Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10516/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5093/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Baxtieviçə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində (keçmiş Vorovski qəsəbəsi, L.Şmidt küçəsi 36/4) yerləşən 4 saylı fərdi yaşayış evinə və 509,3 kv.m həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 1990-cı ildə Bakı şəhərinin keçmiş Vorovski qəsəbəsi, L.Şmidt küçəsi, 36/4 (indiki M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 4) ünvanındakı 509,3 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini Cavabdeh 24.500 rubla satın almışdır. Bunun təsdiq olaraq notarial qaydada ona 08 avqust 1990-cı il tarixdə 3 illik müddətinə etibarnamə və evin sənədi kimi 1972-ci il tarixli SSRİ Kommunal Təsərrüfatı Nazirliyinin X1 Bürosu tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid passport” verilmişdir. Həmin vaxtdan indiyədək ailə üzvləri ilə həmin evdə faktiki olaraq yaşamağa başlamışdır. Övladları doğulandan bu ünvanda daimi pasport qeydiyyatındadırlar. 30 ildir evin kommunal xərcləri onun adına quraşdırılmış sayğaclar vasitəsilə ödənilir. Həmçinin, evə və yerləşdiyi həyətyanı torpaq sahəsinə dair digər ödənişlər də həyata keçirilir. Bu qədər müddət yaşamağına baxmayaraq evin və torpağın reyestrdən çıxarışı yoxdur. Cavabdehla aralarında 1990-cı ildə əldə edilmiş ilkin razılaşmaya əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində (keçmiş Vorovski qəsəbəsi, L.Şmidt küçəsi 36/4) yerləşən 4 saylı fərdi yaşayış evi notariusda onun adına sənədləşməli idi. Bu barədə onun adına notarial qaydada etibarnamə verilmişdir. Lakin həmin dövrdə baş verən məlum hadisələr səbəbindən Cavabdeh xəbərsiz şəkildə ölkəni tərk etmiş və bu səbəbdən də sözügedən yaşayış evinin alqı-satqı yolu ilə adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması yarımçıq qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5093/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Baxtieviçə qarşı yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə tərəfindən istinad edilən hüquq normaları düzgün təfsir edilmədiyindən, bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ-hüquqi aktlarla qorunan hüquq və mənafeləri əhəmiyyətli şəkildə pozulduğundan, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və müvafiq qətnamə qanunvericiliyə uyğun qaydada əsaslandırılmadığından, habelə aşağıda qeyd olunan digər əsaslara görə qətnamə ləğv olunmalıdır. Faktiki olaraq reallaşmış lakin sənəd üzrə rəsmiləşdirilməmiş evin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi məhkəmədən kənar qaydada mümkün deyil. Evlə bağlı indiyədək hər hansı mübahisə olmamışdır və hal-hazırda da sözügedən əmlak barəsində heç bir mübahisə yoxdur. Evin keçmiş sahibi Cavabdeh ölkəyə gəlməsinin mümkün olmaması səbəbindən evin daşınmaz əmlakın dövlət reyestrində adına rəsmiləşdirilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normalarının işə heç bir aidiyyəti yoxdur və məhkəmənin istinad etdiyi hallar iddia tələbinin təmin edilməməsi üçün əsas hesab olunmur. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5093/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili X3 apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış erərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5093/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili X2 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 1990-ci ildə əvvəlki Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmış, mübahisəli mənzilə dair cavabdehin mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd mövcud deyil (bu Evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkasında qeyd edilmişdir), mənzilin alqı-satqısına dair tərəflər arasında yazılı müqavilə bağlanmamış və iddiaçı hüquqlarının pozulmasından 30 ildən artıq müddətdə xəbərdar idi. Odur ki, mübahisəli hüquq münasibətinə əvvəlki Mülki Məcəllənin müddəaları tətbiq edilməli və iddia ərizəsi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi bu nəticə qanuni və əsaslıdır. Belə ki, “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli qərarında qeyd olunmuşdur: “...Hazırki iş üzrə tərəflər arasında münasibətlər 1997-ci ildə yarandığından mübahisənin həllidə əvvəlki MM-nin normaları ilə tənzimlənməlidir. Əvvəlki MM-nin 230-cu maddəsinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Eyni zamanda, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər. ... Əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını müəyyən edən əvvəlki MM-in 43-cü maddəsinin İİ hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Əvvəlki mülki qanunvericilik eyni zamanda əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədi ilə bir sıra digər təminatlarıda nəzərdə tutmuşdur. Belə təminatlardan biri əvvəlki MM-in 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir. Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqısatqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. ... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər. Bununla yanaşı, işə baxan məhkəmələr iddia müddəti institutunun mülki işin qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə almamış və nəticədə qanunun tələbinə uyğun olmayan qərar qəbul etmişlər. Əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktları bilib-bilməməsi ilə bağlıdır və şəxsin öz hüquqlarını və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Əvvəlki mülki qanunvericilik iddia müddətləriilə bağlı birmənalı qaydalar müəyyənləşdirmişdi. Tərəflərdən birinin həmin qaydalara riayət etməməsi digər tərəfin hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək hüququnu istisna etmirdi. İddia müddəti qanunda nəzərdə tutulmuş hallardan başqa bütün tələblərə şamil edilirdi. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi əvvəlki MM-in 73-cü maddəsinin hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddətin (iddia müddətinin) üç il müəyyən etməsini nəzərə almamışdır. Həmin Məcəllənin “iddia müddətinin tətbiq edilməsinin məcburiliyi” adlanan 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Bu Məcəllənin 82-ci maddəsinə müvafiq olaraq isə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, iddiaçı apelyasiya şikayətində göstərdikləri dəlillərini təsdiq edən heç bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişlər. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5093/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5093/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-10516/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10516/2021
07.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver