Məhkəmə qərarları › İş №2(103)-10512/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10512/2021

26.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10512/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5946/2021 nömrəli, 08.09.2021-ci il tarixli qərardadından mülki iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021-ci il tarixli arayışının iddiaçıya məxsus olması faktının müəyyən edilərək təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5946/2021 nömrəli, 08.09.2021- ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5946/2021 nömrəli, 30.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, soyadı hazırda Kərimov olsa da, arxiv arayışında göstərilən “Ələsgərov” soyadı da ona məxsusdur, yəni ata soyadı olmuşdur. Ona görə də arxiv arayışında Kərimov soyadı ilə yanaşı Ələsgərov soyadı yazılsa da hər iki soyad ona aiddir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 bildirdi ki, əslində ərizəyə Bərdə Rayon Məhkəməsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi kimi xüsusi icraat qaydasında baxılmalı idi və onlar hazırki işdə cavabdeh olmamalı idi. Yasamal Rayon Məhkəməsi də qeyd edilən əsasla iddia ərizəsinin qəbul edilməsindən imtina etməməli idi, ad-soyadlarda fərqlilik olması zamanı sənədlərin uyğunsuzluğu araşdırılmalıdır. Çünki, pensiya təyinatı zamanı bu uyğunsuzluq maneə yaradır. Hesab edir ki, arxiv arayışındakı uyğunsuzluq araşdırılmalı və aradan qaldırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət olmasını orada göstərir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina edərkən qənaətini belə əsaslandırmışdır ki, Bərdə Rayon Dövlət Arxivinin Bərdə “ASAN Xidmət” Mərkəzinə və vətəndaş İddiaçı ünvanladığı 30.07.2021-ci il tarixli 157 nömrəli arxiv arayışında göstərilir ki, “Bərdə Rayon Dövlət Arxivi sorğunuza cavab olaraq bildirilir ki, rayon Dövlət arxivində mühafizə edilən sabiq M.Əzizbəyov kolxozunun (AİM) 1970- 1998-ci illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən siz vətəndaş (İddiaçı) kolxozda /AİM/ işləyərək, qazandığınız əmək haqqınız müvafiq illər üzrə aşağıdakı qaydada qeyd olunur” göstərilmişdir... Bərdə Rayon Dövlət Arxivinin verdiyi 30.07.2021-ci il tarixli 157 nömrəli arxiv arayışının İddiaçı aid olması faktı mübahisəsizdir. Çünki, həmin arayış İddiaçı sabiq M.Əzizbəyov kolxozunda (AİM) məhz 1970-1998-ci illər ərzində işləməsini və aldığı əmək haqqının məğləğini təsdiq edən sənəd olmaqla, onun iş stajinın hesablanması üçün hüquqverən sənəddir. Bu barədə mübahisə olmadığından iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. İddiaçıya izah edilməlidir ki, əmək pensiyasının alınması üçün Bərdə Rayon Dövlət Arxivinin Bərdə “ASAN Xidmət” Mərkəzinə və vətəndaş İddiaçı ünvanladığı 30.07.2021-ci il tarixli 157 nömrəli arxiv arayışı təqdim etməklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Əvvəla, Yasamal Rayon Məhkəməsi iddiaçının iddia ərizəsini icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina edərkən iddia ərizəsində və işdə olan sənədlərdə göstərilənlərə əhəmiyyət verməməsinin səbəblərini qərardadında göstərməli idi. Belə ki, iddiaçı pensiyaya çıxması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsinə müraciət etdiyini, 1970-1974, 1981-1998-ci illər üzrə olan əmək stajının sosial sığorta stajına hesablanması mümkün olmadığından pensiyaya çıxa bilmədiyini, səbəb kimi Bərdə Rayon Dövlət Arxivinin verdiyi 30.07.2021-ci il tarixli 157 nömrəli arxiv arayışında 1970-1972 və 1974-cü illərdə əmək haqqı cədvəlində onun soyadının səhvən “Ələsgərov” kimi qeyd olunmasını, məhz buna görə arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. Demək, Yasamal Rayon məhkəməsi iddiaçıya qeyd olunan arxiv arayışını Dövlət Sosial Müdafiə Fonduna təqdim etməklə pensiya təyin olunması barədə müraciət etməyi izah etsə də, onsuzda iddiaçı bunu əvvəldən etmişdir. Ancaq müraciəti təmin olunmamış, səbəb kimi arxiv arayışında əmək haqqı cədvəlində onun soyadının səhvən “Ələsgərov” kimi qeyd olunduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Yasamal Rayon Məhkəməsi qeyd olunan arxiv arayışının İddiaçı aid olması faktının mübahisəsiz olduğunu qeyd etsə də hazırki işdə olan cavabdeh qurum bunu qəbul etmir. Əgər etsəydi, yəqin ki, iddiaçı bu cür ərizə ilə məhkəməyə də müraciət etməzdi. Qeyd olunan arayışın iddiaçının məhz 1970-1998-ci illər ərzində işləməsini və aldığı əmək haqqının məbləğini təsdiq edən sənəd olmaqla, onun iş stajinın hesablanması üçün hüquqverən sənəd olmasını da cavabdeh qurum birmənalı qəbul etmir, həmin arayışda uyğunsuzluğun olmasını, pensiya təyinatı zamanı bunun manelər yaratdığını bildirir. Məhkəmə bu barədə mübahisə olmadığına görə iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz qənaətinə gəlsə də, hüquq haqqında mübahisənin olmasına onunla eyni instansiyadan olan Bərdə Rayon Məhkəməsi tərəfindən artıq qərar verilmişdir. Bunun nə dərəcədə qanuni olub-olmamasının yoxlanılması hazırki icraatın predmeti olmasa belə, həmin qərarla Gəncə Apellyasiya Məhkəməsi də razılaşmışdır. Buna görə də Yasamal Rayon Məhkəməsinin qeyd olunan qərardadlardan sonra bu cür mövqe nümayiş etdirməsi həm özündən yuxarı olan məhkəmə instansiyasının mövqeyinə ziddir, həm də iddiaçının düşdüyü vəziyyəti bir qədər də gərginləşdirmiş olur. Çünki, pensiya təyin olunmasına dair müraciətini inzibati orqan təmin etmir, məhkəmələr xüsusi icraat qaydasında ərizəsini hüquq haqqında mübahisə olması əsası ilə baxılmamış saxlayır, hazırki iş üzrə iddia icraatı qaydasında da məhkəmə iddiaçının ərizəsinə mübahisə olmadığına görə məhkəmə qaydasında baxıla bilməz deyir. Bu cür vəziyyətdə artıq pensiya yaşı çatmış və pensiya yaşı keçmiş iddiaçı pozulmuş hüquqlarını hansı qaydada və effektiv bərpa etməli olduğunu təbii ki, anlamaqda çətinlik çəkir. Buna görə də inzibati orqanın, eləcə də məhkəmənin səhvinə görə iddiaçı əziyyət çəkməməlidir. Bərdə Rayon Dövlət Arxivinin verdiyi 30.07.2021-ci il tarixli 157 nömrəli arxiv arayışında 1970-1972 və 1974-cü illər üzrə əmək haqqı cədvəlində iddiaçının soyadı həqiqətən “Ələsgərov” kimi qeyd olunmuşdur. İddiaçı da bu sənəddə göstərilən soyadı ilə şəxsiyyət vəsiqəsində göstərilən soyadı ilə düz gəlmədiyi üçün həmin hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsini istəyir. Ona görə istəyir ki, cavabdeh qurum da qeyd olunan arxiv arayışını əmək stajını sosial sığorta stajına hesablamaq üçün mübahisəsiz sənəd kimi qəbul etsin. Çünki, hüquqi fakt kimi bunun əhəmiyyəti var. İddiaçı bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ancaq qeyd olunduğu kimi bu istəyinin qanunla müəyyən edilmiş qaydada reallaşmasına nə inzibati orqan, nədəki məhkəmələr səlahiyyətləri çərçivəsində yardım etmir, əksinə iddiaçının düşdüyü vəziyyətin bir qədər də ağırlaşdırılmasına şərait yaradırlar. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5946/2021 nömrəli, 08.09.2021-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar