Məhkəmə qərarları › İş №2(103)-1051/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1051/2022

11.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1051/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı və 3-cü şəxs Cavabdeh4 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-nə, "xxxx" MMC-nə, Cavabdeh3 qarşı (üçüncü şəxslər Səbail rayon İcra və probasiya şöbəsi və Cavabdeh4 ASC cəlb edilməklə) hərracın nəticələrinin ləğvi, avtomobilin yenidən qiymətləndirilməsi və satışdan əldə olunmuş pulun ümumi borca yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən 17-546 saylı 14 iyul 2017-ci il tarixli Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi, cavabdeh "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin Y-478 saylı, 06.09.2017-ci il tarixli hərracın nəticələri haqqında protokolun ləğv edilməsi və ona məxsus olmuş ağ rəngli, buraxılış ili 2012-ci il olan MG-750 markalı 99- FD-972 dövlət qeydiyyat nişanlı avtomobilin real bazar qiymətinin müəyyən edilməsi, müəyyən olunacaq dəyərdə pul vəsaitinin "Bank Avrasiya“ASC ilə bağlanmış 12.08.2013-cü il tarixdə SF-521 saylı kredit müqaviləsi üzrə qalıq qalmış borca yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 okyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş №2(004)-2772/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 12.08.2013-cü il tarixdə "Bank Avrasiya“ ASC ilə Sİ-521 saylı kredit müqaviləsi bağlamış, 36 ay müddətinə 27582 ABŞ dolları məbləğində 17.5 % ilə avtomobilin alınması məqsədi ilə kredit götürmüş və MG-750 markalı **-FD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Bankın xeyrinə girov qoymuşdur. Müqavilə üzrə ödəniş qrafiki açılmış və o, vaxtlı-vaxtında ödənişləri həyata keçirmişdir. Ölkə ərazisində həm ABŞ dollarının Azərbaycan manatına nisbətdə bahalaşması və maliyyə vəziyyəti ilə bağlı nəqliyyat vasitəsinə hüquqlarını etibarnamə əsasında digər şəxsə ötürmüşdür. 2020-ci ilin oktyabr ayında ona məlum olmuşdur ki, həmin avtomobilin borcu ilə bağlı onun əmək haqqından 50% tutulur və həmin borca ödənilir. Məhkəmə və icra şöbələrindən məlumat toplayan zaman məlum olmuşdur ki, birinci cavabdeh "Səraf- N“ MMC tərəfindən 14 iyul 2017-ci il 17-546 saylı qeyd ilə daşınar əmlakı 3000 (üç min) manal qiymətində dəyərləndirmiş və ikinci cavabdeh tərəfindən 06.09.2017-ci il tarixdə Y-478 saylı protokol ilə 3000 manata həmin nəqliyyat vasitəsi üçüncü Cavabdeh3 satılmışdır. Həmin nəqliyyat vasitəsinin qiyməti heç bir halda 3000 manat ola bilməzdi. Hazırda ”turbo.az" saytına nəzər salsaq buraxılış ili 2011-ci ilin eyni rəngli eyni vəziyyətli avtomobili 19500 manat dəyərində satışa çıxarılmışdır. Bir qrup mütəşəkkil dəstə qabaqcadan onun mülkiyyətində olan avtomobili ucuz qiymətə dəyərləndirməklə və sonradan qiyməti aşağı salıb hərracda satmaqla gəlir əldə etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 ASC iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə mübahisə predmeti olan MG-750 markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərrac vasitəsilə realizə olunmazdan əvvəl Səbail rayon icra şöbəsinin 13.06.2017-ci il tarixli “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarına müvafiq olaraq 14.07.2017-ci il tarixində "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və buna müvafiq olaraq 14.07.2017-ci il tarixli, 17546 N2-İİ “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat” tərtib edilmişdir. Hesabatdan müəyyən olunur ki, qiymətləndirici tərəfindən əmlakın qiymətləndirilməsi həyata keçirilərkən əmlaka 23.06.2017-ci il tarixdə baxış keçirilmiş və həmin tarixə onun real dəyəri müəyyən edilmişdir. Qiymətləndirmə kağız üzərində deyil, birbaşa baxış həyata keçirilməklə icra olunduğundan baxış zamanı nəqliyyat vasitəsinin texniki xarakterizəsində avtomobilin təkərlərinin, salonun yararsız olmağı, buferlərinin, şüşələrinin, akkumulyatorun, təhlükəsizlik yastıqlarının mövcud olmaması, audio sistemin, kondisonerin, mərkəzləşdirilmiş idarəetmə sisteminin işləməməsi, qapıların, banın, körpücüyün qismən yararlı olması öz əksini tapmışdır. Ümumilikdə ekspertiza rəyində avtomobilin əsaslı təmirə ehtiyacı olması qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, avtomobil 2012-ci il buraxılışlıdır və əsaslı təmirə ehtiyacı var, belə olan halda nəqliyyat vasitəsinin qiymətinin 3 000 (üç min) manat məbləğində müəyyən edilməsi onun real dəyərindən aşağı qiymətləndirilməsi kimi xarakterizə oluna bilməz. Mübahisələndirilən hesabatdan göründüyü kimi "xxxx" MMC tərəfindən tərtib edilmiş ekspert rəyi iddiaçının nəqliyyat vasitəsinə birbaşa baxış keçirməklə və yoxlamalar aparılmaqla həyata keçirilmişdir. Bu hal hesabatın tam, obyektiv və ədalətli olmasını şübhə altına almır. Bundan başqa qiymətləndirmə həyata keçirilməzdən əvvəl Səbail rayon icra şöbəsinin 13.06.2017-ci il tarixli “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarı, habelə hərrac keçirilməzdən əvvəl "xxxx" MMC tərəfindən 04.08.2017-ci il tarixli 3740 saylı və 18.08.2017-ci il tarixli 3988 bildirişlər İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanına, habelə Səbail rayon İcra Şöbəsinə və Cavabdeh4 ASC-yə göndərilmişdir. Təqdim edilmiş bildirişlərdə hərracın keçirilmə vaxtı və yerindən əlavə, avtomobilin ilkin satış qiyməti ilə bağlı məlumat da təqdim edilmiş, lakin İddiaçı tərəfindən buna etiraz edilməmişdir. Nəticədə hərracın qalibi olmuş Cavabdeh3 ilə "xxxx" MMC arasında 06 sentyabr 2017-ci il tarixdə Hərracın nəticələri haqqında Ne Y-478 saylı protokol imzalanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iş ekspertizaya göndərilmiş, lakin ekspert qiymət qoya bilməmişdir. İclas zamanı vəsatət versə də, avtomobil qiymətləndirilməyə göndərilməmişdir. Avtomobilin real göstəricilər əsasında bazar qiymətinin müəyyən edilməsi işin hərtərəfli araşdırılmasına yardımçı ola bilər. Həmçinin 3000 manat, xarici istehsal olan avtomobilin real bazar qiyməti ola bilməz. Şifahi vəsatət əsasında avtomobilin yenidən qiymətləndirilməsini xahiş etsə də, təmin olunmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25.06.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh4 ASC-nin cavabdehlər X2 və İddiaçı qarşı “borcun tutulması və s.” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər İddiaçı və X1 iddiaçı Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22 311.24 ABŞ dolları əsas borc və 75.95 ABŞ dollar faiz borcu olmaqla, cəmi 22 387,19 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın İddiaçı məxsus DİN BDYPİ QİŞ tərəfindən verilmiş AB969972 saylı şəhadətnamə əsasında Ban LSJW16N60CG001442, ağ rəngli, buraxılış ili 2012-cı il olan MG 750 markalı, ** FD *** nişanlı avtomobilə yönəldilməsi və açıq hərracdan satılması, avtomobilin hərracda satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, Cavabdeh1 MMC icra məmurunun sifarişi əsasında sözügedən avtomobilə baxış keçirməklə fakt üzrə qiymətləndirmə aparmış, avtomobil əsaslı təmirə ehtiyacı olduğundan 23 iyun 2017-ci il tarixə 3000 (üç min) manat qiymətləndirilmiş, əmlak satılmaq üçün hərraca çıxarılmış, hərracın yeri və vaxtı barədə borclu və tələbkara Əmlak İxtisaslaşdırılmış hərrac mərkəzi” MMC tərəfindən məlumat verilmişdir. Hazırda İddiaçı avtomobilin 3000 (üç min) manat qiymətləndirilməsi haqqında Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş 14.07.2017-ci il tarixli hesabatın həqiqəti əks etdirmədiyini, avtomobilin əsl dəyərinin bundan yüksək olduğunu bildirərək həmin hesabatın ləğv edilməsi, 06.09.2017-ci il tarixli hərrac protokolunun ləğv olunması və avtomobilin real bazar qiymətinin yenidən müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, hərracın keçirilməsi yeri və vaxtı haqqında maraqlı şəxslərə, o cümlədən iddiaçıya yaşayış yeri üzrə məlumat verilmiş, 06 sentyabr 2017-ci il tarixdə hərrac keçirilmiş, hərracda X3 qalib olaraq borclu İddiaçı məxsus MG 750 markalı, ** FD *** nişanlı avtomobili əldə etmişdir. İcra sənədi icra olunduğundan icra məmurunun 30.10.2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, "xxxx"MMC tərəfindən 14 iyul 2017-ci il tarixli qiymətləndirmə hesabatı tərtib edilərkən avtomobilə əyani baxış keçirilmiş, fakt üzrə qiymətləndirmə aparılmış, avtomobilin əsaslı təmirə ehtiyacı olduğu müəyyən edilmiş və 3000 manat qiymətləndirilmişdir. Məhkəmə hesab etmişdir ki, avtomobil həmin tarix üçün ekspertə təqdim edilmiş vəziyyətdə qiymətləndirildiyindən avtomobilin dəyərinin 3000 manat qiymətləndirilməsi sözügedən hesabatın ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına əsaslanaraq hərracın nəticələrinin ləğvi üçün əsas olmadığı qənaətinə gəlmiş və iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən “İcra haqqında” Qanunun 41, 42, 53.2, 61-ci, Mülki Məcəllənin 317.2, 414, 415, 416-cı maddələri və s. normalarla əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni iddia tələbi həcmində düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının əsas tələbi “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ın və hərracın nəticələri haqqında protokolun ləğv edilməsi barədədir. İddiaçı həm iddia ərizəsinin məzmununda, həm də nəticə hissəsində yalnız mübahisələndirdiyi sənədlərin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddianı dəyişməmiş və onda hər hansı dəqiqləşmə aparmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur. Bu hüquq iddiaçıya məhkəmə tərəfindən qətnamə çıxarılanadək Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə müvafiq olaraq iddia tələbinin həcmini artırmaq və ya azaltmaq imkanı verir. Lakin yuxarıda qeyd olunduğu kimi iddiaçı iddia tələbinin həcminin artırılması və ya azaldılması, yaxud iddianın dəyişdirilməsi barədə məhkəməyə müraciət etməmişdir. Qanunun tələbinə görə işə baxan məhkəmənin vəzifəsi iddianı əsaslı hesab etdiyi halda onu məhz iddia ərizəsində göstərilən həcmdə, yəni iddia tələbindən kənara çıxmamaqla təmin etməkdən və bu barədə qətnamə çıxarmaqdan ibarətdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qanunun mənasına görə hakim iddia tələbindən yalnız o halda kənara çıxa bilər ki, bu, müstəsna hal kimi qanunda nəzərdə tutulmuş olsun. Qanun iddia tələbindən kənara çıxma dedikdə iddianın əsasının və ya predmetinin dəyişdirilməsini nəzərdə tutmur. Digər tərəfdən, məhkəmə qanunda göstərilən müstəsna hallarda belə iddia tələbindən kənara çıxdıqda, bu barədə gəldiyi nəticəni qətnamənin əsaslandırıcı və nəticə hissələrində göstərməlidir. Məhkəmə kollegiyası hazırkı işdə iddia tələbindən kənara çıxmaq üçün hər hansı qanuni əsas müəyyən etmədi. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı iddiaçının vəsatəti əsasında mübahisəli avtomobilin 2017-ci il tarixə olan dəyərinin (bazar qiymətinin) təxminən 13500 manat, likvid dəyərinin isə 13000 manat olduğunu müəyyən etsə də, məhkəmə kollegiyasının qənaətinə görə bu, mübahisələndirilən sənədlərin ləğvi üçün deyil, etibarsızlığı üçün əsas ola bilər. Adı çəkilən sənədlərin etibarsızlığı barədə isə hazırkı işdə tələb irəli sürülməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən sənədlərin ləğvinin və etibarsızlığının nəticələri fərqli olduğundan və iddiaçının tələbi sırf sənədlərin ləğvinə yönəldiyindən hazırkı işdə etibarsızlıqla bağlı məsələ müzakirə oluna bilməz. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iddianın rədd olunması İddiaçı hərracın nəticələrinin etibarsızlığı barədə ayrıca iddia qaldırmasına mane olmur və o, bununla bağlı müstəqil şəkildə ayrıca iddia qaldıra bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mübahisələndirilən avtomobilin dəyərinin 3000 manat deyil, 13000 manat olmaqla yenidən müəyyən edilməsi də özözlüyündə qətnamənin ləğv olunması üçün əsas vermir. Əks halda bu, məsələyə formal yanaşma kimi qəbul edilə bilər. MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar