Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1049/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3454/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilə vurulan zərərin aradan qaldırılması ücün tərəfindən ödənilmiş 5000 manatın, 2425 manat dəbbə pulunun, 150 manat vəkilə ödənilmiş vəsaitin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3454/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 5000 manat məbləğində xərc, 622 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5652 (beş min altı yüz əlli iki) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, qətnamə qanunsuz və əsasızdır. Belə ki, rayon məhkəməsi ekspert rəyində qeyd edilənləri əlavə araşdırma etmədən qətnaməyə olduğu kimi köçürmüşdür. Halbuki, həmin rəydə ekspert hər hansı müqayisə aparmadan, İmprotex servis mərkəzinin şişirtmə qiymətlərinə əsaslanmışdır. Həmçinin dəbbə pulu ilə bağlı hissədə rayon məhkəməsi düzgün qənaətə gəlməmişdi. MM-in 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Hazırkı işdə iddiaçı ona təklif edilən məbləğdə icra qəbul etməyərək, şişirdilmiş qiymətlərlə iddia tələbi irəli sürmüşdür ki, bu halda sığorta ödənişinin gecikdirilməsi iddiaçının təqsiri üzündən baş vermişdir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək bildirdi ki, ekspert rəyi şişirdilib, sığorta ödənişin gecikdirilməsi cavabdehin təqsiri olmayıb, iddiaçının sığorta məbləği ilə razılaşmaması ilə bağlıdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, onun təqsiri nəticəsində maddi zərər dəymiş “BMW X-5” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil 2018-ci il buraxılış avtomobildir, qəza baş verən vaxt avtomobil cəmi üç ay idi alınmışdı, rayon məhkəməsi iş üzrə düzgün qənaətə gəlmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 13.12.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış, İddiaçı tərəfindən idarə olunan “Mercedes Benz 240” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi “BMW X-5” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, ona maddi ziyan vurmuşdur. İddiaçı AR İXM-nin 327.1 - ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Mülki iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “BMW X-5” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış ili 2018-ci ildir (i/v 13). “BMW” markalı avtomobillərinin Azərbaycan Respublikasında rəsimi idxalçısı olan "xxxx" MMC tərəfindən verilmiş 13.12.2019-cu il tarixli qüsur aktına əsasən, hadisə nəticəsində “BMW X-5” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6999,84 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5024 saylı, 24.09.2021-ci il tarixli ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan, olan "xxxx" MMC-nin 13.12.2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən, avtohisssələrin qiymətləri nəzərə alınmaqla, 2018-ci il buraxılışlı “BMW X-5” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5622 manat müəyyən edilir. Mülki iş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 19.12.2019-cu il tarixdə avtomobilin təmiri üçün 5000 manat məbləğində ödəniş olmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin olunan hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin dəbbə pulu ilə bağlı təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Kollegiya qeyd edir ki, 13.12.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış, İddiaçı tərəfindən idarə olunan “Mercedes Benz 240” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi “BMW X-5” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, ona maddi ziyan vurmuşdur. İddiaçı AR İXM-nin 327.1 - ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Sığorta ödənişinin ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə yoxdur, tərəflər arasında sığorta ödənişinin məbləği ilə bağlı mübahisə var. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlili, yəni ekspert rəyində qiymətlərin şişirtmə olması ilə bağlı qeyd edir ki, mülki iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “BMW X-5” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış ili 2018-ci ildir (i/v 13). Bundan başqa Məhkəmə kollegiyasının iclasında da iddiaçı bildirdi ki, qəza baş verən vaxt avtomobil cəmi üç ay istifadədə olan avtomobil olmuşdur. Belə olan halda məlum olur ki, qəza baş verən 13.12.2019-cu il tarixdə avtomobil yeni olduğundan birinci instansiya məhkəməsi dəymiş maddi zərəri ekspert rəyinə əsaslanmaqla 5000 manat müəyyən etməkdə haqlı olmuşdur. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat (56.1.1.); üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat (56.1.2.). Apellyasiya şikayətinin dəbbə pulu ilə bağlı dəlilləri üzrə Məhkəmə Kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Qanuna görə borclu öz öhdəliklərinin hər hansı təqsirli pozuntusu üçün məsuliyyət daşıyır (MM, maddə 448.2). MM-nin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məcəllənin 934.1-ci maddəsinə görə …bütün zəruri sənədlər sığortaçıya daxil oduğu gündən 7 iş günündən gec olmayaraq sığortaçı ya sığorta ödənişini verməli ya da sığorta ödənişinin verilməsindən imtinaya dair əsaslandırılmış bildiriş təqdim etməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1- ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, hazırkı iş üzrə cavabdeh siğorta ödənişindən imtina etməmiş, sığorta ödənişinin gecikməsi səbəbi sığorta ödənişinin məbləği barədə tərəflər arasında olan fikir ayrılığı ilə bağlı olmuşdur, burada da cavabehin təqsiri müəyyən edilmir. Belə olan halda, sığorta ödənişinin gecikdirilməsinə cavabdehin təqsiri olmadığından rayon məhkəməsi iddia tələbinin dəbbə pulu ilə bağlı təmin olunan hissəsində düzgün qənaətə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən də, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının sığorta ödənişinin gecikdirilməsiylə bağlı cavabdehdən dəbbə pulunun tutulmasına dair tələbi əsaslı deyildir və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi iddia tələbinin dəbbə pulu ilə bağlı təmin olunan hissəsində düzgün qənaətə gəlmədiyindən, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin dəbbə pulunun təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-3454/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin dəbbə pulunun təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1049/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1049/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver