Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-105/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2859/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı 14600 ABŞ dolları, 34000 manat maddi zərərə, o cümlədən 10000 manat mənəvi zərərə görə pulun, həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının kirayədə yasadığını bilib ona demişdir ki, Yeni Yasamalda ev var, o evi iddiaçıya 15000 ABŞ dollarına ala bilər. İddiaçı 15000 ABŞ dollarını ona ev almaq məqsədi ilə vermişdir. Lakin, bir müddət keçdikdən sonra Cavabdeh yoxa çıxmışdır. Yalnız xx xxxx 2010- cu il tarixdə xeyli axtarışdan sonra iddiaçı cavabdehi tapa bilmişdir. Cavabdeh iddiaçıya notariusa gedib pulu iki aya qaytaracağı barədə sənəd imzalamağı təklif etmiş və Yasamal rayonunda yerləşən 14 saylı notariusa gələrək öhdəlik yazmışdır ki, xx xxxxxx 2010-cu ildə iddiaçıdan aldığı 15000 ABŞ dolları məbləğində pulu qaytaracaq. Laki bundan sonra cavabdeh yenidən yoxa çıxmışdır. İddiaçı sonradan öyrənmişdir ki, cavabdeh bir çox şəxslərin də pulunu mənimsədiyi üçün həmin şəxslərin şikayəti əsasında həbs edilmişdir. Cavabdeh cinayət prosesi çərçivəsində iddiaçıdan şikayət etməmişdir. 2017-ci ildə Cavabdeh cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra həmin ilin sentyabr ayında iddiaçı ilə görüşmüş, 400 ABŞ dolları məbləğində pulu qaytarmış və qalan pulu altı ay ərzində ödəyəcəyini demişdir. Lakin pul bu günə gədər qaytarılmamışdır. İddiaçı cavabdehin hərəkətlərinə görə 10 ildir ki, kirayədə yaşayır və orta hesabla aylıq 150 manat kirayə haqqı ödəyir. Həmçinin iddiaçı mülkiyyət hüququnun pozulması nəticəsində maddi tələbatları ödəyə bilmədiyi üçün çox böyük sarsıntılar, psixolojı durumum pisləşməsini keçirmiş və ürək xəstəliyinə düçar olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı 14600 ABŞ dollarını, eyni zamanda 34000 manat maddi zərərə, o cümlədən 10000 manat mənəvi zərərə görə pulun, həmçinin 30 manat dövlət rüsumunun Cavabdeh Haçı qızından tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2859/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 14.600 (on dörd min altı yüz) ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Nigar Nəbizadə). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2859/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və 14600 ABŞ dolları dəymiş zərərə, 34000 manat maddi zərər və 10000 manat mənəvi zərərə görə təzminat ödənilməsini xahiş etmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2859/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının banka borcu olduğu üçün Bakı şəhəri, Binqədi rayonu, Biləcəri qəsəbəsi İlqar Kərimov 18A ünvanında yerləşən evini 2010-cu ildə satdığını və faktiki olaraq kirayədə qaldığını bilib iddiaçıya Yeni Yasamalda yerləşən evi iddiaçı üçün 15000 dollara ala biləcəyini demişdir. İddiaçı 15000 dolları cavabdehə vermişdir. Lakin bir müddət keçdikdən sonra cavabdeh yoxa çıxmışdır. İddiaçı xx.xx.2010-cu ildə cavabdehi tapa bilmişdir. Cavabdeh iddiaçıya notariusa gedib pulu 1 aya qaytaracağına dair öhdəlik yazacağını bildirmişdir. Cavabdeh 14 saylı notariat kontoruna gedib xx.xx.2010-cu ildə 15000 dolları qaytaracağına dair öhdəlik yazmışdır. Lakin cavabdeh yenə də iddiaçını aldadıb pulunu verməmiş və telefonunu söndürmüşdür. Sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh başqa şəxslərin də pulunu mənimsədiyi üçün həbsdədir. 2017-ci ildə Cavabdeh həsbdən çıxdıqdan sonra həmin ilin sentyabr ayında iddiaçıya dostunun yanında bildirmişdir ki, iddiaçı ondan şikayət etmədiyi üçün puluu qaytaracaq. Həmin gün Cavabdeh iddiaçıya 400 dollar pul vermiş və qalan pulu 6 ay ərzində verəcəyini bildirmişdir. Cavabdeh iddiaçıya 14600 dollar məbləğində pul qaytarmalıdır. İddiaçı Biləcəri qəsəbəsində 10 ildir ki kirayədə yaşayır və orta hesabla aylıq 150 manat kirayə haqqı olmaqla cavabdehin öhdəliyi icra etmədiyi illər ərzində cəmi 18000 manat kirayə haqqı ödəmişdir. Həmçinin 15000 dollar vaxtında verilsəydi mülki dövriyyədə həmin illər ərzində 10000 manat gəlir əldə edə bilərdi. O cümlədən, illik faiz dərəcəsini 5 faizdən hesabladıqda ümumilikdə 6000 manat iddiaçıya verilməlidir. Mülkiyyət hüququnun pozulması nəticəsində iddiaçı cəmiyyətdə və ailə vəziyyətində maddi təlabatları ödəyə bilmədiyi üçün sarsıntılar küçirmiş və ürək xəstəliyinə düşçar olmuşdur. Buna görə də cavabdeh ona 10000 manat mənəvi zərər yetirmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlar araşdırılmamışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş aktda göstərilir ki, iddiaçı ailəsi ilə birlikdə 10 ildir ki, kirayədə yaşayır. Birinci instansiya məhkəməsi 10 il ərzində əldən çıxmış gəlirin müəyyən edilməsi üçün araşdırma aparmamışdır. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Məcəllənin 439, 135, 385, 445, 449, 21, 373, 380, 384, 386, 1097, 1096, 1115-ci maddələrinə istinad etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin birinci instansiya məhkəməsində iştirakı təmin edilməmişdir. buna görə də o prosessual hüquqlarını həyata keçirə bilməmişdir. əgər cavabdeh məhkəmə prosesində iştirak edə bilsəydi iddia müddətinin ötürülmsi ilə bağlı məhkəməyə ərizə təqdim edərdi. xx.xx.2010-cu il tarixli öhdəlik haqqında müqavilədən 8 il keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Bu isə Mülki Məcəllənin 372-ci maddəsinin tələblərinin pozulması deməkdir. Həmin maddəyə görə müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 il təşkil edir. lakin məhkəmə bunu nəzərə almamışdır. Sözügdən müqavilə görünüş üçün rəsmiyyət xatirinə bağlanmışdır. Həmin vaxtlar iddiaçının da cavabdehə borcu olmuş və cavabdehin iş yoldaşının və rəfiqəsinin də iddiaçıya borcu olmuşdur. İddiaçı həmin şəxsi narahat etməsin deyə cavabdeh həmin öhdəlik müqaviləsinin bağlanmasıa razılıq vermişdir. Lakin Cavabdeh iddiaçıdan 1 manat da pul götürməmişdir. İddiaçı Cavabdeh tərəfindən ona ev alınmasına dair dəlilini sübut edə bilməmişdir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini, cavabdeh tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx xxxx 2010-cu il tarixli notariat qaydasında təsdiq edilmiş Öhdəlikdən görünür ki, Cavabdeh İddiaçı 15000 ABŞ dolları məbləğində pulu almasını və həmin pulu xx xxxxxx 2010-cu il tarixədək qaytaracağını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan qonşular tərəfindən imzalanmış aktdan görünür ki, həmin aktla İddiaçı dörd nəfər ailə üzvü ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün olan Kifayət Əliyevaya məxsus Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 28 ünvanında yerləşən evdə 2010-cu ildən hal-hazıra qədər kirayə yaşadığı faktı qonşular tərəfindən təsdiq olunmuşdur. Hüquqi dəyərləndirmə: İddiaçı pulun Cavabdeh ev almaq məqsədi ilə verilməsini iddia ərizəsində və apellyasiya şikayətində qeyd etsə də, həmin xüsusat iş materialları ilə təsdiq olunmur. İddiaçının yeganə sübut kimi istinad etdiyi xx xxxx 2010-cu il tarixli Öhdəliyin mətni isə tərəflər arasında borc müqaviləsinin mövcud olmasına dəlalət edir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya işin hallarına, iddiaçının izahatına əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti 34.000 manat məbləğində maddi zərərə dair hissədə təmin edilməməlidir. Çünki, iş materiallarında olan öhdəlik (i.v. 6) tərəflər arasında yaşayış sahəsinin alınması ilə bağlı hər hansı razılaşmanı ehtiva etmədiyindən pulun vaxtında iddiaçıya qaytarılmaması ilə onun kirayədə yaşaması arasında səbəbli əlaqənin olması təsdiq olunmur. İddiaçının apellyasiya şikayətində kirayədə yaşaması ilə bağlı istinad etdiyi akt (i.v. 21) iddiaçının kirayədə yaşaması faktını təsdiq etsə də, tərəflər arasında yaşayış sahəsinin alınması ilə bağlı razılaşmanın mövcudluğunu təsdiq etmir. İddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə isə məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Öhdəliyini icra etmədiyi üçün iddiaçı cavabdehdən 10000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə maddi təzminatın 10.000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinə gəlincə, cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsində icraat zamanı işə baxılmasının vaxtı barədə məlumatlandırılmaması və borc üzrə iddia müddətinin keçməsi ilə əsaslandırmışdır. Həmin dəlillərə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində Cavabdeh xx.xx.2019 və xx.xx.2019-cu il tarixli məhkəmə iclasları barədə elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS xəbərdarlıq çatdırılmışdır (i.v. 15 və 30). Buna baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak edə bilməməsinin üzürlü səbəblərlə bağlı olmasını birinci instansiya məhkəməsinə bildirməmişdir. Məhkəmə iclasının vaxtı barədə məhkəmə bildirişi isə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana (ünvan 2 göndərilsə də, “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır (i.v. 13). Qeyd edilən xüsusatlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasları ilə bağlı məlmatlandırma vəzifəsini Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq yerinə yetirmişdir. Eyni zamanda, kollegiya qeyd edilməsini zəruri hesab edir ki, Cavabdeh apellyasiya icraatı zamanı kollegiya iclasının vaxtı barədə ona dəfələrlə elektron məhkəmə informasiya sistemi vasitəsilə və cavabdehin nümayəndəsi və vəkili X1 həmçinin telefon vasitəsilə məlumat verilməsinə baxmayaraq (telefonoqram iş materiallarına əlavə edilmişdir) kollegiya iclaslarında iştirak etməmiş və iştirak etməməsi ilə bağlı üzürlü səbəblərin olmasına dair məhkəməyə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 371-ci maddəsinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh apellyasiya şikayətində iddia müddətinin tətbiqi barədə ərizə verməməsinin səbəbini məhkəmə iclasına dəvət edilməməsi ilə izah etmişdir. Lakin, qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasının vaxtı barədə məlumatlandırılması ilə bağlı qanununvericiliyin tələblərinə riayət etdiyindən cavabdehin apellyasiya şikayətində iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilməməsini məhkəmə iclasına dəvət edilməməsi ilə əlaqələndirməsi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasının vaxtı barədə məlumatlandırılması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmiş və hər hansı prosessual pozuntuya yol verməmişdir. Bu səbəbdən də cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini birinci instansiya məhkəməsinə təqdim etməməsi cavabdehdən asılı olmayan səbəblərlə əsaslandırıla bilməz. Kollegiya iclasında iştirak edən şahid A.F.Abbasov bildirmişdir ki, o, iddiaçı ilə yaxın dostdur və bir-birlərinin işləri haqqında məlumatlıdırlar. Bir gün birlikdə çay içdikləri zaman Xəlil demişdir ki, Bənövşə ona pul gətirəcək. 2017-ci ilin təxminən avqust-sentyabr aylarında Bənövşə “Porsche Cayenne” markalı maşınla gəlib Xəlilə 400 dollar pul vermişdir. Abbas bunu görmüşdür. Abbas Bənövşəni əvvəldən tanıyırdı və bilirdi ki, Bənövşə ilə Xəlil arasında pul söhbəti var. Bənövşənin Xəlilə 15000 dollar borcu olduğu halda ona 400 dollar vermişdi. İddiaçı isə heçolmasa 400 dolları almasını bildirmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətlərində göstərdikləri dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2859/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-105/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-105/2021
29.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver