Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1050/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Ayhan Çalbayın cavabdeh Türkiyə Respublikasının “X7 X6 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X7” Nümayəndəliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ayhan Çalbay (bundan sonra, iddiaçı) cavabdeh Türkiyə Respublikasının “X7 X6 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X7” Nümayəndəliyinə (bundan sonra, cavabdeh) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı-İstanbul aviauçuşu üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş vəsaitin cavabdeh tərəfindən geri qaytarılması, “Vogue Hotel”-ə sığorta daxil ödənilmiş 177,315.00 TRY, manat ekvivalenti 15644,50 manat vəsaitin və 100000 manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının vətəndaşı olan Ayhan Çalbay ailə üzvləri – Nərgiz Çalbay, Muazzez Çalbay, Ebubekir Çalbay və Ömerfaruk Çalbay ilə birlikdə 12 avqust 2022-ci il tarixində X7 (THY) aviaşirkətinin xidmətindən istifadə edərək Bakı – İstanbul aviauçuşu üçün əvvəlcədən X7 (THY) aviaşirkətindən bilet almışdır. Hava gəmisinin uçuşu Bakı vaxtı ilə 06:55-də nəzərdə tutulsa da, uçuş 07:15-də baş tutmuşdur. Ayhan Çalbay və onun ailə üzvlərinin daimi yaşayış yeri Azərbaycandır və onlar yay istirahətini Türkiyədə keçirmək qərarına gəldikləri üçün əvvəlcədən sayt üzərindən bilet almışdır. İddiaçı ailə ilə birlikdə X7 (THY) aviaşirkətinin xidmətindən yararlanmaq məqsədilə 12 avqust 2022-ci il tarixində Bakı Heydər Əliyev Hava Limanına daxil olmuşlar və 06:00-da bilet yoxlanışı üçün qeydiyyata gəldikdə (checkın kontoru) qeydiyyatı aparan şəxs 5 dəqiqə gec gəldiklərini, biletləri qəbul edə bilməyəcəklərini bildirmişdir. Məsələnin səlahiyyətli şəxslərə (şirkətin Azərbaycan sorumlusu Seyfullah bəy) blidirilməsini, onların razılığı olduğu halda təyyarəyə buraxıla biləcəklərini demişlər, lakin bu hal baş verməmiş, onların təyyarəyə buraxılmaması nəticəsində iddiaçı və ailəsi ən pis günləri yaşamışdır. Bir ailə başçısı olaraq baş verənlər iddiaçını çox sarsıtmış, uşaqlarının göz yaşları hələ də gözünün önündən çəkilmir. Sonradan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 13 oktyabr 2022-ci il tarixdə 11/4589 nömrəli məktubla sorğusuna cavab olaraq bildirmişdir ki, 12 avqust 2022-ci il tarixdə Bakı-İstanbul marşrutu ilə saat 06:55-də uçuşu nəzərdə tutulan hava gəmisi həmin tarixdə saat 07:15-də havaya qalxmışdır. THY-na uçuşu 12 avqust 2022-ci il tarixində saat 06:55-də həyata keçirilməli olan təyyarəyə bilet və baqaj qeydiyyatının nə vaxt başa çatmasına dair sorğumuza cavab olaraq bildirilmişdir ki, qaydalarımıza əsasən təyyarənin havaya qalxma vaxtından asılı olmayaraq beynəlxalq reyslər üçün bilet və baqaj qeydiyyatı reysin uçuşundan 60 dəqiqə əvvəl başa çatır. Bildirmək istəyirəm ki, THY-nın uçuş qaydaları barədə məlumat uçuş biletində yer almışdır ki, “uçağa biniş kalkış saatindən 20 dakika öncə sonlanır. Havalimanındaki ekranlardan biniş kapınızın güncel durumunu kontrol etmelisiniz. Havalimanında geliş sürenizi bazı durumlarda kapıya ulaşma sürenizin uzun sürebilecegini göz önünde bulundurarak belirletemelisiniz”. Göründüyü kimi, təyyarənin uçuşu 07:15-də baş tutmuş və THY-nin əməkdaşlarının dediyi kimi qeydiyyat 60 dəqiqə əvvəl başa çatırsa, onda qeydiyyatın aparılması üçün kifayət qədər vaxt olduğu halda, aparılmamışdır. Bu hal iddiaçı və ailəsinin yerinə başqa şəxsləri təyyarəyə mindiyinə dair şübhə yaradır. İddiaçı X7ndan uçuş biletlərinin alınması üçün vəsait ödəmiş, eyni zamanda “Vogue Hotel”-ə sığorta daxil 177,315.00 türk lirəsi (15,644.50 manat (9,202.65 ABŞ dolları) vəsait ödəmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Cavabdeh iddiaya qarşı etiraz ərizəsində göstərmişdir ki, iddiaçı və ailə üzvləri mütləq qaydada qeydiyyata (check in kontuarı) yaxınlaşıb pasportlarını təqdim etməklə minik kartını əldə etməli, baqajları təhvil verdikdən sonra pasport yoxlanışından və digər yoxlanışlardan keçib uçuş qapısına doğru getməli idi. Belə ki, cavabdehin rəsmi internet səhifəsində yer alan “hava limanı check in seçimləri səhifəsində” hər bir ölkə üzrə onlayn qaydada hansı xidmətlərin göstərilməsi öz əksini tapır. Həmin səhifədə X3 Hava Limanı üçün onlayn minik kartı, mobil minik kartı və check in kiosk imkanlarının mövcud olmaması açıqca görsənir, sərnişinlər mütləq qaydada check in kontuarına yaxınlaşaraq minik kartını əldə etməlidir. X3 Aeroportunun rəsmi internet səhifəsində (airport.az) “Prosedurlar” başlığının, “Beynəlxalq Gediş” altbaşlığında qeyd edilmişdir ki, “Qeydiyyat prosesi və ona dair tələblər aviaşirkətlər arasında fərqli ola bilər, məlumatı dəqiqləşdirmək üçün aviaşirkətinizin nümayəndəsinə və ya yerüstü xidmət agentlərinə müraciət edin. Bir qayda olaraq, nəzərə almalısınız ki, Avropa və MDB ölkələrinə səyahət edərkən qeydiyyat uçuşdan 2 saat əvvəl, qitələrarası və Transatlantik ölkələrə səyahət edərkən isə qeydiyyat uçuşdan 3 saat əvvəl başlayır. Qeydiyyat uçuşdan 60 dəqiqə öncədən bağlanır. Lakin iddiaçı və ailə üzvləri qeydiyyata vaxtında çatmadıqları üçün minik kartını əldə edə bilməmişlər. Minik kartını əldə etdikləri və baqajları təhvil verdikləri halda qalxış saatından 20 dəqiqə əvvələ kimi təyyarəyə minmək haqları mövcud ola bilərdi. Lakin İddiaçının və ailə üzvlərinin minik kartları olmamışdır, məhkəməyə də bununla bağlı sübut təqdim edilməmişdir. İşin həqiqi hallarına gəldikdə isə fərqli bir mənzərə ortaya çıxır. Belə ki, iddiaçı və ailə üzvləri həmin gün saat 06:00-da deyil, 06:45-də qeydiyyata (check in kontuarına) yaxınlaşmışlar. Cavabdehin check in-lə bağlı onlayn qeydlərində bu fakt öz əksini tapır. Həmin şəxslər uçuş vaxtından 10 dəqiqə əvvəl qeydiyyata gəldikləri üçün onlara minik kartı təqdim edilməmiş və baqajları təhvil alınmamışdır, beləliklə onlar uçuşda iştirak etməmişlər. İddiaçı həmin gün saat 06:00-da qeydiyyata yaxınlaşmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edək ki, həmin gün saat 06:57-də hava gəmisinin qapısı bağlanmış, saat 07:00-da park mövqeyindəki hava gəmisi yedəkləyici maşın vasitəsi ilə dayanacaqdan göstərişə uyğun sürmə yolu üzrə marşrut xəttinə çıxarılmışdır (pushback), saat 07:15-də isə havaya qalxmışdır. Göründüyü kimi, hava gəmisi havaya qalxmamışdan əvvəl bir sıra aktiv hazırlıq hərəkətləri etmişdir. Uçuş saatı dəyişdirilməmiş və yaxud təxir edilməmişdir, əks təqdirdə bu haqda sərnişinlərə qabaqcadan məlumat verilmiş olacaqdı. Hazırki halda əlindəki aviabiletlərdə əks olunan uçuş vaxtına 60 dəqiqədən az müddət qalmış qeydiyyata yaxınlaşan iddiaçı və ailə üzvləri haqlı olaraq qeydiyyata buraxılmamış, onlara minik kartı təqdim edilməmişdir. İddiaçı özü bildirir ki, saat 06:00-da bilet yoxlanışı üçün qeydiyyata gəlmişdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli aviareysin uçuş vaxtının saat 06:55 olduğu və həmin aviareys üçün qeydiyyatın uçuş vaxtından, yəni saat 06:55-dən 60 dəqiqə əvvəl, yəni 05:55-də qurtarması açıqca öz əksini tapır. Amma iddiaçı ərizəsinin sonrakı hissəsində təyyarənin “havaya qalxma vaxtını, uçuş vaxtı kimi” qələmə verərək özünün 06:00-da qeydiyyata yaxınlaşmasını və beləliklə guya 06:15-də qurtarmalı olan qeydiyyata çatmasını sübut etməyə cəhd etmişdir. Halbuki, 07:15 təyyarənin uçuş vaxtı deyil, havaya qalxma vaxtıdır. İddiaçı ərizəsində THY-nin uçuş qaydaları haqqındakı uçuş biletində olan məlumata istinad edib bildirir ki, təyyarəyə minik qalxış saatından 20 dəqiqə əvvəl qurtarır. Bu hissədə də qalxış vaxtını, uçuş vaxtı kimi qələmə verməklə saat 06:00-da gəlməklə vaxtında çatdığını göstərməyə cəhd etmişdir. Halbuki, iddiaçının istinad etdiyi məlumatda göstərilir ki, “Koltuk seçiminiz tamamlandı, ancak uçağa kabul edilmeniz için online biniş kartınızı bastırmış ve ya mobil biniş kartınızı almış olmanız gerektiğini hatırlatırız”. Həmçinin, məlumatın “bagaj teslimi” bölməsində göstərilir ki, “bagajınız varsa, check in kontuarı kapanmadan önce teslim etmelisiniz”. Qeyd edək ki, iddiaçı və ailə üzvləri onlayn qaydada minik kartını əldə edə bilməmişdir, çünki təhlükəsizlik məqsədləri baxımından cavabdehin rəsmi internet səhifəsində bu xidmət bloklanmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd olunması xahiş edilmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbi rədd olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normasının pozulması, sübutlara düzğün hüquqi qiymət verilməməsi, cavabdeh tərəfindən üzərinə düşən vəzifələrin layiqincə icra olunmaması, nəticədə ona ziyan dəyməsi, iddianın təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq məhkəmə kollegiyasının da vaxt verməsinə baxmayaraq mübahisə ilə bağlı tərəflər arasında hər hansı barışığın əldə olunmamasını bildirmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddiaya qarşı etiraza və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq məhkəmə kollegiyasının da vaxt verməsinə baxmayaraq mübahisə ilə bağlı tərəflər arasında hər hansı barışığın əldə olunmamasını bildirmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında sərnişin daşıma sahəsində mülkt hüquqi münasibətlərin yaranması, iddiaçının ailə üzvləri ilə birlikdə 12 avqust 2023-cü il tarixdə Bakıdan İstanbula və İstanbuldan Bodruma səyahəti həyata keçirtmək məqsədi ilə “X7” avia şirkətindən online qaydada dəyərini (hər biletin dəyəri 299,80 ABŞ dolları olmaqla, ümumilikdə 1499 ABŞ dolları) ödəməklə 5 ədəd aviabilet alması, biletlərdə uçuş vaxtının 12 avqust 2023-cü il, saat 06.55 kimi göstərilməsi, göstərilən tarixdə iddiaçının ailə üzvləri ilə birlikdə təyyarəyə buraxılmaması, bunun səbəbi kimi iddiaçının nəzərdə tutulmuş vaxtadək (uçuş vaxtına 60 dəqiqə qalmışadək) qeydiyyata yaxınlaşmamasının göstərilməsi işin mübahisə olunmayan hallarıdır. İddiaçının bildirməsinə görə o, ailə üzvləri ilə 12 avqust 2023-cü il tarixdə, saat 06.00 radələrində X3 Hava Limanında müvafiq qeydiyyata yaxınlaşmış, lakin 5 dəqiqə gecikmələrini səbəb gətirərək qeydiyyat işlərinin həyata keçirilməsindən, baqajların qəbulundan imtina edilmişdir. Cavabdehin iddiaya etirazına əsasən isə iddiaçıya təqdim edilmiş elektron biletlərdə, habelə saytda yerləşdirilmiş məlumatlarda beynəlxalq reyslər üçün qeydiyyatın uçuşa 60 dəqiqə qalmış tamamlandığı, uçuş vaxtının isə 06:55-də olduğu qeyd edilmiş, həmçinin sərnişinin baqajı olduğu halda, baqajın qeydiyyat tamamlanmadan əvvəlcədən təhvil verilməli olduğuna dair də xəbərdarlıq edilmişdir. Lakin, iddiaçı hava limanına gecikmiş, qeydiyyata saat 06.45 radələrində yaxınlaşmışdır. Həmin vaxtı isə artıq qeydiyyat müddəti başa çatmış, uçuşa gəmi 10 dəqiqə vaxt qalmışdır. Belə olan halda haqlı olaraq iddiaçının qeydiyyatının aparılmasından, baqajların qəbulundan imtina edilmişdir. Hətta iddiaçının özü də qeydiyyata gecikməsini, yəni saat 06.00 radələrində gəlməsini təsdiq edir. Bu halın özü belə qeydiyyat işlərini aparılmasından imtina üçün əsas olmuşdur. Lakin, elektron sistemdə olan qeydiyyatlardan görünür ki, iddiaçı qeydiyyatçıya məhz 06.45 radələrində yaxınlaşmışdır. Göründüyü kimi, iddiaçının təyyarəyə buraxılmaması məhz onun özünün təqsiri üzündən baş vermişdir. Belə olan halda biletlərə görə ödənilmiş pul vəsaitlərinin qaytarılması da mümkün deyildir. Təyyarənin 07.15 radələrində havaya qalxması halı isə üçüş vaxtının həmin vaxt olması anlamına gəlmir, çünki, təyyaya havaya qalxanadək müəyyən hazırlıq hərəkətləri yerinə yetirir. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə əsaslanmış, göstərmişdir ki, iddiaçı “X7” X7 X6 Sözleşmesi” Şirkətindən 12 avqust 2022-ci il tarixində Bakı-İstanbul-Bodrum istiqaməti üzrə səyahəti həyata keçirtmək məqsədi ilə aviabiletlər almışdır. Aviabiletlərdə uçuşun saatı 06:55 kimi qeyd edilmiş, uçuşa qeydiyyatın uçuşa 60 dəqiqə qalmış bağlanıldığı ilə bağlı xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, iddiaçı ailə üzvləri ilə birlikdə bagajın təhvil verilməsi və qeydiyyatın tamamlanması üçün qeydiyyat masasına saat 05:55-dən sonra yaxınlaşmışdır. Məhkəmə iddiaçının uçuşa qeydiyyat üçün 5 dəqiqə gecikdikləri, təyyarənin havaya 06:55 deyil 07:15-də qalxdığına görə, onun və ailə üzvlərinin təyyarəyə buraxılmasının mümkün olduğuna dair dəlillərə qiymət verərək, həmin dəlillərin əsassız olduğunu qeyd edir. Digər tərəfdən iddiaçı uçuşa qeydiyyatın əvvəlcədən online qaydada edildiyini iddia etsə də, iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı əvvəlcədən qeydiyyatı deyil, təyyarədə oturacaqların seçimi ilə bağlı proseduru həyata keçirtmiş, bundan sonra gələn elektron məktubda baqajın təhvil verilməsi üçün uçuşa qeydiyyat bitməmişdən əvvəl qeydiyyat masalarına yaxınlaşmalı olduğu ilə bağlı xəbərdarlıq edilmişdir. Yəni, iddiaçı istənilən halda baqajın təhvil verilməsi və qeydiyyatın tamamlanması üçün müəyyən edilmiş müddət çərçivəsində qeydiyyatı aparan əməkdaşlara müraciət etməli idi. Odur ki, məhkəmə iddiaçının bu dəlilini həqiqətə uyğun hesab etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və ailə üzvlərinin yuxarıda qeyd edilən uçuşa buraxılmaması iddiaçının öz təqsirinə görə baş verdiyindən, cavabdehin sərnişin daşımasına dair öhdəliyin icra edilmədiyinə görə məsuliyyət daşımır. Odur ki, hadisə nəticəsində iddiaçıya vurulan maddi və mənəvi zərərin cavabdeh tərəfindən ödənilməsi üçün hər hansı əsas yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 107., 119.1., 119.4., Mülki Məcəllənin 21.1, 21.2., 21.3., 442., 443., 448., 842. və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan sübutlardan, habelə elektron biletlərdən açıq-aşkar müəyyən olunur ki, iddiaçının təyyarə reysi üçün qeydiyyat uçuşa 60 dəqiqə qalmış tamamlanmış, uçuş vaxtı isə 06:55-də qeyd edilmişdir (sərnişinin baqajı olduğu halda, baqajın qeydiyyat tamamlanmadan əvvəlcədən təhvil verilməli olduğuna dair də xəbərdarlıq yer almışdır). İddiaçıya təqdim edilmiş onlayn biletlərdə bilavasitə qeyd olunması ilə yanaşı, həmçinin X3 Aeroportunun rəsmi internet səhifəsində (airport.az) də zəruri məlumlar öz əksini tapmış, qeyd edilmişdir ki, Avropa və MDB ölkələrinə səyahət edərkən qeydiyyat uçuşdan 2 saat əvvəl, qitələrarası və Transatlantik ölkələrə səyahət edərkən isə qeydiyyat uçuşdan 3 saat əvvəl başlayır. Qeydiyyat uçuşdan 60 dəqiqə öncədən bağlanır. Belə olan halda, iddiaçının bundan məlumatlı olmaması ağlabatan olmamaqla, işin halları ilə uzlaşmır. Cavabdehin təqdim etdiyi sübutlardan (elektron sistemdən çıxarışlar) görünür ki, iddiaçı müvafiq qeydiyyat yerinə təqribən 06.45 radələrində, yəni uçuşa cəmi 10 dəqiqə qalmış yaxınlaşmışdır. Lakin, hətta iddiaçının bildirdikləri nəzərə alınsa belə, o, ailə üzvləri ilə birlikdə bagajın təhvil verilməsi və qeydiyyatın tamamlanması üçün qeydiyyat masasına yalnız saat 06.00-da yaxınlaşmışdır ki, bu da özlüyündə uçuşa 60 dəqiqətən az vaxtı ehtiva edir. Bunun davamı olaraq iddiaçının əsas dəlili - uçuşun faktiki olaraq 07.15 radələrində baş tutması, dolayısı ilə 06.00-da qeydiyyata yaxınlaşmaqla müddətin keçməməsi ilə bağlı olmuşdur. İddiaçı iddia ərizəsində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 13 oktyabr 2022-ci il tarixli məktubuna istinad edirək göstərmişdir ki, 12 avqust 2022-ci il tarixdə Bakı-İstanbul marşrutu ilə saat 06:55-də uçuşu nəzərdə tutulan hava gəmisi həmin tarixdə saat 07:15-də havaya qalxmışdır. İddiaçı qeyd edilən məktubu məhkəməyə təqdim etməsə də, cavabdeh bu halı inkar etməmiş, etirazında təyyarənin 07:15-də havaya qalxmasını, lakin bu halın rəsmi uçuş vaxtını ehtiva etməməsini, təyyarənin havaya qalxması üçün müəyyən vaxtın keçməsinin ağlabatan olmasını və s. qeyd etmişdir. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən dəlili ilə bağlı bildirir ki, təyyarənin iddiaçının iddia etdiyi kimi 07:15-də havaya qalxması faktı özlüyündə uçuş vaxtının 06.55dən 07:15-ə dəyişdirilməsini deyil, yalnız təyyarənin uçuş zolağından hərəkət edərək havaya qalxmasını ehtiva edir. Hamıya bəlli olan haldır ki, minik başa çatdıqdan sonra, təyyarə dərhal havaya qalxmır, müəyyən müddət ərzində müvafiq uçuş zolağına doğru hərəkət etməklə, sürət yığaraq havalanır. Bununla yanaşı, iddiaçı məhkəməyə biletdə qeyd edilmiş uçuş vaxtının rəsmi olaraq dəyişdirilməsini ilə bağlı hər hansı sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən olunmamışdır. İddiaçının digər dəlili isə əvvəlcədən onlayn qaydada təyyarədə oturacaqların seçimini etməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən dəlillə bağlı haqlı olaraq göstərmişdir ki, iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı əvvəlcədən qeydiyyatı deyil, təyyarədə oturacaqların seçimi ilə bağlı proseduru həyata keçirmiş, bundan sonra gələn elektron məktubda baqajın təhvil verilməsi üçün uçuşa qeydiyyat bitməmişdən əvvəl qeydiyyat masalarına yaxınlaşmalı olduğu ilə bağlı xəbərdarlıq edilmişdir. Yəni, iddiaçı istənilən halda baqajın təhvil verilməsi və qeydiyyatın tamamlanması üçün müəyyən edilmiş müddət çərçivəsində qeydiyyatı aparan əməkdaşlara müraciət etməli idi. İddiaçı tərəf həmçinin qeyd etmişdir ki, şəxslərin uçuş saatından 20 dəqiqə əvvələ kimi təyyarəyə minmək hüquqları mövcuddur. Məhkəmə kollegiyası həmin dəlillə bağlı da qeyd etməyi zəruri hesab edir ki, şəxslər müvafiq qeydiyyatdan keçdikdən (baqajlarını daşınma üçün təhvil verdikdən) sonra uçuş vaxtına daha az müddət (məsələn bu müddət 20 dəqiqə və ya daha az ola bilər) qalanadək təyyarəyə minmək hüququna malik ola bilər. Lakin, bu müddətin yuxarıda da qeyd edildiyi kimi, qeydiyyata uçuş vaxtına 60 dəqiqədən az müddət qaldığı halda gəlmələrinə (gecikmələrinə) şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 842.1-ci maddəsinə əsasən, sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. MM-nin 842.2-ci maddəsinə görə, sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. MM-nin 842.3-cü maddəsinə görə, əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. MM-nin 846.1-ci maddəsinə əsasən, daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır. MM-nin 849.1-ci maddəsinə əsasən, əgər daşıyıcının ayrı-ayrı və ya bütün nəqliyyat xidmətlərinə qanuni və ya rəsmi göstərişlər və ya beynəlxalq konvensiyalar tətbiq edilirsə və bu göstərişlərə və konvensiyalara görə zərərin əvəzinin ödənilməsi hüququ yalnız müəyyən şərtlər və ya məhdudiyyətlər olduqda əmələ gəlirsə və ya həyata keçirilə bilirsə, yaxud müəyyən şərtlər olduqda istisna edilirsə, daşıyıcı sərnişin qarşısında həmin göstərişlərə yalnız onları yerinə yetirdiyi halda istinad edə bilər. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. MM-nin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MM-nin 1128.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. MM-nin 1132-ci maddəsinin tələbinə görə, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası işin faktiki hallarını, toplanmış sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq bildirir ki, iddiaçı ona cavabdeh şirkət tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna o halda malikdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi təqsirli olaraq pozmuş olsun, bunun nəticəsində iddiaçıya ziyan dəymiş olsun. Lakin, tərəflər arasında yaranmış münasibətlərin xarakterinə əsasən həmin zərərin cavabdehin təqsirli hərəkətləri (öhəliyini lazımi qaydada icra etməməsi və s.) nəticəsində yaranmasını iddiaçı sübut edə bilməmişdir. Əksinə, toplanmış sübutlarla məhz iddiaçının özünün təqsiri üzündən, onun müəyyənləşdirilmiş müddət ərzində qeydiyyata yaxınlaşmaması, baqajın təhvil verilərək, müvafiq minik kartlarının əldə olunmaması müəyyən edilmişdir. Belə olan halda isə, cavabdehin üzərinə öhdəliyn pozulmasına görə məsuliyyət qoyula bilməz. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunverijiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və javabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının bildirdikləri (izahatı) isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ji maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə mürajiət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinji instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunmaması barədə birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmaldır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Ayhan Çalbayın cavabdeh Türkiyə Respublikasının “X7 X6 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X7” Nümayəndəliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1050/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1050/2024
12.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver