Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1058/2025 07.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1335/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Başqa mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli 2(006)-245/2018 nömrəli qətnamə ilə qət olunub ki, İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 153.545 manat borc tutulsun və tutma İddiaçı məxsus olan “Range Rover” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə (bundan sonra – avtomobil) yönəldilsin. 2.Qətnamə qanuni qüvvəyə minib və icra sənədi verilərək icraya yönəldilib. İcra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat başlanıb. 3.İcra sənədi üzrə borclu İddiaçı xx.xx.2020-ci ildə ərizə ilə icra məmuruna müraciət edərək avtomobilin yeri barədə məlumat verib. Bundan başqa, İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə icra məmuruna müraciət edərək xahiş edib ki, avtomobil qiymətləndirildiyi və açıq hərracda satıldığı halda ona bu barədə məlumat verilsin. İcra sənədi üzrə tələbkar Cavabdeh1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2021-ci il tarixli məktubla icra məmuruna müraciət edərək bildirib ki, avtomobil bankın duracağındadır. İcra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə avtomobilin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilməsi qərara alınıb. 4.Lakin tələbkar Cavabdeh1 ASC xx.xx.2022-ci il tarixli məktubla icra məmuruna müraciət edərək icra sənədi üzrə icraatın müvəqqəti dayandırılmasını xahiş edib. Xahişin səbəbi barədə məlumat verilməyib, “zərurət yarandığı üçün” qeyd edilib. Ona görə də icra məmuru tələbkarın müraciətini əsas götürərək qiymətləndiriciyə müraciət edib və avtomobilin qiymətləndirilməsinin dayandırılmasını xahiş edib. 5.Avtomobilə tutma yönəldilməsi barədə icra sənədinin icrasız qaldığı müddətdə avtomobil dəyərdən düşüb. 6.AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6422 nömrəli ekspert rəyinə görə, nəzəri hesablama yolu ilə, 2011-ci il buraxılışlı “Range Rover” markalı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti 2020-ci ilin mart ayına təxminən 55.000 manat, 2024-cü ilin aprel ayına təxminən 44.500 manat təşkil edir. 7.Qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli UNİ/S 225-491/23 nömrəli rəyinə görə, həmin avtomobilin orta bazar qiyməti 2020-ci ilə 57.100 manat, 2021-ci ilə 51.900 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat 8.İddia ərizəsində tələb olunub ki, avtomobilin dəyərdən düşməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 9.100 manat Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq iddiaçıya verilsin. 9.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 7.400 manat Cavabdeh1 ASC-dən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 10.Cavabdehlər Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətlərində tələb olunub ki, qətnamə ləğv edilsin, apellyasiya şikayəti təmin edilməsin və iş üzrə icraata xitam verilsin. 11.Apellyasiya şikayətləri onunla əsaslandırılıb ki, icra sənədi üzrə icraatın dayandırılması bankın (tələbkarın) səlahiyyəti daxilindədir, ona görə də zərərin əvəzinin ödənilməsinin bankdan tələb edilməsi əsassızdır. Bununla yanaşı, borclunun icraatın dayandırılması barədə qərardan şikayət vermək hüququ olsa da, həmin huququndan istifadə etməməklə icraatın dayandırılmasından razı olduğunu bildirmişdir. Bundan başqa, bank ləğv prosesindədir, qanunvericiliyə görə hazırkı iş üzrə icraata xitam verilməlidir. 12.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Eltac Hüseyli apellyasiya şikayətlərinin əsaslı olduğunu, İddiaçı vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətlərinin əsassız olduğunu bildirdi. Həmin nümayəndələr sonuncu məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 13.Kredit borcu üzrə tutmanın avtomobilə (ipoteka predmetinə) yönəldilməsinin ipoteka saxlayan (tələbkar) tərəfindən əsassız olaraq yubadıldığı müddətdə avtomobil dəyərdən düşüb. Bu isə ipoteka qoyana (borcluya) maddi zərər vurulması ilə nəticələnib, çünki avtomobil aşağı qiymətə satıldıqda kredit borcunun daha az hissəsi ödənilmiş olur. AR Mülki Məcəlləsinin 21.2-ci maddəsinin mənasına görə, bu, zərər sayılır. 14.Zərərin vurulmasına səbəb ipoteka saxlayanın (tələbkarın) öz hüququndan suiistifadə etməsi olub. Belə ki, “İcra haqqında” AR Qanununun 17.1.10-cu maddəsinə görə, tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göründüyü kimi, icraatın dayandırılmasını tələb etmək tələbkarın hüququdur. Tələbkar bu hüququndan istifadə edərək icraatın dayandırılması üçün icra məmuruna müraciət edib. Müraciətin edildiyi zaman avtomobilə tutma yönəldilməsinə maneə mövcud olmayıb, avtomobil bankın duracağında saxlanılıb. Tələbkar hüququndan istifadə etməsinin səbəbini izah etmir, bu isə bir daha onu təsdiq edir ki, avtomobilə tutma yönəldilməsinə maneə mövcud olmayıb. Odur ki, tələbkarın hərəkəti hüquqdan sui-istifadə sayılır. 15.Tələbkar bildirir ki, icra sənədi üzrə icraatın dayandırılması üçün müraciət edərkən səlahiyyəti daxilində hərəkət edib, çünki bu, onun hüququdur. Lakin AR Mülki Məcəlləsinin 560.1-ci maddəsində qeyd olunub: “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”. Tələbkar hüququnu hüquqa uyğun həyata keçirməyib, hüququndan borcluya ziyan vurmaq məqsədilə istifadə edib. Belə ki, tələbkarın (kredit verənin) borcun qaytarılmasını tələb etmək hüququ var (Mülki Məcəllə, maddə 743). O, məhz bu hüququnun müdafiəsi üçün məhkəməyə müraciət edib. Odur ki, tələbkar digər hüquqlarını (icra sənədi üzrə icraatın dayandırılmasını tələb etmək hüququnu və s.) elə həyata keçirməlidir ki, həmin hüquqlar borcun qaytarılmasını tələb etmək hüququnun reallaşdırılmasına xidmət etsin. Lakin tələbkar bunun əksinə hərəkət edərək borcun qaytarılmasına (avtomobilin satışına) mane olub, yəni satış mümkün olsa da icra sənədi üzrə icraatın dayandırılmasını tələb edib. 16.Bundan başqa, tələbkar bildirir ki, borclu icra sənədi üzrə icraatın dayandırılması barədə qərardan şikayət verməməklə icraatın dayandırılması ilə razı olduğunu göstərib. Lakin şəxsin qərardan şikayət verməməsi (susması) onun həmin qərarla razı olmasının ifadəsi sayılmır, çünki qanunda belə göstəriş yoxdur. Müqayisə üçün qeyd olunmalıdır ki, AR Mülki Məcəlləsinin 329.4-cü maddəsinə görə, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Eyni qayda bütün münasibətlərə aiddir, yəni susmaq qanunda və tərəflərin razılaşmasında nəzərdə tutulduqda, yaxud işgüzar adətlərdən və ya işgüzar münasibətlərdən irəli gəldikdə iradə ifadəsi sayılır. 17.Bundan başqa, tələbkar bildirir ki, bank ləğv prosesində olduğuna görə, hazırkı iş üzrə icraata xitam verilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, AR Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında göstərilib: “... iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır”. Hazırkı iddia bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gəlir. 18.Zərərin məbləği düzgün müəyyən olunub. Belə ki, 2020-ci il (yəni borclunun icra məmuruna müraciət edərək avtomobilin yeri barədə məlumat verdiyi tarix) üçün avtomobilin dəyəri ekspert rəyi ilə 55.000 manat, qiymətləndiricinin rəyi ilə 51.900 manat müəyyən edilib. Birinci instansiya məhkəmə daha az olan məbləği – 51.900 manatı avtomobilin dəyəri kimi qəbul edib. Ekspert rəyinə görə, 2024-cü ilin aprel ayı (yəni ekspertiza təyin edilməsi barədə məhkəmə qərardadının qəbul olunduğu tarix) üçün avtomobilin dəyəri 44.500 manat təşkil edir. 51.900 manatdan 44.500 manat çıxıldıqda fərq 7.400 manat təşkil edir. Birinci instansiya məhkəməsi həmin məbləğin zərərin əvəzi kimi tutulmasını qət edib. 19.Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. 20.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 1335/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1058/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1058/2025
07.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver