Məhkəmə qərarları › İş №2(103)-1052/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1052/2022

14.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1052/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərə görə kompensasiya ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 1.000.000 (bir milyon) manat cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı xx.xx.1987-ci il təvəllüdlüdür. İddia onunla əsaslandırılıb ki, iddiaçı doğularkən cinsinə görə kişi olmuş, lakin cinsi düzgün olmayaraq qadın kimi müəyyən edilmiş və doğum haqqında akt qeydində “X1” kimi qeyd olunmuşdur. 1987-1989-cu illər arasında 1 saylı Kliniki Xəstəxanada əməliyyat olunmuş, əməliyyat zamanı yumurtalığından biri götürülmüşdür. Uzun illər qadın kimi böyüdülmüşdür. Lakin böyüdükcə onda kişi orqanizminə aid olan əlamətlər inkişaf etmişdir. Ona görə də cinsiyyətinin müəyyən edilməsi üçün məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən təyin edilmiş tibbi ekspertiza nəticəsində müəyyən edilmişdir ki, o, əvvəldən qadın deyil, kişi olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.10.2017-ci il tarixli qətnaməsi ilə onun kişi cinsindən olması faktı müəyyən edilmiş, doğum haqqında akt qeydində soyadı, adı və ata adının “İddiaçı”, cinsinin “kişi” kimi qeyd olunması qət edilmişdir. İddiaçı iddia edir ki, 30 il cinsi haqqında yanlış təsəvvürlə yaşadığına görə ciddi sarsıntılar keçirmiş və mənvi zərər çəkmişdir. İddiaçı hesab edir ki, zərərin əvəzini ona Səhiyyə Nazirliyi və Maliyyə Nazirliyi ödəməlidir. Səhiyyə Nazirliyi və Maliyyə Nazirliyi iddiaçının cinsinin düzgün müəyyən edilməməsinə görə məsuliyyət daşımır. Hər iki nazirlik müvafiq sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25.05.2006-cı il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndinə görə Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. O cümlədən, Azərbaycan Respublikası Prezidentinin 09.02.2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndinə görə Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Ona görə də məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi Səhiyyə Nazirliyi və Maliyyə Nazirliyinə qarşı iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar