə uyğun yığılması və avtomobilin markasının dəyişdirilməsi müəyyən edilməlidir. 2. Avtomobilin artıq təmir olunduğu nəzərə alınmaqla avtomobilin hansı avtoservisdə təmir olunduğu, avtomobilin hissələrinin haradan və kimdən alındığı, ödənilmiş pulların qəbzləri tələb edilməlidir. Avtomobilin sıradan çıxmış hissələri müəyyən olunduqdan sonra avtomobilin 1998-ci ildə istehsal olunduğu və həmin hissələrin istismar müddəti nəzərə alınmalıdır. 3. Avtomobil təmir etmiş ustaların şəxsiyyətləri müəyyən edilməklə dindirilməli, onlara ödənilmiş pulların qəbzləri alınaraq materiala əlavə edilməlidir. 4. "xxxx" MMC-nin mühəndis məsləhətçisi S.M.Babayevin şəxsiyyəti müəyyən edilməli 71 nömrəli nöqsan aktının hansı əsasla tərtib etdiyi müəyyən edilməlidir. 5.1998-ci il istehsalı olan Mercedes- Benz 300 markalı avtomobillərin ehtiyyat hissələrinin pərakəndə satış qiymətləri Topaz Az və digər saytlara daxil olub baxış keçirməklə müəyyən edilməli, yaranmış ziddiyətlərin aradan qaldırılması üçün ekspert qarşısında sual qoyulmalıdır. 6. Təkrar Xalq Sığorta ASC-nin müstəqil ekspertlərinin iştirakı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli, hadisədən dərhal sonra çəkilmiş avtomobilin fotolarına baxış keçirməklə avtomobilin sıradan çıxmış hissələri müəyyən edilməli, dəymiş ziyan avtomobilin 1998-ci ildə istehsal olunduğu nəzərə alınmalı, sıradan çıxmış ehtiyyat hissələrinin istismar müddəti çıxılmaqla dəymiş ziyanın müəyyən edilməsi üçün ekspert qarşısında suallar qoyulmalıdır. 7. Tərtib olunmuş nöqsan aktını saxta olmasının müəyyən edilib araşdırılması üçün Nizami rayon prokurorluğuna bu barədə məlumat verilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən "xxxx" ASC-nin nümayəndəsi və vəkili X6 izahat verərək bildirmişdir ki, onlar üzərlərinə düşəni edib, sığorta məbləğini ödəmişlər. Bu səbəbdən də, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətində ekspert rəyinin zərərlə bağlı hissəsinin təxmini nəticə olmasını nəzərə almaqla məlum yol nəqliyyat hadisəsi ilə bağlı avtomobilin sıradan çıxmış hissələrinin istismar (köhnəlmə) xərclərinin (avtomobilin istehsal olunduğu il və hadisə gününə kimi getdiyi yol əzərə alınmaqla), həmin hissələrin qiymətlərinin müəyyən edilməsi və təmir xərcləri də əlavə edilməsi üçün təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilib rəy alınmaqla maddi ziyanın dəqiqləşdirilməsi, iddiaçı tərəfindən maddi sübutların və xərclənmiş çeklərin gizlədildiyi, hazırda zərərin obyektiv düzgün müəyyən edilməsində bilərəkdən çətinliklər yaratması nəzərə alınmaqla ekspertiza xərclərini iddiaçının üzərinə qoymaqla qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda qətnamə iddianın Cavabdeh2 aid təmin edilən hissəsində mübahisələndirilmişdir. Bu səbəbdən də qətnamənin əsaslılığı yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlanılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 09 fevral 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Cavabdeh2 22.11.2019-cu il tarixdə saat 21:00 da Qaraçuxur qəsəbəsi, Mehbalıyev küçəsi ərazisində “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətə çıxarkən “Mersedes” markalı 99ME592 nömrə nişanlı avtomobillə toqquşduqdan sonra idarə etməni itirib, yolun kənarında dayanmış vəziyyətdə olan, əvvəlcə “Mersedes 300” markalı 90 DG680 nömrə nişanlı maşına, sonra isə digər dayanmış vəziyyətdə olan “Mersedes 240” markalı 90CC467 nömrə nişanlı avtomaşına çırpılaraq dayanmışdır və nəticədə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İddiaçının tələbi cavabdehlər X4 və Cavabdeh2 yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 3160 manat, əlavə yaranan xərclərə görə maddi ziyan kimi 2000 manat, mənəvi ziyana görə 3000 manat və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 8291 manat pulun tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Həmin qətnamədən ilkin olaraq cavabdeh A.Bünyatov apellyasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsi qətnaməni A.Bünyatova aid hissədə ləğv edərək ona qarşı tələbi rədd etmişdir. Hazırkı apellyasiya baxışının predmeti digər Cavabdeh2 ziyanın əvəzinin və digər xərclərin tutulması barədədir. Birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş sonuncu ekspertiza rəyi əsas götürülməklə iddia qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Sonuncu ekspert rəyi ilə vurulmuş ziyanın 4500 manat müəyyən edilməsini və "xxxx" ASC tərəfindən 3350.95 manat pulun iddiaçıya ödənilməsini nəzərə alaraq cavabdehdən 1149.05 manat (4500-3350.95=1149.05) məbləğində pul tutulmalıdır. İddiaçının avtomobilinə ziyan vurulması nəticəsində avtomobilsiz qalması və cavabdehlər tərəfindən ziyanın vaxtında ödənilməməsi ilə əsəb, stres, sarsıntı, iztirab keçirtdiyindən məhkəmə hesab etmişdir ki, mənəvi ziyan tələbi 1000 manat hissəsində təmin olunmalı, qalan hissədə isə rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən MM-nin 21, 1108, 1115-ci və s. maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni göstərilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsi tərəfindən ziyanın məbləğinin dəqiq müəyyən edilməsi üçün ətraflı araşdırma aparılmaması və sübutların düzgün qiymətləndirilməməsi barıədədir. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin halları, o cümlədən vurulmuş ziyanın həcmi, məbləği ilə bağlı ətarflı araşdırma aparılmış, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və işdə olan sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun şəkildə qiymət verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 9/335 saylı, 12.05.2020ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin 18.12.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “Mersedes Benz E300” minik markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5655 manat müəyyən edilmişdir. (aparılmış tədqiqatın dəyəri 100 manat) İş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının 9/4062 saylı, 14.01.2021-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə 1998-ci il buraxılışlı “Mersedes Benz E300” minik markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4500 manat müəyyən edilmişdir (aparılmış tədqiqatın dəyəri 100 manat). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin olunmasına lüzum görmədi. Belə ki, cavabdeh ekspert rəyinin təxmini və nəticələrin şişirdilmiş olmasına istinad etsə də, bunu təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin ekspert rəyi ilə razı olmaması isə həmin rəyin mötəbər olmamasına dəlalət etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, Cavabdeh2 həmin iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi faktları sübut edə bilməmişdir. Göründüyü kimi, dəymiş ziyanın ekspert rəyində müəyyən edilmiş məbləğdən aşağı olması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh2 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1149.05 (min yüz qırx doqquz manat beş qəpik) manatın, mənəvi ziyana görə 1000 (min) manatın və dövlət rüsumuna görə 20 (iyirmi) manatın tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar