Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1053/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlunun və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Aftandil oğlunun iştirakı ilə İddiaçı cavabdehlər X8, Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və s.” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 632/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X8, Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Cavabdeh2 qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 ilə X9 arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış 19 mart 2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, X4 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən (“Vüsal” kafesi) məcburi qaydada çıxarılması və Cavabdeh3 tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 81462,50 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 ilə 11 noyabr 1994-cü il tarixdə Bakı Səadət Sarayında rəsmi nikaha girmişdir. Həmin nikahları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli 2(005)-322/2018 saylı qətnaməsi ilə pozulmuş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 mart 2018-ci il tarixdə 83 nömrəli qeyd edilmişdir. Birgə nikahları dövründə bir çox əmlaklar əldə edilmişdir ki, hazırda cavabdehin qanunsuz istifadəsində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (“Vüsal” kafesi) də həmin nikahdan əldə edilmiş əmlaklardan biridir. Həmin əmlak 29 iyul 2017-ci il tarixdə Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 30 iyun 2003-cü il tarixli 000974 saylı mülkiyyə hüququ haqqında şəhadətnaməyə əsasən X2 adına ilkin qeydiyyatdan keçmişdir. Lakin o, mübahisəli əmlakın ½ hissəsinin mülkiyyətçisi olsa da, həmin əmlakdan nəinki istifadə edə bilmir, hətta əmlakdan heç bir qanuni əsas olmadan istifadə edib, gəlir götürən cavabdeh tərəfindən əmlaka daxil olmasına belə icazə verilmir. Cavabdehin qeyri-yaşayış sahəsindən 2018-ci ilin mart ayından istifadə etməsi barədə onda məlumat olduğundan hesab edir ki, həmin vaxtdan ona dəyən ziyan ödənilməlidir. Bakı şəhərində qeyri-yaşayış sahələrinin icarəsi bazarında ən ucuz qiymət hər kv.m üçün 5 manat təşkil edir. Cavabdeh həmin qeyri-yaşayış sahəsindən 30 aydır qanunsuz olaraq istifadə etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-632/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 ilə X9 arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış 19 mart 2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X4 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni Cavabdeh3 tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 81462,50 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması tələbinin rədd edilməsi hissəində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbindən, iş materiallarından və tərəflərin verdiyi izahatdan da göründüyü kimi, iddiaçı tərəfindən ümumiyyətlə mənəvi zərərlə bağlı heç bir tələb irəli sürülməmişdir. Lakin, işə baxan məhkəmə nədənsə iddia tələbi ilə heç bir əlaqəsi olmayan maddi hüquq normalarına istinad edərək iddiaçıya dəymiş maddi ziyan tələbini rədd etmiş və ona dəymiş mənəvi ziyanı əsaslandıra bilməməsi qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsindən də göründüyü kimi, iddia tələbini rədd edərkən məhkəmə iclasında ümumiyyətlə adı çəkilməyən halla əsaslandırmış və belə qənaətə gəlmişdir ki, iddiaçı tələbini sübut eləmək vəzifəsi daşısa da bunu edə bilməmişdir. Halbuki, iddiaçının ümumiyyətlə qətnamədə adı çəkilən tələblə bağlı heç bir iddiası olmamışdır. Bununla da məhkəmə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində iş materiallarında olan sübutlara qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 19 mart 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, mübahisəli qeyri yaşayış sahəsi Cavabdeh3 tərəfindən X8 icarəyə verilmiş və aylıq icarə haqqı 1000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Ekspert Mərkəzinin 10 iyul 2020-ci il tarixli, ƏEM/M 09-218/20 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 10 iyul 2020-ci il tarixə olan bazar dəyəri ******* (bir milyon dörd yüz səkkiz min) manatdır. Məhkəmə qətnaməsi və iş materialları ilə də təsdiq edilir ki, Cavabdeh3 qanunsuz olaraq qeyri-yaşayış sahəsini ayda 1000 manat göstərməklə digər cavabdehə icarəyə vermiş və bu gün də əmlakın üzərinə həbs qoyulmasına baxmayaraq onun icarəsindən gəlir əldə etməkdə davam edir. Belə olan halda, məhkəmə nəyə əsaslanaraq dəymiş zərərlə (əldən çıxmış fayda) bağlı iddianı rədd etdiyi bəlli deyil. Çünki, qətnaməyə nəzər yetirdikdə görmək olar ki, məhkəmə iddianı qalan hissədə təmin edərkən istinad edilən halların işin mübahisəsiz halı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Aftandil oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, mübahisəsi gedən qeyri-yaşayış sahəsindən istifadənin qadağan edilməsi barədə məhkəmə qərardadının icrasına dair icra məmurunun akt tərtib etməsi icra hərəkətlərinin yekunlaşması anlamına gəlmir, çünki həmin qeyri-yaşayış sahəsindən obyekt kimi istifadə edilir. Digər tərəfdən həmin obyektə dair işıq və qazdan istifadə ilə bağlı məlumatlar vardır. Eləcə də icarə müqaviləsində obyektin icarə haqqının 1000 manat göstərilməsi reallığa uyğun olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Cavabdeh2 vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, bu qeyri-yaşayış sahəsi 2019cu ilə kimi İnqlab Cəfərova məxsus olub, onun VÖEN-i əsasında fəaliyyət göstərib, bütün vergi ödənişləri onun adından edilib. Sonradan işin çoxluğu ilə əlaqədar olaraq Cavabdeh2 obyekti icarəyə verib. İcarə müqaviləsi Babayev Şəriflə bağlanıb. Müqavilə bağlanan zaman müqavilənin şərti belə olub ki, icarəyə götürən şəxs obayekti öz vəsaiti hesabına təmir edəcək, müvafiq avadanlıqla təmin edəcək, obyekt fəaliyyət göstərəndən sonra borc da bağlanacaq. Babayev Şərif işə birinci instansya məhkəməsində iştirak edən zaman bunu izahatında da qeyd etmişdi. İcarəyə götürən həmin obyektə 40 000 manata yaxın xərc çəkmişdi, müvafiq texniki avadanlıqlar da almışdı, "xxxx" ASC-dən texniki şərt də almışdı, təmir işləri aparmışdır. Yəni Cavabdeh3lə icarə müqaviləsi 1 illik imzalansa da, Səadət orada icarə haqqı almayıb, Babayev Şərif pulların obyektin təmirinə xərcləyib. Ərarvad arasınnda nikah mübahisəsi bitəndən sonra da Səadətlə icarə müqavilə imzalanmayıb, Səadət həmin obyektdən heç bir gəlir götürməmişdir. İcarəçi ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən icarəçi öz vəsaiti hesabına həmin obyektə kapital qoyur, 3 il ərzində restoranı işlədib, o kapitalı qaytarmalı idi. Səadət ilə icarə müqaviləsi 1 illik imzalanmışdır. 1 illik müddət bitdikdən sonra müqavilə təzələnməmişdir. İnqilab obyekti kafe kimi işlədirdi. Lakin 2020-ci ilin mart ayından, yəni pandemiya başlayan vaxtdan kafe fəaliyyət göstərmir. 2019-cu ildən sonra Səadətin mülkiyyət hüququna xitam verilib və cavabdeh həmin obyektə münasibətdə heç kimdir. Bu gün iddiaçının həmin obyektə daxil olmasına maneçilik törədilmir. Əgər iddiaçı hesab edirsə ki, onun hüquqları pozulur, 1 il bundan əvvəl onun hüquqlarının pozan şəxsin obyektdən çıxarılması ilə bağlı iddia ilə məhkəməyə müraciət edə bilərdi. Bunu etməyibsə bu cavabdehin problem deyil, Səadət pul almayıb, Babayev Şərif də məhkəmə iclasında qeyd etdi ki, Cavabdeh3 tanımır, ona pul verməyib. Bu səbəbdən hesab edirik ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyev izahatında bildirmişdir ki, qeyri-yaşayış sahəsindən istifadənin qadağan edilməsi barədə məhkəmə qərardadı 2020-ci ilin dekabr ayında icraatına daxil olmuş, 19.02.2021-ci il də kafedə olan zaman onun işlək vəziyyətdə oluduğunu müəyyən etmiş və həmin vaxt, qeyri-yaşayış sahəsindən istifadənin qadağan edilməsi barədə akt tərtib edilmişdir. Bundan sonra qərardadın icra edilməməsi ilə bağlı müxtəlif vaxtlarda şikayətlər olsa da, hər dəfəsində qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və obyetdən istifadə edilmədiyi müəyyən edilmişdir. Bu barədə fotoşəkillər çəkilməklə iddiaçıya da yazılı məlumat verilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəlməklə iddianın təmin edilməyən hissəsində təmin edilməsi xahiş edildiyindən eləcə də qətnamə qalan hissədə mübahisələndirilmədiyindən kollegiya qətnaməninin əsaslılığını - iddianın təmin olunmayan hissəsində yoxlayır. İş materiallarında olan Vİ-JQ 446032 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X6 ilə İddiaçı arasında 11 noyabr 1994-cü il tarixdə nikah bağlanaraq bu barədə Bakı şəhəri Səadət Sarayının akt qeydləri kitabında 2299 saylı qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 68 C qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə ½ hissə İddiaçı, ½ hissə X2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 04 oktyabr 2019-cu ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə ekspertiza Mərkəzinin 07 avqust 2020-ci il tarixli 31893 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı və X2 paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68C saylı qeyri-yaşayış binasının və ünvan 4də yerləşən 10 saylı mənzilin iki hissəyə paylara münasib olaraq naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin 10 iyul 2020-ci il tarixli ƏEM/M- 218/20 saylı ekspert rəyindən görünür ki, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstrulsiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68C saylı qeyri-yaşayış binasının 10 iyul 2020-ci il tarixinə bazar dəyəri 1 408 000,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 01 mart 2021-ci il tarixli arayışından görünür ki, 26 fevral 2021-ci il tarixinə olan uçot məlumatlarına əsasən, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 12 aprel 2018-ci il tarixdə X9 (VÖEN: **********) tərəfindən “restoran” adı ilə vergi orqanında uçota qoyulmuşdur. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(009)-1443/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və X2 Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 53-də yerləşən 10 saylı mənzilə və “Opel Antara” markalı ** GS *** dövlət qeydiyyat nişanlı minik avtomobilə hər birinin ½ hissədə payları müəyyən olunmuş, X2 "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitallarında olan təsisçi payına aid 40 faiz hesabı ilə hesablanmaqla 8000 manat vəsaitin ½ hissəsinə İddiaçı hüququ tanınmış, 4000 manat vəsait X1 alıanaraq İddiaçı verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli 2(103)-11118/2018 saylı qətnaməsinin surətindən görünür ki, Səbail Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(009)-1443/2018 saylı qətnaməsi ləğv edilmiş, X6 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 68C saylı qeyri-yaşayış sahəsinə dair 17 fevral 2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş və həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 adına verilmiş, daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 68C saylı qeyri-yaşayış sahəsi İddiaçı və X2 ümumi birgə mülkiyyəti sayılmış və üzərində hər birinin ½ hissədə payları müəyyən edilməklə bölünmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli 2(102)-3346/2019 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli 2(103)- 11118/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iclasında dindirən şahid X10 öz ifadəsində bildirmişdir ki, 19 mart 2018-ci il tarixli icarə müqaviləsi X9 ilə Cavabdeh3 adından onun oğlu Fuad bağlamışdir. Obyektin adı “Vüsal” kafesi gedir. X9 onun qardaşıdır. İcarə müqaviləsini qardaşı bağlayıb, lakin kafeni o, özü işlədirdi. O, 2018-ci ilin mart ayından sonra kafeni işlədirdi, lakin pandemiya olduqdan sonra obyekt bağlandı.Obyektin mübahisəli olduğunu bilmirdi. İddiaçı və Cavabdeh3 tanımır. O, əvvəllər başqa obyekti işlədirdi. Mübahisəli obyekti 2018-ci ilin mart ayına qədər Cavabdeh2 işlədirdi. Daha sonra kafeni işlətməyi ona vermişdir. Əvvəl icarə haqqını 1000 manat ödəyirdi, daha sonra Cavabdeh2 demişdir ki, kafeni təmir et icarə haqqı bu puldan çıxılsın. O da obyekti təmir etmişdir. Pandemiya dövründə obyekt işləmirdi, lakin işıqdan istifadə olunmuşdur və işıq pulunu o ödəmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi - “Cavabdeh3 tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 81462,50 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması” hissəsində rədd etmiş, iddiaçı da apellyasiya şikayətində iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin - “Cavabdeh3 tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 81462,50 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması” hissəsində gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Cavabdeh3 ilə X4 arasında bağlanmış 19 mart 2018-ci il tarixli icarə haqqında müqaviləyə əsasən Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 68C 931 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsini bir aylıq icarə haqqı 1000 manat olmaqla icarəyə vermişdir. Həmçinin müqavilə ilə icarə müddəti 1 il müddətinə, yəni 19 mart 2019-cu il tarixə qədər müəyyən edilmişdir. İş materiallarından həmçinin görünür ki, sözü gedən qeyri-yaşayış sahəsinə dair X6 ilə Cavabdeh3 arasında bağlanmış 17 fevral 2018-ci il tarixli bağışlama müqaviləsi məhkəmə qaydasında mübahisələndirilmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli 2(103)-11118/2018 saylı qətnaməsi ilə X6 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 68C saylı qeyri-yaşayış sahəsinə dair 17 fevral 2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 adına verilmiş, daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 68C saylı qeyri-yaşayış sahəsi İddiaçı və X2 ümumi birgə mülkiyyəti sayılası və üzərində hər birinin ½ hissədə payları müəyyən edilməklə bölünməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2019cu il tarixli 2(102)-3346/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli 2(103)-11118/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçının ½ hissədə payını müəyyən edən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli 2(103)-11118/2018 saylı qətnaməsi 10 iyun 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır, buna qədər isə daha dəqiq, 19 mart 2019-cu il tarixdə, mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış icarə müqaviləsi artıq qüvvəsini itirmişdir. Bundan sonra isə həmin qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin müddətinin uzadılması barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir, digər tərəfdən iş materiallarından görünür ki, Cavabdeh3 qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarına xitam verilmişdir, eyni zamanda qeyri-yaşayış sahəsinin məhz cavabdehlər tərəfindən işlədilərək gəlir götürülməsi müəyyən edilməmiş, iddiaçı tərəfindən bu barədə də mötəbər sübutlar təqdim edilməmişdir. Bunun əksi olaraq isə müəyyən edilmişdir ki, 30 noyabr 2020-ci il tarixli Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərardadının icrası ilə bağlı 19 fevral 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurları mübahisəli qeyri-yaşayış sahəsində olmuşlar, məhkəmə qərardadına uyğun olaraq kafenin istifadəsi borcluya və digər şəxslərə qadağan edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Həmçinin apellyasiya baxışı zamanı qeyd olunn qərardadın icrasını həyata keçirmiş icra məmurunun iştirakı təmin edilmiş və icra məmuru izahatında həmin qeyri-yaşayış sahəsindən istifadənin qadağan edilməsi barədə məhkəmə qərardadının tam icra edildiyini bildirmiş və bu barədə sənədlər təqdim etmişdir. Halbuki Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Göründüyü kimi iddiaçı tərəf ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən (“Vüsal” kafesi) cavabdehin qanunsuz olaraq istifadə etməsinə dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı qıznın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-632/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni – iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1053/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1053/2022
16.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver