Məhkəmə qərarları › İş №2(103)-10578/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10578/2021

08.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10578/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5810/2021 saylı 12 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məkhəməyə müraciət edərək cavabdehdən 58400 manat məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 14600 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 20 dekabr 2014-cü il tarixdə Moskva şəhərində cavabdeh tərəfindən imzalanmış sadə yazılı qəbzdə qeyd olunmuşdur ki, “ünvan 1 ünvanındakı 34-35 saylı iki mənzilə görə İddiaçı olan borc, ümumi məbləği 281700 avro təşkil edir, aşağıdakı ödəniş qrafiki üzrə ödəniləcək: 20 dekabr 2014 – 80000 avro, qalan məbləğ 20100 avro 2014-cü il 26 dekabrdan gec olmayaraq ödəniləcək.”. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, mənzillərin dəyərini iddiaçıya ödəməmişdir. Bununla yanaşı, iddiaçıya məxsus həmin mənzilləri tərk də etməmişdir. Nəticədə uzun müddət iddiaçı öz əmlakından məhrum olunmuş, bununla da iddiaçıya maddi ziyanla yanaşı mənəvi ziyan da dəymişdir. Əgər cavabdeh iddiaçıya məxsus mənzilləri tərk etsəydi, iddiaçı həmin mənzilləri kirayə verə bilərdi və cavabdehin orada yaşadığı 6 il ərzində hər mənzilin 1 aylıq kirayə haqqının 500 manat olması nəzərə alınarsa bu, 72000 manat edir. Cavabdeh həmin məbləğdən cəmi 13600 manat ödəmiş, 58400 manat ödənilməmiş qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli, 2(001)-2833/2016 saylı qiyabi qətnaməsinə əsasən, Cavabdeh ödəniş günü manata məzənnədə 25000 avro və 58400 manat pul vəsaitinin tutulub İddiaçı ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(103)-11000/2017 saylı qətnaməsinə əsasən, Binəqədi Rayon Məhkəməsinin qiyabi qətnaməsi 58400 manat pulun tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(102)-2251/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həm Ali Məhkəmə, həm də Bakı Apellyasiya Məhkəməsi yekun qərarlarında iddia ərizəsinin 58400 manat məbləğində hissəsinə dair tələbi təmin etməmələrinin əsası kimi onu göstərmişlər ki, tərəflər arasında kirayə münasibətləri olmadığı üçün həmin əsasla iddia ərizəsinin təmin edilməsi mümkün deyildir. Lakin, qətnamədə qeyd olunmuşdur ki, həmin pul məbləği zərərin əvəzinin ödənilməsi əsası ilə cavabdehdən tələb edilə bilər. Bundan əlavə, cavabdeh iddiaçının əmlakından uzun müddət qanunsuz istifadə etməsi və buna görə iddiaçıya pul ödəməməsinə görə iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, iddiaçı 58400 manat məbləğində puldan bəhrələnə bilərdi. Buna görə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinin tələblərinə əsasən, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 14600 manat (58400 x 5% x 5 il) məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5810/2021 saylı 12 avqust 2021ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5810/2021 saylı 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli, 2(001)-2833/2016 saylı qiyabi qətnaməsinə əsasən, Cavabdeh ödəniş günü manata məzənnədə 25000 avro və 58400 manat pul vəsaitinin tutulub İddiaçı ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(103)-11000/2017 saylı qətnaməsinə əsasən, Binəqədi Rayon Məhkəməsinin qiyabi qətnaməsi 58400 manat pulun tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(102)- 2251/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli qiyabi qətnaməsini 58400 manat pulun tutulması hissəsində ləğv edərkən qətnamədə ona əsaslanmışdır ki, işdə kirayə münasibətlərinə dair heç bir sübut yoxdur. Qətnamədə həmçinin, qeyd olunmuşdur ki, “əgər birgə fəaliyyət barədə müqavilədən və ya tapşırıq müqaviləsindən əmələ gələn öhdəliyin icrası ilə bağlı cavabdeh iddiaçıya zərər vurubsa (iddiaçının mənzilindən hüquqi əsas olmadan istifadə etməklə, iddiaçını həmin mənzillərə görə əldə edə biləcəyi faydadan məhrum etməklə və s.) iddiaçı zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yaxud, cavabdeh mənzillərə dair nisyə alğı-satqı müqaviləsindən əmələ gələn öhdəliyi icra etməyibsə, nəticədə iddiaçıya zərər vurulubsa, iddiaçı bununla bağlı iddia qaldıra bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçının tələbi cavabdehin iddiaçıya məxsus mənzillərdə 2009-ci il sentyabrın ayından 2015-ci ilin sentyabr ayınadək yaşaması səbəbindən iddiaçının həmin mənzillərdən 58400 manat itirilmiş gəlirdən və bu məbləğin gecikdirilməsi nəticəsində yaranmış 14600 manat borcun ödəniləməsindən ibarətdir. Hazırkı halda tərəflər arasında kirayə münasibətlərinin olmaması ilə yanaşı başqa öhdəliyin mövcudluğu, habelə cavabdeh tərəfindən iddiaçıya zərər vurulması da müəyyən edilmir. İddia tələbinin 58400 manat tutulması hissəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin ona məxsus mənzillərdən istifadə etməyəcəyi təqdirdə o, cavabdehin orada yaşadığı 6 il ərzində hər mənzili 1 aylıq kirayə haqqı 500 manat olmaqla kirayə verib 72000 manat gəlir əldə edə bilərdi, həmin müddət ərzində cavabdehin mənzillərdən istifadəsi nəticəsində iddiaçı bu gəlirdən məhrum olmuş, cavabdeh həmin məbləğdən cəmi 13600 manat ödəmiş, 58400 manat ödənilməmiş qalmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Tələb olunan məbləğin kirayə haqqı olaraq tələb olunması ilə bağlı iddia qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd edilmişdir. Qətnamədə məhkəmə tərəflər arasında kirayə müqaviləsinin olmamasına əsaslanmış, iddiaçıya cavabdehdən dəymiş zərərin tutulması tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin, hazırki halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən sözügedən mənzillərin hər birini 6 il müddətində fasiləsiz olaraq aylıq 500 manata kirayə verəcəyi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilənlərə sübut qismində mənzillərin yerləşdiyi ərazidə eyni şəraitli digər mənzillərin aylıq kirayə haqqının məbləği, eləcə də cavabdehin iddiaçıya məxsus mənzillərdən istifadə etdiyi müddətdə mənzillərin kirayə götürülməsi ilə bağlı iddiaçıya digər şəxslər tərəfindən edilmiş müraciətlər məhkəməyə təqdim oluna bilərdi. Bununla yanaşı sözügedən mənzillərin altı il fasiləsiz kirayə verilməsinin də birmənalı ifadə edilməsi ancaq ehtimala əsaslanır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki işdə iddiaçı iddia ərizəsində cavabdehə müəyyən məbləğldə pul verməsini göstərsə də, yalnız şahid ifadələri ilə iddia tələbinin əsaslılığı sübuta yetirilməsi üçün kifayət etmir. İddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin 58400 manat pulun tutulmasına əsas kimi iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, iddia həmin hissədə rədd edilməlidir, eləcə də, əsas tələb təmin edilmədiyindən həmin pulun ödənilməsinin gecikdirilməsi nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi kimi 14600 manat pulun tutulması hissəsində də təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd olunanlara əsas təkzib olunduğundan qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5810/2021 saylı 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5810/2021 saylı 12 avqust 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar